Ana səhifə » Dramaturgiya » Natiq Məmmədli. “DUMANA BÜRÜNMÜŞ”

Son yazılar

Müsahibə
May 10, 2019

“Bermud üçbucağı”nda – Gülşad Baxşıyeva

Xəbər
İyun 15, 2019

Akademik Milli Dram Teatrında Bəsti Cəfərovanın 60 illik yubileyi qeyd olunub

Afişa
İyun 13, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (13 iyun – 20 iyun)

Müsahibə
İyun 13, 2019

Dağlar Yusif – “dOM” Teatrından reportaj: ”Bu şəxsən mənimçün təzə deyil”

Xəbər
İyun 13, 2019

Bəsti Cəfərova – 60 yaş

Xəbər
İyun 13, 2019

“Leyli və Məcnun” operasının növbəti tamaşası keçiriləcək

Xəbər
İyun 12, 2019

Dərbənddə “Nəsimi ili-Nəsimi dili” tamaşası təqdim olunub

Xəbər
İyun 12, 2019

Azərbaycanlı rejissor dünyaya səs salan layihəyə imza atdı

Xəbər
İyun 11, 2019

Akademik Musiqili Teatrda ənənəvi mükafatlandırma olacaq

Xəbər
İyun 10, 2019

“Kubinka” tamaşasının premyerası baş tutacaq

Xəbər
İyun 9, 2019

Rus Dram Teatrı “Tənhalığın komediyası”nı təqdim edib

Xəbər
İyun 8, 2019

“dOM” Teatrı “Tuğanlıq” festivalında mükafat qazanıb

Persona
İyun 7, 2019

Aydın Talıbzadə – “SFİNKS VƏ KONTRABAS”

Xəbər
İyun 7, 2019

Nəsimiyə həsr olunmuş tamaşa Dərbənd qalasında

Xəbər
İyun 7, 2019

Teatrlarda PR işinin təşkili mövzusunda dəyirmi masa keçirilib

Xəbər
İyun 7, 2019

“Qızıl balıq” tamaşasının premyerası oldu

Xəbər
İyun 7, 2019

“Sonuncu”nun kinoversiyası çəkilir

Xəbər
İyun 7, 2019

Lənkəranda keçirilən Beynəlxalq Teatr Festivalı başa çatıb

Mövqe
İyun 6, 2019

Bayram kimi festival

Xəbər
İyun 5, 2019

YUĞ Dövlət Teatrı bu gün “Novruz” Festivalında çıxış edəcək

Xəbər
İyun 5, 2019

Uşaqların üzünü güldürən festival

Xəbər
İyun 5, 2019

Serbiya, Özbəkistan və Azərbaycan opera ulduzları birgə çıxış edəcəklər

Xəbər
İyun 2, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı ikinci gününü başa vurdu

Xəbər
İyun 2, 2019

Lənkəran Teatr Festivalının birinci günü başa çatdı

Mövqe
May 30, 2019

Aynurə Mustafayeva – Niyə biz yaxşı dram yarada bilmirik?!

Xəbər
May 30, 2019

LƏNKƏRANDA I BEYNƏLXALQ TEATR FESTİVALI KEÇİRİLƏCƏK

Müsahibə
May 30, 2019

Naibə Allahverdiyeva: “Bu sənətin nümayəndəsi olduğum üçün utanıram”

Xəbər
May 29, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı keçiriləcək

Persona
May 29, 2019

Aygün Aslanlı – Sükutunu pozmayan İNSAN…

Xəbər
May 28, 2019

Akademik Musiqili Teatrı işə qəbul elan edir (R)

Xəbər
May 27, 2019

“Boy çiçəyi” tamaşası İlyas Əfəndiyevin 105 illik yubileyinə həsr olunub 

Natiq Məmmədli. “DUMANA BÜRÜNMÜŞ”

(İki hissəli absurd oyun)

İştirakçılar:

  1. Süpürgəçi – hardasa 60 yaşında
  2. Tütəkçalan – 64 yaşında
  3. Gənc oğlan
  4. Kloun-yazıçı


BİRİNCİ HİSSƏ

 Birinci şəkil

(Səhnənin arxa fonunda müxtəlif dünya şəhərlərinin görməli yerlərindən ibarət qarışıq nəhəng tablo. Səhərdi. Sol tərəfdə iri Yasəmən ağacının altında qoca musiqiçi tütəyini sazlayıb ritmik musiqi çalmağa başlayır. Özünü elə göstərir ki, sanki müsiqini yanından ötərək işə tələsən adamlar üçün çalır. Bir müddət sonra heydən düşmüş nimdaş uni-formalı qoca süpürgəçi gedənlərin izini süpürürmüş kimi səhnəyə daxil olur).

Süpürgəçi. Nahaq özünə əziyyət verirsən! Bu gün şəhər adamlarının dilxor vaxtıdı, çoxdandı maaş almırlar. Belə dingiş mahnıdansa nəsə yanıqlı bir şey çal, bəlkə kiminsə rəhmi gəldi.

Tütəkçalan. Yox mən ac deyiləm.

(Musiqiçi daha şövqlə davam edir. Süpürgəçi musiqiyə uyğun əl-qolunu ata-ata ona yaxınlaşır)

Süpürgəçi. (ucadan) Deyirəm bu mahnının yeri deyil. Camaatın oynayan vaxtı getdi. Sən nəsə qəmgin bir şey çala bilərsən, ürək dağlayan?

Tütəkçalan. Yox mən ac deyiləm.

Süpürgəçi. (ağzını onun qulağına yaxınlaşdırıb qışqırır) Nəsə “ağlamalinski” mahnı bilirsən? Ana segahı!!!

Tütəkçalan. (sakit səslə) Sabahın xeyir.

Süpürgəçi. Şükür özünə gəldi! Səhər o başdan maşallah pülüyürsən e (gülür). Hamı sənin kimi işinə can yandırsaydı indi bura olardı cənnətin ortası! Amma nahaq yerə özünü gücə salma, camaatın cibində pul olanda onu hamıdan qabaq mən bilirəm. İnanmırsan?! Qırx ildi, düz dörd dənə on illikdi ki, mən bu insanların izini süpürürəm. Cibində pul olan adamların yerişi başqa cür olur, zibilləri də çoxalır. Hamısını mən süpürürəm, bilirəm də. Pul olmayanda yerişləri də düzəlir, zibilləri də azalır. Dəhşətdi, bir aydı ki, süpürməyə zibil tapmıram. Deməli pul yoxdu. Deməli dilxorçuluqdu. Deməli sən də qəmli mahnı çalmalısan. Bunu sənə mən deyirəm, təcrübə! Elə-belə deyil, dörd dənə on illikdi!

Tütəkçalan. (bərkdən) Sabahın xeyir!

 Süpürgəçi. Belə aqibətin xeyir! (süpürgəsini götürüb başqa səmtə addımlayır) Dəhşətdi, süpürməyə zibil tapmıram. Zibil də qəhtə çıxıb e. (üzünü musqiçiyə tərəf tutaraq) Dur ayağa heç olmasa sənin altını süpürüm. Batırmamısan ki oraları?

Tütəkçalan. Qulaq as! Bu da ana segahı! (başqa tərzdə ritmik nəsə çalır)

Süpürgəçi. A, bu ana segahı deyil ki? Bu lap diskoteka mahnısıdı! Ana segahı bilirsən necə olmalıdı? (musiqiçi onu eşidirmiş kimi yavaşdan çalır). Yandırmalıdı adamı, özü də elə-belə yox ha, yandırıb-yaxmalıdı. Göynətməlidi adamı, özü də elə-belə yox ha, cızdığını çıxarmatlıdı. Necə başa salım e səni. Bax elə bil bir çappa tut arağını götürmüsən….

Tütəkçalan. Mən ac deyiləm!

Süpürgəçi. Ə, sənə araq verən var? Elə bil! Götürmüsən bir çappa tut arağını çəkmisən başına əlini atırsan nəsə bir şey «zakuska» eləyəsən, görürsən ki, heç nə yoxdu. Yandırır e səni, yanırsan, yanırsan… Yaxılırsan, yaxılırsan… Gözlərindən bıldır-bıldır yaş axır… Qışqırırsan «ay mama!» Bax budu ana segahı. Çala bilərsən?

Tütəkçalan. Cibində çox pulu olan adamın zibili də çox olur. Yerişi də başqa cür olur. Zibili də çox olur. Zibilin içindədi, ona görə ki, pulu çoxdu. Zibilləyir hər tərəfi, çünki istəyir pulu çox olsun. Pulu çox olanın zbili də çox olur…

Süpürgəçi. Mənə bax, mən elə bilirdim ki, sənin təkcə qulaqların ağır eşidir, sən demə həm də sənə gec çatırmış! Mənim sözlərimi niyə təkrarlayırsan? Özü də birinin üstünə beşini qoyaraq?!

Tütəkçalan. Sabahın xeyir!

Süpürgəçi. Aqibətin xeyir! Mən ac deyiləm! (Süpürgəsini acağa söykəyib musiqiçinin yanında oturur) Bilirsən?

Tütəkçalan. Bilirəm.

Süpürgəçi. Bilmirsən!

Tütəkçalan. Bilirəm.

Süpürgəçi. Bilmirsən!

Tütəkçalan. Bilirəm.

Süpürgəçi. Yaxşı onda bilirsənsə de!

Tütəkçalan: (tütəyini üfürür)

Süpürgəçi: Gördün? Bilmirsən. Bu küçənin adamlarının qırx il bundan qabaq, Yasəmən ağacının fidan vaxtlarında necə oldğunu bilmirsən.

Tütəkçalan. (çiyinlərini çəkir) Bilmirəm.

Süpürgəçi. Amma mən bilirəm. Yasəmən ağacı körpə olanda bu küçə başdan-ayağa zibillik idi. O qədər zibil olardı ki… Pah zibil deyirəm e sənə! Lap xirtdəyəcən. Dizə kimi yox ha xirtdəyə kimi. Mən o vaxtlar laçın oğlan idim, bığıburma deyildim, amma özümə görə oğlan idim də. Süpürgəçi qızlar… pah ölürdülər dərdimdən. Mən o vaxtlar iki növbədə işləyirdim. Səhərdə süpürürdüm, axşam da süpürürdüm, axşam da süpürürdüm, səhərdə süpürürdüm. Az qalmışdı, məni deputat seçsinlər…

Tütəkçalan. (qımışaraq) Sabahın xeyir!

Süpürgəçi. Bah! Belə aqibətin xeyir! İnanmırasan? O vaxtlar sağıcıları, pambıqçıları, fəhlələri seçirdilər də. Mən də belə götürəndə fəhlə sinifi idim axı. Razı olmadım. Dedim, mənə elə öz küçəmin zibili bəsdi. Bəli, belə də dedim. Mənim işim elədi ki, vəzifəm artarsa süpürgəm də böyüməlidi, zibilim də çoxalmalıdı. Süpürgəçilik yeganə sənətdi ki, burda heç kim heç kimin yerinə göz tikmir. Heç kim heç kimə vedrə bağlamır. Çünki hərənin öz küçəsi, hərənin öz vedrəsi var və təbii ki, hərənin də öz zibili var.

Tütəkçalan. (əsəbləşir) Mən niyə ana segahı çalmalıyam ki? Niyə? Niyə?

Süpürgəçi. Niyə coşdun birdən-birə. Mən sənin xeyrin üçün deyirəm. Gərək adamların damarını tutasan ki sənə görüm-baxım eləsinlər. Yaxşı pul qazanmaq istəmirsən. Onda sən onların eşitmək istədiyi mahınnı çalmalısan. Bəs sən nə edirsən? Elə öz bildiyini püləyirsən.

Tütəkçalan. Mən həmişə öz bildiyinimi çalacam. Bax burda, burda ilişib qalanları (əlləri ilə qulaqlarını tutub dartır). Bu qulağın yaddaşında nə varsa mən onları çalıram. Niyə belə deyirsən, niyə, niyə?..

Süpürgəçi. Yaxşı bağışla, özündən çıxartdım səni. İstəmirdim, istəmirdim… (əlini onun çiyninə aşırır).

Pauza

(yavaşdan) İnan ki, xətrinə dəymək istəmirdim. Başqalarının eşitmək istədiyi mahnılar çalsan yaxşı pul qazanarsan. Burda nə var ki? Ey, səninləyəm e (musiqiçini silkələyir) Sən əsəbləşdin hə? İncidin hə?

Tütəkçalan. (qəflətən qəh-qəhə çəkir) Yox əsəbləşməmişəm! Hə əsəbləşmişəm! Amma incimədim, yox, yox incimədim.

Pauza

Çox pul çox zibildi. Axı mənim çox pulum olsa sənin işin artar. İstəməm başına iş açım.

Süpürgəçi. Gör nəyin dərdini edirsən? Təki sən həmişə zibilin içində olasan. Axı zibil olmasa mən də olmaram. Sən istəyirsən dostun işsiz qalsın? Nə qədər bacarırsansa zibillə, lap çox, hamıdan çox. Bircə dəfə süpürgəni çəkəcəm, vəssalam hamısı bir yolluq yoxa çıxacaq.

(Arıq gənc oğlan Yasəmən ağacının arxa tərəfindən ehtiyatla onlara yaxınlaşır. Musiqiçinin yanında oturur. Çox gərgindi. Bir neçə dəfə ayağa durub-oturur)

Tütəkçalan. Sabahın xeyir!

Oğlan. Yox, mən ac deyiləm.

Süpürgəçi. Məzələnməyə adam tapmısan də. Ayıbdı, ayıb.

Oğlan. Niyə ayıb olur axı. Onsuz da kardı, eşitmir. Bir də, bir də bilirsən nə var, mənə ağıl öyrətmə (həyəcanla). Hamınız ağıllı çıxmısınız! Sözə bax də «sabahın xeyir» kim fikirləşib bunu? Mənim hələ xeyir olan sabahım açılmayıb. Nə bilirsən mənim sabahım xeyirdi, hə?

Süpürgəçi. (ayağa durub süpürgəsini götürərək) Gicdiki bu?

Tütəkçalan. Mən öz bildiyinimi çalacam. Bax burda, burda ilişib qalanları (əlləri ilə qulaqlarını göstərir).

Süpürgəçi. Ürəyin necə istəyir elə də et, əzizim.

Tütəkçalan. Sabahın xeyir!

Süpürgəçi. Belə aqibətin xeyir! Mənə bax, səninləym e, səhər o başdan niyə belə zəhər tuluğuna dönmüsən? (Oğlana işarə ilə) Mısmırığını necə sallayıb e. Yeməyini qarışdırmısan, yoxsa yuxunu. Birdən batırıb eliyərsən e, haranı lazımdı, de gedim süpürüm. Düz sözümdü, dost deyilik.

Oğlan. Heyf! Nə söyərdim səni. Səni də, süpürgəni də…

Süpürgəçi. Əhvalın düzələcəksə, söy məni. Düz sözümdü, incimərəm. Dost deyilik. Bir ifritə xalam var idi, istəyirsən onu söy. De ki sənin xalanı…

Oğlan. Əşi bəsdi də! Ürəyim az qalır yerindən çıxsın, sən də məni ələ salmağa vaxt tapdın.

Süpürgəçi. Axı nə olub?

Oğlan. Sizlik deyil. Sizin girəcəyiniz kol deyil. Sizin ovudacağınız dərd deyil. Rahat buraxın məni.

Tütəkçalan. Sənin ifritə xalanı (tütəklə düüd, düüd edir)

Süpürgəçi. Bərəkəllah. Mənim o ifritə xalam eşidərdi sənin bu düüd, düüdlərini, bilirsən səni necə düüd, düüd eliyərdi. (üzünə oğlana tutub həlim səslə) Qadası, sənin dərdin bizim girəcəyimiz kol deyilsə, onda niyə bura gəlmisən? Bəlkə məscidə gedəsən? Bəlkə kilsəyə gedəsən? Bəlkə bulvara… yox-yox bircə bulvara getmə. Heç xoşum gəlmir özünü dənizə atıb öldürən adamlardan. Mənasız ölümdü vallah! Hələ axır vaxtlar körpünün üstünə çıxıb özünü ordan aşağı atmaq dəbə çevrilib. Belə də düşüklük olar. Biz çox qəribə adamlarıq, intihar eləyəndə də nəsə təntənə axtarırıq. Gərək hər şey dəbdəbəli ola. Əşi götür kəndiri…

Tütəkçalan. Ölümlə zarafat eləmə, ölüm haqdı! Xalası düüd… düüd!

Oğlan. Sən niyə ölümdən danışırsan?! Dosta bir bax! Təşəkkür məsləhətinə görə. Özümü öldürəsi olsam, çalışarm dediklərinə əməl eləyim. Xudmani, dəbdəbəsiz bir ölüm, yəni ucuzundan. Belə istəyirsən də!

Tütəkçalan. (üzünü süpürgəçiyə tutub kinayəli) Sabahın xeyir!

Süpürgəçi. Mənə bax, ağlını başına yığ, niyə özünü öldürürsən? Bilirsən nə qədər ölməli adamlar var. Bax sən onların acığına yaşamalısan. Bəli! Elə adamlar var ki, çoxdan ölüblər, amma hələ də yaşayırlar, onlar özlərinin əvəzinə başqalarının ömrünü yeyirlər, saçlarını ağardırlar. Əslinə qalandaysa çoxdan ölüblər. Bəli! Yalvarıram özünü öldürmə! (oğlanan boynunu qucaqlayır) Qoymaram! Qoymaram!

Oğlan. (bir təhər onun qollarının arasından sıyrılaraq) Əşi əl çək, işə düşmədik! Kim dedi ki, mən intihara hazırlaşıram. Başın xarab olub? Elə zorla boynuma qoyur e! Təkcə küçəni süpürməklə deyil, gərək adamın beyni də təmiz ola. Gör sənin qəlbin nə qədər qaradı ki, ancaq qara şeylər daşına bilirsən.

Tütəkçalan. Sənin başın zibilləinb. Küçəni yox, sənin beyninin içini süpürmək lazımdı.

Oğlan. Ay sağ ol. Düz sözə nə deyəsən!

Süpürgəçi. (təəccüblə tütəkçalana baxaraq) Mən ac deyiləm.

Pauza

İncitdim hə sizi. (kövrəlir) Mən elə-belə, sözgəlişi danışıram. Sözlər ağzımdan necə çıxır heç özümdə bilmirəm. Mən danışa-danışa fikirləşirəm axı. İncitdim hə sizi, incitdim hə… (tütəkçalan və oğlan qəh-qəhə çəkib gülürlər)

Oğlan. Yox mən incimədim!

Tütəkçalan. Mən də ac deyiləm!

Süpürgəçi. Amma mən həmişə arzulamışam ki, bir gün səhər o başdan işə gələndə bu Yasəmən ağaçından kiminsə özünü asmaq istədiyini görüm və tez qaçıb onun ayağından yapışım o çırpınsın, çırpınsın amma mən onu ölməyə qoymayım amma… Deyim yaşa qardaşım, başqalarının acığına yaşa!

Oğlan. Arzun ürəyində qalsın!

Süpürgəçi. Amma hər səhər kimisə xilas eləmək üçün yuxudan oyanıb bura tələsirəm və hər dəfə də eyni şeyi görürəm: qoca tütəkçalanı və tənha ağacı. Siz inanırsınız hər dəfə yuxudan durub…

Pauza

Oğlan. (gülərək) Sizə şad xəbərim var. Tezliklə şəhərə duman gələcək.

Tütəkçalan. Lap qaladakı kimi.

Oğlan. Lap qaladakı kimi.

Süpürgəçi. Kor duman.

Oğlan. Lap korundan.

Tütəkçalan. (xoş xəbərdən riqqətə gələrək ayağa qalxır) Duman qalada olurdu, duman qalada olurdu. Kor duman, tiskinli duman. Orda, orda olanda duman gələndə biz bir-birimizi axtarırdıq. Orda. Orda olanda…

Süpürgəçi. (sevinclə) Səni şad xəbər olasan. Duman gələcəksə özünü öldürmə. Yox, yox dumanda özünə qəsd eləmə. Başqa vaxt gəlib özünü asarsan. Ağac durur, sən durursan. Qorxma gəlib ayaqlarından tutacam.

Oğlan. Yenə başladın!

Süpürgəçi. Mənə bax, sən hardan bildin ki, duman gələcək?

Oğlan. Hava proqnozundan. Televizorda…

Tütəkçalan. Mən baxmıram televizora.

Süpürgəçi. Mən ancaq sənə baxıram.

Oğlan. Arada baxın, bəzən şad xəbərləri də deyirlər.

Süpürgəçi. Birdən yalan çıxdı? Birdən aldatdılar. Belə götürəndə, birinci dəfə deyil ki?

Tütəkçalan. Birdən yalan çıxdı?

Oğlan. Yalan niyə çıxır? Həm də bunu dəqiqləşdirməyə nə var, duman bu gün axşam gələcək. Bəlkə də yoldadı, lap çataçatdadı.

Tütəkçalan. (həyəcanlanır) Saat neçədi? Kimdə saat var?

Süpürgəçi. Sən ac deyilsən ki?

Tütəkçalan. Yox mən ac deyiləm.

Süpürgəçi. Deməli, nahara hələ var. Sabahın xeyir.

Oğlan. Heç bilirsiniz bu şəhərə nə vaxtdandı duman gəlmir?

Süpürgəçi. Sənin neçə yaşın var? Onun üstünə bir o qədər də gəl, neçə elədi?

Oğlan. Qırx dörd.

Süpürgəçi. Dörd dənə on illik. Mən əlimə süpürgə alandan bu şəhərə duman gəlməyib. Həmişə onun yolunu gözləmişik. Sıx duman, qatı duman, kor duman… Biz inanırdıq ki, nə vaxtsa o gələcək, hər şeyin üstünü ağ-appaq yorğan kimi örtəcək, bütün gizlinlərin, bütün günahların və bütün xəyanatlərin. Duman çəkiləndən sonra adətən təzə gün başlayır, adətən…

Tütəkçalan. Biz qalada olanda duman tez-tez gələrdi. Biz qalada olanda dumanlı havada sərçələr civildəşməzdi, ancaq qarğalar, qarğalar qarıldayardı qarrr, qarrr… Orda da, orda da Yasəmən ağacı vardı, bax elə bunun kimi, biz onun altında “duman gəldi” oynayardıq. Duman gələndə qalada bir biz olardıq, bir də sərçələr. (kövrəlir) Biz gəldik sərçələr qaldı. İndi ancaq qarğalar qarıldayır qarr, qarr… Biz gəldik sərçələr qaldı (ağlamsınır. Süpürgəçi də kövrəlir, onun boynunu qucaqlayır).

Oğlan. Mən elə bildim siz sevinicəksiniz. Siz ağlayırsınız. Siz ağlayırsınız?

(hər ikisi birdən) Yox biz gülürük (ikisi də gülərək qucaqlaşırlar) Duman gələcək, duman gələcək!

Süpürgəçi. Sən buna görə dilxor olmuşdun? Bizim sevinməyimiz səni qanını qaraldır?

Oğlan. Sən həmişə öz bildiyin şeyləri mənə sırımağa çalışırsan. Əl çək bu xasiyyətindən. Çox pis vərdişdi, çox pis!

Süpürgəsi. Bəs onda niyə sevinmirsən?

Oğlan. Mən sizin kimi sevinə bilmirəm. Duman gələcək, amma mənə başqa şey lazımdı. Dumandan mənə nə?

Tütəkçalan. Səhv edirsən.

Süpürgəçi. Səhv edirsən! Dumanla çox şey dəyişəcək.

Tütəkçalan. Duman bizi qalaya aparacaq.

Süpürgəçi. Bir yerdə, bir yerdə gedəcəyik (sevinirlər). Bəs sən?

Oğlan. (sakitcə) Mənə heç bir dəyişiklik lazım deyil. Mən dəyişilmək istəmirəm. (pauza) Mənə yüz dollar lazımdı.

Tütəkçalan. (yavaşdan) Nəsə ürəyimə damıb ki, sən heç vaxt dəyişilə bilməyəcəksən.

Süpürgəçi. Cəmi yüz? Sadacə yüz? İki yüz də yox, elə-belə yüz! Bu, bizim əlimizdə nədi ki? Bəs dost nə gündə lazımdı? Elə buna görə burnun yerlə sürünür? (əllərini cibinə salır, süpürgəsini götürüb o tərəf-bu tərəfə çevirir, tütəkçalan hər iki cibini çevirir, nəsə xatırlayırmış kimi cəld oturduğu yerdə qabağına qoyduğu dəmir kasanı əlində yellədir. Sonra hər ikisi təəccüblə oğlanın üzünə baxaraq qışqırırlar) Nə qədər? Yüz?! Lap eləcə yüz?!

Oğlan. Elə bağırırsınız ki, elə-bil sizdən yüz min istədim. Əslində heç sizdən istəmədim, elə-belə, soruşdunuz dedim.

Tütəkçalan. Bəlkə duman gələndə axtaraq?

Oğlan. Mənə duman gələnə kimi lazımdı. Özü də çox vacib lazımdı. Lap çox.

Tütəkçalan. Sabahın xeyir!

Oğlan. Artıq günortadı!

Süpürgəçi. Lap təcili lazımdı?

Oğlan. Lap təcili!

Süpürgəçi. Lap, lap, lap təcili?

(Oğlan təəssüflənirmiş kimi başını bulayır).

Süpürgəçi. Onda vaxtımız azalıb, bəlkə də heç qalmayıb. Vaxt azalanda şans da azalır. Bilirsən vaxt elədir ki, lap şans kimidi. Qismət, bəxt, vaxt bunlar hamısı eyni şeylərdi. Bunlar hamısı eyni şeylərdisə, bəs niyə üç sözün əvəzinə yalnız birini iştəlmirik? Axı bu qədər sözlərdən israfçılıq eləmək nəyə lazımdı? (həyacanlanır) Belə götürəndə qismət də, bəxt də, vaxt da elə eyni şeylərdi. Qismətində oxdusa bəxtin də yoxdu, bəxtin yoxdusa vaxtı neyləyirsən? Belə götürəndə, axı mən düz deyirəm, bəs niyə dillənmirsiniz? Heç olmasa başınızı tərpədin ki, bilim robort deyilsiniz.

Tütəkçalan. (başını tərpədə-tərpədə ona yaxınlaşır və eyni həyəcanla) Qismət, bəxt, vaxt… Qismət, bəxt, vaxt… Qismət, bəxt, vaxt… Bəs birdən duman gəlmədi? Bəlkə sən bizi aldadırsan? Bəlkə sənin özünü aldadıblar? Sən də fərqinə varmadan bizi dolamısan. (əsəbləşir) Dolamısan bizi?

Oğlan. Mənə yüz dollar lazımdı! Yüz!

Süpürgəçi. Bağışla, bağışla. Təmiz unutmuşdum axı sənə lap çox yüz dollar lazımdı. Lap, lap, lap çox. Gör mən nədən danışarm, təmiz ağlımı itirmişəm. Üç şey haqqında eyni vaxtda fikirləşəndə adamın başı şişər də. Axı mənim üçün ağırdı eyni vaxta üç şey haqqında düşünmək. Bəlkə aramızda bölüşək mən olum «vaxt», sən ol «bəxt», sən də ol «qismət». Mən qaçıram düşün dalımca, əgər məni tutsanız deməli, sizin bəxtiniz gətirdi, sən demə qismətinizdə var imiş. (Yasəmən ağacının başına dolanaraq qaçmağa başlayır).

Tütəkçalan. Yox mən ac deyiləm! (o da onun arxasınca götürülür)

Oğlan. (Yerə oturaraq başını əlləri arasında sıxıb inildəyir) Sizə nə olub belə? Dedim axı nə istədiyimi, soruşdunuz mən də dedim. Sizi görüm dumana həsrət qalasınız!

Tütəkçalan. A…a..a ona yüz dollar lazımdı.

Süpürgəçi. Doğurdan, bəs niyə demir? Ey, bəs niyə dillənmirsən?

Tütəkçalan. O, dedi. Özü də bir neçə dəfə.

Süpürgəçi. Sən hardan bildin? Axı sənin qulaqların o söz, düüd, düüd…

Tütəkçalan. Sənin xalanı düüd, düüd! O dedi.

Süpürgəçi. Bəs niyə mən xatırlamıram?

Oğlan. Çünki sən eyni vaxtda danışırsan, düşünürsən, həm də sayaqlayırsan.

Süpürgəçi. Bəli mən danışa-danışa düşünürəm. Amma heç vaxt sayaqlamıram.

Oğlan. Bu, sənə elə gəlir.

Süpürgəçi. Bilirəm, mənim xasiyyətim belədi. Mən danışa-danışa düşünürəm, ümumiyyətlə, bizim şəhərdə düşünə-düşünə danışmaq artıq dəbdən düşüb. İndi hamı danışa-dınaşa düşünür. Ümumiyyətlə, bizim şəhərdə…

Tütəkçalan. Düüd, düüd… Xalan səni çağırır!

Oğlan. Mən çox az şey istəyirəm axı.

Süpürgəçi. Xatırladım yüz! Lap təəcili lazımdı? Duman gələnə kimi? Deməli vaxtımız azalıb, bəxtin yoxdusa vaxtı neyləyirsən, vaxtın yoxdusa qismətin…

Oğlan. Bəsdir!

Tütəkçalan. Düüd, düüd.

Süpürgəçi. İlahi, görəsən bu gün mən qədər “düüd” qazandım. Hər halda xalam razı qalar. (qısa pauza) Biz o pulu qazanmalıyıq! (hər ikisi ona yaxınlaşır və başları ilə təsdiq işarəsi verirlər) Bu başqa məsələ, arada başınızı tərpədin ki, bilim robort deyilsiniz. Ancaq tərslikdən qazanmaq da vaxta bağlıdı.

Oğlan. Bircə vaxtdan danışma. Bunları artıq demisən.

Süpürgəçi. Qazanmaq əsasən vaxta bağlıdı, əzizim. Bizim də vaxtımız yoxdu, bir azdan duman gəlməlidi, təbii ki, televiziya bizi aldatmırsa.

Tütəkçalan. Gələcək, duman mütləq gələcək!

Süpürgəçi. (üzünü oğlana tutur) Gəl mərc edək, duman gəlsə, sən mənə yüz dollar verə bilərsən?

Oğlan. Pul mənə lazımdı, ay başdanxarab.

Süpürgəçi. Mən səndən soruşmadım ki, ondan soruşuram (tütəkçalana işarə edir).

Tütəkçalan. Düüd, düüd…

Süpürgəçi. Başa düşdüm, xalamı belə hörmətlə yad etdiyin üçün dərin təşəkkürlər! (səsinin tonunu dəyişir, ciddiləşir) Qazanmaq lazımdır! Ancaq biz qazana bilməyəcəyik. Ona görə yox ki, bacarığımız yoxdu. (əsəbləşir) Ona görə ki, qazanmaq üçün bizə şans verməyiblər! Şans çox zibil şeydi. Gərək əvvəlcə nəyinisə və ya haranısa girov qoyasan. Siniz girov qoyulacaq nəyinizsə var? (hər ikisi çiynini çəkir) Bax, görürsünüz sizin girov üçün cəlbedici heç nəyiniz yoxdu.

Tütəkçalan. Tay de ki, qazana bilməyəcəyik də. Çürükçü!

Oğlan. Çürükçüsən!

Süapürgəçi. (səsi dəyişilir, bir az kinayəli və müləyim tərzdə) Hə bir az çürükçüyəm, amma bir az. Vaxt azalır, azalır, yox qazana bilməyəcəyik. Onda bir yolumuz qalır. Gəlin axtaraq.

Oğlan. Haranı?

Süpürgəçi. Küçəni, məgər burdan başqa axtarılacaq yermiz var?

(hər üçü ağacın yan-yörəsini, küçənin o baş-bu başını axtarırlar. Bir qazdan sonra süpürgəçi nəsə xatırlayırmış kimi dillənir)

Süpürgəçi. A yadıma düşdü. Heç nə tapa bilməyəcəksiniz! Axı mən səhər küçəni süpürmüşəm. (ikisi də tövşüyə-tövşəyə ona yaxınlaşır) Yasəmən ağacı şahiddi ki, indiyə kimi bu küçədən cəmi bircə dəfə iyirmi dollar tapmışdım, onu da aparıb xırdalmaq istəyəndə saxta çıxdı. Az qalmışdı məni qadallasınlar. Zorla canımı qurtardım. (üzünü tamaşaçılara tutaraq) Yekə adamlarsınız, heç olmasa hərdən bir küçəyə pul atın da. Guya bilmədən oldu, guya xəbəriniz yoxdu. Heç fikirləşmisiniz ki, sizin cibinzdən düşən qəpik kimisə xoşbəxt edə bilər, hə?! Ay fikirləşdiniz a!

Tütəkçalan. Tələsək! Duman gələnə kimi qurtarmaq lazımdı. (oğlan onun böyrünə qısılaraq ağacın altında oturub) Duman bizi qalaya aparacaq. Yadından çıxmasın qarın sazağında qalada bir sərçələr qalmışdı, bir də biz. Nəhayət ki, sədaqətli sərçələrimizin yanına dönmək vaxtı gəlib çatır.

Oğlan. Evrika!

Tütəkçalan. Dəli olmusan? Bu sözü səndən qabaq deyiblər axı.

Oğlan. Sənə deyirəm evrika! Gəlin şəhər adamlarından istəyək. Bax sən (Tütəkçalan) həzin bir mahnı çal, biz də gülərüzlə mərhəmətli insanlara yaxınlaşaq. Bağışlayın, sizdə yüz dollar olmaz ki? Sən o, yanındakı gözəl qızın canı yüz dollar verməzsən ki? Niyə vermirsən ki, çoxdu? Harası çoxdu? Axı bu, heç sənin qoluna girdiyin qızın dodaqlarını şiritmək üçün plastik əməliyyata verdiyi pulun yanında qəpik-quruşdu. Ah, xanım, siz, siz mənə tanış gəlirsiniz. Hardan tanıyarım? Gözlərinizdən! Bəli, bəli nə mərhəmətli gözləriniz var, mən hələ belə rəngdə göz görməmişəm. Sanki dənizin mavisidi, yox, yox səmınanı məvasi. Bağışlayın, xeyirxah məqsəd üçün mənə yüz dollar verməzsiniz ki? Nə? Gözlərinizdəki linzadı? Dodağınız belə, gözünüz elə, bəs sizin bədəninizdə özünüzə aid olan nəsə var? Oy! Bağışlayın, həddimi aşdım. Nəsə var! Yox lazım deyil xanım, mən elə-belə sözgəlişi dedim. Zarafat elədim də! Xanım lazım deyil! Lazım deyil! (Yasəmən ağacının başına hərlənir).

Süpürgəçi. Yüz faiz dəli olub.

Tütəkçalan. Yox ona yüz dollar lazımdı.

Süpürgəçi. Yox yüz faiz dəlidi.

Tütəkçalan. Hardasa dəlini xatırladır.

Süpürgəçi. Yox yüz faiz dəlidi.

Tütəkçalan. Axı ona yüz faiz yox, yüz dollar lazımdı.

Süpürgəçi. A, xatırladım. Əhsən sənin nə yaxşı yaddaşın var!

Oğlan. (tövşüyərək dayanır) Lap əldən düşdüm. Bağışlayın xanım, bağışlayın. Amma əla qaçmağınız var. Nə vaxt qaçmaq istəsəniz qulluğunuzda hazıram. (qısa pauza) Axı hansı başdan xarab xeyirxahlıq eləyər. Özü də indiki vaxtda.

Süpürgəçi. Axı niyə fikirləşirsən ki, xeyirxahlıq eləmək üçün mütləq başdan xarab olmaq lazımdı?

Oğlan. Mən şəxsən heç kimə yüz dollar vermərəm.

Süpürgəçi. Lap milyonun olsa da?

Oğlan. Lap milyonum olsa da.

Süpürgəçi. Ona görə də sənin heç vaxt milyonun olmayacaq.

Oğlan. Amma mən bunu istəyirəm. Özü də çox, lap çox. Bütün həyatım, bütün gələcəyim, bütün planlarım bundan asılıdı. Mən bunu çox istəyirəm (ağlamsınır).

Süpürgəçi. Səni çox ucuz gələcək gözləyir.

Tütəkçalan. Tələsmək lazımdı. Duman gələnə kimi. Tarixi duman yaxınlaşır. Mənə bir az soyuqdu. Deyəsən titrədirəm, lap qalada olduğu kimi.

Süpürgəçi. Əzizim, bu gün hava kifayət qədər istidi. Həm də nəsə ürəyimə damıb, bu cavana oğlana istədiyini verməyənə kimi duman gələsi deyil.

Tütəkçalan. Sus! Sus! Sən nə cəsarətlə belə danışırsan! Əgər duman gələcəksə, mən yerin deyişində olsa, həmin o əl çirki olan pulu tapıb soxaram bu cavanın gözünə.

Süpürgəçi. Afərin! Sənin fikirlərin məni riqqətə gətirir. Sən də danışa-danışa fikirləşirsən?

Oğlan. Gözlərim sənə qurbandı, mən hazır!

Süpürgəçi. Dedin hardan tapacaqsan? Yerin deşiyindən? Bax bu yer, bu da sən, dayan indi sənə bel gətirim nə qədər istəyirsən qaz. İnanırsan ki, tapacaqsan? Yox! Çünki yerin deşiyində gizlənən pulları çoxdan tapıblar, çoxdan xərcləyiblər, yeyiblər, üstündən də su içiblər. Sən yalnız onun haqqında danışa bilərsən. Özü də başqalarının xatirələrini.

Tütəkçalan. Axı bu dünyanın xeyirxah adamları hamısı eyni vaxta yoxa çıxa bilməz. Onları tapmaq lazımdı. Tapa bilsək mütləq, mütləq bizə kömək edəcəklər. Hardasınız ey bu dünyanın xeyirxah insanları?! Siz bu cavan oğlanan ölmüşünə, yardım əlinizi uzada bilərsinizmi?

Süpürgəçi. Pafos! Pafos! Sən özünü kimə göstərirsən? Heç olmasa əlində tutduğun tütəyindən utan! Axı biz seçki marafonunda deyilik, bu yağlı vədləri kimin üçün verirsən? Ayıbdı e, yekə kişisən! Dünyanın xeyirxah insanları da sən ağıldadısa, vay bu dünyanın halına!

Tütəkçalan. Axı duman gələnə kimi…

Süpürgəçi. Dedim axı, pul tapmasaq duman gələsi deyil!

Oğlan. Evrika!

Süpürgəçi. Ə, bəsdi də!

Oğlan. Əvvəlcə xeyirxah insanlar tapmaq lazımdı.

Tütəkçalan. Sabahın xeyir!

Süpürgəsi. Bu başqa məsələ. Sən çörək, lənət şeytana pul tapacaqsan. Bəs hardan?

Tütəkçalan. Bax küçənin axırında yekə, yaşıl bina var, lap feodal qəsrinə oxşayır. Bax o qəsirdən çıxanlar nəcib adamlara oxşayırlar. Bəlkə ora sarı gedək?

Süpürgəçi. Əcəb nəcibdilər! Bilirsən ora haradı? Orada xeyirxah adam nə gəzir? Hünərin var o qapının kəndarına yaxınlaş, başına bir oyun açsınlar ki! Tütəyini də alıb, nəysə…

Tütəkçalan. Onda sarı binaya tərəf gedək? Mən əvvəllər o sarı binanın qabağında həzin mahnılar çalardım. O qədər alqışlayardılar ki…

Süpürgəçi. O binada ancaq alqışlamağı bilirlər, bizə isə pul lazımdı.

Oğlan. Bilirsiniz!

Tütəkçalan. Sən bunun xalasının canı bircə “evrika” demə!

Oğlan. Bu küçənin aşağısında köhnə bir tikili vardı, təzə təmirdən çıxıb, özü də mavi rəngdə bəzəyiblər.

Süpürgəçi. Qəti, qəti! Mavi binanın qapıları gecə yarsında açılır, mənim balam. Deyəsən yadından çıxarmısan, bizə pul duman gələnə kimi lazımdı. O vaxta duman gələcək də, gedəcək də.

Oğlan. Onda ağ bina…

Süpürgəçi. Onun heç adını tutma!

Tütəkçalan. Onda hara gedək? Bəs bu dünyanın xeyirxah adamları harda ola bilər?

Süpürgəçi. Əh, tapdım! Bayaq sən nə demişdin?

Oğlan. Ağ bina?

Süpürgəçi. Yox!

Oğlan. Mavi bina?

Süpürgəçi. Yox!

Oğlan. Gözlər, linza?

Süpürgəçi. Yox!

Oğlan. Dodaqlar, slilkon!

Süpürgəçi. Yox!

Oğlan. Evrika?

Süpürgəçi. Hə, ondan!

Tütəkçalan. İkinizin də sabahınız xeyir. O sözü sizdən qabaq deyiblər axı.

Süpürgəçi. Bu küçənin o küçəyə dönən yerində qədim bir bina var.

Tütəkçalan. Başqasının sözlərini təkrarlamaqdan xoşiniz gəlir.

Süpürgəçi. Lap əvvəllər onun divarına iri hərflərlə yazmışdılar “Humanizmin gözləri həmişə yaşlı olur!”. Sonra o sözləri pozdular. Bilirsiniz, əvəzinə nə yazdılar? “Dünyanı gözəllik xilas edəcək!”. Sonra onu da pozdular. İndi bilirsiniz nə yazıblar? “Maqdonalds”!

Tütəkçalan. Mən acam!

Oğlan. Mənsə ac deyiləm! Dolamısan bizi? Sən bunun xalasına nə deyirdin?

Tütəkçalan. Düüd, düüd…

Oğlan. Mən də düüd, düüd…

Süpürgəçi. düüd, düüd… Amma “Maqdonalds”a bitişik uçuq binaya hər həftənin cüt günləri çoxlu adamlar yığışır, qalustuklu, kastyumlu, bayaq necə deyirdin, hə, çox nəcib adamlar. Bəli! Bir də siz xeyirxah insanları niyə dəbdəbəli yerlərdə axtarırsınız ki? Harda görünüb ki, əliaçıq, ürəyi geniş adamlar mütləq dəbdəbəli yerlərdə olmalıdır. Hə? Gəlin gedək o binaya. Mənim ürəyimə damıb, bütün dünyanın xeyirxahları ordadır.

Oğlan. Tələsmək lazımdı!

Tütəkçalan. Tələsək! Duman gəlməlidi. Kor duman!

İkinci şəkil

(Hər üçü yorğun halda səhnənin ortasında dayanıblar)

Tütəkçalan. Lap əldən düşdük. Bu qədər yol gəlmək olar. Deyirdin yaxındı bəs?

Süpürgəçi. Mən hardan biləydim ki, “Maqdonalds”a görə küçənin səmtini dəyişiblər.

Tütəkçalan. Bəs buraları sən süpürmüsən?

Süpürgəçi. Yox. “Maqdonalds” olan küçələrdə süpürgəçiləri xaricdən gətirirlər.

Tütəkçalan. Niyə?

Süpürgəçi. Deyirlər öz zibilimizi özümüz təmizləyəcəyik. Siz əlinizi vursanız birdən zibilə infeksiya keçər.

Tütəkçalan. Niyə?

Oğlan. Bura doğurdan bizim şəhərimizdi? Mən heç buralarda olmamışam, qəribə yerdi. Bu da uçuq bina, bəs hanı xeyirxah insanlar?

Süpürgəçi. Gözləmək lazımdı.

Tütəkçalan. Niyə?

Süpürgəçi. Çünki duman gələcək.

Oğlan. Duman nədi? Yadınızdan çıxıb bura niyə gəlmişik?

Süpürgəçi. Özümüz üçün gəzirik də. Tanış olun, o tindəki nərmə-nazik göydələn bu küçənin simvoludu, əvvəllər onun yerində 15-ci srə aid dəbdən düşmüş qala var idi. Onun sağ tərəfindəki əyri burun göydələn isə…

Tütəkçalan. Elə bil mən acmışam.

Süpürgəçi. Sabahın xeyir!

Oğlan. Sizin ikinizin də başınız işləmir! Biz bura xeyirxah adamlardan pul almaq üçün gəlmişik.

Süpürgəçi. Bu, lap bezdirdi e bizi!

Tütəkçalan. Bezdirdi!

(Onların qabağından bir nəfər kloun səhnənin başqa tərəfinə qaçıb gözdən itir. Təəccüblənirlər. Hər üçü birdən). Aaaa… Gördünüz?

Tütəkçalan. Kimi deyirsiniz?

Oğlan. Məni qara basır!

Süpürgəçi. Duman gələndə əvvəlcə xəfif külək əsir.

Pauza

Oğlan. Bizi bura sən gətirdin? Səni görüm dumana həsrət qalasan!

Tütəkçalan. Düz deyir, bizi bura sən gətirmisən. İndi get söz verdiyin qamburgeri al. Bəli, ancaq yanında genetik modifikasiya olunmuş kartof və sairə şeylər olmasın. Get də!

Süpürgəçi. Mən heç kimə qamburger söz verməmişəm. Mən sadəcə “Maqdonalds” demişəm, “gözəllik dünyanı xilas edəcək” sözlərinin əvəzinə “Maqdonalds”.

(həmin kloun bu dəfə səhnənin əks tərəfinə qaçır)

Hər üçü. Aaaa…

Oğlan. Gördünüz?

Tütəkçalan. Mən deyəsən acmışam.

Süpürgəçi. Duman gəlməmişdən əvvəl qaranquşlar aşağıdan uçurlar.

Oğlan. Məni qara basır. (qəzəblənir) Nahaq sizə qoşuldum. Siz dünyanın xeyirxah adamlarının dırnağına dəyməyən insancıqsınız. Bəli insancıq! Başqasının dərdi ilə oynayan cılız məxluqlarsınız. Allah sizi yaradıb ki, dünya sadəcə boş qalmasın. Siz adicə ünsürsünüz!

Süpürgəçi. Ünsür! Bu sözü bir vaxtlar qəzetlərdə çox işlədərdilər. İndi işlətmirlər. Deyəsən ünsürlərin hamısının axırına çıxıblar ona görə. Amma bilsələr ki, bu şəhərdə cəmi iki dənə (əli ilə özünü və tütəkçalanı göstərir) damazlıq ünsür qalıb mütləq işlədərlər. Sən heç istəmisən ki, qəzetlər səndən yazsın?

Tütəkçalan. (oğlana yaxınlaşaraq) Sən bizi qınama. Xətrinə dəydik hə? Qınama bizi. (yavaşdan) Bu qala xəstəliyinin əlamətləridi. Qalasını itirən bütün adamlar bizim kimidi, duman gələni yaxın ağılları başlarından çıxır. Duman yaxınlaşanda havalanırlar. Nə etdiklərini bilmirlər. Bağışla bizi. Bu, qala xəstəliyinin əlamətləridi. (gülümsünür) Amma bizim adımızı yaxşı tapdın. Biz doğurdan da ünsürük.

(Tütəkçalan və Süpürgəçi oğlanın yanında “Biz ünsürük” deyə atılıb-düşürlər. Kloun yenidən səhnənin başqa səmtinə qaçır).

Oğlan. (qışqırır) Dayan! Yoxsa atəş açacam!

(kloun yerə yıxılıb ayaqlarını qaldırır)

Tütəkçalan. Duman gəldi?

Süpürgəçi. Mənim burnuma cizburger iyisi gəldi.

Oğlan. Siz bir buna baxın!

Süpürgəçi. Əvvəllər orda 13-cü əsrə aid uçuq-sökük mədrəsə vardı. Onu sökdülər. Yerində böyük bir boşluq qaldı… Boşluq…

Oğlan. Oranı demirəm, bura baxın!

Tütəkçalan. Yazıq qalada qalan sərçələr. Hər gecə yuxuma girirlər.

Oğlan. Mən bunu deyirəm!

(Süpürgəçi və tütəkçalan heyrətlə gözlərini bərəldirlər)

Süpürgəçi. Qaranquş! Biz elə səni axtarırdıq!

Tütəkçalan. Qəribədi, bu dünyanın xeyirxah adamlarının ayaqları niyə həmişə göydə olmalıdı?

Oğlan. Sən kimsən?

Süpürgəçi. Ey xeyirxah adam, dumanı görmədin?

Tütəkçalan. Sənin niyə ayaqların göydədi?

Oğlan. Siz sualı düzgün qoymursunuz, əvvəlcə tanış olmaq lazımdı. Ey, sən kimsən?

Kloun. Nə olar məni öldürməyin. (ağlamsınır) Bu gün mənim debüpüm olacaq. İlk tamaşamı oynayacaqlar. Mən bu günü çox gözləmişəm. Öldürməyin məni. Rəhm edin!

Oğlan. Kimdi səni öldürən? Yaxşı-yaxşı, ayıbdı, sal ayamını aşağı.

Kloun. (ayğa qalxıb səhnənin kənarına qaçır). Bəs atəş açmayacaqsınız?

Oğlan. Yox! Heç mənim silahım da yoxdu. Heç vaxt olmayıb, heç olmaycaq da. Elə-belə sözgəlişi dedim.

Kloun. (ciddiləşir) Ayıb sənə olsun! Yekə kişisən, ə! Atəş aça bilmirsən, bəs niyə qışqırırsan? Az qalmışdı bağrım yarıla.

Oğlan. Bəs sən niyə ayaqlarını göyə qaldırdın? Normalda əllərini qaldırmalı idin?

Kloun. Siz estetik planda nə geri qalmış adamlarsınız. Əlləri qaldırmaq bu, sadəcə məntiqi jestdi. Bunu hamı bacarır. Mən ayaqlarımı qaldırdım ki, kənardan kreativ görünsün.

Tütəkçalan. Sən dumansan?

Kloun. Yox, mən ac deyiləm.

Tütəkçalan. A, mənim sözlərimi hardan bilirsən?

Süpürgəçi. Sən kimsən axı?

Kloun. (təntənəylə) Dramaturq.

Süpürgəçi. Bah!

Tütəkçalan. Ölmək istəyəndə ayaqlarını göyə qaldıran adama dramaturq deyirlər?

Kloun. Sabahın xeyir!

Tütəkçalan. A, tanıyır e məni!

Kloun. Bura niyə gəlmisiniz? Nə lazımdı sizə? Cəld cavab verin!

Oğlan. Bu dedi ki, (süpürgəçini göstərir) bura xeyirxah adamlar yığışır.

Kloun. (sevinir) Nə gözəl. Çox gözəl. Mən sizə təşəkkür edirəm, yəni hələ də belə düşünən insanlar var?! Şükür sənə ilahi! Hələ hər şey qurtarmayıb. İlahi?

Süpürgəçi. Bizə xeyirxahlar lazımdı. Nə vaxt gələcəklər?

Kloun. Onlar artıq burdaılar və öz yerlərində oturub sizə baxırlar.

Oğlan. Bizə baxırlar?

Tütəkçalan. Duman gəldi?

Oğlan. Axı biz hardayıq?

Kloun. Səhnədə! Siz düz ortada dayanmısınız. Amma rica edirəm, sözünüzü deyən kimi tez də səhnənin tərk edəsiniz. Bir azdan mənim debütüm olacaq. Çox həyəcanlıyam. Təsəvvür etmədiyiniz dərəcədə. Cəld olun!

Süpürgəçi. İndi bütün xeyirxah insanlar bizə baxır? Nə istəsək soruşa bilərik?

Kloun. Əlbəttə! Elə sizə görə yığışıblar bura! Cəld olun! (səhnəni qaçaraq tərk edir)

Tütəkçalan. (Klounun arxasınca) Ey, sən də dumanı gözləyirsən?

Qısa pauza.

(hər üçü yan-yörələrinə şübhəli-şübhəli baxaraq qabağa gəlirlər və utanaraq, pıçıltıyla danışmağa başlayırlar)

Süpürgəçi. Bu qədər xeyirxah adam bura niyə yığılıb ki?

Oğlan. Xeyirxah adamlar belə olur?

Süpürgəçi. Nə bilim? Mən heç vaxt rastlaşmamışam.

Tütəkçalan. A…a a a… Bunu bığı da var ki?

Oğlan. Heç vaxt rastlaşmamısansa, onda niyə bizi bura gətirmisən?

Süpürgəçi. İstədim sizə qamburger alım.

Tütəkçalan. Mən acam.

(tamaşaçılara baxaraq, şübhəylə)

Süpürgəçi. Siz adamsınız?

Oğlan. Adamlar belə olur?

Tütəkçalan. Siz necə adamsınız?

Süpürgəçi. (pıçıltıyla) Qəribədir biz də adamıq.

Oğlan. (pıçıltıyla) Onların suyu şirin gəlir, deyəsən bizə oxşayırlar.

Tütəkçalan. Məgər biz də adamıq?

Pauza.

Süpürgəçi. Bayaqdan baxırsınızsa, deməli bilirsiniz də bizə nə lazımdı? Doğurdan bayaqdan bizə baxırsınınz? Vallah, çox səbrli adamlarsınız. Bəs niyə susurdunuz? Hə?! Sizə elə gəlmirmi ki, xeyirxahlıq eləmək üçün tələsmək lazımdı. Əgər ürəyinizdə mərhəmət hissi varsa, mən əsla buna şübhə etmirəm, onda niyə susursunuz?

Oğlan. (kövrəlir) Sizi tapana qədər bilirsiniz nə qədər yol gəlmişik? Bilirsiniz nələrdən keçmişik? Nə yaxşı, nə yaxşı (kövrəlir)…

Tütəkçalan. Nə yaxşı, nə yaxşı sizin hamınızı bir yerdə görə bildik. Mən bu qədər xeyirxah adamı eyni vaxtda heç vaxt bir yerdə görməmişəm. Onlara oxşayan adamları axırıncı dəfə qalada görmüşdüm. Bizim qalada! (əlini səhnəyə uzadır) Sizin qalada! Məni bağışlayın, elə bilirdim ki, sizin kökünüz kəsilib. Elə bilirdim sizi də «Qırmızı  kitab»a salıblar. (gülür) Nə yaxşı siz sağ qalmağı bacarmısınız! Bir-birinzdən muğayat olun! Bir-birinizin qədrini bilin! Bir də, bir də…

Süpürgəçi. Əşi, dayan görüm e! (əsəbləşir) Siz bayaqdan bizə baxırsız, eləmi?!

Oğlan. (yenə kövrək səslə) Bilirsiniz?

Süpürgəçi. Bilirlər, bilirlər!

Oğlan. Mənim sizdən bir ricam olacaq. (səsi titrəyir) Mən, mən… yox deyə bilməyəcəm.

Süpürgəçi. Əşi özləri bilirlər də!

Oğlan. Mən, mən…

Tütəkçalan. Gəlin sizə bir mahnı çalım, başlayın oynamağa, kim yaxşı oynasa, nə istədiyimizi onun qulağına deyəcəm.

Oğlan. Sən lap ağ elədin!

Süpürgəçi. Əşi mən deyəcəm! 13-cü sərdən qalan mədrəsəni axır ki sökdülər, əvəzində heç nə tikə bilmədilər. Mədrəsənin yerində dərin, qaranlıq bir boşluq qaldı. Elə boşluq ki, onun yerini doldurmaq mümkün olmayacaq. Elə boşluq ki…

Oğlan. Onu demisən.

Tütəkçalan. Tapdım!

Süpürgəçi. Yenə evrika, Arximedin goru çatladı ki!

Tütəkçalan. Axı biz bura niyə gəlmişik? Gəlin xatırlayaq! Kimin yadına düşsə o da desin!

(Qısa pauza. Üçü də başını tutub nəyisə xatırlamağa çalışır. Qəflətən Tütəkçalan tütəyini Süpürgəçiyə verib onların arasından sıyrılaraq səhnənin ortasında dayanır)

Tütəkçalan. (monoton səslə) Kimdən soruşsanız deyəcək ki, mən qaladan axırıncı çıxmışam. Hamısı yalan deyir. İnanmayın heç kimə. Bu, kəskinləşmiş və xroniki hal almış qala xəstəliyinin simptomlarıdır. Əslində biz hamımız eyni vaxta çıxdıq. Biz qalanı qoyub qaçmadıq. Yox! Sadəcə, oranı tərk etdik. Müvəqqəti. Və çıxarkən söz verdik ki, mütləq, mütləq və mütləq geri qayıdacağıq. Biz heç kimə qalanı təslim etmədik, nəsə xəyanətə oxşayan şey oldu. Yox oxşamırdı, elə xəynətin özü idi. Qalada böyük xəyanət oldu. Bizi bağışlamadılar. Bizi qovdular. Mən heç vaxt qorxulu filimlərə baxmıram. Yatanda sayaqlayıram. Nəyimə lazım? Bir dəfə Osvensimdə öldürülən uşaqlar haqqında inşa yazmışdım. Hardan yadıma düşdü. Niyə onu məhz mən yazdım. Bəlkə o mənim alın yazım idi, xəbərim yoxmuş. Onda balaca deyildim. Amma məktəbdə oxuyurdum. Bizim məktəbi məscidlə kilsənin arasında tikmişdilər. Elə indi də ordadı. Amma artıq heç kim orda oxumur. İndi o məktəb bizim xaritələrimizin muzeyinə çevrilib. Hər axşam mən ora gedirəm. Yuxuda, yuxuda gedirəm. Osvensimdə öldürülən uşaqlar haqqında inşa yazan gün onlar mənim yuxuma girdilər. O vaxt mən onlarla yaşıd idim. Mən böyüdüm, onlar böyümədi. Mən böyümək istəmirdim, böyümək istəmirdim. Elə onlarla yaşıd qalmaq, onlarla bir yerdə qaz sobasında yanmaq istəyirdim. Mənim onlardan nəyinm əskik idi ki? Axı biz yaşıdıq idik: bir boyda, bir ağılda, hamımz eyni cür gülürdük, hamımız eyni cür ağlayırdıq. Əgər onlar kimi qaz sobasında yansaydım, qala yenə də bizim olardı. Onsuz da qalamızı əlimizdən alandan sonra hər gün yanırıq. Hayıf deyil bir dəfə yanmaq! Yanırsan kül olursan. Amma mən hər gün yanıram, lakin külüm çıxmır ki çıxmır. Çünki bu, elə bir yanğındır ki, ömür boyu davam edə bilir. Sonsuza kimi, nəsil-nəsil yanırsan, yanırsan, yanırsan… Nəsildən-nəsilə yanmaq! Təsəvvür edirsiniz? Amma külün olmur. Mən kül olmaq istəyirdim. İstəyirəm mənim külümü qalaya səpsinlər. Bunu heç kim bacarmaz. Mən dumanı gözləyirəm. Duman gələndə biz bir-birimizi axtaracağıq. Çünki, duman bizi qalaya aparacaq. Bu belədi, biz mütləq qalaya qayıdacağıq! Mütləq və mütləq! Hamının qalası var. Hamı gec və ya tez öz qalasına qayıtmaq istəyəcək. Mütləq və mütləq! Bu, məşhər günü deyil, amma ona oxşayır. Mən külsüz yanmaqdan bezmişəm. Məni qınamayın. Bu, qala xəstəliyidi. Heç fikir vermisinizmi, əlimizi hara atırıqsa quruyur! Bizdə heç nə alınmır, alınmır bizdə heç nə. Fikirləşmisinizmi niyə görə? Nə vaxtsa, biz hamımz bir yerdə böyük günaha batmışıq. Gedəcəyimiz yolun səmtini ititrmişik, azmışıq. Bütün bu anormallıqları üst-üstə yığanda onunun yalnız bir cavabı ola bilər: bizim qalamız yoxdu! Qalamız yerindədi, sadəcə biz orda yoxuq. Mən Osvensimdə yanan uşaqlar haqqında inşa yazanda ədəbiyyat müəllimim başımı tumarladı, mənə yağlı bir «beş» verdi. Dedi elə yazmısan ki, elə bil özün də orda olmusan. Müəllim çox sadə şeyi dərk edə bilməmişdi. Mən həqiqətən orada olmuşdum. Özü də bir neçə dəfə. Orda bir qız da var idi, gözləri yamyaşıl, dərisi balıq kimi. Onu sevmək istəyirdim, lakin sevə bilmədim. O, külə çevriləndə mən hələ də yanırdım. Əgər külə çevrilsəydim, onunla görüşərdim, bir-birinə qarışan külümüz dumana bürünüb qalaya gedərdi. Sərçələrlə bir yerdə çikkildəşə-cikkildəşə… Yamyaşıl gözlü qızcığaz, mənim yaşıdım, elə-hey nəsə qulağıma pıçıldayırdı. Qulağımda nə qədər desəniz səslər ilişib qalsa da onun səsi hamıdan fərqli idi. Yaz yağışının damıcıları torpağın tozunu canına çəkib yerə hopan kimi, onun sözləri də mənim beynimə hopub. Heç vaxt ordan silinməyəcək. O, dedi… Dedi ki, babam Xatında qaldı. Xatında, Xatında… Mənim atam da onun anasını sevirmiş. Sən bir işə bax, təsadüfə bax. Hətta o mənim bacım da ola bilərdi. Sonralar bildim bunu. Sonralar, sonralar… Atam o qızın anasına çox məktub yazıb, cəmi bir dəfə, bircə dəfə cavab gəlib Lidisedən, Lidisedən, Lidisedən… Mən bunların hamısını təsəvvür edirdim. Amma sonra onların hamısını gördüm. Öz gözlərimlə öz qalamızda gördüm, Osvensim də, Xatın da, Lidise də hamısı bizim qalaya qonaq gəlmişdi. Mən onları öz gözlərimlə gördüm. Onlar dumandan əvvəl qəflətən peyda oldular. Amma dumanla çəkilib getmədilər. Onları duman gətirməmişdi. Qəflətən başımızın üstünü aldılar. Biz onları gözləmirdik! Bircə sərçələr qaldı, bircə sərçələr… İndi mən dumanı gözləyirəm. Mən qalaya qayıdacam. Axı bu qədər yanmağın axırı nə vaxtsa külə çevrilməlidi ya yox? Axı mənim də bu dünyada kül olmaq haqqım var! Kül olub dumana qarışıb qalaya, qalaya qayıdacam. Bura gəldik sizdən soruşaq, ey dünyanın nəsli kəsilməkdə olan xeyirxah insanları, bizimlə qalaya qayıtmaq istərdinizmi? Bizmimlə glərdinizmi? Qalaya qayıtmaq istərdinizmi?

(O, diz üstə çöküb hönkürür. Süpürgəçi cəld onun tütəyini qaytarır. Hər ikisi onu qucaqlarına alıb kənara çəkirlər. Üçü yerdə oturub susqun vəziyyətdə irəli məchul nöqtəyə baxırlar).

Pauza.

Oğlan. (yavaşdan) Sən çox şeyi xatırladın. Bu qədər xatirələrlə necə yaşayırsan?

Süpürgəçi. Xatirələr ilan kimi arxamızca sürünür. Hara baş götürüb getsən də xeyri yoxdu.

Tütəkçalan. Artıq mən ac deyiləm.

Oğlan. Elə biz də doyduq.

Tütəkçalan. Ürəyinizdən keçən hər şeyi deyə bildimmi?

Süpürgəçi. Axı bizim burda nə itimiz azıb?

Oğlan. Dedin, hətta lazım olandan artıq dedin, amma səni eşidən oldumu, billə bilmədim. Onlar elə sakit oturublar ki? (Tamaşaçılara trərəf işarə edir) Ey, bir şey başa düşdünüzmü?

Süpürgəçi. (ətrafa baxır) Heyif, süpürgəmi özümlə gətirmədim. Gör burda nə qədər zibil var.

Tütəkçalan. Həmişə bu sözləri demək istəmişəm. Təsəvvür edirsənmi, həmişə.

Oğlan. Sən çox düz elədin. Amma heç kimi qınamaq lazım deyil. İnsanların çoxu ancaq öz eşitmək istədikləri sözləri eşidirlər.

Süpürgəçi. Belə götürəndə süpürgəmi özümlə götürdüm nə olacaq? Götürmədim nə olacaq? Nə bilim? Yəqin, peşəkar vərdişdi zibil görəndə qaşınıram. Görəsən, bu küçədəki həmkarlarım harda veyillənirlər?

Tütəkçalan. Axı bu sözləri əvvəl-axır kimsə deməlydi.

Oğlan. Əvvəl-axır…

Süpürgəçi. Axı hanı bu küçənin süpürgəçiləri?

(Kloun-dramaturq tələsərək səhnəyə daxil olur)

Kloun. Ey, ürəyinizi boşaltdınız? İşinizi gördünüz? İndi təəccili səhnəni tərk edin!

Oğlan. Biz gözləyirik.

Kloun. (təəccüblə) Nəyi?

Tütəkçalan. (təəccüblə) Dumanı!

Kloun. (qəh-qəhə çəkir) Lap ağlınızı itirmisiniz. Burada qatar gözləyən görmüşdüm, cəhənnəmə, tranvay gözləyən də görmüşdüm, ancaq duman… (gülür) Bura səhnədir, əzizlərim, səhnə! Burada yübileyinin keçirilməsini gözləyən var, burada Hamletin monoloqunu demək üçün altmış il gözləyən var. Bura səhnədi, burada alqış gözləyirlər, fəxri ad, orden, medal, təqaüd, mənzil… Duman hardan çıxdı?

Süpürgəçi. Deyirəm də, heyif süpürgəmi özümlə gətirmədim!

Kloun. Və nahayət! Burada mənim kimi debütünü gözləyən zavallılar da olur! Hərdən! Tərk edin səhnənin, tərk edin, lütfən!

Oğlan. Əşi dayan də! Sənin depütün başına dəysin. Bura səhnədi ki?

Tütəkçalan. A, səhnə belə olur!

Süpürgəçi. Boy, biz səhnədəydik?!

Kloun. Yalvarıram (diz çökür). Bax qaşınızda acizanə diz çökürəm, tərk edin səhnənin! Öüznə hörmət qoyan adam səhnəni vaxtında tərk etməlidir, başa düşün. Kötük kimi ilişib qalmaq nəyə lazım? Nə yaxşı bu dünyada kötüklər göyərmir. Bax, siz burda kötük kimi qalsanız, mən debut edə bilməyəcəm. Mənim istedadım doğulmadan, elə beşiyindəcə gəbərəcək. (ağlayır)

Süpürgəçi. Yaxşı, bəs biz hardan bilək ki, sən özün göyərib, göyərib axırda kötüyə çevrilməyəcəksən. Bəlkə, sən özün gələcəyin potensial kötüyüsən. Hardan bilək?

Kloun. Zalım oğlu, məni heç cücərməyə qoyurlar ki, kötüyə də çevrilim. Söz verirəm, yox and içirəm. And içirəm bizi qalaya aparacaq müqəddəs dumana ki, mən heç vaxt kötük olmayacam.

Tütəkçalan. Bizi? Sən də dumanı gözləyirsən!

(Kloun başı ilə təsdiq işarəsi verir)

Tütəkçalan. Yaxşı biz səhnəni tərk edirik. Dumanı qarışlamaq üçün o küçənin ayağındakı Yasəmən ağacının yanına gələrsən!

Kloun. Mütləq, mütləq gələcəm. Sağ olun dostlar, siz burda tarix yazdınız. Səhnənin könüllü, özü də vaxtında tərk etmək böyük cəsarətdir! İcazə verin, bu cəsarətiniz qarşısında baş əyim!

Oğlan. (nəyisə xatırlayırmış kimi geri qayıtmaq istəyir) Axı, biz əsas məsələni demədik. Yadıma düşdü! Axır ki, xatırladım! Mənə pul, pul lazım idi pul!

Kloun. Ə, gül kimi finalı korlama! Get Yasəmən ağacının altına, gələrəm özümüz düzüb-qoşarıq. (Tütəkçalan və Süpürgəçi oğlanın qoluna girib zolrla səhnədən çıxardırlar) Eh, dostlar, sağ olun. Siz tarix yazdınız!

İKİNCİ HİSSƏ 

Üçüncü şəkil

(Hər üçü Yasəmən ağacının altında oturub gözləyirlər. Musiqiçi ritmik bir mahnı çalır, süpürgəçi ona heyranlıqla baxa-baxa qalıb, arada əl-qolunu atıb özünü oynayan kimi göstərir, oğlan narahat halda ağacın ətrafında gəzişir.)

Oğlan. Gəlməyəcək.

Süpürgəçi. Gələcək.

Oğlan. Gəlməyəcək.

Süpürgəçi. Gələcək.

Oğlan. Gəlməyəcək.

Süpürgəçi. Gələcək.

Oğlan. Niyə belə əminsən? Hardan bilirsən? Bura bax, bəlkə tanıyırsan onu? Bəlkə əlbirsiniz?

Süpürgəçi. Gələcək.

Oğlan. Yüz faiz əlbirsiniz. O, təlxəyin biridi. Axı niyə inandım sizə? Doladınız məni. Başqasının dərdi ilə oynamaq ayıbdı. Hələ ayıbdandan artıqdı! Bilirsiniz siz niyə dumana həsrət qalmısınız?

Süpürgəçi. Gələcək.

Oğlan. Ona görə ki, siz sadəcə dumanı arzulayırsınız və bnunla da işinizi bitmiş hesab edirsiniz. Amma adamlar var ki, bunun üçün çalışırlar, özü də tək yox, nəsil-nəsil, şəcərə-şəcərə, bir yerdə, illərlə. O, insanlar təkcə arzulamırlar, həm cəhd edirlər, vuruşurlar və nəhayət inanırlar. Axırda, lap axırda duman gələndə onlar buna layiq olduqlarını başa düşürlər. Çünki onlar cəhd ediblər, vuruşublar, inanıblar. Bəs siz necə? Siz dumana layiq deyilsiniz!

Süpürgəçi. Gələcək.

Oğlan. Bax niyə qaladan düşdünüz hə? Niyə? Xəyanətə görəmi? Yox! Sadəcə heç vaxt xəbəriniz olmayıb ki, sizin qalanız var. Siz qalanın qədrini bilmədiyinizə görə cəzalanmısınız. Miskin adamlarsınız! İndi yanıxlı bayatılar oxumaqla elə bilirsiniz itirdiklərinizi qaytarmaq mümkün olacaq? Bu sadəcə təsəllidi. Bayatılarla təsəlli. Baş qatmaq. Özünü aldatmaq. Bəli siz miskin adamlarsınız!

Süpürgəçi. Gələcək.

Oğlan. Siz qalaya qayıda bilməyəcəksiniz!

Tütəkçalan. (hirslə tütəyi bir kənara atır) Kəs! (Süpürgəçi qorxudan ayağa durur) Sən lap zibil torbasısan! Zibilsən! Nə haqqın var görmədiyin qala haqqında belə danışırsan! Uşaq! Başın çıxmadığı şeylərə burnunu soxma! Xəyanət başqadı, günah başqadı!

Süpürgəçi. Gənclərin hamısı belədi, bilmədikləri şeylərdən danışırlar. Elə bil öz aralarında söyüş qoyublar, ağzına gələni danışmayanın o məsələ… İndiki gənclər, dəhşətdi, dəhşət!

Tütəkçalan. Sən də sus! Bura bax (oğlana müraciət edir) kor dumana bürünüb qalaya qayıtmaq böyük arzudu, yoxsa cəmi yüz dollar əl çirkindən ötrü yanıb-yaxılmaq?

Süpürgəçi. Hara gedir bu dünya! A, bu sözü mən dedim? Hara gedir bu dünya? Yox bunu məndən əvvəl kimsə deyib axı. Bəlkə də elə məndən çırpışdırıblar, nə bilim? İndi plagiat da geniş yayılıb.

Tütəkçalan. Niyə sənə elə gəlir ki, ağıllı iş yalnız xərclənən şeylər haqqında düşünməkdi? Elə vaxt gələ bilər ki, hər şey xərclənib qurtarar, bəlkə də artıq qurtarıb. Biz heç vaxt böyük arzuların dalınca getməmişik. Cəhd etmək, inanmaq, vuruşmaq üçün də böyük hədəflər olmalıdı. Böyük, hüdudsuz, baş gicəlləndirən! Mən heç vaxt yüz dollar arzulamamışam və onun uğrunda da vuruşmaram. Amma qala qayıtmaq üçün vuruşaram. Bəs sən?

Süpürgəçi. (oğlanın əvəzinə cavab verir) Mənə yüz dollar versələr vuruşaram. (tütəkçalan ona tərs-tərs baxır) Nəsə düz demədim? Yaxşı mən nisyə də vuruşaram, lazım gəlsə nisyə ölərəm də!

Pauza (tütəkçalan yerdən tütəyini götürüb Yasəmən ağacının altında arxasını onlara çevirib bürüşüb oturur).

Süpürgəçi. (oğlanla bir yerdə ona yaxınlaşır) Ey, xətrinə dəydik hə. Günahın hamısı bu cavanlardadı. Söyüş qoyublar, ancaq bilmədikləri şeydən danışınlar. Ey, incitdik səni. Belə götürəndə elə sənin də günahın var, bayaqdan deyirəm bir qəmgin mahnı çal, elə öz bildiyini edirsən.

Tütəkçalan. (kövrəlib) Mən axı qalaya özümün yox, külümün getməsini arzulayıram. Xərclənməli arzular və külə dönməli arzular – bunlar başqa-başqa şeylərdi.

Süpürgəçi. Bəli, bəli bunlar başqa-başqa şeylərdi. Ola bilər dünyanın hansısa yerində bunlar ikisi də eyni cür görünsün, amma biz də tamam fərqlidi. Bəli, bəli, ümumiyyətlə o şeylər ki dünyada bir cürdü, bizdə başqa cür alınır və yaxud da əksinə. (ötkəm səslə) Bəli, bəli, biz də hər şey fərqlidi. Elə biz özümüz də nəsə başqa cürə adamlarıq. Dünya başqa şeyi arzulayır, biz başqasını. Biz çox fərqliyik, çox fərqli.

Tütəkçalan. (sakitcə) Çünki bizim arzularımız dünya üçün köhnəlib. Onlar bizi başa düşmürlər, bəlkə də başa düşmək istəmirlər.

Süpürgəçi. Bəli, bəli biz əl çatmazıq. Bizi ram eləmək, bizi ovsunlamaq mümkün deyil. Biz məğlub edilməzik. Biz elə özümüzük. Gör dünya bizdən nə qədər geri qalır? Bədbəxt dünya!

Tütəkçalan. (sakitcə) Arzular köhnə, dərd köhnə, (əlini süpürgəçiyə tərəf uzadır) süpürgə də köhnə. Nə gündəsən sən?

Süpürgəçi. Bu bədbəxt dünyada mən özümü adaya düşmüş kimi hiss edirəm. İnanırsanmı? Dünya ilə bizim aramızda işıq ili boyda məsafə var. Gör onlar bizə çatmaq üçün neçə milyon kilometr yol qət etməlidirlər.

Oğlan. Neçə kilometr irəliyə, yoxsa geriyə? (Süpürgəçi təəccüblə onun üzünə baxır) Yəni, bizə çatmaq üçün irəliyə, yoxsa geriyə getməlidilər?

Süpürgəçi. Məsafənin fərqi yoxdu, əsas hərəkətdi, hərəkət (yerində dala-qabağa hərəkət edir).

Tütəkçalan. Bizə yalnız gözləmək qalır.

Oğlan. (kövrək səslə) Nəyi gözləmək. Daha doğrusu nə üçün məhz gözləmək?

Tütəkçalan. Əhdi kəsilmişlərin gözləməkdən savayı çarəsi olmur.

Oğlan. Mən artıq bezdim.

Tütəkçalan. Səhv edirsən, gözləmək gözəldi, onun içində heç olmasa iynənin ucu boyda ümid var. Onun içində heç olmasa duman var, qala var. Gözləmək yaxşı şeydi, yalnız gözləmək.

Oğlan. Dedim axı mən bezdim. Əgər səbr etməyi də cəza kimi fikirləşmisinizsə, mən bezdim!

Tütəkçalan. Səhv edirsən, əzizim, səbr başqa şeydi, mən gözləməkdən danışıram.

Süpürgəçi. Əşi, ikiniz də səhv edirsiniz. Dünya heç vaxt bizə çata bilməz. Çata da bilməz, bata da bilməz. O ki, qaldı gözləməyə bu, bizim dərdimiz yox peşəmizdi. Elə-belə gözləyirik, mırta!

Oğlan. O, gəlməyəcək.

Süpürgəçi. Gələcək.

Oğlan. Gəlməyəcək.

Süpürgəçi. Gələcək.

Oğlan. Gəlməyəcək.

Süpürgəçi. Gələcək.

Kloun. Mən gəldim! (kloun gözlənilmədən mayallaq aşaraq səhnəyə çıxır) Siz mənim bu düyada tanıdığım ən əfəl, ən maymaq tiplərsiniz. Sizə baxanda mənim gülməyim tutur ha-ha-ha… (hər üçü əsəbləşir) Mən obrazlı deyirəm, ha-ha-ha…

Oğlan. Bizik əfəl?!

Kloun. Mən obrazlı deyirəm, ha-ha-ha…

Süpürgəçi. Sənin bizə baxanda gülməyin tutur? İlahi, kor kora kor deməsə bağrı yarılar!

Tütəkçalan. Maymağın yekəsi özünsən. Bir bunun burnuna bax! Təlxəksən! Özü də saraydan qovulmuş təlxək!

(Kloun ciddiləşir və əlini tütükçalanın boynuna keçirib səhnənin ortasına çəkir)

Kloun. Mənə bax, sən tamaşanın əvvəlində əməli-başlı obraz idin, gül kimi sözlərin vardı. Nə olub sənə, rola girmisən? Bayaqdan bu nə fəlsəfədi açmısan? «Cəhd etmək, inanmaq, vuruşmaq», nə bilim «böyük arzular», hüdudsuz nə bilim nələr? Artistlik edirsən?

Tütəkçalan. (qorxaraq) Sən təlxəksən!

Kloun. Sən özündən danış! Adın da yadımdan çıxdı? A, axı heç sənin adın da yoxdu, ha-ha-ha. Bura bax qoca, kəndinə qayıt, kəndinə! Əvvəllər səndən gül kimi səslər çıxırıdı.

Tütəkçalan. Sən təlxək…

Kloun. Dedim özünə gəl!

Tütəkçalan. Mən ac deyiləm.

Kloun. Ay sağ ol!

Tütəkçalan. Sabahın xeyir!

Kloun. Afərin! Heç vaxt başqasının sözlərini oğurlama. Səs olduğunu unutma.

(Tütəkçalan ağacın altındakı yerinə qayıdıb köhnə ritmik mahnını çalmağa başlayır)

Kloun. Diqqətli ol, obrazdan kanara çıxma. Filosof olub mənim üçün! (Üzünü tamaşaçılara tütüub, sakit tonda) Siz də hesab edirsiniz mən təlxəyəm? O qoca necə dedi (tütəkçalanı göstərir) «saraydan qovulmuş təlxək»? Obrazdan çıxmışdı deyə ağzına gələni danışırdı, fikir verməyin! (qısa pauza) Bilmək istəyirsinizsə, təlxək ştatı çoxdan ixtisara düşüb, erroziyadan, küliminasiyadan, devalivasiyadan xeyli əvvəl. Artıq bizim xidmətimizdən istifadə etmirlər. Təlxəklik peşəsi artıq yoxdu, çünki bunu indi hamı bacarır. Bəs mən kiməm? Bu, sualı kim verdi? (əlini tamaşaçılara tərəf uzadır və gülümsəyərək) Kim? Sual vermək qabiliyyətinizi hələ itirməmisinzsə, bu, yaxşıdı. Mən (lap sakit səslə) yazıçıyam. Baxın mənim nə qəşəng kastyumum var, firma malıdı (kloun paltarını dartışdırır). Hələ qalustukuma baxın, köynəyimsə təptəzədi. Ayaqqabılarım… (hərəsi bir rəngdə) mən onları məxsusi seçmişəm, məhz bu gecə üçün. Başa düşürəm, kifayyət qədər ciddi geyinmişəm. Niyə gülürsünüz? Deməli, sizin də gözünüzə təlxək kimi görünürəm, eləmi? (kədərlə) Dedim axı mən yazıçıyam. Yazıçılar dünyanın çox yerində insanların gözünə təlxək kimi görünür, bu təbiidir. Qınamıram sizi. Əsla! O ki qaldı sizə (geri dönərək süpürgəçi və oğlana tərəf gedir)…

Tütəkçalan. Sabahın xeyir!

Kloun. Sən işində ol. O ki qaldı sizə əfəllik və maymaqlıq sizin düşdüyünüz situasiya üçün heç pis söz deyil. Bir fikirləşin. Fikirləşə bilirsiz?

Süpürgəçi. Danışa-danışa fikirləşmək olar?

Oğlan. (Onun xirtdəyindən yapışaraq) Dolamısan bizi! Dedin gözləyək, biz də gözlədik.

Süpürgəçi. Gəl onu süpürgəylə kötəkləyək.

Kloun. Axı nə üçün? Siz gözlədiniz, mən də gəldim də.

Süpürgəçi. A, düz deyir də gəldi. Burax onun xirtdəyini. Günahsız adamı öldürmək yaxşı deyil axı.

Oğlan. Bu, hər şeyi əvvəlcədən qurub-qoşub, fikirləşib. Bizi səhnədən qovdu, xeyirxah insanlara sözümüzü deyə bilmədik, indi deyirsən onu boş-boşuna buraxaq getsin!

Kloun. Axı, (əliylə tütəkçalanı göstərir) o, sizin əvəzinzdən nə lazımdırsa danışdı, siz də etiraz etmədiniz. Siz vaxtında etiraz etmədiniz! Niyə?

Oğlan. (yavaş-yavaş onun yaxasını buraxır) Hə, biz etiraz etmədik. Biz etiraz etmədik? O, həmişə öz sözlərini danışır. Bir ona bax (əliylə tütəkçalanı göstərir) o, həmişə belə edir. Həmişə heç kimin eşitmək istəmədəyi sözləri seçir.

Kloun. Bəlkə, o xəstələnib. İnsanların eşitmək istəmədiyi sözləri danışmaq xəstəliyinə tutulub.

Süpürgəçi. Sən səhv edirsən, onun adı qala xəsətəliyidi.

Kloun. Olsun, elə bizim hamımız da o xəstəlikdən nəsə var. Birində çox, birində az. Amma hamıda var.

Süpürgəçi. Nə danışırsan? Deyirsən, yəni qala xəstəliyi epidemiyadı?

Tütəkçalan. Sabahınız xeyir!

(Süpürgəçi və kloun ikisidə birdən) Biz ac deyilik!

Oğlan. Ey xəstələr, mənim vaxtım yoxdu. Özümdən çıxartmayın məni. Pul! Pul! Pul! Yoxsa, duman gəlməyəcək!

Süpürgəçi. Sən ciddi deyirsən?

Kloun. (sanki öz-özünə danışır) Vaxtı yaddan çıxarmaq lazımdı. Vaxt nədi, qolundakı saat? Bu ki, uydurmadı, bu ki, sadəcə alətdi.

Oğlan. Mən ciddiyəm.

Süpürgəçi. Mən elə bilirdim zarafat edirsən. Sənə nə qdər pul lazımdı?

Kloun. (üzünü Yasəmən ağacına sarı tutub danışır) Vaxtı heç bir cihaz ölçə bilməz axı. Bizim öz vaxtımız var. Öz dünyamız ola bilir, öz vaxtımız ola bilmir? Sən necə fikirləşirsən, Yasəmən ağacı, sən də insanların uydurduğu vaxtla işləyirsən?

Oğlan. Yüz dollar. Tam ciddiyəm!

Süpürgəçi. Mən heç vaxt yüz dolları bir yerdə görməmişəm. İnan mənə. Amma hələ ümid var. Bəli bu o demək deyil ki, mən yüz dolları heç vaxt bir yerdə görməyəcəm.

Kloun. Bizim vaxtımız qalaya qayıdandan sonra başlayacaq. Tarix kitablarını da təzədən yazmaq lazım gələcək. Qaladan əvvəl, qaladan sonra. Aman Allah, görüləcək nə qədər iş var! Kitabları dəyişsək, gör nə boyda maklatura yaranacaq. Gör nə qədər ağaclar kəsilməlidir. Yzıq o kitablara ki, zaman dəyişdikcə maklaturaya çevrilir. Yazıq o ağaclara ki, maklatura üçün kəsilir. Əzizim, Yasəmən ağacı, sən istəyərmisən ki, kiminsə kərpic boyda kitabından ötrü sənin gözəl gövdəni doğrayıb kağıza çevirsinlər. Axı bu, kimə lazımdı? Nə üçün? Axı o kitablardan Yasəmən ətri yox, naftalin iyi gələcək. Dəqiq! Dəqiq!

Oğlan. Siz məni ələ salmırsınız… (ağlayır) Mnən elə gəlirdi ki, biz dostuq. Sizin kimi dost olmaqdansa, süpürgə olmaq yaxşıdı.

Süpürgəçi. Süpürgəmlə işin olmasın. Bilirdim axırda hər şey süpürgənin başında çatlayacaq. Vermərəm onu!

Kloun. Vaxtı iki yerə bölmək lazımdı: qaladan əvvəl və qaladan sonra.

Oğlan. (qışqırır) Sən orda nə sayaqlayırsan?

Kloun. (qışqırır) Arximed! (bir neçə dəfə mayallaq aşır) Arximed!

(üçü də onunu dəli kimi atılıb-düşməsindən qorxuya düşüb ağacın altına qaçarlar)

Süpürgəçi. Arximed niyə, bəlkə “evrika” demək istəyirdin?

Kloun. Düpbədüz! Siz “evrika” sözünü çox işlətmisiniz. Mən Arximed dedim ki, kreativ görünsün.

Oğlan. Kərəminə şükür Allah!

Tütəkçalan. (sevincək) Mən ac deyiləm!

Kloun. Biz pulu insanlardan almalıyıq!

Qısa pauza.

Oğlan. (tərəddüdlə) Siz dahisiniz! Siz indicə böyük bir kəşfə imza atdınız! Başınıza göydən nəsə ağır bir şey düşmədi ki?

Kloun. Yox, başım yerindədi. Niyə ki?

Oğlan. Axı adətən belə fundamental kəşf zamanı adamın başına nəsə düşməlidi. İndi mən təşkil edirəm (yerdən süpürgəni götürüb klonun başına vurmaq istəyir).

Kloun. Dayan, dayan, mən hələ hamısını deməmişəm. (sürətlə danışır) Təcili məktub yazmaq lazımdı. Elə məktub ki, daşdan keçsin. Onu şəhər camaatına paylayaq. Sizi əmin edirəm ki, onlar özləri ianə verəmk üçün qaça-qaça gələcəklər. Qaça-qaça… Yardım etmək istəyən insanların əlindən tərpənə bilməyəcəyik. Qaça-qaça…

(hamısı təəccüblə bir-birinin üzünə baxır)

Oğlan. Əcəbdi.

Süpürgəçi. Əcəbdi?

Oğlan. Çox kreativdi.

Süpürgəçi. Çox kreativdi?

Tütəkçalan. Sabahınız xeyir?

Kloun. Deməli belə başlayaq. Məktub yazmalı (cibindən bir dəstə kağız çıxarıb ağacın altında oturur). Elə məktub ki, hamını silkələsin!

Oğlan. Bu, hazır gəlib ki?

Süpürgəçi. Yaz ki, əvvəla salam. Salamdan sonra mənim əhvalım bilmək istəsəniz…

Kloun. Əsgərlikdən məktub yazmıram e, bu nə sözlərdi? (kinayə ilə) “Əvvəla salam”…

Süpürgəçi. Onda yaz, ey xeyirxah insanlar, zavalı bir gəncin taleyi sizdən asılıdı. Mərhəmətinizi əsirgəməyin.

Kloun. Qardaşım, mən metroda dilənçilik eləməyə cıxmıram axı. Məktubun dili başqa cür olmalıdı.

Oğlan. Yaz ki, bir gəncin həyatını dəyişmək üçün sizin yardımınıza əşədü ehtiyacı var.

Kloun. Necə? (onu yamsılayırmış kimi) Əşədü! Ha-ha-ha. Siz niyə belə danışırsınız? Qəribə adamlarsınız. Niyə sizə elə gəlir ki, insanlar danışanda bir cür, yazanda başqa cür olmalıdı? Niyə sizə elə gəlir ki, insansanlar kobud danışıb mülayim yazmalıdı? Bəlkə elə necə danışırıqsa elə də yazaq?

Tütəkçalan. Onda yaz ki, yüz dolları olub verməyənin… (süpürgəçi dərhal onun ağzını tutur) düüd, düüd…

Kloun. Sən yenə obrazdan çıxdın?

Tütəkçalan. Sabahın xeyir.

Süpürgəçi. Qala xəstəliyidi, fikir vermə.

Oğlan. Yaxşı bəs bu andıra qalmış məktubu necə yazaq ki, insanların bizə rəhmi gəlsin.

Kloun. Siz məntiqlə fikirləşisiniz. Elə səhviniz də bundadır! Məntiqlə fikirləşmək, lazım deyil. Bu, artıq dəbdən düşüb. Məgər görmürsünüzmü məntiq işə yaramır. Atın kənara onu! Unudun getsin!

Oğlan. (nəvazişli səslə) Axı insanları kiməsə kömək etməyə inandırmaq lazımdır?

Kloun. Ax inandırmaq! Snən elə gəlir ki, insanlar mərhəmət hissinə görə yardım edirlər? Məntiqdən gələn kobud səhvdir, bu! Ən insaflı adam Allahdan qorxduğu üçün, ya da cənnətə düşmək üçün xeyirxahlıq edir. Daha doğrusu buna məcburdu. Budur onların əsas motivi. Alçaq ol, şərəfsiz ol amma əlin cibində olsun! Çünki ordan baxan var (barmağını yuxarı göyə qaldırır).

Süpürgəçi. Bəs nə etməli? Axı biz heç kimi Allahla qorxuda bilmərik?

Kloun. Bəli qorxutmaq. Yavaş-yavaş yaxınlaşırsınız.

Oğlan. Kimisə qorxudub ondan nəsə qoparmaq, bu ki, cinayətdi.

Süpürgəçi. Bəs bayaqdan bağırırsan pul, pul…

Oğlan. Amma belə xatalı üsulla yox. Cinayətə görə cavab vermək lazım gələcək.

Kloun. Ay zavallı, biz hamımız cinayətkarıq, özü də doğulan gündən. Buna görə heç kimi cəzalandırmırlar. İnsanları xeyiryəçilyə təhrik etmək üçün onları mütləq qorxutmaq lazımdı. Amma Allahla yox, bu artıq işlənmiş variantdı. Başqa üsulla… Bizim adi dilənçilərdən nə fərqimiz olmalıdır, ya yox?

Süpürgəçi. Nəsə kreativ bir şey!

Kloun. Afərin! Nə gözəl dedin. Yadımdan çıxmamış deyim, sən bu şəhərin ən krevtiv süpürgəçisisən!

Süpürgəçi. Oy, siz nə danışısınız (utanır). Bilirsiniz, məni bir vaxtlar deputat seçmək istəyirdilər, özüm razı olmadım.

Kloun. Deməli hələ ağlını itirməmisən. Yaxşı harda qalmışdıq (başını qaşıyır)…

Oğlan. Qorxutmaq!

Kloun. Bəli qorxutmaq! İnsanları elə bir əməlləri ilə qorxutmalıyıq ki, onlar hər gün, bəlkə də hər ay, heç olmasa ömürlərində bircə dəfə onunla məşğul olublar, onu heç vaxt unutmur, onu dönə-dönə xatırlayır.

Oğlan. Şantaj?! Sən şantajdan danışırsan? Bütün şəhəri eyni vaxtda şantaj etmək olarmı?

Kloun. Bu dəlidi ki? Bunu sənə kim dedi?

Süpürgəçi. Sən çox yaxınlaşmısan əzizim, bir azca da davam eləsən hətta mən özüm də xeyiryyəçiliyə başlaya bilərəm.

Kloun. Belə bir məzmunda məktub yazaq «Xəyanətinizin ifşa olunmasını istəmirsinizsə, Yasəmən ağacının altındakı müqəddəsə ianə verin».

Tütəkçalan. Mən müqədəsəm?! Axı mən ac deyiləm!

Kloun. Xəyanət! İnsanları birləşdirən yeganə insani xüsusiyyət kimi ağlıma bu gəlir. Alternativ təklifiniz var?

(hər üçü ciynini çəkib başənə yelləyir)

Kloun. Alternativin olmaması pisdi. Amma o biri tərəfdən onsuz da hamı nə vaxtsa, nə cürsə xəyanət edib. Anadan cinayətkar doğulan bütün ikiayaqlıların hər birinin törətdiyi və unuda bilmədiyi, üstünün açılmasından qorxduğu və daim ört-basdır etdiyi nəsə xəyanət var. Kimsə arvadına, kimsə dostuna, kimsə əqidəsinə, kimsə də özünə xəyanət edib. İnanın bu, insanları birləşidirən və qorxudan yeganə cəhətdi. Yeganə! Əgər bir şey qazanmaq istəyiriksə, onları bax bu, zəif yerdən vurmalıyıq.

Oğlan. (yalvarışlı səslə) Onda mən təəcili borc tapmalıyam. Cəhənnəmə, qəpik-quruş olsa da.

Süpürgəçi. (sakitcə) Borcu neyləyirsən?

Oğlan. İanə vermək üçün.

Süpürgəçi. Bədbəxt, biz pulu elə sənin üçün yığırıq də, sən kimə ianə verəcəksən?

Kloun. Eybi yox, əzizim, heç özünü darıxdırma, yığılan puldan sənin xəyanətlərinin faizini çıxarıq.

Tütəkçalan. Biz də pul verməliyik?

Kloun. Sabahın xeyir!

Süpürgəçi. Sən kimə xəyanət eləmisən ay yazıq, tütəyinə?

Tütəkçalan. Bəs sən kimə xəyanət eləmisən süpürgəyə?

Süpürgəçi. Süpürgəmlə işin olmasın ha!

Kloun. Bax görürsünüz, siz hələ məktub almamısınız amma indidən başlamısınız əl-ayağa düşməyə. Gör indi şəhər camaatı məktub alanda nə olacaq, qiyamət qopacaq! Keç yerinə (tütəkçalana ağacın altını göstərir. Sonra yaxınlaşıb ona pul verir)

Tütəkçalan. Nəyə görə?

Kloun. Xəyanətimə görə. Bəs mən insan deyiləm? Ha-ha-ha… (mayallaq aşaraq səhnəni tərk etmək istəyir) Getdim məktubları paylamağa!

Tütəkçalan. (həyəcanla, gözlərini bərəldərək) Bəs, bəs, bəs?..

Kloun. Nə fısıldayırsan?

Tütəkçalan. Mən, mən, mən?..

Süpürgəçi. Bu, qala xəstəliyidi.

Oğlan. Yox, o, sual vermək istəyir.

Tütəkçalan. Mən müqəddəsəm?!

Oğlan. Bəs insanlar onun doğurdan da müqəddəs olduğuna necə inanacaqlar?

Kloun. Suala bax də. Buna görə həyəcanlanmısan? İnsanları sənin müqəddəs olub-olmamğın yox, günahlarının bağışlanması maraqlandırır. Sən bostanı qoruyan müqəvva olsan belə, onlar səni müqəddəs hesab edəcəklər. Çünki onların işinə belə yarayır. Çünki onlara belə sərf edir.

Tütəkçalan. Mən müqəddəsəm!

Kloun. Afərin!

Oğlan. Biz səni gözləyəcəyik!

Kloun. (qaçaraq əlindəki kağızı oxuyur) «Xəyanətinizin ifşa olunmasını istəmirsinizsə, Yasəmən ağacının altındakı müqəddəsə ianə verin»!

Tütəkçalan. Mən müqəddəsəm!

Oğlan. Qoy bütün şəhər bilsin!

Süpürgəçi. Qoy bütün dünya bilsin!

Dördüncü şəkil

(Səhnə yavaş-yavaş işıqlanır. Tütəkçalan ritmik mahnı çalır, əhvalı yaxşıdır. Süpürgəçi süpürgəsinə söykənib dayanıb. Oğlan narahatdır və o baş-bu başa gəzişir).

Oğlan. Bax birdən…

Süpürgəçi. Yenə başladın?

Oğlan. Yox də birdən…

Süpürgəçi. Sən bəd şeylərədn danışmasan ürəyin partlayar.

Oğlan. Bax birdən gələn olmadı? Axı niyə belə əminsiniz ki, bu şəhərin adamları mütləq nəyəsə, özü də hələ bilmirik nəyə xəyanət ediblər? Bəlkə onlar elədiklərini çoxdan unudublar?

Süpürgəçi. Heç xəyanəti unutmaq olar? Uşaqsan ki, uşaq. Mən inanıram ki, insan yaxşılığı unutsa da, xəyanəti… heç vaxt… heç vaxt.

Oğlan. Axı niyə elə…

Süpürgəçi. İnsan yaşıyırsan xəyanət qaçılmazdı.

Oğlan. Sən xəyanət etmisən?

Süpürgəçi. Sənə xəyanət ediblər?

Qısa pauzadan sonra ikisi də tərəddüd içində üzünü Tütəkçalana tərəf tutub qəflətən qışqırırlar

Sənə xəyanət ediblər?

Tütəkçalan. Mən müqəddəsəm!

Süpürgəçi. (kinayəylə) Of, bağışlayın, cənab, az qala unutmuşduq.

Oğlan. (yavaşdan) Sən sualdan yayındın.

Süpürgəçi. Dedim axı insan yaşayırsa, xəyanət qaçılmazdı.

Oğlan. (bir qədər də yavaş səslə) Deməli sən də xəyanət eləmisən.

Süpürgəçi. Mən? Mən yox. Yox, yox, yox… Axı mən heç vaxt yaşamamışam. Elə-belə vaxt öldürmək üçün. Elə bil ki, kəpənək tutursan. Qaçırsan, qaçırsan, tövşəyirsən, yorulursan. Lap axırda görürsən ki, ovcunun içində heç nə yoxdu. Vəssalam.

Oğlan. (yavaşdan) Ey, ovcunun içindəki nədi?

Süpürgəçi. Əslində kəpənək olmalı idi. (ovcunu açıb Oğlana göstərir. Oğlan sevincək onun əlinin içinə baxır, sanki gözəl, incə kəpənəyə baxır) Necə də zərifdi?

Oğlan. (lap pıçıltıyla) Necə də incədi? Təsəvvür edəndə ki, o körvək qanadları ilə necə qorxa-qorxa, hürkə-hürkə üçür. Hər şeydən qorxur: küləkdən, vəhşi quşlardan, eşşək arılarından. Yaşamaq onun üçün əzabdı. Mən bu gözəllik qarşısında ağlamaq istəyirəm (ağlamağa başlayır). Onun həyatı dəhşətdi, əzab və qorxu içində. Həmişə, daimi. Əzab və qorxu. Bapbalaca bir ömür əzablarla doludu.

Süpürgəçi. (o da eyni kövrək tonda və pıçıltıyla danışır) Balaca ömür… Onun bütün həyatı bu Yasəmən ağacının yarpaqları arasında keçir. Hər səhər Yasəmən ətrini qoxulayır, çiçəklər solan kimi o, da dünya ilə sağollaşır. Ancaq Yasəmən ağacında izi qalır.

Oğlan. Çox kədərlidi. Qorxu içində çırpınmaq. Qorxu içində doğulmaq. Qorxu içində ölmək. Çox kədərlidi.

Süpürgəçi. (özünü bir qədər toxdadarq) Amma o, bizdən xoşbəxtdir.

Oğlan. Çünki, biz onun yox o bizim ovcumuzun içindədi, eləmi?

Süpürgəçi. Yox, elə deyil. Çünki kəpənəklər xəyanətin nə olduğunu bilmirlər. Çünki kəpənəklər heç vaxt nə bir-birlərinə, nə də Yasəmən ağaçına xəyanət edirlər.

(İkisi də pıçıltıyla) O, bizdən xoşbəxtdir… (Onlar səhnənin mərkəzində kövrəlib saktcə danışan zaman arxadan Tütəkçalan onlara yaxınlaşaraq təntənəli səslə bağırır)

Tütəkçalan. Mən müqəddəsəm!!!

(hər ikisi qorxudan bir tərəfə qaçır və əvvəlcə təəccüblə Tütəkçalana, bir-birlərinə baxırlar, qəflətən nəyisə xatırlayırmış kimi səhnənin ortasına yaxınlaşıb həyəcanla danışmağa başlayırlar)

Oğlan. Birdən məktubları polisə verdilər?

Süpürgəçi. Polislər adam deyil ki?

Oğlan. Bəs, birdən heç məktubu veclərinə almadılar?

Süpürgəçi. Onlar qorxacaqlar. Mütləq qorxacaqlar, kloun dedi ki…

Oğlan. O, kloun deyildi, yazıçı idi.

Süpürgəçi. Nə üçünsə mənim gözümə yazıçılar kloun kimi görünür.

Oğlan. Elə arxayın danışırsan ki, elə bil hamının bir yerdə xəyanətinin üstünə çıxmısan. Hardandı səndə bu, əminlik? Bax de görüm sən özün belə cəfəngiyata görə ianə verərsən?

Süpürgəçi. Mənim xəyanət eləməyim üçün şansım olmayıb. (kövrəlir) Amma yenə də ianə verərəm, çünki gələcəkdə xəyanət edib-etməyəcəyimdən əmin deyiləm.

Oğlan. Deməli yaşamaq istəyirsən?

Süpürgəçi. Sadəcə yaşamaqmı… Adam kimi. Yox, yox kəpənək kimi…

Oğlan. Sən dəhşətsən! Axı süpürgədən savayı heç nəyi olmayan tər-təmiz adam nəyə xəyanət edə bilər ki?

Süpürgəçi. Elə süpürgəyə (səsini yavaşıdarq) mən nə vaxtsa bunu atacam, ürəyimə damıb (əlindəki süpürgəni göstərir).

Oğlan. Axı o, kəpənək deyil?

Süpürgəçi. Axı kəpənək də süpürgə deyil. Yox, o, mənim özüm kimi bir şeydi (kövrəlib sürüpgəni qucaqlayır). Mən onsuz…

Oğlan. (başını bulayır) Bəs sən? (Tütəkçalana)

Tütəkçalan. Mən müqəddsəm!

Oğlana. Sən heç dumana xəyanət etmisənmi?

Tütəkçalan. Sən mənim müqəddəsliyimə şübhə edirsən. Bütün taleyin indi mənim əlimdədi. Sən mənə sitayiş etməlisən. İstəsən əlimdən öpə bilərsən.

Süpürgəçi. Bu, artıq təzə xəstəlikdi. Bunun qala xəstəliyinə dəxli yoxdu. O, yavaş-yavaş başqa şeylərə yoluxub

Oğlan. Ah, təmiz yadımdan çıxmışdı, axı siz dumanı gözləyirsiniz.

Tütəkçalan. Bir dəfə, cəmi bir dəfə… (pıçıltıyla) Qaladan düşəndə.

Oğlan. Qaladan düşəndə nə?

Tütəkçalan. Xəyanətə oxşayan nəsə oldu. Bəkə də xəyanətin özü oldu. Mən onu görmədim amma barmaqlarımla toxundum. Mən onu hiss edirdim. Bizim hamımızı günaha görə qovdular. Biz bilmədən etdik. Bilmədik. Bizə demədilər günzhınız nədi. Demədilər. Sadəcə qovdular. Qovdular.

Oğlan. Bəs indi qalaya nə üzlə qayıdacaqsan?

Tütəkçalan. Mən indi müqəddəsəm. Mən müqəddəsəm!

Süpürgəçi. Sən bizimlə getməyəcəksən?

Oğlan. Məni yalnız pul maraqlandırır.

Tütəkçalan. Sənə qalada xəzinə tapa bilərsən.

Süpürgəçi. Ax gənclər, gənclər!

Oğlan. Mənə pul lazımdı. Vəssalam!

Tütəkçalan. Yadından çıxarma, bir gün sənə də məktub gələ bilər.

Süpürgəçi. Bəli, o, haqlıdı. Məktub alanda ianə verməkdən ötrü müqəddəsi axtaracaqsan, amma tapa bilməyəcəksən. Çünki o, (əliylə Tütəkçalana göstərir) həmin vaxt qalada olacaq. Suyu süzülə-süzülə arxımızca gələcəksən!

Oğlan. Siz məni eşitmirsiniz, siz məni başa düşmürsünüz. Gəlin belə danışaq, qala sizin, pul mənim.

Tütəkçalan. Tfu! (əsəbləşir)

Süpürgəçi. Müqəddəs tüpürdü! Bu, yaxşı əlamət deyil. (qısa pauza) Sonra peşman olacaqsan. Başa düş, qalasız sən heç kimsən. Qalasız heç kimə lazım deyilsən.

Oğlan. Pul! Pul! Pul!

Kloun. Gəlirlər! Gəlirlər! (mayallaq vurub, bir neçə dəfə yıxılaraq təlaşla səhnəyə daxil olur və qaranəfəs qışqırır) Gəlirlər! Mən hələ heç vaxt bu boyda insan seli görməmişəm! Gəlirlər!  (Dördü də təlaşla Yasəmən ağacının başına fırlanmağa başlayırlar)

Süpürgəçi. Sən nə etdin?

Kloun. Sizə dediyimi?

Oğlan. Hamıya çatdı?

Kloun. Nə?

Oğlan. Məktub də?

Kloun. Nə məktub?

Tütəkçalan. Mən müqəddəsəm!

Süpürgəçi. Bəs sən nə üçün getmişdin?

Kloun. Hə, məktub? Xatırladım. Kimi gördümsə, hərəyə birini verdim. Metronun qabağında… universitetin həyətində… sarı binanın… mavi binanın… axırda da yaşıl binanın qapısından içəri atdım.

Oğlan. Bəs nə dedilər?

Kloun. Dedilər səni tutub düüd, düüd…

Süpürgəçi. (qorxaraq) Onda onların hamısı bura gəlirlər ki, bizi düüd, düüd…

Kloun. Yox, düüd, düüd yalnız yaşı binadan elədilər. O biriləri əvvəlcə heç nə başa düşmədilər, elə bildilər mən qaraçıyam, özümü lallığa vurmuşam. Bəziləri məktubu yerə atırdı, bəziləri heç almaq istəmirdi. Bir minnət qoyurdular ki. Amma elə ki, oxudular…

Oğlan. Hə oxudular! Bəs sonra, sonra!

(hamısı qaranəfəs ayaq saxlayıb ağacın altına toplaşırlar)

Kloun. Elə ki, oxudular tez məktubu bir-birlərindən gizlədib harasa tələsməyə başladılar. Canlarına vəlvələ düşmüşdü. Harasa bərk tələsirdilər. Dəhşət idi!

Oğlan. Hara? Hara tələsirdilər?

Süpürgəçi. Bəlkə onlar kəpənək tutmaq istəyirmişlər?

Kloun. Harasa tələsirdilər? Tələsirdilər…

Süpürgəçi. Necə yəni hara? Onlar bura gəlirlər. Bura!

Tütəkçalan. (qorxaraq) Mən ac deyiləm!

Kloun. Yox, sən müqəddəssən!

Süpürgəçi. (Oğlana) Cəld ağacın başına qalx! Onlar doğurdanmı bura gəlirlər?

Oğlan. (Ağaca qalxır və vahimə içərisində) Aman tanrım! Düz bizim üstümüzə gəlirlər!

Süpürgəçi. Birdən başqa yerə dönərlər ha!

Oğlan. Yox, bura, bura gəlirlər! Bu ki seldi. Onlar selə oxşayır. Mən hələ heç vaxt bu qədər insanı bir yerdə görməmişəm.

Süpürgəçi. Onlar qəzəbli deyillər ki?

Oğlan. Mən qəzəbi görmürəm. Mən sel görürəm.

Kloun. Bu artıq kütlədi!

Süpürgəçi. Kütlə hardan çıxdı? Bizə insan lazım idi!

Kloun. Onlar tək-tək insan idilər amma indi kütlədilər. Sunaminin qabağını saxlamaq olar, amma kütlənin qabağına çıxmaq qorxuludu. Adamı didərlər!

Süpürgəçi. Axı bizi buna sən vadar etmisən? Bu sənin planındı?

Kloun. Mən hardan bilərdim ki, bir balaca şəhərdə bu qədər xəyanətkar ola bilər?

Oğlan. Cəld olun, qardaşlar, onlar yaxınlaşırlar. Mən artıq onların hərəsini yüz dollar kimi görürəm. Görün küçələrə nə qədər pul səpələnib, ilahi!

Süpürgəçi. (kinayə ilə) Sən nə sırtıq adamsan? Onların hərəsindən yüz dollar almaq istəyirsən? Axı sənə cəmi yüz lazım idi? Düş aşağı!

Oğlan. (ağacdan düşmək istəmir) Artıq olmaz, bəlkə kiminsə xəyanəti böyükdü? Bəlkə kimsə lap böyük xəyanətə hazırlaşır? Ondan sənə nə var?

Tütəkçalan. Ey, ordan duman görünmür ki?

Oğlan. Lap arxada, lap uzaqda dumana oxşar nəsə gözə dəyir!

Tütəkçalan. Duman gəlir! Biz qalaya gedirik!

Süpürgəçi. Əzizim, tələsmə, bu toz qatı da ola bilər. Bizə isə duman lazımdı. Qalanın yolunu tapmaq üçün. Bunlar başqa-başqa şeylərdir.

Kloun. (qəflətən rahat görkəm alıb, arxayın səslə oğlana baxır) Ey, düş aşağı, biz gedirik?

Oğlan. Hara? (təəccüblə)

Kloun. Kütlənin qabağında tək çıxmalı olacaqsan.

Oğlan. Axı nə üüün? (cəld ağacdan düşür)

Kloun. Bir şərtimiz olacaq.

Süpürgəçi. Şərtimiz olacaq?

Kloun. Sənə nə qədər lazımdlrsa, biz insanlardan o qədər götürəcəyik. Artıq olmaz.

Süpürgəçi. Olmaz, olmaz!

Oğlan. Axı, başa düşün. Bu qədər insan xeyirxahlıq eləmək istəyir. Onların ümidini üzmək istəyirsiniz? Uzanan əllərini kəsmək istəyirsiniz? Bu ki qəddarlıqdı! Mən heç özümə görə demirəm ha.

Kloun. Deməli, sən bizimlə bazarlıq eləmək istəyirsən. Dünyanın hər künc-bucağında bazarlıq gedir. Ümumdünya bazarlığı! Dəhşətdi!

Tütəkçalan. Mən müqəddəsəm!

Oğlan. (çətinliklə də olsa razılıq əlaməti kimi başını tərpədir) Yaxşı mən razı. Pul mənim qala sizin!

(Dördü də əllərini birləşdirib mərc edirlər. Hamısı birdən) Pul sənin qala bizim!

(Uğultu səs eşidilir. İnsan hay-küyünü xatırladan uğultu getdikcə yaxınlaşır)

Kloun. (Tütəkçalana) Müqəddəs keç yerinə! (O, qaçaraq ağacın altında oturur və cəld ritmik mahnı çalmağa başlayır)

Süpürgəçi. (Süpürgəsini əlində eninə tutaraq) Möhkəm durun qardaşlar!

Oğlan. (Onun yanında dayanır) Səddi yarmalarına imkan verməyin!

Kloun. (Mayallaq aşıb onların yanına gəlir və həyəcanla) Müqəddəsi qoruyun!

(Hər üçü tütəkçalanın ritmik mahnısına uyğun rəqs hərəkətləri edə-edə özlərini insanların qabağında sədd çəkirmiş kimi göstərilər. Uğultu gücləndikcə onların hərəkətləri daha da şiddətlənir. Səhnəyə heç kim çıxmır. Lakin, onlar kütlənin qabağındakı sədd kimi daha da həyəcanlı hərəkətlər etməyə başlayırlar. Ritim qızışır. Onların söhbəti paralel dialoqlar kimi davam edir).

Süpürgəçi. Çaxnaşma yaratmayın!

Kloun. Bir-bir, bir-bir…

Oğlan. Hamınıza növbə çatacaq. Tələsməyin!

Süpürgəçi. Basabas salmayın. Yaxşı olar ki, növbəyə durasınız. Bütün mədəni adamlar kimi.

Kloun. (öz-özünə deyinir) Mən hələ bu qədər qanmaz adamı eyni vaxtda bir yerdə görməmişəm.

Oğlan. Axı niyə sıxlıq yaradırsınız? Qardaşım, sol tərəfdə yer var də, sən o xalanın yanından kənara çəkil, gərək yapışasan!

Süpürgəçi. Yoldaşlar, bir az mehriban olun, mehriban olun. Ortada yer var. Mənə söykənməyin! (çiyni ilə kimisə itələyir).

Kloun. Bir-bir! Dedim bir-bir!

Oğlan. Qardaşım, o nədi mənim cibimə basırsan? Mənə lazım deyil, ianəni müqəddəsə vermək lazımdı. Əşi, əlini çək cibimdən! Əcəb eləyib qışqırıram, sən bir buna bax, elə bil xəyanət eləyəndə gəlib məndən icazə alıb! Keç yerinə!

Süpürgəçi. Bir az da mehriban olun! Bir az mehriban olun! Ey, indi neyləyək? (üzünü klouna tutur) Bir söz de, insanlar bundan artıq mehribanlaşa bilmirlər.

Kloun. Əgər kütlənin gözü qızıbsa, adamı parçalaması təbii haldı.

Oğlan. Başına hava gəlib? Cəld bir ağıllı söz de!

Kloun. Deyirəm də, bir-bir, bir-bir!

Oğlan. Dayanın, yoxsa atəş açacam! (Kloun yerə yıxılıb ayaqlarını qaldırır) Ə kreativ, dur ayağa! (Kloun qorxa-qorxa qalxır, onların yanında yerini alır) Kimin məktbu varsa, növbəyə dursun! Əvvəlcə məktublarınızı göstərin!

Süpürgəçi. (oğlana rəğbətlə baxaraq) Sənin başın işləyir ha. Əvvəllər heç səndən belə ağıllı hərəkət çıxmazdı.

Kloun. Onun başı qorxudan işləyir. Bəs nə bilmişdiniz, qorxu böyük qüvvədi!

Süpürgəçi. Axı deyəsən, bayaq kimisə ayaqların göydə qalmışdı?

Oğlan. (klouna) Ey, sən bu qədər insana məktubu üzəri markalı zərfdə paylamısan?

Süpürgəçi. Yenə kreativlik?

Kloun. Yox, sən nə danışırsan? Onlar özləri məktubu zərfdə gizlədiblər. A…a..a…a… indi mənə çatdı (kütlə eşitməsin deyə hər ikisinin qulağına pıçıltıyla deyir) onlar məktubları bir-birlərinə göstərməmək üçün zərfə qoyublar.

Süpürgəçi. Yəni?

Kloun. Yəni, bura niyə gəldiklərini hamı ayrı-ayrlıqda yaxşı bilir, amma hamısı bir yerdə bilmir.

Süpürgəçi. Nə olsun?

Kloun. Heç, elə-belə.

Süpürgəçi. (kinayə ilə) Sənin yerin əslində burda deyil, kütlənin yanındadı. Niyə burda dayanmısan başa düşə bilmirəm.

Tütəkçalan. Mən müqəddəsəm!

Oğlan. Yubanmaq olmaz müqəddəs gözləyir! Bəlkə birinci xanımlardan başlayaq.

Süpürgəçi. Heç elə şey olmaz. Hamının məktubu var, ayrıseçkilik nəyə lazım?

Oğlan. Bəlkə qocaları qabağa verək?

Kloun. Əsla! Onsuz da çox yerdə onları qabağa verirlər, qoy zəhmət çəkib öz növbələrini gözləsinlər.

Oğlan. Bəs necə?

Süpürgəçi. (qımışaraq) Kim gəldi? Elə salamatı budu! Başladıq e!

(Kütlədən böyük uğultu gəlir. Canlanma. Hərəkətin dinamikası artır. Hər üçün yenə canlı sədd kimi dayanıblar. Hərdən süpürgəçi süpürgəsini qaldırıb kimisə tütəkçalanının yanına ötürür).

Kloun. Keçin xanım, mən şahidəm siz birinci gəlmisiniz. Hay-küy yaratmayın, hər şeyi öz gözlərimlə görmüşəm! Yox, öz gözlərimlə!

Süpürgəçi. Yenə də qadınlar qabağa düşdü.

Oğlan. İanəni kimə verəcəksiniz? Buyurun, Yasəmən ağacının altında oturan müqəddəsə yaxınlaşın. Bəli, bəli, yüz faiz müqəddsədi. Tamamilə düzdü. İanə verdikdən sonra nə etmək lazımdı? Nə edəcəksiniz ki, gedin evinizə. Bəli, bəli düz evinizsə. Yox-yox nə danışırsınız? Evinizə gedin. Hələ xəyanətiniz bağışlanmayıb görün ağlınızdan nə keçir. Olmaz, olmaz, bir də olmaz! Bax onu bura gəlməmişdən əvvəl fikirləşmək lazım idi. Bəli!

Süpürgəçi. Sizin sualınız var, buyurun, buyurun (gülümsəyir). Müqəddəs kimdi? Ağacın altında oturan. O, orda kefdədi? Siz nə danışırsınız? Müqəddəs orda ayin icra edir (ciddiləşir). Bəs niyə belə dingiş mahnı çalır? Əşi ondan sənə nə var? Yazığın bir dənə tütəyi var, indi sənə Betxovenin 9-cu simfoniyasını çalası deyil ki? Nə? İfadələrimə fikir verim? (əsəbləşir) Sən axı kimsən ki mənimlə belə danışırsan? Buna bir bax, heç sənin məktubun da yoxdu? Nə, jurnalistsən? Məndən müsahibə götürürsən? Sürüş ə, burdan. Bu basabasda müsahibə olar? Nə sırtıq tayfadılar!

Kloun. Salam? Nə? Vergilərdən gəlmisiniz? (təəccüblə gözlərini bərəldir) Nə tez xəbər tutdunuz? Kassa aparatı quraşdırmamışıq? Bağışlayın, axı bu, xeyriyyəçilik aksiyasıdı. Hələ əlavə dəyər vergisi də verməliyik? Bizim özümüzə dəyər qoyan varmı? Hə? Yox-yox, qardaşcanı elə deyil. Sən öl elə deyil! Hə, indi inandın. «Krışamız» kimdi? Nə «krışa» canım. Bizim başımızın üstündə hal-hazırda Allahdan başqa kimsə yoxdu. Təbii ki, əgər ona da inanırsınızsa! Necə? Siz başqa məqsəd üçün gəlmisiniz? Qulağıma deyin. Burnuma yox, qulağıma! A! Sizin də məktubunuz var? Keç, keç, bunu bayaqdan de də! Keç ağacın altına, kassa aparatı ordadı. (gülür) İanəni ödəyəndən sonra qəbzinizi götürməyi unutmayın!

Süpürgəçi. Ay xanım, məktubu hara gözümə soxursunuz, o məktubdan bütün şəhərdə var. Növbəsiz buraxa bilmərəm. Niyə? Əriniz böyük adamdı? Pah! Gözüm aydın, mən də vaxtında deputat olsaydım, indi mənim arvadım da sizin yerinizdə olardı (qulaqların çəkir).

Oğlan. (ucadan) Ah, bu sizsiniz!

Süpürgəçi. Kimdi ki o?

Oğlan. (yavaşdan) Səhər pul istədiyim qız. (Süpürgəçi heç nə anlamırmış kimi çiyinlərini çəkir) Şişman dodaqlı, dəniz gözlü qız.

Süpürgəçi. Silikon dodaqlını deyirsən!

Oğlan. Yavaş! Bağışlayın xanım, səhər deyəsən xətrinizə dəydim. Dəymədim? Doğurdan! Mən elə bildim ki… Hər halda bağışlayın. Siz də xeyriyyəçilik eləmək istəyirsiniz? Çox gözəl. Çox nəcib ürəyiniz var. Bəs səhər yanınızdakı o şkaf boyda əmi hardadı? Doğurdan? (qəh-qəhə çəkir) Elə o «lox» a görə gəlmisiniz? (ciddiləşir) Bağışlayın xanım kimə görə gəlmisiniz? Üzər istəyirəm, üzr istəyirəm, bu, mənim işim deyil. Telefon nömrəmi? (utanır) Bilirsiniz, indi telefonum yoxdu, amma bu aksiyadan sonra mütləq olacaq. Bəli, siz hər halda nömrənizi müqəddəsin yanında qoyarsınız. Şad oldum, təşəkkür, təşəkkür.

Kloun. Salam? Mən sizə tanış gəlirəm? Ola bilər. Yox, mən hələ məşhur adam deyiləm, amma ola bilər ki, siz məni gələcəyin məşhur yazıçısı kimi öz fəhminizlə tanıya bilmisiniz. Nəyinizlə? Ayağınızı niyə qaldırırsınız? Fəhminizlə, fəhm, fəhm! Başa düşmədiniz? Eybi yox, mən başa düşülməməyə öyrənmişəm. Hardasa görmüsünüz məni? Ola bilər siz hansısa oxuduğunuz kitabda müəllifin şəkli yerində məni görmüsünüz? Düz tapdım? Yox! Ola bilər sizə kimisə xatırladıram. Bilirsiniz, mənim gözlərimdən həmişə potensial istedad yağır, amma təəssüf olsun ki, o istedad elə potensial olaraq da gözlərimdə qalır (gülür). Bəli. Yenə düz tapmadım? Yaxşı onda siz məni hardan tanıya bilərsiniz axı? Bəlkə yuxuda görmüsünüz? Əlimdə kitab heykəl kimi. Yox? Yaxşı onda deyin görüm siz kimsiniz? Snətiniz nədi? Mürdəşir?! Bu sizin ixtisasınızdı? Səhviniz var, əzizim, mən hələ ölməmişəm (kədərli səslə). Ola bilər hansısa istedadın meydini yuyanda mənə oxşatmısınız. Keçin, keçin ağacın altına tərəf düz gedin.

Oğlan. (klouna zarafatla) Ey, nahaq yerə pərt olursan. Həyatdı da.

Kloun. (dilxordu) Bu, həyat deyil, ölümdü. O, məni meyidə oxşatdı.

Süpürgəçi. (zarafatla) Ey, bəlkə sən ölmüsən xəbərin yoxdu?

Kloun. O, məni meyidə oxşatdı.

Süpürgəçi. Yaxşı da, sən heç də meyidə oxşamırsan. Düzdü, adama da oxşamırsan, amma meyidə heç oxşamırsan.

Oğlan. Aman Allah! (qışqırır) Müqəddəs ata siz də!

Süpürgəçi. Nə oldu sənə? “Tok” vurdu? Axı mənim süpürgəm elektriklə işləmir.

Oğlan. Müqəddəs ata da təşrif buyurub! Əlində də məktub!

Süpürgəçi. Hə, nə olsun ki, müqəddəs ata adam deyil, burax keçsin.

Oğlan. Siz hara? Siz hara? İyirmi dəqiqədən sonra əməliyyata girməlisiniz? (Süpürgəçiyə) Mən onu buraxım?

Süpürgəçi. Kimdi axı o?

Oğlan. Kimsən axı sən? Deyir plastik cərrahdı, iyirmi dəqiqədən sonra əməliyyata girəsidi. Gəlib tez-bazar xeyirxahlıq eləyib getsin.

Süpürgəçi. Nə əməliyyatdı o?

Oğlan. Nə əməliyyatdı o? Deyir kiminsə burnunu düzəldib, indi də orasını böyüdəcək!

Süpürgəçi. Qoy növbəsini gözləsin! Onun günahları ağırdı. Mağıl əvvəllər şəhərimizdə gül kimi burunlar var idi, əyri, qartalvairi, siviri. İndi hara yoxa çıxıb o burunlar? Hamısı bir-birinə oxşayır, hamısı yuxarı dikəlir. Qoy gözləsin, burun oğlu burun!

(Bu vaxtda Tütəkçalan ağacın altında əyləşib ritmik mahnı çalır və özünü gələnlərdən ianə qəbul eləyirmiş kimi göstərir).

Kloun. (Tütəkçalana sarı) Ey müqəddəs, nə qədər qalıb? Məbləğ düzəlir?

Tütəkçalan. Sabahın xeyir!

Kloun. (Süpürgəçiyə) Bunun qulağı ağır eşidir, ya özünü gicliyə qoyub?

Süpürgəçi. Bu, qala xəstəliyidi. Onun dilini sən bilmərsən. İndi mənə bax. Ey, mən ac deyiləm?

Tütəkçalan. Az qalıb, bir-iki xəyanətkar da göndərsəniz yüz dollar düzələr.

Süpürgəçi. Gördün?

Kloun. Görürdüm. Amma başa düşmürəm ki, bu kütlə xəyanətinin bağışlanması üçün niyə belə az pul ödəyir?

Oğlan. Gördünüz, mən deyənə gəlirsiniz. Axı onlar hamısı bir yerdə xəyanətkar olduqlarını bilmirlər.

Süpürgəçi. Bəlkə açıb deyək?

Kloun. Yox, şərtimiz var axı? Olmaz, olmaz. Yox-yox mən sizinlə deyiləm. (Yaxasını kiminsə əlindən qurtarmaq istəyir) Dərdinizi mənə demək lazım deyil. Sadəcə ianənizi verib gedin. Siz nə danışırsınız? Qəribə adamdı? (qımışır)

Oğlan. Burax keçsin də sənə nə var?

Kloun. Necə yəni mənə var? Soruşur ki, ianəni rupiylə verə bilərəm? Qardaşım, o rupilərini saxla yaxın günlərdə belə bir aksiyanı Hindistanda da keçirəcəyik, orda yaxınlaşarsan. İndiysə çəkil, çəkil camaata mane olma!

Süpürgəçi. (təəccüblə) Nə qəşəng kostyumunuz var, şalvarınız da əladı. Elə bil əyninizə biçilib. Neyləyirsiniz? Əşi lazım deyil, şalvarınızı çıxarmayın. Bağla şalvarının qabağını, ayıbdı! Mən elə-belə sözgəlişi dedim. Bilirsən mənim qollarım bədənimə görə çox uzundu, ona görə mənə kostyum yaraşmır. (ucadan gülür) Bir dəfə, cəmi bircə dəfə özümə kostyum tikdirmək istədim, dərzi mənə dedi ki, sənin qolların bədəninə görə çox uzundu, səndən yaxşı boksçu olardı. Amma mən süpürgəçi oldum (gülür). Niyə bunları xatırlatdım? Elə-belə mırta. Hə, keçə bilərsən, əlbəttə, əlbəttə.

Oğlan. Hara soxulursan ay uşaq? Tualet lazımdı? İşə düşmədik. Sən tualet üçün gərək elə müqəddəsin oturduğu ağacın altına gedəsən. Şəhərdə başqa ağac yoxdu? Yoxdu?! Doğurdan a, heç fikir verməmişəm. Ağaclar yoxa çıxıb. Yaxşı keç. (Geri dönüb ağaca sarı baxır və qışqırır) Ay uşaq, müqəddəsin yox, ağacın arxasına keç.

Tütəkçalan. Sabahınız xeyir!

Kloun. Mən ac deyiləm?

Tütəkçalan. (əlində pulları sayır) Az qalıb, lap az qalıb.

Oğlan. Deyirəm bəlkə şərtimizə yenidən baxaq? Gör günahını yumaq istəyən nə qədər adam var. Axı bir də onların nə vaxt xeyriyyəçilik eləmək imkanları olacaq?

Süpürgəçi. (Yorğundu, alnını tərini silir) Sən çox abırsız adamsan. Bu qədər acgöz olma! İnan bir gün sənə də məktub gələcək. Bax görərsən, mütləq gələcək.

Kloun. Biz qalada olanda məktub alsan peşman olma.

Süpürgəçi. Sən də bizimlə qalaya gedəcəksən?

Kloun. Əlbəttə!

Süpürgəçi. Axı heç mən səni orda görməmişəm.

Kloun. Nə olsun? Mən bunu arzulamışam. Mən orda roman yazacam. Hər şeyi qabaqcadan fikirləşmişəm. Dünyada təlxək yerinə qoyulan bütün yazıçıların yarımçıq qalmış romanlarını toplayıb yeni roman yazacam. Kitab içində kitab, roman içində roman! Hələ heç kim belə bir əsər görməyib. Bu vaxta kimi ona görə susmuşam ki, mənim qalam yox idi. Mən həmin möhtəşəm əsəsri qalada yazacam.

Tütəkçalan. Mən müqəddəsəm! Az qalıb, lap az!

Oğlan. (sevincək) Hə, buyurun, buyurun xeyirxah insanlar.

Süpürgəçi. Tələsin insanlar, tələsin! Yaxşılıq etməyə, əldən tutmağa tələsin!

Kloun. Onsuz da həmişə xəyanət sizinlədi, amma indi yaxşılıq eləmək üçün tələsin! Belə fürsət bir də ələ düşməyəcək!

Səhnə də uğultu artır, ayaq səsləri, insan pıçıltıları bir-birinə qarışır. Nəhayət tütəkçalan musiqisini saxlayıb ayağa qalxır, gülərək kimləirsə yola salırmış kimi təzim edir. Üzünü onlara tutaraq sevincək səslə.

Tütəkçalan. Sabahınız xeyir!

Hər üçü birdən «Ura!» qışqıraraq ona yaxınlaşıb qucaqlaşırlar.

Onlar səhnənin başqa istiqamətində qəflətən kiminsə peyda olmasını görüb şoka düşürlər. Qorxudan titrəməyə başlayırlar və az keçmir Süpürgəçi, Oğlan və Kloun huşunu itirib yerə yıxılır. Tütəkçalan təəccüblə həmin istiqamətə baxaraq yaxınlaşır. Səhnəyə tədricən qaranlıq çökür və həmin tərəfə solğun işıq düşür.

Tütəkçalan. (qorxudan kəkələyərək danışır) Siz? Hardan çıxdınız? Ola bilməz axı… Camaat bu tərəfdən gəlirdi, siz başqa tərəfdən. Niyə? (bir az irəli gedir və qışqırır) Aman Allah doğurdanmı! Bu sizsiniz? (qorxulu və titrək səslə) Axı siz çoxdan ölmüsünüz? Çoxdan, coxdan… Ölməmisiniz? (təəccüblə) Ölmüsünz axı! (yerə yıxılanlara yaxınlaşır, Kolunu əliylə silkələyir) Ey, özünə gəl, özünə gəl! Mənə bax, təlxək, sən o dünyaya da məktub göndərmisən? Axı danışmışdıq ki, məktubu ancaq dirilərə verəsən? (Kloun tərpənmir. Tütəkçalan qorxa-qorxa həmin səmtə yaxınlaşıb dayanır). Siz çoxdan ölmüsünüz. Ölməmisiniz? Sizi arada bir televizorda göstərirlər. Bir zamanlar lap tez-tez göstərərdilər. Bir zamanlar… Mən balaca olanda sizə həsr olunmuş çoxlu şeirlər əzbərləmişdim. Amma indi heç biri yadımda qalmayıb (qorxa-qorxa gülür). Niyə gəlmisiniz? İanə vermək istəyirsiniz? Qəribədir! Bizə lazım olan məbləği artıq dirilərdən toplamışıq, ölüləri əziyyətə salmaq istəmədik. (həmin istiqamətdən nəsə uğultu eşidilir) O nə səs-küydü orda? (Qorxa-qorxa geriyə çəkilir) Sizin hamınız bir yerdəsiniz? Bəs kitab yazır ki, siz düşmən olmusunuz. Tarix kitabı? Yalan imiş? Əslində siz elə bir adamsınız? Nə boyda yalan! Nə qədər nəsillər bu yalana inanaraq böyüyüb! Siz bəşəriyyəti qoyun yerinə qoymusunuz! Yox, yox qoyun lazım deyil. Elə-belə sözgəlişi dedim. Yanınızdakı kimdi? (Sağ əlini irəli uzadaraq qaldırır Leninvari jest) Sizsiniz, dahi rəhbər! Bəs kepkanız hanı? A, lap yadımdan çıxmışdı, axı sizi kepkasız mumyalayıblar. Necə? Bir az bərkdən danışın, zəhmət olmasa! (ucadan) Bütün ölkələrin proletarları birləşdimi? Mən hardan bilim? İmperalizm kapitalizmin sonuncu mərhələsi oldumu? Bağışlayın dahi rəhbər, mən sizin suallarınıza cavab verəcək ağılda olan adam deyiləm. O imperalizm dediyiniz nədisə elə indi də var. Yox, siz dediyiniz kimi deyil, ancaq var. Oy, siz də burdasınız? (Bir az kənara çəkilib, əllərinin Stalin kimi arxasında çarpazlayır) mən sizi bığlarınızdan tanıdım. Bəs siz əzəmətli adam deyilsiniz? Boyunuz nə yaman balaca imiş. Deyəsən bunların arasında ən alcağı sizsiniz, elə deyilmi? Bilirsiniz, bizim kənddə sizin yekə heykəliniz var idi, onu uçurtdular, mən öz gözlərimlə gördüm ki, sizin içiniz boş idi. Sizin deyəndə ki, heykəlinizin (gülür). Nə? (təəccüblənir) Məni Sibirə sürgün etdirəcəksiniz? Axı siz ölüsünüz? Onu hələ bilmək olmaz? (təəccüblənir). O yanınızdakı kimdi elə (Hitler kimi jestlər edir). Hay, hay! Vay, vay! (kənara çəkilir) Bağışlayın, qəzetlər sizin haqqınızda əcaib şeylər yazırlar, bircə sualıma cavab verə bilərsinizmi? (pıçıltıyla) Siz kişisiniz? İndi bunu sübut eləmək imkanınız yoxdu? Nətəhər məsləhətdi. (Səhnənin həmin istiqamətində uğultu artır) Onlar kimlərdi? Dünyanın sizə oxşayan bütün əcinələri bura yığışıb ki?! Lazım deyil! Lazım deyil! Sizin xeyriyyəçiliyiniz heç nəyi dəyişməyəcək. Axı ianə verməklə tarixi dəyişmək mümükün deyil. Mən sizdən heç nə ala bilərəm! Nə? Bir dəqiqə sakit olun, görək proletariatın dahi rəhbəri nə deyir? Necə? Gecə yuxuma girib məni qıdıqlayacaqsınız? Elə girməyənin də! Bəli! Mən onsuz da gecələr yatmıram. Yatanda yuxuda ancaq qalanı görürəm. Kor dumanın arasında mürgüləyən qalanı! (qısa pauza) Amma, belə götürəndə yaxşı eləyib gəldiniz. Sizin gəlişiniz əbədi yalanın üstünü açdı. Qoy hamı bilsin ki, siz əslində bir adamsınız. Bəli, siz əslində bir adamsınız!

(Səhnə işıqlanır. Yerə yıxılanlar yuxudan ayılırmış kimi ayağa qalxırlar.)

Süpürgəçi. Əcəb yatmışdıq ha, işıqları kim yandırdı?

Kloun. Mənim debütüm necə alındı? Siz alqış səslərini eşitdiniz?

Oğlan. Mənə elə gəldi ki, artıq yüz dollarım var, elə xoşbəxt idim ki.

Tütəkçalan. Sabahınız xeyir!

Süpürgəçi. Hələ səhər qurtarmayıb? Ey, (Tütəkçalana) bəs sən niyə yatmamısan. Kim yatmış kim oyaq? Yaman acmışam?

Tütəkçalan. Bilirsən?

Süpürgəçi. Bilirəm, sən ac deyilsən.

Tütəkçalan. Bilirsən?

Kloun. Bilirəm, sən müqəddəssən.

Tütəkçalan. Sən?

Oğlan. Sabahın xeyir.

Kloun. Mənə elə gəlir ki, hardasa debütüm çox uğurlu alındı. Hardasa guruldayan alqış sədalarını eşidirəm. Hardasa…

Tütəkçalan. Başa düşün…

Kloun. Bilirəm bu, yalnız mən öləndə sonra olacaq. Mənim başdaşımın kölgəsində yeni doğulan başqa bir istedadı boğacaqlar. (kədərlə) Bu, həmişə belə olub… İstedadı bağışlamırlar…

Oğlan. Yüz dollar əlimin içində idi. Təsəvvür edirsiniz, xoşbəxt olmağın bir addımlığında dayanmışdım.

Tütəkçalan. Bilirsən?

Oğlan. Bilirəm. Məni başa düşmürsünüz, anlamırsınız, biz həmişə başqa-başqa şeylər haqqında danışırıq. Mən gəncəm, heç siz də qoca deyilsiniz. Lakin özünüzü müdrik göstərirsiniz. Müdriklik eləməkdən başqa yolunuz da yoxdu. Amma mənim yüz dollarım olsaydı…

Tütəkçalan. (hirslənir) Bilmirsiniz! Siz heç nə bilmirsiniz! Bilmək istəmirsiniz!

Kloun. (gülərək) Əşi sənin cəmi iki dənə sözün var də, «Sabahınız xeyir», «Mən ac deyiləm», bundan başqa da nəsə demək istəyirsən?

Tütəkçalan. Bəli! Mən dəhşətli sirin üstün açmaq istəyirəm. Onların hamısı əslində bir adamdılar! Onlar uzun illərdi bütün bəşəriyyəti qoyun yerinə qoyublar. Amma artıq heç kimi aldada bilməyəcəklər, onlar əslində bir adamdılar! Başa düşürsünüzmü?

Kloun. (heç nə başa düşməyərək çiyinlərini çəkir və tərəddüdlə) Mən ac deyiləm.

Süpürgəçi. (yanındakılara yavaşdan) Fikir verməyin qala xəstəliyidi.

Kloun. Qala?

Tütəkçalan. Duman?

Oğlan. Pul?

Kloun. Biz qalaya gedirdik axı!

Tütəkçalan. Biz dumanı gözləyirdik!

Oğlan. Mənə pul lazım idi!

Kloun. (qaçaraq ağacın başına çıxır) Duman yaxınlaşır! Mən dumanı görürəm!

(Süpürgəçi və Tütəkçalan sevincək qucaqlaşırlar) Biz qalaya gedirik!

(Kloun onlara yaxınlaşır və birgə atılıb-düşürlər. Oğlan kefsiz halda başını aşağı salıb dayanır)

Süpürgəçi. Sən niyə sevinmirsən?

Kloun. Ona pul lazımdı. O, bizimlə getməyəcək.

Tütəkçalan. Sən bilirsən onlar hamısı bir adamlardır. Bizə bu vaxta kimi yalan deyiblər.

Süpürgəçi. (təəccüblə) Əminsən? (Kloun başı ilə təsdiqləyir. Tütəkçalan yığılmış pulları Oğlana verir) Ey gənc, gördün hər şey dediyimiz kimi oldu. Götür, bu da sənin istədiyin pullar. İndi rahatlıqla xoşbəxtliyin qapısından içəri keçə bilərsən.

Oğlan. Çox sağ olun. Siz mənim ən yaxın dostlarımsınız. Bu yaxşılığınızı heç vaxt unutmayacam. Pul mənim qala sizin! (sevincək qaçaraq səhnənin tərk edir)

Süpürgəçi. O, qalasız necə xoşbəxt olacaq?

Kloun. Qaladan kənarda xoşbəxtlik olurmu?

Tütəkçalan. (təəssüflə) Gənc bizimlə gəlmədi. «Pul mənim qala sizin» bunun sözlərinə bax. Biz doğurdanmı ayrı-ayrı adamlarıq?

Kloun. Yox, bizim bir adamıq. O, gələcək, amma lap sonralar, sonralar. Bizim izimizə düşüb gələcək.

Süpürgəçi. Əminsən?

Kloun. Əlbəttə. Yüz faiz. O, mütləq qalaya qayıdacaq. Bizim arxamızca, bizim izimizi tutub gələcək.

Süpürgəçi. Sən necə rahat danışa bilirsən? Axı bu əminlik hardandı səndə?

Kloun. (Mayallaq aşır və sevnicək) Çünki bu, mənim debütümdür!

Tütəkçalan. Nə?!

Süpürgəçi. Dayan-dayan, bu, sənin debütündü? Sən bayaq dedin nə işlə məşğulsan, kimsən?

Kloun. Yazıçıyam.

Süpürgəçi. Yoxsa, bu zibili sən yazmısan? (Kloun sevincək başını tərpədir). İndi sənə göstərərəm. Bayaqdan bizi kefin istəyən kimi oynadırsan! (Klounun boğazından yapışıb boğmağa başlayır) Bəs rejissor hardadı? (bağırır) Sizi yaxşıca kötəkləmək lazımdı! (Yerdən süpürgəsini götürüb onu vurmağa hazırlaşır, kloun kənara qaçır).

Kloun. (qışqırır) Dayan, sən bunu edə bilmərsən! Unutma ki, kobud və qanmaz olsan da, sən müsbət obrazsan. Amma başqa cür də ola bilərdin.

Süpürgəçi. Mən obrazam?

Kloun. Amma başqa cür də ola bilərdin.

Tütəkçalan. (Süpürgəçinin qolundan tutur) Onun xətrinə dəymə, nə danışdığını bilmir. Bunların hamısı uzun müddət qalasız qalmağın təsirləridir. Biz yalnız orda, orda şəfa tapa bilərik. Bizim yerimiz oradı. Qalaya qayıtmalıyıq!

(Hər üçü birdən)  Qalaya qayıdırıq!

Səhnəyə xışıltıyla sıx duman çökür. Arxa fonda müxtəlif dünya şəhərlərinin görməli yerlərindən ibarət qarışıq tablonun əvəzinə nəhəng və qədim qala canlanır. Üç insan qol-qola girərək qalaya sarı gedirlər. Arxadan kimsə onlara çatmaq istəyir. Fonda səslər eşidilir.

Kloun. Demişdim axı gələcək?

Tütəkçalan. Bizim izimizə düşüb.

Süpürgəçi. Deyəsən o, da məktub alıb.

Tütəkçalan. Biz qalaya gedirik!

(Dördü də uca və sevincək səslə) Biz qalaya gedirik!!!

Həzin bir mahnı çalır. Dörd insan silueti əllərini yuxarı qaldırıb dumanın arasından sıyrılaraq qalaya yaxınlaşdıqca mahnının səsi daha güclü eşidilir.

 

 

Fevral-Aprel 2016.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir