Ana səhifə » Dramaturgiya » Natiq Məmmədli – “Müqəvva”

Son yazılar

Müsahibə
May 10, 2019

“Bermud üçbucağı”nda – Gülşad Baxşıyeva

Xəbər
İyun 15, 2019

Akademik Milli Dram Teatrında Bəsti Cəfərovanın 60 illik yubileyi qeyd olunub

Afişa
İyun 13, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (13 iyun – 20 iyun)

Müsahibə
İyun 13, 2019

Dağlar Yusif – “dOM” Teatrından reportaj: ”Bu şəxsən mənimçün təzə deyil”

Xəbər
İyun 13, 2019

Bəsti Cəfərova – 60 yaş

Xəbər
İyun 13, 2019

“Leyli və Məcnun” operasının növbəti tamaşası keçiriləcək

Xəbər
İyun 12, 2019

Dərbənddə “Nəsimi ili-Nəsimi dili” tamaşası təqdim olunub

Xəbər
İyun 12, 2019

Azərbaycanlı rejissor dünyaya səs salan layihəyə imza atdı

Xəbər
İyun 11, 2019

Akademik Musiqili Teatrda ənənəvi mükafatlandırma olacaq

Xəbər
İyun 10, 2019

“Kubinka” tamaşasının premyerası baş tutacaq

Xəbər
İyun 9, 2019

Rus Dram Teatrı “Tənhalığın komediyası”nı təqdim edib

Xəbər
İyun 8, 2019

“dOM” Teatrı “Tuğanlıq” festivalında mükafat qazanıb

Persona
İyun 7, 2019

Aydın Talıbzadə – “SFİNKS VƏ KONTRABAS”

Xəbər
İyun 7, 2019

Nəsimiyə həsr olunmuş tamaşa Dərbənd qalasında

Xəbər
İyun 7, 2019

Teatrlarda PR işinin təşkili mövzusunda dəyirmi masa keçirilib

Xəbər
İyun 7, 2019

“Qızıl balıq” tamaşasının premyerası oldu

Xəbər
İyun 7, 2019

“Sonuncu”nun kinoversiyası çəkilir

Xəbər
İyun 7, 2019

Lənkəranda keçirilən Beynəlxalq Teatr Festivalı başa çatıb

Mövqe
İyun 6, 2019

Bayram kimi festival

Xəbər
İyun 5, 2019

YUĞ Dövlət Teatrı bu gün “Novruz” Festivalında çıxış edəcək

Xəbər
İyun 5, 2019

Uşaqların üzünü güldürən festival

Xəbər
İyun 5, 2019

Serbiya, Özbəkistan və Azərbaycan opera ulduzları birgə çıxış edəcəklər

Xəbər
İyun 2, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı ikinci gününü başa vurdu

Xəbər
İyun 2, 2019

Lənkəran Teatr Festivalının birinci günü başa çatdı

Mövqe
May 30, 2019

Aynurə Mustafayeva – Niyə biz yaxşı dram yarada bilmirik?!

Xəbər
May 30, 2019

LƏNKƏRANDA I BEYNƏLXALQ TEATR FESTİVALI KEÇİRİLƏCƏK

Müsahibə
May 30, 2019

Naibə Allahverdiyeva: “Bu sənətin nümayəndəsi olduğum üçün utanıram”

Xəbər
May 29, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı keçiriləcək

Persona
May 29, 2019

Aygün Aslanlı – Sükutunu pozmayan İNSAN…

Xəbər
May 28, 2019

Akademik Musiqili Teatrı işə qəbul elan edir (R)

Xəbər
May 27, 2019

“Boy çiçəyi” tamaşası İlyas Əfəndiyevin 105 illik yubileyinə həsr olunub 

Natiq Məmmədli – “Müqəvva”

(monopyes)
Ala-qaranlıq səhnə kol-kos basmış bostanı xatırladır. Kolların dibində müxtəlif istiqamətlərdə təxminən yarıya qədər yanmış dörd şam qoyulub. Mərkəzdə çürümüş çəlləyin üstündə nimdaş, cırıq paltarda bir əlində süpürgə, digər əlində qazan qapağı, başında çəpinə qoyulmuş qazan olan müqəvva dayanıb. Əllərini yana açıb, baxışları göyə zillənib. Uzaqdan qarğaların səsi gəlir. Səs yaxınlaşdıqca kişi astadan süpürgəsini yelləyir. Səs bir qədər artır.
Kiş! Kiş!
Səs uzaqlaşır və qəflətən lap yaxından eşidilir.
Kiş! Kiş!
Müqəvva bu dəfə daha həyəcanla süpürgəsini yelləyir. Digər əlindəki qapağı bir neçə dəfə başındakı qazana çırpır.
Kiş! Lənətə gələsiniz! Kiş! Toxumunuz kəsilsin! Qoymaram məhv edəsiniz. Müftəxorlar dünyasının həmişə ac qarğaları. Qarr… qarr… Rədd olun!
Qarğaların səsi getdikcə uzaqlaşır və tam kəsilir. Müqəvva yenə də əvvəlki kimi dayanır. Səssizlik. Bu dəfə özü qarıldayır.
Qarr… qarr… Kəs! (qapağı başına vurur) Heç sənə də imkan vermərəm. Qoymaram hər şeyi məhv edəsən. Baxma ki, sən elə mən özümsən.
Çəlləyin üstündən hoppanıb düşür. Başından papağını (qazanı) çıxarıb kolların dibini süpürməyə başlayır. Yerdən bir dənə qoz tapır. Sevincək.
Qoz tapdım. Qoz! (onu sındırır və dərhal da məyus halda başını qaldırır) Çürük çıxdı… Qarğalardan kim xeyir görüb ki,.. Bir dənə qoz, o, da çürük. Lap sənə oxşayır (kolların birinə tərəf gedir). Yox, yox sənə oxşayır. (başqa bir kola tərəf gedir) Əşi, yaxşı inciməyin mənə oxşayır (gülür).
Kolların birinin yanında dayanıb dərindən burnunu çəkir.
Bəh-bəh! Aman Allah, nə gözəl çörək ətri gəlir. Bu rahiyəni adam ciyərlərinə çəkəndə ac olduğu yadından çıxır. Əllərimə sağlıq, əllərimə sağlıq! (kola yaxınlaşıb yanındakı şamı yandırır) Mən nə vaxtsa çörəkbişirən olmaq istəyirdim. Bu şəhərdə təndiri mən dəb salmışam. Bəli! Məndən sonra başladılar hər tinbaşı təndirxana açmağa. İnsafları çatmadı ki, o təndirlərin heç olmasa birinə mənim adımı verib xatirəmi əziz tutsunlar. Yox, hərə öz nənəsinin, bibisinin, baldızının adını yazdı təndirxanaların üstünə. Əslində, çörəyi kişilər bişirməlidi, əslində, çörəyi kişilər verməlidi. Əslində… əslində… indi nəyin əsli qalıb ki? Çörəyi közdə bişirərlər, mənim kimi. Əsil buğda unu lazımdı, gərək içinə başqa şey qatmayasan, çörək haram götürmür. Amma indi çörəyin içində buğda unundan başqa hər nə desən var. Bax əslində… (səsi yavaşıyır, sanki nə dediyini unudur. Bir az var gəl edir. Başqa bir kola tərəf dönür) Sən dayan, (digər kola) sən də dayan, (başqa birisinə) dayan deyəndə ki, guya hara gedə bilərsiniz ki? Hə! (nə danışdığını xatırlayır) Çörəyi buğda unundan bişirmək lazımdı, mənim kimi. İnsanlar necə sevirdilər mənim təndirimdən çörək almağı. Şəhər camaatının ağzı dada gəlmişdi. Yavaş-yavaş başa düşürdülər ki, bu vaxta kimi çörək adıyla onlara yedirdilən şey əslində çörək deyilmiş. Adım dillərdə əzbər olmuşdu. Sübh çağı təndiri qalayanda arı pətəyə daraşan kimi insanların uzun növbəsi yaranırdı. Çörək bişirməyi elə çox sevirdim ki… Elə bil anadan olan kimi göbəyimi təndirə atmışdılar. Bir gün dəyirmançı mənə dedi ki, artıq sənə buğda unu verə bilməyəcəm. Gözlərim dörd oldu. Heç qoymadı niyəsini soruşum. “Səni qısqanırlar” pıçıldadı. Məni elə bilirdim ancaq sevənlər bir-birini qısqanır, sən demə çörək bişirənləri də qısqanırmışlar… Axı mən nə edirdim? Çörək bişirirdim də… Sizin üçün bişirirdim də… Dəyirmançı dedi yaxşısı budu sən də başqaları kimi una kəpək qat. Nə? Kəpək? Qətiyyən! Axı səndən başqa hamı belə edir. Mən inad elədim. Olmaz, olmaz dedim. Əclaf unu mənə dəyərindən baha satdı. Amma mən əclaflıq eləyib çörəyin qiymətini qaldırmadım. Elə bu da mənim faciələrimin başlanğıcı oldu. Sonra duz bahalaşdı. Başqa çörəkçilər deyirdilər ki, axmaq olma od qiymətinə duz almaqdansa xəmirə bir az limon turşusu vur, əşi nə biləcəklər e. Yenə inadımdan qalmadım. Od qiymətinə duz alırdım ki çörəyimin dadı qaçmasın. Artıq iş o yerə gəlib çatmışdı ki, öz bişirdiyim çörəkdən götürüb yeməyə cibimdə qəpiyim də qalmamışdı. Mən hər dəfə inad etdikcə, nəyisə qurban verməli olurdum. Ən böyük qurbanımsa insanlar oldu. Onlar kəpəkdən yoğrulmuş limon iyisi gələn çörəyi mənim təmiz buğda unundan bişirdiyim çörəkdən üstün tutdular. Qəribə də bəhanələri var idi – gözümün içinə baxa-baxa deyirdilər ki, sənin çörəyin çox dadlı olduğundan adamı kökəldir. Axırda hamısı bir ağızdan qışqırdı ki, bizə sənin çörəyin lazım deyil! (Pauza. Sakit səslə) Axı mən nə vaxt çörək bişirdim ki? Nə vaxt qoydunuz ki… nə vaxt imkan verdiniz ki… Bax bu, (kolu göstərir) əntiqə çörək bişirir, tanıyın onu! Sizə o qədər kəpək yedirdiblər ki, əsil çörəyin dadını yadınızdan çıxarmısınız. Amma o, böyüyəcək. Bəli, mən onu qışın soyuğunda, yazın sazağında qoruyuram. Bu zəhrimara qalmış qara qarğaların nəfsindən qoruyuram. İnanıram, o, nə vaxtsa dadı damağınızda ilişib qalmış çörəyi yenidən bişirəcək. Bax onda başa düşəcəksiniz ki, səhv eləmisiniz.
Ha, ha, ha… Siz bir buna baxın! (Səhnənin başqa tərəfindəki kola yaxınlaşıb yanındakı şamı yandırır) İndi nə yazırsan? Oy bağışlayın, gəl sualı belə qoyaq, yenə də yazırsan? Yox, yox, yenə də alınmadı, nə üçün yazırsan? Ha, ha, ha! Uzun illər ona elə gəlib ki, onu heç kim başa düşmür. Bilirsiniz nə qədər kitablar yazıb, eh. Hamısını də öz puluyla çıxardıb, camaata havayı paylayırdı, hətta bir dəfə nəşriyyata əlavə haqq ödəmişdi ki, kitabın qiymətini baha qoymasınlar. (Səsinin tonu dəyişilir) Həmişə nəsə gözəl bir şey yazmaq istəmişəm. Elə istəmişəm ki… Bir vaxtlar köşə yazırdım. Eh o günlər! O zamanlar çayxanaya girəndə məni xüsusi hörmətlə qarşılayardılar, ofisiantlar qulluq eləmək üçün əldən-ayaqdan gedərdilər. “Oxuyuruq, qələminə sağlıq”, “Əla yazmısan, bacıoğlu”, “Ancaq səni oxuyuruq ha” eh… bu sözləri ac qarına bir gündə neçə dəfə eşidərdim. Hətta bəzən elə olurdu ki, adamlar yaxınlaşıb avtoqraf alardılar, hələ o zamanlar öz cibimin puluna kitablar çap elətdirmirdim, eləcə köşə yazdığım qəzetlərin ağ yerinə imza atardım. İlahi, nə günlər idi, o günlər! Bütün şəhər mənim yazılarımdan danışardı. Küçədə barmaqla göstərən kim, gülə-gülə mənə sarı baxan kim… Hələ qızları demirəm, əməlli-başlı fanatlarım var idi. Lap başım gicəllənirdi və yazdıqca yazırdım. İlahi, necə gözəl qələmim var idi. Bəzən özümə də təəccüblü gəlirdi ki, axı bu qədər sözü hardan tapırdım? İndi sandığımda ilişib qalmış köşələrimi oxuyanda təəccüblənirəm. Doğurdanmı, bunları mən yazmışam? Bir zamanlar nə qədər də ağıllı olmuşammış. Yəni doğurdanmı nə zamansa mən məşhurluğun zirvəsində dayanıb dünyanın başına ağıl qoymağa çalışmışam? Təsəvvür edirsinizmi – mən! Elə bilirdim ki, sözlə dünyanı xilas eləmək mümkün olacaq? Düzdü, bir balaca, balaca yox, elə əməlli-başlı təkəbbürüm də yaranmışdı. Amma bunu mənim istedadıma bağışlamaq olardı. Vallah yaxşı yazırdım, hərdən mənə elə gəlirdi ki, bu, bacardığım yeganə gözəl işdi və onsuz heç vaxt yaşaya bilmərəm. Ha, ha, ha… sonra elə yaşadım, elə yaşadım, özü də bir yox, bir neçə on il. Bir gün mənə dedilər ki, əziz qardaş, bəli qardaş, sən əla yazırsan, gözəl qələmin var, amma bir də bundan yazma. O zaman həmin sözləri ciddiyə almadım, dedim əşi nə fərqi var bundan olmasın ondan yazaram, istedadımın aşıb-daşan vaxtında mənim üçün mövzu problem deyildi! (Qısa pauza)
O qədər özündən müştəbeh olmuşdum ki, (başını döyəcləyir) əslində, bu razılaşmanın öhdəlik olduğunun fərqinə vara bilməmişdim. Bir müddətdən sonra yenə dedilər, əziz yoldaş, bəli yoldaş, düzdü sən yaxşı yazırsan amma bir də ondan yazma. Yenə də nəyin baş verdiyinin və ya baş verəcəyinin ayırd eləmədim, dedim əşi, ondan olmasın başqa şeydən yazaram. Amma bir gün eşidəndə ki, artıq başqa şeydən də yazmaq qadağan olunur duruxub qaldım. Bəs onda nə etməli? Elə bilirdim yaradıcı böhran keçirirəm. Bütün mövzular boysırasına düzülüb yanımdan ötüb keçirdilər, mənsə başımı da qaldırıb onlara sarı baxmırdım. Elə bilirdim ki, nəsə mənəvi depressiya içərisindəyəm. Əslində, bunun adı heç depressiya da deyildi, mən sadəcə olaraq yazmağa və sairə mövzular axtarırdım, onlarsa başqa və sairələrin içərisində elə gizlənmişdilər ki, qətiyyən gözümə görünmürdülər. Bütün qütbləri, bütün parametrləri, bütün detalları düşünərək dilimi dişimə tutub nələrsə yazırdım. Elə yazırdım ki, heç kimin xətrinə dəyməsin, elə yazırdım ki, heç kim başa düşməsin. Və bir gün nöqtəsini qoyduğum yazını oxuyanda dəhşətə gəldim, artıq nə yazdığımı heç özüm də başa düşə bilmədim. Elə həmin gündəcə çoxdan eşitməli olduğum sözü eşitdim – ruhumu sarsıdan, varlığımı heçə endirən sözü, dedilər “sən heç yazı yaza bilmirsən ki…”. Lakin, lakin! Geri çəkilmək istəmirdim, bütün boyun olduğum öhdəliklərin, bütün “yox”ların acığına yazmağa davam elədim. Axı mənim oxucularım var idi, axı məni sevirdilər. Bu dəfə kitablar yazdım, öz cibimin puluna, daha doğrusu boğazımdan kəsib yığdığım qəpik-quruşla kitablarımı buraxırdım. Ümid edirdim ki, insanlar mənim təklənəyimə imkan verməyəcəklər. Sən demə, onlar məni unudublarmış. Bəlkə də mən və sairə mövzularda baş sındırdığım zaman onları itirdiyimin fərqində olmamışdım. Hər halda heç kim məni xatırlamadı. Qəribi yada salmadılar! (əlini kola tərəf uzadır) Bax, görürsünüz necə sakitcə dayanıb, elə bilirsiniz susub? Yox, hər sakit dayananı susmuş zənn eləməyin. O, nə vaxtsa yazacaq. Ha, ha, ha! Hələ də ona elə gəlir ki, onu heç kim başa düşmür.
(Başqa bir kola yaxınlaşır və dərhal da ani zərbədən yıxılan adamlar kimi yerə yıxılır) Neylədin, ay zalım! Uf… of… adamda özündən böyüyə əl qaldırar. Belə güclüsənsə get məharətini rinqdə göstər də. Nə? (əlini qulağına tutaraq kola yaxınlaşır) Nə dedin? Yaxına gəlsəm vurmarsan ki? Doğru deyirsən? Vurmayacaqsan ki? Hə, eşidirəm, səni rinqdən qovublar? Qovublar! Ha, ha, ha… Sən həmən o boksçusan. Xatırladım. Sən gərək uduzaydın, amma sən rinqə çıxan kimi rəqibini nakauta saldın və bununla da karyeranın üstündən parlaq bir xətt çəkdin. Axı sənə əvvəlcədən demişdilər ki, uduzmaq lazımdır. Niyə məsləhətə qulaq asmadın? Sən həmin döyüşdə məğlub olsaydın, indi dünyanın ən məşhur boksçuları sırasında adını çəkərdilər. Yaxşı, yalan deyirəm, dünyanın məşhur boksçuları arasında adın olmasa da, şəhərimizin prestijli gecə klublarından birinin sahibi kimi hörmətli adam olardın. Əgər uduzsaydın, sənin bərkgedən maşının olardı, hansı ki, məğlubiyyətin müqabilində sənə söz vermişdilər. Vaxtında uduzmağı bacarsaydın, indi sənin də xarici banklarda hesabın, şou-biznesdə sayılıb-seçilən dostların olardı. Hamı səninlə selfi çəkdirərdi, altından da yazardılar ki, “dünya çempionatında məğlub olmuş məşhur həmyerlimizlə birgə”. Axı bütün bunların hamısını sənə söz vermişdilər. Bəs sən neylədin? Həyasızcasına qalib gəldin… İndi bax burdasan.
(Ehmalca yaxınlaşıb kolun dibindəki şamı yandırır. Sakit intonasiya ilə davam edir). Dəmiryol vağzalından aşağıda yaxşı bir dərzi var idi, dedim ki, mənə bir kostyum tik. Gümüşü rəngdə özündən mil-mil qəşəng parça almışdım, o, mənim birinci kostyumum olacaqdı. Dərzi bütün ölçülərimi götürdü, növbə qollarıma çatanda heyranlıqla üzümə baxdı, “əcəb qolların var” dedi. Heç nə anlamayıb çiyinlərimi çəkdim. O isə “sənin qolların bədəninə görə çox uzundu, səndən yaxşı boksçu olardı” dedi. Həyatım boyu belə ləzzətli kompliment eşitməmişdim. Tez şığıdım idman zalına “mənim qollarım bədənimə görə çox uzundu” dedim, təcili mənə əlcək verin. Məşqçi də elə dərzi kimi gözlərini bərəltdi və öz əlcəklərini çıxardıb mənə uzatdı. Əlcəkləri elimə keçirdən kimi onun lopuna birini ilişdirdim, kişi yırğalanıb guppultuyla yerə sərildi. Zaldakı uşaqların hərəsi bir tərəfə qaçdılar, “sən neylədin” bağırdılar. Neyləmişəm ki? İkiqat olimpiya çempionunu bir yumruqla vurub yerə sərmisən. Qorxumdan titrəməyə başladım, açığı elə qorxmuşdum ki, deyəsən bir balaca şalvarımı da o söz. Kişi handan-hana özünə gəlib ayağa qalxdı, əllərini çiynimə qoyub “əhsən” dedi. “Nə ləzzətli yumruq idi. Bütün ömrüm boyu bu zərbəni gözləyirdim”. Sonra mənim anadangəlmə istedadımın olduğunu söylədi. Bəli, istedad? Beləcə, bir yumruqla vurub yerə sərdiyim ikiqat olimpiya çempionunun xeyir-duasıyla böyük idmana qədəmlərimi qoydum. Amma təəssüf ki, yerə sərdiyim çempion mənim sonrakı uğurlarımdan xəbər tuta bilmədi, çünki elə həmin gecə keçindi. Lakin mən artıq rinqdə idim: bədənimdən uzun qollarımla rəqiblərimi nakutla yola salanda siz tamaşaçıların necə təlatümə gəldiyini görəydiniz. Alqışlar, bağırtılar, hayqırtılar…
Həmin günsə uduzmalıydım. Çox şeylər vəd eləmişdilər, nə bilim gecə klubu açmağıma kömək edəcəkdilər, babat bir “inomarka” bağışlayacaqdılar və indi mənə əlçatmaz görünən bəzi xırda-para şeylər də boyun olmuşdular. Babam dedi uduz oğlum, uduz ki, bizə gün ağlayasan. Nənəm dedi uduz ürəyimin parası, uduz ki, beş kişidən biri olasan. Hətta sevgilim də uduzmuş idmançının xanımı olmağı necə səbirsizliklə arzuladığını söyləmişdi. Rinqə çıxanda uduzmağımı gözləyən insanların gözləri projektorlardan daha çox parlayırdı. Hamı qoyun sürüsü kimi mələşirdi “uduz qardaşım, uduz, uduz ki, mərcə qoyduğumuz pullar batmasın”. Rəqibimin artistliyi sayəsində birinci raundu rahat yola verdim. Zalım oğlu əsil səhnə üçün yaranmışdı: hünəri çatıb mənə sarı bir dənə düz-əməlli yumruq ata bilmirdi, amma o ki, var atılıb-düşürdü. İkinci raundda az qaldım ona yalvarım ki, zalımın balası, dayça kimi hara tullanırsan? Heç olmasa bir dənə yumruq at də. Yox, o qaçırdı, qaçırdı… Üçüncü hissədə məşqçim qulağıma pıçıldadı ki, bu dəfə mütləq nakauta düşməlisən. Nakaut e! İstədim deyəm ki, axı bu necə olacaq o mənə heç çırtma da vurmur. Axı mən öz-özümü necə nakauta salım? O isə artist köpək oğlu, zəng çalınan kimi yenə də başladı qaçmağa. Yapışdım xirtdəyindən çəkdim rinqin küncünə dedim ədə, vur də – bax belə, bax belə, bax belə… Yalnız hakim qolumdan tutub məni kənara itələyəndə məlum oldu ki, artisti nakauta salmışam, heç yerindən tərpənə bilmədi də. Siz həmin vaxtı tamaşaçıların necə uladığını görəydiniz – elə bil canavar sürüsü üstümə düşdü – “niyə uduzmadın?”, “ay avara neylədin”, “sənin düüd, düüd…” Heç kimə izah edə bilmədim ki, axı onun mənə heç barmağının ucu da toxunmadı, mən necə uduza bilərdim. Səsimi heç kim eşitmədi, məğlubiyyətimi səbirsizliklə gözləyən nənəm elə televizorun qabağında keçinmişdi, qəzəblənmiş babam məni evdən qovdu, sonra özü də keçindi, sevgilim isə bütün ümidlərinin boşa çıxdığını görüb istənilən vaxt uduzmağa hazır olan bir başqasına qoşulub qaçdı. Allah şahiddi ki, mən uduzmaq istəyirdim. İstəyirdim…
(Qısa pauzadan sonra digər kola yaxınlaşır və qəh-qəhə çəkib gülür)
Ha… ha… ha… yadımdadı, hə yadımdadı… Elə şey olar? Onu necə unutmaq olar? İcazə ver şamı yandırım. Əlbəttə danışacam. Güləcəklərmi? Əlbəttə güləcəklər, Heç elə şey olar? (Gülərək şamı yandırır) Sizə bir lətifə danışım, amma xahiş edirəm ürəkdən gülün, yəni gülə bilməsəniz, qurtaranda deyərəm gülərsiniz. Deməli… ha, ha, ha… Lənət şeytana! Bu, lətifə qaz haqqındadı və əvvəllcədən də ərz edim ki, heç bir siyasi məzmunu yoxdu, hələ üstəlik kimlərsə sizi qazlayıb və ya siz kimlərisə qaz yerinə qoyursunuz, buna heç dəxli yoxdu. Deməli, bir kişinin qazları xəstələnir, sevimli qazların hərəsi bir tərəfdə canı ilə əlləşir. Kişi gedir baytarın yanına ki, bəs hal-qəziyə belədi. Baytar ona sarı dərman verib deyir ki, bunu yeməkdən qabaq içirdərsən qazlarına. Kişi necə deyilmişdisə, elə də eləyir, amma qazlar sağalmır, hələ üstəlik bir neçəsi ölür də. Kişi təzədən gedir baytarın yanına, ona yenə sarı dərman verib deyirlər ki, bu dəfə bunu yeməkdən sonra verərsən. Zavalı həkimin dediyi kimi də eləyir, amma yenə də qazlar sağalmır, elə bir ucdan qırılırlar. Baytar kişiyə sarı dərman verib tapşırır ki, bu dəfə dərmanı yeməyə qatıb verərsən. Aradan bir xeyli keçir, kişidən səs çıxmır. Baytar özü durub gəlir kişinin yanına soruşur ki, vəziyyət necədi? Kişi deyir ki, bəs səndə başqa dərman yox idi, qazlarımın hamısı qırılıb qurtardı. Baytar deyir niyə ki, mən də yenə dərman var, amma sən də artıq qaz yoxdu. (Pauza)
O, böyük istedaddır! Çox böyük! O, elə bir peşənin sahibidi ki, indi artıq işlə məşğul olanları o peşənin adı ilə çağırmırlar. O, elə bir peşənin sənətkarıdı ki, indi o işlə demək olar ki, hamı məşğul olur, iş yerində, küçədə, hətta evdə, öz doğmalarının arasında belə hamı bu sənətlə bu və ya digər formada təmas qurur, amma heç kim bu peşənin adını dilinə gətirmək istəmir. Hətta adamlar var ki, bu qabiliyyətin sayəsində əlçatmaz zirvələri fəth ediblər. Bu, elə bir peşədir ki, burada təqaüdə çıxmaq söhbəti yoxdu, əksinə yaş artdıqca daha da püxtələşirsən. Və bu, elə bir peşədir ki, ona həmişə və hər yerdə tələbat var, rəqabət də! O, təlxək idi. Yüksək ixtisaslı, anadangəlmə fitri istedada malik təlxək! Əsil peşəkar!
(Kola yaxınlaşıb oturur) Qüdrətli hökmdar, yerin-göyün ağası, mərhəməti və şöhrəti Məğribdən Məşriğə qədər dörd bir yana yayılmış İbn Xəldun-ibn Məndun-ibn Zəydun-əl Ələdunun sarayında yarım stavka təlxək ştatını tutmaq üçün müsabiqə elan olunmuşdu. Müsabiqəyə qatılmaqdan ötrü əvvəlcə formal və riyazi məntiqdən, sonra cəbr və həndəsədən, zoologiya və sosiologiyadan imtahan verib müvafiq bal topladıqdan sonra növbəti mərhələyə adlamaq lazım idi. Bəxtimdən o fənlərin hamısından gözəl nəticə göstərdim. Hə, yadımdan çıxmışdı, ingilis, fransız, ərəb, fars və şumer dillərini bilənlərə, mixi yazıları sərbəst yazıb oxumağı bacaranlara üstünlük verilirdi. Bəxtimdən onları da bacarırdım. Bütün mərhələləri adlayıb nəhayət dünyaşöhrətli, əfsanəvi, korifey təlxəklərin münsiflik elədiyi müsahibəyə gəldim. Onlar dəyirmi masanın ətrafında oturmuşdular və məni görən kimi uğunub getdilər, biri elə qəşş elədi ki, cəmdəyini otaqdan çıxarmaq üçün xərək gətirdilər, o birisi necə qaqqıldadısa protezi pəncərədən çölə düşdü, nəsə hərə bir cürə yerə yıxılıb qarnını tutdu. Mənsə ən son dəbdə kostyumumu geyinmişdim, saçlarımı xüsusi daramışdım, ən gözəl qalstukumu taxmışdım və səbirsizliklə peşəkar təlxəklərin verəcəyi sualı gözləyirdim, özümünsə sual verəmək hüququm yoxuydu. Onlar gülməkdən özlərini batırmışdılar. Nəhayət, saat günorta biri vuran da münsiflərin hamısı yerlərinə qayıtdılar və gözlənilmədən müdrik sifət alıb dedilər – “sən yarımstavka təlxək ştatına qəbul olundun”. Hətta biri mənə qayıtdı ki, indən sonra işinə intizamlı yanaşsan yaxın on illik perspektivdə səni tam ştata götürə bilərik. Beləliklə, mən işə qəbul olundum, yarımstavka də olsa, yaxşı maaş alırdım, dostlarım artıq paxıllıq eləməyə başlamışdılar. Bəs necə, cavan yaşda karyerada bu cürə yüksəlmək hər oğulun hünəri deyildi. Mən hər gün səhər saat onun yarısında səliqəli kostyumda İbn Xəldun-ibn Məndun-ibn Zəydun-əl Ələdunun sarayındakı dairəvi masanın ətrafında oturmuş təlxəklərin qarşısına çıxırdım, onlarsa məni görən kimi uğunub gedirdilər. Sözün açığı, başa düşmürdüm ki, onlar nəyə gülürlər? Axı sual vermək hüququm yox idi. Əşi cəhənnəmə, pulumu ki qazanırdım, geyinməyə paltarım, yeməyə çörəyim vardı, gülürlər gülsünlər də. Hərdən arzulayırdım ki, on il tez gəlib keçsəydi, mən də tam ştatlı təlxək olardım. Bir gün dedilər ki, hazırlaş ibn Xəldunun qarşısına çıxacaqsan, ancaq bunun üçün həndəsə və kibernetikadan, mikrobiologiya və gen mühəndisliyindən imtahan vermək lazım gələcəkdi, hə bir də akkad və urartu dillərində sərbəst yazıb oxuyanlara üstünlük veriləcəkdi. Fürsəti əldən buraxa bilməzdim, düz iki il sərasər deyilən elmləri öyrəndim, kitabələri əzbərlədim, gündüzlər təlxəklik edib, gecələr səhərə qədər kitabların arasında yaşadım. Nəhayət, o möhtəşəm gün gəldi, təntənəli frak geyinib İbn Xəldun-ibn Məndun-ibn Zəydun-əl Ələdunun şəcərəsinin birinci “İbn”nin qabağına çıxdım. O, məni görən kimi şişman dodaqlarının aralayıb elə qəhqəhə çəkdi ki, ağzından gələn kübar rahiyə boğanaq kimi üzümü qarsıb sarayın pəncərəsindən ətrafa yayıldı. İbn Xəldun mərhələsini keçməyim elə də çətin olmadı, sadəcə gecələr səhərə kimi dayanmadan oxuduğumdan artıq gözlərimə eynək taxırdım. Tam ştat təlxək vəzifəsinə keçməyim üçün cəmi-cümlətani ikicə il qalmışdı. Bu vaxta kimi mən mifologiya və mineralogiyadan, numizmatika və etnoqrafiyadan, sillogizm və neologizmlərdən dəfələrlə imtahan vermişdim, şumer dilində şumerlərdən, akkad dilində akkadlardan yaxşı danışırdım. Bir sözlə ölkədə yeganə təlxək idim ki, ibn Zəydun mərhələsinə qədər gəlib çata bilmişdim. Hər gün günün birinci yarısı məhz mənim üçün sifariş olunmuş kostyumlarımı geyinib mötəbər “İbn”lərin qarşısına çıxırdım, onları səhər saat onun yarısından günorta birə kimi güldürəndən sonra dərhal da kitabxanaya qaçırdım. Maraqlı idi… Hərdən mənə elə gəlirdi ki, həyat deyilən şey elə məhz bu cür olmalıdı. Şöhrətim hər tərəfə yayılmışdı, çünki mən bu diyarın hələ heç bir təlxəyinin çata bilməyəcəyi mərhələləri arxada qoymuşdum. Amma… Getdikcə mənə göz dəyirdi. Bəd nəzərə tuş gəlmişdim. Hiss edirdim ki, həmkarlarım qısqanmağa başlayıblar. Bəd nəzər… lənətə gələsən… bəd nəzər məni yoldan çıxardı. Heç özüm də bilmədim, bu necə baş verdi. Yazılmamış amma hamının əzbərdən bildiyi qanunu pozdum. (Pauza) Sual verdim… Dilim quruyaydı kaş… İş vaxtım qurtarana yaxın, yəni günorta saat birə beş dəqiqə qalmış gülməkdən yanaqları pörtmüş ibn Zəydundan nəsə soruşdum. Açığı nə soruşduğum yadımda deyil… məni saraydan qovdular və… əmək kitabçama elə belə də yazmışdılar “sual verdiyi üçün işdən qovulur”. Sual verən adamın üzünə bütün qapılar bağlandığından heç bir yerdə iş tapa bilmədim. Heç nəyi nəzərə almadılar, nə istedadımı, nə oxuduğum kitabları… rəhm eləmədilər…
(Uzaqdan qarğaların səsi gəlir. Kişi tələsik süpürgəsini yelləyir, qazan qapağını taqqıldadır).
Kiş! Kiş!
(Səs lap yaxından eşidilir)
Kiş! Kiş! Rədd olun! Qoymaram məhv edəsiniz onları. Müftəxorlar dünyasının ac qarğaları! Bir Allah şahiddir ki, mən bacarardım… Heç vaxt təslim olmaram! Niyə də təslim olum ki? Kimin bu qədər arzusu var? Kim bir balaca ömrə bu qədər arzu sığışdırar? Hələ bunlar hamısı deyil. Bəli, bir bu qədəri də içimdə gizlənib, ürəyimin dərinliyində göyərir. Hələ onları üzə çıxarmamışam. Elə bilirsiniz utanıram? Niyə utanmalıyam ki? Yorulmuşam? Nə danışırsınız, adam da bu qədər arzunun arasında yorularmı heç? Elə bilirsiniz bütün bunları qarnımı doyuzdurmaq üçün fikirləşmişəm? Xeyr! İstəsəm günlərlə ac qalaram, qalıram da. Mənim mədəmin tutumu balacadı, bapbalaca. Onu doyuzdurmaq üçün bu qədər arzuya gərək yoxdu. Bütün bunlar onun üçündü ki… istəmişəm insanların ürəyində təmiz bir guşə yaradım, oranı çirklənməyə qoymayım. Mən yalnız sizin üçün arzulamışam. Düzdü, bunu məndən heç kim xahiş eləməyib, heç kimə də minnət qoymuram. Sadəcə, bilin ki, bu arzuların hamısı sizin üçündü. Əgər özüm üçün nəsə arzulasaydım, başqaları kimi çörəyinizin içinə kəpək qatardım, heç xəbəriniz də olmazdı, yaxud həmişə və sairə mövzularda qalın-qalın kitablar yazardım, elə bilərdiniz böyük yazıçıyam, istəsəm rinqdə uduzub gecə klubunda kef çəkərdim, ya da ki, heç vaxt sual verməyib tam ştatda təlxəklik edərdim… Mənim yerimə kim olsa, belə edərdi. Mənsə bunların heç birini eləmədim, çünki sizi… sizi özümdən çox sevirəm… çünki sizə qıymadım… Düşünə bilərsiniz ki, dəliyəm, lütfən belə düşünməyin, ya da bunu heç vaxt mənim üzümə deməyin, xətrimə dəyər. Bəs mən kiməm? Mən müqəvvayam arzularımın bostanında! (Qarğaların səsi artır. Yenidən çəlləyin üzərinə çıxır) Kiş! Kiş! Rədd olun müftəxorlar dünyasının ac qarğaları! Qoymaram onlara toxunasınız! Qoymaram! Mən müqəvvayam… arzularımın bostanında!

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir