Resenziya Nigar Pirimova - "Müəmmalı bir qətlin üç versiyası"

Nigar Pirimova – “Müəmmalı bir qətlin üç versiyası”

-

Qəribədir, qadınsansa, demək, bütün günahlar səndə olacaq. Xəyanət edən də sənsən, cinayət törədən də, öldürən də, elə lap ölən də. Qısacası, qadın olmaq çətindir…
Dövlət YUĞ teatrında Akutaqavanın “Cəngəllikdə” əsərinin motivləri əsasında “Müəmmalı bir qətlin üç versiyası” tamaşası hazırlanır. Premyerası oktyabrın 14-nə təyin edilmiş tamaşanın quruluşçu rejissoru “YUĞ” Dövlət Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Vüqar Camalzadədir. Səhnə əsərində YUĞ Teatrının aktyorları Əməkdar artist Gülzar Qurbanova (Qadın), aktyorlar Oqtay Mehtiyev (Quldur), Əbdülqəni Əliyev (Ər), Vüqar Hacıyev (İttihamçı), Amid Qasımov (I Şahid) və Elşən Əsgərov (II Şahid) çıxış edirlər.  Biz də qərara aldıq ki, premyeradan öncə son məşqləri izləyib, hadisələrdən hali olaq. Tamaşa çox sadə bir əhvalar üzərində qurulub – Ər ödürülüb, cinayətkar axtarılır. İndi məhkəmə qurulub və ölümün nə az, nə çox üç fərqli versiyası var:
1. Kişini onun qadınına göz dikmiş quldur öldürüb;
2. Zorlanmış qadın ərinin ikrah dolu baxışlarına dözə bilməyib və qəzəbdən özü ərini qətlə yetirib;
3. Kişi olanlarda arvadını günahkar bilərək, intihar edib.
Ölünü tapan şahidlərin dediyindən belə çıxır ki, kişi, əslində, intihar edib. Məhkəmə zalında Quldur (Oqtay Mehtiyev) olanları etiraf edir, qadına ilk görüşdən necə tamah saldığını, ərini necə aldadıb meşəyə apardığını, sonra qadını tovlayıb ərinin yanına apararaq zorladığını gah qəzəblə, gah da şeytani gülüşlə danışır. Amma və lakin kişini öldürdüyünü etiraf etmir. Cavab isə birdir – “mən qulduram, qatil deyiləm ”.İkinci dindirilən qadındır. O, aldadılıb, alçaldılıb, namusu ləkələnib, ərinin gözləri qarşısında zorlanıb. Fəqət ən pisi odur ki, əri Qadına inanmır və hətta, onu günahlandırır. Ərinin baxışlarında gördüyü özünə qarşı ikrah hissi qadının gözlərində qana dönür və o, çıxış yolunu ərini öldürməkdə görür…
Üçüncü versiyada sanki kişi danışır, qadının ona xəyanətindən, olanlardan sonra arvadının onu öldürmə cəhdindən. Bütün bunlara dözə bilməyən kişi özünü öldürüb.
Bütün tamaşa bu “məhkəmə”nin üzərində qurulub və seyrçiyə sualın cavabını müstəqil şəkildə tapmaq imkanı yaradılır. Artıq kim kimə inanacaq, tamamən sərbəstdir. Müəllif kimi rejissor da bu sualı seyrçinin öhdəsinə buraxıb.
Tamaşa boyunca alaqaranlıqda incə musiqi sədaları, bəzən neyin, bəzən skripkanın səslənməsi hadisələrin dramaturji axını ilə uyğunluq təşkil edir. Məşq zamanı diqqətimi çəkən bir nüansı da qeyd edim. Rejissor qadının geyimində maraqlı rənglərdən istifadə etmişdi: qırmızı, qara və ağ.
Qırmızı ehtiras, qırmızı şəhvət, qırmızı alov, qırmızı şeytan rəngidir. Təzə gəlin qırmızı geyinər. Bəzən deyirlər qadının ağlına gələn şeytanın ağlına gəlməz. Ehtiras alovlandıran qadın cinayətə səbəb olub. Kulminasiyada qadın qırmızı libasını soyunub qara əlbisədə qalır. Ehtiras bitdi, matəm, qara günlər başladı, qaraya bürünən qadının vücudu oğurlanıb, namusu ləkələnib, ruhu ölüb. Sonda qadın əyninə ağ libas geyinir. O, qadındır, namusludur və istəməyərək bu rüsvayçılığın qurbanı olub. Qadın sonucda anadır, analar mələk olur, mələklər isə BƏYAZ…
Tamaşa boyunca qadın əlində səhnə boyunca uzun qırmızı parçanı sürüyür. Sanki bu həm tökülən qandır, həm alovlanan şəhvətdir ki, cinayəti yaxınlaşdırır. Həm də UTANCDIR… Axı, insan eyib bir iş görəndə qızarır…
Bir saata yaxın davam edən tamaşanın məşqi bitdikdən sonra fürsətdən istifadə edib rejissordan tamaşa haqqında fikirlərini soruşduq.
“Tamaşa R.Akutaqavanın “Cəngəllikdə” əsərinin motivləri əsasında hazırlanmış postmodern bir oyundur. Biz R.Akutaqavanın ancaq fəlsəfəsinə sadiq qalmışıq. Müəllif bu əsərdə çox maraqlı, gözlənilməz mövqedə dayanır, “obsolyut” həqiqətin konkret reseptini vermir. Hadisə üç baxış bucağından təqdim olunur və seçimi tamaşacıya, oxucuya buraxır. Yəni, hansı həqiqəti doğru hesab edirsənsə, onu da seç. Biz də çalışmışıq ki, bu prinsipə sadiq qalaq. Hadisəyə hər baxış bucağında bir həqiqət var. Kimsə əksini sübut edə bilmədiyi kimi, əslində, baş verənlərin tam sübutu da mümkün deyil. Bir sözlə, bir hadisənin üç iştirakçısı varsa, demək, hadisəyə üç baxış bucağı var və bu baxış bucaqlarında mövcud olacaq həqiqətlərin mütləq həqiqət olması mümkün deyil. Sadəcə, tamaşaçı, yaxud oxucu öz həqiqətini tapa bilər. Mütləq həqiqəti isə tapa bilməyəcək.
Tamaşada müxtəlif üslubların sintezindən istifadə etmişik. Bu işimizdə epik (B.Brext), modern və avanqard üslubları görə bilərsiniz. Bütün bunlar hamısı interaktivə nail olmaq, tamaşaçını hadisəyə qoşmaq üçündür. Belə bir görüntü var ki, hadisə baş verib, zorlanma faktı var, ancaq kim kimi öldürüb, məlum deyil. Həyatda da belədir – ölənmi günahkardır, yoxsa öldürənmi, yoxsa bunlara bais olan? Tamaşa bunun haqqındadır. Aktyor oyununa gəldikdə, təbii ki, elə bir rejissor olmaz ki, deyə, aktyordan tam istədiyimi almışam. Lakin böyük cəhdlər var. Düzdür, mən vücud dilinin daha çox olacağı bir iş istəyirdim, amma bizim imkanlarımız çox məhduddur. Hər halda, vücud dili üçün də böyük cəhd var. Sonrakı mərhələlərdə bu daha çox ola bilər. Mənim üçün bütün başqa şərtləri kənara qoysaq, vücud dilinin mükəmməl olmalı olduğu bir tamaşa ərsəyə gəlməlidir. Amma öncədən də bilirəm ki, bunu üçün xüsusi hazırlıq və xüsusi mütəxəsisslər lazımdır”.
Bu üç versiyadan hansına daha çox inandığını soruşduqda Mehriban Ələkbərzadənin cavabı belə oldu: “Mən qadınam. Ona görə də, təbii ki, qadına inanacağam”.
P.S. Mənim seçimim bu tamaşada qadının dediklərinə inanmaq oldu. Niyəsini belə izah edim. Əvvəldə quldur özü etiraf etdi ki, mən qulduram, cinayətkar yox. Zənnimcə quldura inanan, aciz kişi özünü öldürməyə də cəsarət tapa bilməz. Sonda bir versiya qalır, o da qadın. Qadın daha güclüdür, sonac qədər təslim olmaq istəmədi, müqavimət göstərdi, ləkələndi, hətta qulduru məhkəmə zalında öldürməyə cəhd etdi.
Ancaq ərinin ona kömək etməməsi bir yana, eləcə acizanə durub baxması, sonra ona inanmaması, ikrah dolu baxışları gözünü qan bürümüş qadını onu xəyanətdə suçlayan ərini qətlə yetirməyə sövq edib. Ancaq həm əsərin, həm də tamaşanın müəllifinin dediyi kimi, mütləq həqiqət yoxdur. Ona görə də, təklif edirəm ki, seyrçilər mütləq gedib Kukla Teatrının binasında Yuğ Teatrının “Müəmmalı bir qətlin üç versiyası” tamaşasını izləsinlər və özləri cavab tapsınlar: “kimdir müqəssir?” və əgər həqiqətən, qadındırsa, “onu bağışlamaq olarmı?”

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Son yazılar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də onda ayıldıq ki, yeni mövsüm qapımızın kandarındadır. “Mən gəldim” –...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq. Tamaşa 5 sentyabr...

ADMİU-da “Boksçu” adlı tamaşa hazırlanıb

Sentyabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Əməkdar artist Nofəl Vəliyevin quruluşunda yapon müəllif Kobo Abenin "Zamanın uçurumu"...

Emin Əliyev – “Sözün rəqs etdiyi yer, yaxud Rəqs teatrı”

Rəqs teatrı deyəndə gözümüzün önünə kimlər gəlir? Pina Bauşun “Tanztheater”i, Hicikata Tatsumi və Ohno Kazuonun “Buto” rəqsi, “Sasha Valtz...

YUĞ Teatrı yeni mövsümə hazırdır

Sentyabr ayının 3-də YUĞ Teatrında yeni teatr mövsümünün başlanması ilə bağlı yığıncaq keçirilib. Tədbirdə Teatrın direktoru Əməkdar mədəniyyət işçisi...

Gənc Tamaşaçılar Teatrında yeni mövsümün açılışı oldu

Sentyabrın 3-də Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib. Açılış münasibətiylə bir yerə toplaşan teatr kollektivi ötən mövsümün...

Çox oxunanlar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü...
- Advertisement -

Oxumaq məsləhət görülürOxşar yazılar
Sizin üçün seçdik