Mehman Musabəyli. “Yük vaqonu”

(İki hissə və dörd pərdədən ibarət dram)

İŞTİRAK EDİRLƏR:
SARIGÜL
MUXTAR
ƏŞRƏF
ORDUXAN
(MAŞİNİST) SARVAN
(POLİS) NAĞDALI
SÜSƏN
RÖVŞƏN
(ZABİT) NÜSRƏT

BİRİNCİ HİSSƏ
Birinci pərdə
1-ci şəkil
Çöllükdə qaçqın düşərgəsi. Paslı və yararsız yük vaqonlarından biri…
Vaqonun yan divarında polietilenlə pərdələnmiş qapı və pəncərə quraşdırılıb… Qapının qarşısında enli sürahılı pilləkən var.
Qapıdan sağda, yerdə, vaqonun divarı qarşısında iri yemək stolu və arxasında söykənəcəksiz skamyalar var.
Vaqondan xeyli aralı, solda kərpiclərdən qurulmuş bir hündürlük, onun üstündə samovar və stəkanlar, yanında irili-xırdalı qablar var. – Kiçik yay mətbəxi.
Vaqonun arxasında elektrik dirəyi ucalır. Dirəyin yuxarısına reproduktor, aşağısına isə əl-üz yuyan bərkidilib. Vaqondan hər tərəfə uzanan iplərdən biri də dirəyə bağlanıb. İplərdən, yenicə yuyulub sərilmiş paltarlar, döşəkağılar və s. sallanır.
Hava qaralır. Sarıgül yeni yuduğu paltarları vaqonun qarşısından uzanan ipə sərməkdə davam edir. Fikirlidir. Hərdən nə etməli olduğunu yadına salır.

SARIGÜL                  (Elə bil kiminsə gəldiyini hiss edib əl saxlayır, amma heç yerə dönüb baxmır) Muxtar?.. (paltar sərməyinə davam edir) Eh, Muxtar… Yenə də qaş qaralanda gəlirsən…
Uzaqda, qaranlıqda Muxtar sezilməyə başlayır. O, tamam asta addımlarla, ətrafındakı mənzərəni seyr edə-edə Sarıgülə yaxınlaşır.
(davam edir) Bir-birimizi ilk dəfə görüb bəyənəndə də qaranlıq idi…
Muxtar heç nə danışmadan ipə paltar sərməkdə ona kömək edir.
Sonralar mənə hirslənəndə deyərdin ki, bundan sonra qaranlıqda qız bəyənənin… atasına lənət! Sənin ən ağır söyüşün elə bu idi, “atasına lənət!” Məktəbin zirzəmisindən silah anbarı tapılanda da dedin “bunu bura yığanın atasına lənət!”, bizə atəş açılanda da… yox, onda lap ağır söydün. “Atalarına lənət!” dedin (Qəhqəhəylə gülür) … “Atalarına lənət!”
Muxtar Sarıgüldən aralanıb, yorğun-yorğun pilləkəndə oturur.
Daha söymürsən. İndi daha söymürsən…
MUXTAR                  Amma sən bir şeyi unutmusan, Sarıgül. O gündən sonra mən həmişə cavanlara məsləhət görərdim ki, sevdikləri qızla qaranlıqda, Ay işığında söhbət eləsinlər. Qaranlıqda insanlar daha səmimi olurlar. Gün işığında gördüyün gözəllik səni aldada bilər. Diqqətini yayındırar. Amma qaranlıq kömək edir ki, insanın səsini duyasan. Səs aldatmaz, ürəkdən xəbər verər. Həyatda çox yanıldım, Sarıgül, amma sənin səsində mən yanılmadım, sənin ürəyinin səsində… Oğluma da sevəcəyi qızla qaranlıqda söhbət eləməyi məsləhət görəcəkdim…
SARIGÜL                  (Lətifə danışırmış kimi) Evin üstünü artırmaq istəyirdik. (gülür) Əlimizə düşəni materiala verirdik. Gücümüz-imkanımız nəyə çatırdısa, alıb qoyurduq ki, ikinci mərtəbəni tikək. Uşaq evlənənə qədər tikib qurtaracaqdıq. Hələ bilmirdik, kimə evlənəcək. Sən guya savadlı qız alacaqdın. Deyirdin erməni qızları savadlı olur. Mən də guya oğlumun qayğısına qalan bir qız alacaqdım, öz millətimizdən… Sən… (qəhqəhə çəkir) Hələ sən həyətin ortasında anbar düzəltmişdin ki… materialları gəlib oğurlamasınlar. (Sanki lətifənin finalını danışır) Material da yoxdu, anbar da yoxdu, Muxtar, ev də, uşaq da… Muxtar…
MUXTAR                  Bağışla məni, Sarıgül, səni xoşbəxtliyindən mən məhrum elədim. Əgər başqasına ərə getsəydin, indi bu qədər bədbəxt olmazdın.
SARIGÜL                  Bilirsən, indi oğlun haradadır? Mənim yanımda yoxdu, sənin yanına gəlməyib ki? Görməmisən onu?.. Hara getdi, ay Muxtar, bilmirəm, bilmirəm qurd-quş yedi, hara oldu? Nə səni qurd-quşdan qoruya bildim, nə sənin yadigarını.
Səhnənin qaranlıq dərinliyindən kimsə gəlir.
MUXTAR                  Mən hər şeyi korladım, mən. (Asta-asta qalxıb ətrafa boylanır) Mən getməli oldum. (Yavaş-yavaş uzaqlaşır. Vaqonu keçib, dərinliyə doğru gedir.) Çox qalmayıb, Sarıgül. Hər şey yaxşı olacaq. Gözlədiyindən də yaxşı… (qaranlıqda görünməz olandan sonra səsi gəlməyə davam edir) Sarıgül, mənim çiçəyim, inan mənə…
Vaqonun arxası ilə gələn Əşrəf əl-üz yuyana yaxınlaşır.
SARIGÜL                  Mən həmişə sənə inanmışam, Muxtar…
Yuyunmağa hazırlaşan Əşrəf bu sözləri eşidib bir əli ilə dirəyə dayaqlanıb fikrə gedir. Sonra yuyunmaq istəyəndə, suyun qurtardığını görür.”Yay mətbəxi”ndən su götürməyə gedir. Sarıgül onun gəldiyini görüb ayağa qalxır və vaqona girir. Əşrəf yuyunandan sonra gəlib vaqonun qarşısındakı yemək stolunun arxasında oturur.
(Əlində qazanla vaqonun qapısında görünür) Əşrəf qardaş, çay içəcəksən, yoxsa yemək yeyəcəksən?
ƏŞRƏF                      Çay içəcəm, gəlinbacı, çay içəcəm.
Sarıgül qazanı qoymaq üçün yenidən vaqona girir və oradan çıxıb pillələri enir. Samovara yaxınlaşıb onu qızdırmaqla əlləşir. Sonra tələsmədən, fikirli-fikirli boş vedrə və plastmas vannaları yerbəyer edir.
(davam edir) Çox üzürsən özünü, gəlinbacı, vallah çox üzürsən.
SARIGÜL                  Çox üzürsən deyəndə ki, ay Əşrəf qardaş, tək adamam, məndən nə gedir ki… məktəb yox, gedim müəllimliyimi eləyim. Sənin sözün olmasın, mən yumasam bunları kim yuyacaq? Nazlı xəstədi, o birilər də ki, başları uşaqlarına, ərlərinə qarışıb….
ƏŞRƏF                      (Tez söhbəti dəyişmək istəyir) Heç olmasa nəsə ye, rəngin ağappaqdır.
SARIGÜL                  İştaham yoxdu.
ƏŞRƏF                      İştahasız ye! İndi heç kəsin iştahası yoxdu. Hamı sağ qalmaq üçün yeyir!
Pauza.
SARIGÜL                  Bəlkə əsir düşüb? (ağlayır) Əsir düşübsə sağ qoymazlar. Bap-balaca uşağa işgəncə verib öldürəcəklər. Uşaq nə bilir hərbi sirləri…
ƏŞRƏF                      Sakit ol, gəlinbacı! Yenə başlama! Onsuz da çox çətin sınaqdı bu. Sən də tək deyilsən. Özünə ziyan eləmə!
SARIGÜL                  Nəyimiz var idi, verdik! İndi nə istəyirlər? Buraxsınlar balamı!
ƏŞRƏF                      Süsən hanı?
SARIGÜL                  Süsən bu gün gəlməyəcək. Bibisinin yanına gedib, şəhərə. Gecəni də orada qalacaq.
ƏŞRƏF                      (Sanki öz-özünə) Bir gün o da ilişib qalacaq bibisigildə… Onda daha sənə heç baxan da olmayacaq…
SARIGÜL                  Yox, yox. Elə demə. Süsən elə qız deyil. Sağ olsun, hara gəlin düşəcəksə, o evi xoşbəxt eləyəcək. O olmasa, mən lap dəli olaram. Mənə də çatır, nənəsinə də baxır. Hamıya çatır, hələ üstəlik norveçlərə də kömək eləyir. (Samovara yaxınlaşır).
Bu vaxt Orduxan daxil olur və Əşrəflə üz-üzə oturub tez söhbətə başlayır.
ORDUXAN               Təhməz də Rusiyaya getdi. Arifin oğlu.
ƏŞRƏF                  Gəlinbacı, Orduxana da çay gətir. (Orduxana) Neçə nəfər qaldı?
ORDUXAN               On iki. Yeddisi bizim düşərgədən. Qalanı o birilərdən. Hələ onların qərarlarını bilmirəm, gedəcəklər, yoxsa yox.
ƏŞRƏF                      Özləri bilərlər. Bu iş məcburi deyil. Özləri istəmişdilər. Yaxşı ki, bu arada vaxt oldu, kimin kim olduğunu bildik.
ORDUXAN               Əşrəf, ağrın alım, qardaş, bu illər ərzində evlənəni olub, ata olanlar olub.
ƏŞRƏF                      Mən bir söz demirəm ki.
Sarıgül iki stəkan çay gətirib Əşrəflə Orduxanın qabağına qoyur.
ORDUXAN               Nahaq demirsən də… (gözləyir ki, Sarıgül çayları qoyub getsin)
Sarıgül onların susduğunu görüb fikirli-fikirli gedir.
Nahaq demirsən! İndi sənin sözün çox şeyi həll edər. Dəstəmiz azala-azala gedir.
ƏŞRƏF                      Dəstəmiz… Azalsa yaxşıdı. Birdən olmadı elə, oldu belə, heç olmasa az adam tələf olar. Bir də, mən istəmirəm ki, sən “dəstəmiz” sözünü dilinə gətirəsən. Bu işdən də böyük şeylər umma. Mən o vaxt da dedim. Yaşamaq istəyənə aramızda yer yoxdu. Mən artıq ölmüşə hesabam. Kim özünün ölmüş olduğunu dərk eləyirsə, mənə elələri lazımdır.
ORDUXAN               Nahaq belə danışırsan. Burada, maşallah, ən diri adam sənsən. Hamı səni özünün ağsaqqalı kimi görür. Sən də belə deyirsənsə, bəs onda başqaları nə desin?
ƏŞRƏF                      Qardaşımı öldürdülər, Orduxan. (Sarıgül tərəfə boylanır, onun eşitmədiyinə əmin olur) Gəlinimiz dul qaldı. Oğlunu da itirdi. Nəslimizi kəsdilər. Evimizi əlimizdən aldılar. Amma mən qaçdım və sağ qaldım. Əgər onların gücündən qorxub qaçmasaydım, indi mən də ölmüş idim… Gecələr, sığındığımız dərənin dibindən qaranlıq göy üzündə vıyıltıyla uçuşan raketləri sayırdıq… O gündən bu canı mən özümdə girov saxlayıram, Orduxan. Çünki əgər sağ qalmışamsa, deməli çiynimdə bir borc var.
ORDUXAN               Qisas borcu?
ƏŞRƏF                      Orduxan, mən bilmirəm nə borcu. Bəlkə qocalar evində bir ac pişik məni gözləyir. Bəlkə ona görə sağ qalmışam ki, nə vaxtsa, qoca yaşımda itə-pişiyə baxıb yemək verməliyəm ki, acından ölməsin, bilmirəm. Onu bilirəm ki, bir borc var, o da çiyinlərimi əzir. Mən isə bu ağırlıq altında qocalmaq istəmirəm.
ORDUXAN               Bir-iki dəfə camaatı yığıb bu sözləri onlara desən, vallah hamı sənin başına yığışar. Sonra da gedib öz kəndimizi o oğraş ermənilərdən alarıq.
ƏŞRƏF                      Orduxan, bizim işimiz barədə heç yerdə danışmamısan ki?
ORDUXAN               Yox, Əşrəf! Danışmamışan. Məni nə hesab eləyirsən? Məgər bilmirəm, bu çox qorxulu məsələdi? Atəşkəsdən sonra güllə atanın qanı halaldı… Amma heyif ki, heç yerdə danışmamışam. Bəlkə danışsaydım böyük bir ordu yığa bilərdik.
ƏŞRƏF                      Sən o fikirləri başından at. Yaxşı olar ki, sabah o dörd nəfəri də gör, mənim sənə dediyim yeri nişan ver, harada gözləməli olduqlarını başa sal. Birisi gün bu işin axırına çıxaq. Allah köməyimiz olsun. O dörd adam ki, sən deyirsən, necə adamlardı? Aralarında kəşfiyyatçı var?
ORDUXAN               Nə dörd? Yeddi nəfər var. Yeddisi də kəşfiyyatçıdır. Sən kəşfiyyatçı demişdin, mən də onları axtarıb tapmışam. Sabah qalan üçü ilə də görüşməliyəm.
ƏŞRƏF                      Vaxt gözləmir. Özün görürsən ki, dayandıqca, adamları itiririk. Üç nəfər sonra da qoşula bilər. Məndə açar var. Hələ paslamayıb. Əsas, bir yerdir, oraya baxıb, sonra sağ-salamat geriyə dönməkdir. Qalanı mənlikdir. Bax onda istədiyin qədər yaxşı döyüşə bilən adamlardan toplaya bilərsən. Heyif, qardaşım öldü, canlı xəritə idi rəhmətlik. Amma mən də o yerləri pis tanımıram… (pauza) Yaxşı, Orduxan, gecə düşür. Sən səhərə hazırlaş. De ki, birisigün ertədən bizimkilər dayanan postun bir kilometrliyində görüşəcəyik. Sən özün burda qalarsan…
Sarıgül onlara yaxınlaşır və masanın arxasında oturub çay içir. Orduxanın demək istədiyi söz ağzında qalır.
SARIGÜL                  Deyirəm, bəlkə böyüyüb hardasa, evlənib qalıb, indi də gəlməyə utanır… Nahaq utanır. Arvadını da uşaqlarını da götürüb gəlsin, bu tək anasına baş çəksin. Vallah heç nə eləmərəm…
ORDUXAN               (Axır dözə bilmir) Necə yəni, burda qalaram, nə danışırsan?
ƏŞRƏF                      Sənin yaşın daha o yaş deyil. Mənə baxma, mən idmançı adamam.
Sarıgül fikirli halda masa arxasından qalxıb vaqona sarı gedir və pilləkəndə oturur.
ORDUXAN               Sən nə vaxtdan idmançı oldun, ay Əşrəf? Sən idman müəllimi olmusan. Müəllim!.. İdmançı başqa şeydi.
ƏŞRƏF                      Sən burada lazımsan. İkimizin də bir gündə yoxa çıxmağımız camaatı şübhələndirər. Uşaq oyunu deyil bu. Gəl, sənin yardımını verim, apar. (Cibindən dəftər-qələm çıxarıb qoyur stola)
ORDUXAN               Nazlı arvadınkını da ver aparım.
SARIGÜL                  Süsən aparar.
ƏŞRƏF                      Süsən gələnə qədər nə yesin bəs? (Orduxana) Onda Nazlının da yerinə qol çək!
Cibindən açar dəsti çıxarır, yandakı vaqonuna sarı gedib görünməz olur.
Orduxan dəftəri vərəqləyib iki yerdə qol çəkir. Sarıgül stəkanları yığışdırır.
Soldakı vaqon tərəfdən Maşinist Sarvan peyda olur. O, arıq qoca kişidir. Əynində nimdaş maşinist geyimi və başında ona uyğun furajka var. Sinəsindən bir neçə orden asılıb. Sarvanın xəstə görkəmi var. Pilləkənə çatıb dayanır.
SARVAN                   Siz bu vaqonları boşaltsaz yaxşıdı.
SARIGÜL                  (Pilləkəni qalxa-qalxa) Darıxma, ay dəli, az qalıb, inşallah evimizə qayıdan kimi, qaytaracağıq sizin paslı vaqonlarınızı. (vaqona girib qapını arxasınca bağlayır)
Vaqonun içində işıq sönür. Əşrəf əlində iki yeşiklə qayıdır.
SARVAN                   Paslı vaqonlarınızı… paslı vaqon… Xoşunuza gəlmirsə, bəs niyə içində yaşayırsız? Sizin deyil axı bu paslı vaqonlar. Hamısı hökumətindi. Zəbt eləyib oturmusuz, indi də bəyənmirsiz.
ƏŞRƏF                      Kişi, gəl otur, bizimlə bir çay iç. Qorxma, vaqonların heç yerə qaçmır.
SARVAN                   Niyə qaçmır?
ORDUXAN               Çünki yararsızdır. Heç kəsə lazım deyil sənin vaqonların. Təkərləri də çoxdan relsə qaynayıb yapışıb.
Əşrəf yeşikləri Orduxanın yanına qoyub, Sarvan üçün çay gətirməyə gedir.
SARVAN                   Siz bilirsiz bu vaqonlar niyə getmir?
ORDUXAN               Sürən yoxdur, ona görə.
SARVAN                   (Özünə işarə edir) Sürən var. Vaqonlar da var! Relslər də var! Yol da açıqdır! Amma getmir. Niyə?! Bilirsiz? (cavab gözləmədən) Bilmirsiz. Çünki əmr yoxdu. Elə bilirsiz bunu dartan lokomotiv də pas atıb? Xeyr! Lokomotiv cağbacağdı! Amma o indi başqa vaqonları dartır. Mən qırx il maşinist işləmişəm. Yerevan-Bakı! Bakı-Yerevan! Sonra da Yerevan-Moskva! Sosialist əməyi qəhrəmanıyam! Mən istəsəydim qatarı relsindən çıxarıb evimin qapısına sürərdim. Hamı da inanırdı ki, mən bunu eləyərəm. Amma indi bunu yerindən tərpədə bilmirəm. Niyə tərpədə bilmirəm?! Çünki yuxarıdan əmr yoxdu. (pauza) İndi gecələr qulağıma qatar səsi gəlməyəndə, gözümə yuxu getmir. Qatar səsi laylama çevrilib, paslı vaqon beşiyimə… (öz sözlərindən kövrəlir, əlinin dalıyla gözlərini silir.)
ƏŞRƏF                      Çayını iç, Sarvan kişi, soyutma!
SARVAN                   (Çaydan qurtum alır) Bilirəm, sizi gecələr yatmağa qoymuram… (birdən yeni həvəslə) Yox, siz bilmirsiz! Mən o tırık-tırıkın hər tıkk-ından bilirəm ki, neçənci vaqonun, neçənci təkəri relsin neçənci tikiş yerinə toxunur, özü də sağ təkərdir, yoxsa sol. Mənim hətta səmərələşdirici təklifim də olmuşdu.
ƏŞRƏF                      Nə təklif idi o?
SARVAN                   Mən təklif eləmişdim, yol boyu qatarın səsini lentə yazsınlar, əgər qəza olarsa, mən o lent yazısına qulaq asıb nə səbəbdən qəza olduğunu onlara deyim.
ORDUXAN               Sən dediyin qara qutudur. Təyyarədə olur.
SARVAN                   Bir axıra qədər qulaq as da… Hə, qara qutudu, amma qatarlar üçün.
ƏŞRƏF                      Bəs axırı nə oldu?
SARVAN                   Nə olacaq? Səmərəsiz olduğunu dedilər. Həm baha başa gəlir, həm də səmərə əmsalı aşağıdır dedilər. (Çay içir) Gəlmişdilər də… (Pauza. Çay içir)
ƏŞRƏF                      Kim gəlmişdi?
SARVAN                   Kim gələcək? Həkimlər. Mən hələ Yerevanda olanda.
ORDUXAN               Nə dedilər?
SARVAN                   Dedilər qorxusu yoxdu. Meşə xəstəliyidi, peşə xəstəliyidi, nədi, ondandı. Qorxusu da yoxdu, çarəsi də yoxdu…
ORDUXAN               Ay Sarvan kişi, bəs sən düşməndən nə gözləyirdin?
SARVAN                   Yox, o vaxt hələ ara qarışmamışdı… Sözüm onda deyil. Yəni demək istəyirəm ki, nə qədər bu vaqonları tez boşaldıb təhvil versəz, bir o qədər yaxşı olar. Qoca, xəstə adamam. Nə mən sizi incidim, nə siz məni. Siz də gedin hamı kimi çadırlar olan yerə.
ORDUXAN               Sarvan kişi, sən Əşrəfi yaxşı tanımırsan. Vaxt var idi, Əşrəf də, Sarıgül bacı da çadırlarda yaşayırdılar. Təzə köç gələndə, çöldə qalmasınlar deyə ikisi də öz çadırlarını onlara verdilər…
ƏŞRƏF                      Sarvan kişi, sən narahat olma, biz burada müvəqqətiyik. Sənin maqnitafonunun səsi də bizi heç qorxutmur. Biz elə səslər eşitmişik ki…
SARVAN                   (Ayağa qalxıb getməyə hazırlaşır) Mən sözümü dedim… (Öz vaqonuna sarı – sol tərəfə gedə-gedə danışır) Birdən əmr gəlsə, nə mən pis vəziyyətdə qalım, nə siz… Hökumətin inventarıdı… (gözdən itir)
ORDUXAN               Yaxşı, Əşrəf, daha gecdi.
ƏŞRƏF                      Gəlinbacı hara getdi?
ORDUXAN               Girdi evə, daha çıxmadı. Yuxulayır yəqin, narahat eləmə, yazıqdı, yorğundu. Qoy yatsın.
Orduxan səs eşidib qaranlıq düşərgəyə tərəf boylanır.
ƏŞRƏF                      Nəyə baxırsan?
ORDUXAN               Kimsə gəlir.
Qaranlıqdan POLİS NAĞDALI çıxıb onlara yaxınlaşır.
NAĞDALI                 Əşrəf kimdi?
Əşrəflə Orduxan təəccüb və qorxu ilə baxışırlar.
ƏŞRƏF                      Hansı Əşrəf?
NAĞDALI                 Mən nə bilim hansı Əşrəf? (Cibini eşələyir) İki nəfər adamsız. Aranızda çox Əşrəf var? (Nəhayət ki, cibindən əzik kağız çıxarır, işığa tutub oxuyur) Əşrəf Qəribzadə!
ƏŞRƏF                      Mənəm.
NAĞDALI                 Çadırlar hardadı?
ƏŞRƏF                      Burdan o tərəfə boylansan, hamısını görəcəksən.
NAĞDALI                 A kişi, mənə təzə boş çadır lazımdı. Dedilər ki, çadırı sən paylayırsan. Mənə lazım deyil ey, köç gəlib gözləyir.
ƏŞRƏF                      Nə köç?! Yenə hansı rayonu alıblar?
NAĞDALI                 Heç birini almayıblar. Rayon almaq daha qurtardı. Ağlın o vaxta getməsin. Bu qadının yel xəstəliyi var deyə arana göndəriblər.
ORDUXAN               Ay oğul nə top-tüfənglə gəlmisən? Elə bil erməni üstünə gəlmisən. Bir otur dincini al.
NAĞDALI                 (Oturur) Day-day, iş başındayam. Gecə vaxtı kimi yuxudan oyadıb, şəhərdən on beş km aralıdakı çöllüyə göndərsələr, o da belə danışar.
ƏŞRƏF                      (Gülür) Biz bu çöllükdə yaşayırıq, özü də çoxdan, amma sənin kimi danışmırıq. (Orduxana, amma öz-özü ilə danışırmış kimi) Bütün bunlar ona işarədir ki, tərpənmək vaxtı çatıb.
NAĞDALI                 (Masadakı yarımçıq çayı görür) Bir stəkan çay olmaz içməyə?
ƏŞRƏF                      Qonaq üçün olar. Amma deyəsən soyuq olacaq. (Samovara tərəf gedir.) Orduxan, get sürücüyə de, maşını sürsün bura.
ORDUXAN               Bura niyə?
ƏŞRƏF                      Gəlsin mənim vaqonumda qalsın.
Orduxan donub qalıb. Bilmir nə cavab versin.
Get. Mən başımı soxmağa bir yer taparam.
ORDUXAN               Əgər Kamaz Sabirdirsə, sürməyəcək.
ƏŞRƏF                      Qələt eləyəcək Kamaz Sabir. De ki, gəlsin yardımını da götürsün. Yardım adını eşidən kimi sürəcək.
Orduxan çıxır.
NAĞDALI             (Qaranlığa qışqırır) Əgər yardıma da gəlməsə, de ki, dalınca polis gələcək! (gülür və pauzadan sonra Əşrəfə) Siz niyə vaqonda qalırsız?
ƏŞRƏF                      Bizə çadır çatmayıb.
NAĞDALI                 Necə yəni? Çadırları paylayan sənsən, özünə saxlamamısan?
ƏŞRƏF                      Əgər sən paylasaydın, balaca-balaca uşaqları çöldə qoyub özünə çadır götürərdin?
Nağdalı cavab vermir. Ətrafa baxır.
Mən gedim. Vaqonda bir-iki şey var, onları çıxarım.
NAĞDALI                 Onda mən də gedim, Kamaz Sabirə, deyəsən, kömək lazımdı.
Nağdalı da gedəndən sonra, kimsəsizlik yaranır və bu vaxt vaqonun qapısı açılır. Yuxulu Sarıgül pilləkənin başında dayanıb ətrafa boylanır.
SARIGÜL                  (yuxulu və asta səslə çağırır) Muxtar…
Sarıgül yenidən vaqona girib qapını bağlayır.
Dirəyin başındakı reproduktordan şütüyən qatarın səsi eşidilməyə başlayır.

Qaranlq çökür.

2-ci şəkil
Səhərdir. Qatar səsi artıq eşidilmir. Əşrəf vaqonun qarşısında, stolun arxasındakı skamyada adyala bürünüb yuxulayır. Başı da adyalın altında olduğundan ilk baxışda orada adam yatdığı nəzərə çarpmır.
Skamyanın arxasında, vaqonun çöl divarından xalça sallanıb. Xalçadan qədim bir tüfəng asılıb, yanından da bir boğça sallanıb.
Süsən vaqona yaxınlaşır və ipdəki paltarların quruluğunu yoxlayır. Bir neçə qurumuş döşəkağını ipdən götürür və vaqonun qapısına yaxınlaşır.
SÜSƏN                      (Çağırır) Sarıgül xala! Sarıgül xala!
Səsə Əşrəf oyanıb tərpənir.
(Qorxub qışqırır və skamyanın üstündəkinə baxa-baxa geriyə çəkilir.) Sarıgül xala!
ƏŞRƏF                      (Axır ki başını adyalın altından çıxarır) Süsən, qızım, gəlmisən?
SÜSƏN                      Əşrəf dayı? Qurxutduz məni. Burda niyə yatmısız?
ƏŞRƏF                      (Əsnəyən yerdə gülmək tutur) Evdən qovublar.
SÜSƏN                      (Pərt olmuş) Əşrəf dayı, bu dəhşətə hələ gülə də bilirsiz… Amma mən gülə bilmirəm.
ƏŞRƏF                      Vay, qızım, incimə, mən ev deyəndə, bu vaqonu nəzərdə tuturdum.
SÜSƏN                      Bu vaqonu? Ola bilməz! Kim çıxarıb sizi? Bu qoca? İndi mən gedib onun abırını bükərəm!
ƏŞRƏF                      Yox, yox, Süsən qızım, işin olmasın. Zarafat eləyirəm. Heç kəs məni bayıra çıxarmayıb. Köç gəlib, vaqonu vermişəm. Amma öz aramızda qalsın ha.
SÜSƏN                      Arxayin ol, Əşrəf dayı. Sənin bu sirrindən heç kim xəbər tutmayacaq.
Səsə Sarıgül çıxır.
SARIGÜL                  Hə… Süsən, sənsən? (Gözü Əşrəfə sataşır) Əşrəf, bu nə görkəmdi? Gecəni yatmamısan?
ƏŞRƏF                      Yatmışam, ay gəlinbacı.
SÜSƏN                      Təzə köç gəlib, Əşrəf dayı vaqonunu verib onlara. Özü də burda yatıb. (Skamyanı göstərir)
ƏŞRƏF                      Yaman sirr saxladın ha… Bu hulqum söhbəti düzdür, deyəsən.
SARIGÜL                  Burda niyə? Öz vaqonunda özünə bir yer tapılmadı?
ƏŞRƏF                      Gələn qadındır.
SARIGÜL                  Tüfəngi niyə açığa qoymusan? Gəlib əlindən alarlar.
ƏŞRƏF                      Qorxma, gəlinbacı. Əlimdən almazlar. Bu tüfəng təhlükəli deyil. Əsl tüfəngləri isə çoxdan yığıblar. Dava vaxtı. Bu isə muzey malıdı. Babamızdan qalan yeganə miras. Bizim kimi bu da müvəqqəti asılıb burdan. (Öskürür)
SARIGÜL                  Soyuqlamısan. Gərək məni oyadardın. Deyərdin, içəridə yer salardım, yatardın.
ƏŞRƏF                      Səni narahat eləmək istəmədim. Açıq havada yatmağın ayrı ləzzəti var.
SARIGÜL                  Açıq havada yatmağın bizim üçün heç bir ləzzəti ola bilməz. Dur! Dur, get içəridə yat. Yəqin ki, gecəni qatar səsindən yata bilməmisən. Üzündən görünür.
Əşrəf qalxır və vaqona girmək istəyir.
Əşrəf qardaş, bu təzə gələnlər kimdi?
ƏŞRƏF                      Bir xəstə qadındı. Yazıq ayağını yerə basa bilmir. (İçəri girib qapını örtür)
SARIGÜL                  Süsən.
SÜSƏN                      Bəli.
SARIGÜL                  Bibingil necədi?
SÜSƏN                      Pis deyillər. Sənə salam dedilər.
Vaqonun qapısı açılır. Əşrəf əlində qazanla çıxır.
ƏŞRƏF                      Gəlinbacı, apar bu yeməyi ver o qadına. (Özünün vaqonunu göstərir) Qızdırıb yesin.
SARIGÜL                  O sənin payındı.
ƏŞRƏF                      Mən yeməyəcəm. Bütün günü yol gəlib. Yolda hələ maşın da xarab olub. Ona görə gecə çatıb. Apar ver. Mən bir-iki saat yatım.
Sarıgül qazanı götürür, Əşrəf yenidən vaqona girib qapını bağlayır. Süsən artıq paltarları yığıb qurtarır.
SÜSƏN                      Mən də paltarları aparım.
SARIGÜL                  Sən paltarları apar, qızım. Bir də, bax, orada xlor varsa gətir, məndəki daha qurtarır.
Hər ikisi çıxır, ara-sıra yaxınlıqdakı göldən qamışlığın xışıltısı, və qurbağa qurultusu eşidilir.
Belində rükzak olan bir yeniyetmə oğlan, sanki hər detalı tədqiq edirmiş kimi, boylana-boylana vaqona yaxınlaşır. Vaqonun çölüzündən asılmış xalçanı görüb dayanır, bir müddət xalçaya tamaşa edir, sonra astaca yaxınlaşıb tüfəngə, sonra onun yanından asılmış boğçaya toxunur. Belindən rükzakı çıxarıb stolun üstünə qoyur, açır, içindən kağıza bükülmüş buterbrod çıxarır. Stol arxasında yerini rahatlayır və yeməyə başlayır. Bu – RÖVŞƏNDİR.
Süsən tələsə-tələsə gəlir. Qəfil Rövşəni görüb diksinir.
RÖVŞƏN                  (Cəld ayağa qalxır, tez saçına sığal verib özünü düzəldir) Yəni mən o qədər qorxuluyam?
SÜSƏN                      Sizə kim lazımdı?
RÖVŞƏN                  (Əlində tutduğu buterbrodu ona uzadır) Aclığın var?
SÜSƏN                      Kimsən bilmirəm, danışığına fikir ver. Səndən soruşuram kim lazımdır?
RÖVŞƏN                  Qəşəng qız! Mən ki, səni gördüm, mənə daha heç kim lazım deyil.
SÜSƏN                      Sırtıqlığına söz ola bilməz! İndi isə, necə gəlmisənsə, elə də uzaqlaş buradan, yoxsa pis olar.
RÖVŞƏN                  Kobudluq sənə yaraşmır.
SÜSƏN                      Mən bilərəm, mənə nə yaraşır, nə yox. Bir azdan belə danışmayacaqsan.
RÖVŞƏN                  O-o, falçılığın da varmış.
SÜSƏN                      Sən kimsən ey?
RÖVŞƏN                  Aha! Deməli birinci sualın cavabı qəbul olundu. Mənə kim lazım olduğunu bildin. Keçək ikinciyə. Mən kiməm? Mən – ağ atlı oğlan, yuxuda buta verilmiş şahzadə.
SÜSƏN                      Turistə daha çox oxşayırsan. Hardan gəlmisən?
RÖVŞƏN                  Bakıdan.
SÜSƏN                      Gözüm aydın. Elə sırtıqlığından görünür.
RÖVŞƏN                  Bakılılar haqqında səhv fikirdəsən, gözəl.
SÜSƏN                      Mən onlar haqqında heç fikirləşmirəm də.
RÖVŞƏN                  Vacib deyil, onsuz da mən bakılı deyiləm.
SÜSƏN                      O daha sənin öz problemindi. Getmək fikrin yoxdu?
RÖVŞƏN                  Qoy heç olmasa, yeməyimi rahat yeyim qurtarım.
SÜSƏN                      Adamda üz də yaxşı şeydi.
RÖVŞƏN                  (çeynəyə-çeynəyə) Çox sağ ol. Olar oturum?
Süsən cavab vermir, əvəzində narazılıqla başını bulayır və həyəti süpürməyə başlayır. Rövşən oturub tələsmədən buterbrodunu yeyir.
Sarıgül əlində boş qazanla qayıdır. Birdən Rövşəni görüb dayanır.
SARIGÜL                  (Həyəcanla) Süsən, bu oğlan kimdi?
SÜSƏN                      Bilmirəm, Sarıgül xala! Bayaqdan gəlib oturub burda.
RÖVŞƏN                  (Güclə eşidiləcək) Mənəm, ana…
SÜSƏN                      Səhərdən min dəfə demişəm ki, çıxıb getsin… Səhv gəlib…
RÖVŞƏN                  Bu qız məni qovur, ana!
SÜSƏN                      Getmək bilmir…
SARIGÜL                  Muxtar… Muxtar!.. (Huşunu itirir, yıxılır, qazan əlindən düşür)
SÜSƏN                      Sarıgül xala, nooldu sənə? (Sarıgülə köməyə qaçır)
Vaqondan Əşrəf çıxır.
ƏŞRƏF                      Nə var, nə olub?!
RÖVŞƏN                  (Əşrəfi görür) Nə?! Muxtar?! Mənim atam? (Qaçıb gedir)
ƏŞRƏF                      O kim idi? Nə olub gəlinbacıya? Tüfəng yerindədi?
SÜSƏN                      Bilmirəm kim idi, hardan gəlmişdi. Sarıgül xalaya ana dedi. Sarıgül xala yıxıldı.
ƏŞRƏF                      İt küçüyü! Hər kimdirsə, tutsam onu təpiyimin altına salacam.
Əşrəf əlində su dolu stəkanla Sarıgülə yaxınlaşır.
SÜSƏN                      (Stəkanı Əşrəfin əlindən götürüb Sarıgülə su içirməyə çalışır) Çox döyməyərsiz, Əşrəf əmi.
ƏŞRƏF                      Tanımadın kim idi?
SÜSƏN                      Yox, tanımadım. (Pauza) Bəlkə…
ƏŞRƏF                      Bəlkə nə?!.
SÜSƏN                      Bəlkə doğrudan da Sarıgül xalanın oğlu idi?..
ƏŞRƏF                      Sus!
SÜSƏN                      Əşrəf əmi… Uzaqdan gələn idi… Dedi guya Bakıdan gəlib.
ƏŞRƏF                      (Birdən fikrə gedir) Əlbəttə… əlbəttə… Yox!.. Ola bilməz!.. Ola bilməz!..
SÜSƏN                      Niyə ola bilməz? Axı onun itkin düşdüyünü özünüz demişdiz.
ƏŞRƏF                      Sus, qızım! Biz o qədər axtardıq, o qədər gözlədik, bir şey çıxmadı. Bir də yenidənmi başlayaq? Anası nələr çəkdi… Əzaba salma bizi. (Pauza) Mən başqa nə deyə bilərdim ki? Sonralar nə ölüsünə rast gəldim, nə dirisinə. Üstündən altı il keçib. Heç bir xəbərini eşitməmişəm. Axırıncı dəfə onu qaçan gördüm. Sonra da aramsız partlayan raketləri.
SÜSƏN                      Onda qaç, Əşrəf əmi, hər kim olur-olsun, tut onu yaxşıca əzişdir.
ƏŞRƏF                      Əzişdir nədi? Qabırğalarını qıracam! Düzü bilmirəm alınacaq, yoxsa yox… Heç vaxt özümdən balacaları döyməmişəm… Mən qaçdım (Tələsik gedir)
Sarıgül yavaş-yavaş özünə gəlir.
SARIGÜL                  Mənə nə olmuşdu?
SÜSƏN                      Heç,  Sarıgül xala. Bir az başın fırlanıb. Özünə fikir vermirsən. Nə qədər ac-acına işləmək olar?
SARIGÜL                  Deyəsən, möhkəmcə əzilmişəm. Hər yerim ağrıyır. (Birdən qışqırır) Süsən! Oğlum gəlmişdi, gördün?
SÜSƏN                      Yox, Sarıgül xala, sənə elə gəlib.
SARIGÜL                  Həmişə Muxtar gələndə başqa cür gəlir. Amma bunun qoxusunu da duyurdum. (Pauza) Gördüyüm yuxudan heç nə baş açmadım, amma nə isə baş verir. Axırı xeyir olsun. Muxtar da bunu deyirdi yəqin.
SÜSƏN                      Nə deyirdi?
SARIGÜL                  Hər şey yaxşı olacaq deyirdi. Süsən! Görəsən o mənim oğlum olar?
SÜSƏN                      Sarıgül xala… Gəl içəri girək, bir az uzan, özünə gəl.
SARIGÜL                  Amma səsi o deyildi. Səsi yaman yoğunlaşıb. Elə dünən Muxtar da səsdən danışırdı…
SÜSƏN                      Gəl… (Qalxmağa kömək edir) Sənə qəşəng bir çay dəmləyərəm.
SARIGÜL                  Hə, deyəsən uzanmalı olacam. Gərək bağışlayasan, hər yerim əzilib, sənə kömək edə bilmirəm. (Vaqona girməyə hazırlaşır)
Əşrəf və Rövşən tələsik daxil olurlar.
RÖVŞƏN                  Ana!
Sarıgül bir müddət səsə doğru baxır, sonra pilləkəni enib, hərdənbir Süsənə baxa-baxa Rövşənə tərəf gedir, Rövşən də öz növbəsində Sarıgülə tərəf gedir. Onlar qucaqlaşırlar.
Qaranlıq.

İkinci pərdə

3 – cü şəkil.
Axşamüstüdür.
Süsən dirəyə bağlanmış zivədəki ağlardan birini götürüb səhnənin önünə gəlir və tasın qarşısında dayanıb onu səliqə ilə qatlamağa başlayır. Qatlaya-qatlaya sanki fikrə gedir və tasdakı ağları səssizcə saymağa başlayır. Sonra tası qaldırıb altına baxır. Vaqonun arxasından sifətinəcən döşəkağıya bürünmüş Rövşən çıxır və asta addımlarla Süsənə tərəf gəlməyə başlayır. Süsən onu görüb əlini belinə qoyur və ona tamaşa eləməyə başlayır.
RÖVŞƏN                  Vaxt vardı mən də hər şeyi sənin kimi əli belimdə seyr edərdim. İndi isə mən bu torpağın nakam bir kabusuna çevrilmişəm.  Bəli, mən bu yerlərdən nakam köçmüş bir gəncin kabusuyam. “Sevirəm” kəlməsi dilimdə, çiçəyim burnumda…
SÜSƏN                      (davam edir) …ağlın topuğunda… (Rövşənin başından ağı çəkib götürür)
RÖVŞƏN                  Qoçaq qızsan. Heç ölülərdən də qorxmursan?
SÜSƏN                      Qorxacaq yerim qalmayıb, indi daha çox dirilərdən qorxuram.
RÖVŞƏN                  Bəs ölülərin ruhlarından necə? Onlardan da qorxmursan?
SÜSƏN                      Həqiqi ruhlar məsum olurlar, heç kəslə işləri olmur, sırtığına hələ rast gəlməmişəm.
RÖVŞƏN                  Yəni mənim kimi?
SÜSƏN                      Sənə təcili bir məsləhət verim. Bir də belə zarafat eləmə! Birdən mən olmaram, Sarıgül xala olar! Yazıq təzə-təzə özünə gəlməyə başlayır.
RÖVŞƏN                  Deməli, zarafat eləmək də qadağan olundu! Yeri gəlmişkən, anam hanı?
SÜSƏN                      Qonşuda. Telli xalaya qulluq edir.
RÖVŞƏN                  Onun özünə qulluq edən lazımdır.
SÜSƏN                      Onun özünə də mən qulluq edirəm.
RÖVŞƏN                  Əlbəttə, onu bilirəm… amma… bəs… bu Telli xala kimdi?
SÜSƏN                      Əşrəf əminin vaqonunda qalan xəstə qadın. Beşinci dəfədir deyirəm. Qonşularının adını yadında saxlamağı öyrən. Anan gecə-gündüz ona qulluq edir. Sənsə heç adını da yadında saxlaya bilmirsən. O mələfə dolu tası görürsən?
RÖVŞƏN                  Hə! Telli xalanındı?
SÜSƏN                      Yox! Götür, getdik!
RÖVŞƏN                  Baş üstə! Nökər nədi, bekar nədi?
Rövşən tası götürür, Süsənin ardınca gedir. Vaqonun qapısına çatanda, qapıdan Sarıgül əlində bir albomla çıxır. Süsən və Rövşən təəccüblə dayanmalı olurlar.
SÜSƏN                      Bıy. Sarıgül xala?!
RÖVŞƏN                  Ana?! Eşitdim qonşudasan.
SARIGÜL                  Qonşuda olmayıb, bəs harda olacam? Yanında bir adam olmalıdır, ya yox?
RÖVŞƏN                  Əlindəki nədir?! Şəkillərdi? Bizim şəkillərdi?
SARIGÜL                  Bizim olmayıb, kimin olacaq? Haydı, öz işinizlə məşğul olun.
Sarıgül qonşu vaqona tərəf gedir.
RÖVŞƏN                  Əslində bu mənim işim deyil.
Süsən, arxasınca da Rövşən səhnədən çıxırlar. Sarıgül geri qayıdıb pilləkənə çıxır və məmnun-məmnun onların arxasınca boylanır. Bu vaxt əks tərəfdən yaxınlaşan və dayanan maşın səsi eşidilir.
Əşrəf gəlir, əlindəki böyük polietilen parçalarını masanın üstünə qoyur və vaqonun divarını baxışları ilə ölçməyə başlayır. Sonra parçaları açıb ölçürmüş kimi vaqonun bir qırağına yapışdırır. Hamısını açıb üst-üstə düzür və fikirli-fikirli onlara tamaşa edir. Sarıgül dinmədən onu müşahidə edir, sonra pillələri enib Əşrəfə yaxınlaşır.
ƏŞRƏF                      Bu boyda düşərgədə bir adamda metrə olmadı ki, adam kimi ölçü götürüm.
SARIGÜL                  Özündə var idi axı.
ƏŞRƏF                      Özümdəki gəzir, çadırbaçadır, heç kəs də tuta bilmir.
SARIGÜL                  Gəzirsə, nə vaxtsa gəlib sənə də baş çəkəcək.
ƏŞRƏF                      O gələnə qədər ditdililər axırıma çıxar. Səhərə skeletim qalar.
SARIGÜL                  İşin çoxdu?
ƏŞRƏF                      Belə getsə deyəsən çoxdu.
SARIGÜL                  Onda saxla, gecə düşür. Bu gecəni də Orduxanın maşınında yat, sabah düzəldərsən.
ƏŞRƏF                      Orduxanın maşını bu gecə Orduxanın özünə lazımdır.
SARIGÜL                  Nə olub? Onu da çölə qovublar? İkiniz bir maşına yerləşməzsiz?
ƏŞRƏF                      Maşın Orduxana şəhərə getmək üçün lazımdır.
SARIGÜL                  Bu gecə vaxtı şəhərdə nə işi var? Olmaz ki, sabah getsin? O getsin, sən də ertədən başla işini gör.
ƏŞRƏF                      Ay gəlinbacı, nə olub ki, bizi qaçhaqova salmısan?
SARIGÜL                  Əksinə, mən deyirəm ki, qaçhaqaçla iş görməyin, rahatlıqla görün.
ƏŞRƏF                      Lap tutaq ki, bunlar evləndilər. Hə!
SARIGÜL                  Hə!
ƏŞRƏF                      Hə! Sonra?! Harda yaşayacaqlar?
SARIGÜL                  Bir-birilərinin yanında.
ƏŞRƏF                      Bu da olsun bir ay, iki ay, üç ay… Qabaqdan qış gəlir, ay gəlin bacı. Sonra bunların uşaqları olacaq?
SARIGÜL                  İnşallah!
Əşrəf hirslə əlindəkiləri stola çırpır.
Qardaşının bircə dənə balası var! Əgər evlənməsə, vallah buralarda dayanmayacaq. Mən onu bir də itirmək istəmirəm. İstəyirsən yenə qaçıb getsin? İstəmirsən evlənib xoşbəxt olsun?
ƏŞRƏF                      Nə bilirsən? Bəlkə evlənməsə daha xoşbəxt olacaq?
SARIGÜL                  Yaxşı, bəs neyləsin? Subay qalsın sənin kimi? Süsən kimi qızı bir də o haradan tapacaq?
ƏŞRƏF                      Heç yerdən. Amma Süsən sənin xoşuna gəlir, imkan ver, onun da xoşuna gəlsin. İmkan ver, bir-birilərini daha yaxşı tanısınlar. Nə bilirsən, bəlkə araları dəydi? Bəlkə ziyanın yarısından vaxtında qayıda bildilər?
SARIGÜL                  Mən də onu deyirəm də, imkan verək bir-birilərini tanısınlar. Sən Allah onlar qayıdanda buralarda görünmə. Rövşən səndən yaman çəkinir.
ƏŞRƏF                      Oldu! Gedirəm! (Sarıgülün onu sınayıcı nəzərlərlə süzdüyünü görür) Gedirəm, dayanmıram burda, gedirəm!
Sarıgül gedir. Əşrəf üzünü vaqona çevirib yenə təxmini ölçü götürür. Öz boyu hündürlüyünü ölçüb vaqonun divarına yerdən tapdığı daşla iz qoyur.

ƏŞRƏF                      (Öz-özünə deyinir) Sizin kimi evlilərdən mənim kimi subay yaxşıdı. Ən azından harda istəsəm, orda da yata bilirəm.
Orduxan əlində balta və taxtalarla gəlir.
Evliləri görürük. Orduxan da evlidi. Barmağı bala batıb. (Çevrilib Orduxanı görür)
ORDUXAN               Hansı Orduxan?
ƏŞRƏF                      Elə hamısı. Sən də gələndə xəbər elə də.
ORDUXAN               Nəyi xəbər eləyim? İkimiz bir yerdə gəlmədik? Yük yerindən bu baltanı axtarırdım.
ƏŞRƏF                      Baltanı neynirsən? Mənə çəkic lazımdır.
ORDUXAN               Bu tərəfi baltadı, bu tərəfi çəkic.
ƏŞRƏF                      Balta ağırdı axı.
ORDUXAN               Hə. Balta çox ağırdı. Əslində sən düz deyirsən. Doğrudur, mən heç vaxt şikayət eləmirəm, amma bir Allah bilir ki, evli Orduxan nələr çəkir.
ƏŞRƏF                      Hə! Görürsən? İndi gəlinbacı gələndə, nələr çəkdiyini ona danışarsan. Bəlkə onda uşağı evləndirmək fikrini başından ata!
ORDUXAN               Bəs uşaq özü evlənmək istəyir?
ƏŞRƏF                      Nə bilim! Onun tapılması mənə yetər. Qalan şeylər haqqında fikirləşmirəm. Sənə onun necə itməsini danışmışdım?
ORDUXAN               Sən mənə onun öldüyünü demişdin.
ƏŞRƏF                      Biz otuza yaxın adamla açıq yük maşınında aşırımı dönəndə ehtiyat üçün bir dəqiqəliyə dayanmalı olduq. Rövşən də tullanıb qaçdı. Bilirdik ki, velosipedinin dalınca kəndə qaçacaq. Yolboyu elə onu deyib ağlayırdı. Təzə almışdı atası… Mən də, Muxtar da onu saxlamağa qaçdıq. Amma Rövşəni tapa bilmədik… Muxtarı da raketlə vurdular… İndi belə hadisədən sonra tapılan adamı əlbəttə anası evləndirmək istəyəcək?.. Mən isə istəmirəm. Sağ-salamat tapılıb, çox şükür. Evlənəndən sonra qaçsa, lap biabırçılıq olacaq… Qulaq as! Gəlirlər deyəsən. Biz burada olmamalıyıq. Qoy əlindəkiləri, getdik. Onlara mane olmayaq.
ORDUXAN               Əksinə, əgər mən düz başa düşdümsə, onlara mane olmaq lazımdır ki, evlənməsinlər.
ƏŞRƏF                      Yox, yox, nə qədər bir yerdə olsalar, bir o qədər yaxşıdır.
ORDUXAN               Nə danışırsan? Onları bir yerdə qoymaq olmaz.
ƏŞRƏF                      Getdik, getdik! Vaxtı deyil. Qoy biri-birilərini yaxşı tanısınlar, bəlkə araları dəydi. Bəlkə zəhlələri getdi biri-birindən. Qoy bizim ucbatımızdan olmasın. Soruşan olsa, biz burada olmamışıq. (Orduxanı darta-darta aparır)
Rövşənlə Süsən gəlirlər. Heç nə danışmırlar. Rövşən fikirlidir. Süsən pillələri qalxıb vaqonun içinə baxır.
SÜSƏN                      Yenə heç kəs yoxdur. Bəs mən onda buraya niyə gəldim?
RÖVŞƏN                  Anamın dərmanlarını verməyə.
SÜSƏN                      Anan daha dərman qəbul eləmir. Bir az həbləri qalıb. İstəsə, sən özün də ona verə bilərsən.
RÖVŞƏN                  (Susur.) …Bilmirəm… Hərdən mənə elə gəlir ki, burada həbsdəyəm. Elə bil buraya azad olmağa gəlmişdim, amma türməyə düşmüşəm. Qapının arxamca çırpılacağı gün saatbasaat yaxınlaşır… (pauza) Niyə heç nə demirsən? Mən azadlığa həbs olunmuşam… Azadlıq məhbusu…
SÜSƏN                      Boş yerə özünü öldürmə. Sənin düşüncələrin mənə daha maraqlı deyil.
RÖVŞƏN                  Axı mən nə dedim ki, mənimlə belə incimiş kimi danışırsan?
SÜSƏN                      Sən mənə heç nə demədin. Sadəcə sənin şübhələrin mənim xoşuma gəlmədi. Ürəyi qurdlu adamlardan xoşum gəlmir.
RÖVŞƏN                  Çox sağ ol! Oturduğum yerdə ürəyimdən qurd da tapıb çıxartdın.
SÜSƏN                      Bəs necə? Sənə bir sual verim.
RÖVŞƏN                  Nə sual?
SÜSƏN                      Əgər sənin qardaşın ölsəydi, onun dul qalmış arvadına tamah salardın?
RÖVŞƏN                  Buna cavab vermək mənim üçün çətindir, çünki qardaşım yoxdur.
SÜSƏN                      Cavabdan qaçırsan! Tutaq ki, evli qardaşın olub, o da ölüb və arvadı dul qalıb. Sən onun arvadına tamah salardın, yoxsa yox?!
RÖVŞƏN                  Tamah salmaq yox, evlənmək.
SÜSƏN                      Olsun evlənmək. Evlənərdin?
RÖVŞƏN                  Mən ölsəm, ondan yaxşı olar! Əgər söhbət tək məndən gedirsə, mən elə şey eləməzdim. Amma məsələ burasındadır ki, din buna icazə verir.
SÜSƏN                      Heç bir ləyaqətli kişi doğma qardaşının dul qalmış arvadına evlənməz. Bu mənim axırıncı sözümdür. Bir də mənimlə bu barədə danışma. Söhbət bağlandı!
RÖVŞƏN                  Tamam bağlama! Qoy hələ bir az aralı qalsın.
SÜSƏN                      Sən yenə köhnə söhbətə qayıtmaq istəyirsən? Əgər mənim dediklərimin heç bir əhəmiyyəti yoxdursa, niyə bir də, bir də, bir də eyni şeyi soruşursan? Get əmindən soruş!
RÖVŞƏN                  Əmim başqa, sən başqa!
SÜSƏN                      Gecən xeyirə qalsın! Anan yatmazdan qabaq, çalış yaşıl həbdən bir dənə içsin. (Süsən çıxışa doğru gedir)
RÖVŞƏN                  (Onun ardınca bir neçə addım atır) Hava qaralıb!
SÜSƏN                      Özüm gedərəm. (çıxır)
Rövşən qayıdıb fikirli-fikirli pilləkəndə oturur. Əks tərəfdən Orduxanla Əşrəf vaqona yaxınlaşırlar. Rövşən onları görmür, vaqon mane olur.
ORDUXAN               (Vaqonun hələ yan tərəfində olduğundan Rövşəni görmür. Əşrəfə) Sən burda dur, mən özüm onunla danışım, yavaş-yavaş, dolayı yolla hər şeyi başa salaram!
Orduxan vaqonun həyətinə daxil olanda, əks tərəfdən Süsənin qışqırıq səsi eşidilir. Əşrəf tələsik irəli gəlir və Orduxanla Əşrəf, sevincək qaçıb çıxan Rövşəni görürlər.
ƏŞRƏF                      Getdi qızı ötürməyə.
Orduxan fikirli halda Rövşənin ardınca, Əşrəf isə stolun üstünə yığılmış material və alətlərə baxır.
ORDUXAN               Nə fikirləşirsən? Heç nəyə əl vurma. Qalsın, sabah səhər tezdən gələrəm asta-asta başlayarıq düzəltməyə.
ƏŞRƏF                      Onu fikirləşmirəm.
ORDUXAN               Bəs nəyi?
ƏŞRƏF                      Qalmışam iki daşın arasında. Bizim işimiz də vacibdir. Bunun evlənməsi də vacibdir. İndi mən bunu evləndirməmiş heç yerə gedə bilmərəm. Əgər mənə bir şey olsa, yazıqlar evlənə bilməyəcəklər. İlimin çıxmasını gözləyəcəklər.
ORDUXAN               Onda, yenə də, gərək mən onunla danışım ki, evlənmək fikri varsa, tez evlənsinlər, biz də işimizlə məşğul olaq.
ƏŞRƏF                      Evləndirib, başlarını indidən bəlaya soxaq? Yazıq deyillər? Cavandılar axı…
ORDUXAN               Ay Əşrəf, bəs onda neyləyək?
ƏŞRƏF                      Bilmirəm. Evləndirəndən sonra da ölsəm, dayaqsız qalacaqlar.
ORDUXAN               Onda gözləyək… (Pauza) Bu səhər məndən bizim Akif soruşurdu nooldu… Çox əclaf adamdı o Akif. Ağzından vurdum! Deyir qardaşı… (susur)
ƏŞRƏF                      Nə deyir? Kimin qardaşı?
ORDUXAN               Səni deyir. Deyir bir azdan qardaşı da tapılacaq, onda tamam hər şeyi unudacaq.
Əşrəf tutulur. Orduxan söhbəti dəyişmək üçün ciblərini eşələyir, açar çıxarıb Əşrəfə uzadır. Əşrəf onu sanki görmür. Orduxan açarı stolun üstünə qoyur.
ORDUXAN               Açarı qoydum. Bu gecə də maşında yat, sabah ertədən bunun işinə baxarıq. Gecənin xeyirindən gündüzün şəri yaxşıdır… Mən… gedim… (Çıxışa doğru gedir, amma Əşrəfin çağırması ilə dayanır)
ƏŞRƏF                      Orduxan!
Orduxan dayanıb Əşrəfə tərəf dönür.
Sən də elə fikirləşirsən?
Pauza.
ORDUXAN               Demirəm, qoymadım onu danışmağa? Elə ağzını açmışdı ki, vurdum ağzından…
ƏŞRƏF                      Orduxan, əgər biz oraya getsək və sən yanımda olsan; əgər görsən ki, yaralanmışam, heç nəyə yaramıram, çox ləngitmədən vurarsan başımdan. İndi mənə söz ver ki, dediyim kimi edəcəksən!
ORDUXAN               Biz hələ gedib oraya çıxaq.
ƏŞRƏF                      Mənə burada söz ver!
ORDUXAN               Yaxşı. Dediyin kimi edərəm.
Orduxan çıxır.
Əşrəf bir müddət tək qalır. Sarıgül gəlir.
SARIGÜL                  Yaman sakitlikdir.
ƏŞRƏF                      Hə! Çox qorxulu sakitlikdir. Adətən insanlar ədalətsizliklə barışanda belə sakitlik olur. (Birdən ayılırmış kimi) Gəlinbacı, sən hələ yatmamısan?
SARIGÜL                  Tellinin yanında idim. Nə olub belə fikirlisən?
ƏŞRƏF                      Bəs özün dərmanlarını içmisən?
SARIGÜL                  Yox, ehtiyac yoxdur ki.
ƏŞRƏF                      Necə yəni ehtiyac yoxdu? Ehtiyacın olmasaydı həkim yazardı? Hələ bir dəfə də yoxlanmalısan. Gərək bu günlərdə gedək həkimə.
SARIGÜL                  Həkim neyləyəcək ki, mənə? Rəhmətliyi geri qaytaracaq?
ƏŞRƏF                      Həkim ərinə yox, sənə lazımdı. İndi şükür ki, oğlun da tapılıb. Gərək onlara böyüklük eləyəsən.
SARIGÜL                  Bıy, Allah sənin canını sağ eləsin! Sən dura-dura mən kiməm ki, böyüklük eləyim?
ƏŞRƏF                      Hər halda həkimə getməyin lazımdır. (Qəfildən sınayıcı) Gəlinbacı! (pauza) Muxtar yenə gəlir?
SARIGÜL                  (Sirrini açmışlar kimi, pərt halda) Yox, Əşrəf, daha gəlmir. Muxtar necə gələ bilər, yazıq. Muxtar ölüb axı. Bilmirəm dərmanların təsiridir, yoxsa Rövşənin tapılması, özümə gəlmişəm elə bil. Getsin o günləri gəlməsin.
ƏŞRƏF                      Bağışla, gəlinbacı, səni üzməyim. Yorğunsan. Mən də gedim yatım.
Əşrəf açarı götürür. Bu vaxt reproduktordan şütüyən qatar tıqqıltısı səslənməyə başlayır.
Buyur. Bayaq deyirdin səssizlikdir. İndi rahat yata bilərsən. Niyəsə bu gün gec başladı.
SARIGÜL                  Mən də deyirəm niyə yuxum ərşə çəkilib. (Pillələri qalxıb vaqona girir)
Əşrəf çıxır.
Qatar tıqqıltısı davam edir.
Qaranlıqdan Rövşən çıxır. Vaqona girir. Çox çəkmədən belində rükzakla vaqondan çıxır, stola yaxınlaşıb baltanı götürür və reproduktor olan dirəyə yaxınlaşır. Səhnə qaralanda dirəyə vurulan balta səsləri eşidilir və qatar səsi kəsilir.

4-cü şəkil

Səhər alatoranlığı. Qaranlıqdan Maşinist Sarvanın səsi gəlir.
SARVAN                   Ana-a-a! Ana-a-a-a!! Sən bilirdin?! Sən bilirdin ki, doğduğun uşaq nə vaxtsa yırtıcı qocalığın əlində aciz qalacaq?! Mən belə şərəfsiz qocalığa layiq deyildim axı! Anaa! Ay anaaa! Sən bilirdinmi ki, sənin oğlun cındır əskiyə dönəndən sonra ömrünü çöllükdə, canavarların içində başa vuracaq?! Bilirdin?!
Əşrəf gəlir və əlində balta ilə dirəyin yanında oturmuş Maşinist Sarvana yaxınlaşır.
ƏŞRƏF                      Sarvan kişi?! Ay kişi, nə olub səhər-səhər ağı deyirsən, ay evi tikilmiş? Qatar səsi sənə azlıq eləyir? Nədi, kim ölüb?
SARVAN                   (Əşrəfə baxır) Bilirdinsə, niyə doğurdun məni?
Əşrəf onun əlindəki baltaya baxır, sonra elektrik dirəyini hər tərəfdən seyr eləməyə başlayır.
ƏŞRƏF                      Bunu kim eləyib belə? Dəlixanadı vallah!
SARVAN                   Guya xəbərin yoxdu.
ƏŞRƏF                      Mən eləsəydim, çoxdan eləyərdim, ay kişi.
SARVAN                   Baltanı kim gətirib bəs?
ƏŞRƏF                      Mən gətirmişəm. Çəkic tapa bilmədim, balta tapdım. Ora bax, taxta-tuxtanı görürsən?.. Səni qınamıram. Sənin də məndən başqa kimin var ki, şübhələnəsən.
SARVAN                   Onda mənə xəbərdarlıq edirlər. Bu gün məftilləri doğrayır, yəni gələn dəfə də sənin özünü doğrayacam.
ƏŞRƏF                      İndi Rövşəndən soruşum görək, səs-zad eşitməyib. Bir səbrin olsun. (Vaqonun qapısına yaxınlaşıb astadan çağırır) Rövşən!
SARVAN                   (Öz-özünə danışır) Yəni sənin ömrünü doğrayıram. Axı mənim ömrümün xatirələri idi. Kimə nə ziyanı var idi. Ömrümün səsi idi.
ƏŞRƏF                      (Bir az bərkdən çağırır) Rövşən!
SARVAN                   Qorxudur məni, xəbərdarlıq eləyir!.. Sənə, deyir, qatar tapşırmışıq, gözün hara baxır? Bu boyda inventarı yataqxanaya döndərmisən!..
ƏŞRƏF                      (Sürahini döyür) Rövşən!..
Sarıgül çıxır. Yuxuludur.
SARIGÜL                  Nəsə olub? Kim var orda? Telliyə nəsə olub?
ƏŞRƏF                      Yox, Telliyə heç nə olmayıb… Gecə səs-zad eşitməmisən?
SARIGÜL                  Nə səsi?..
SARVAN                   Doğradılar axır ki! Bu da bunların sağolu.
SARIGÜL                  Kimi doğrayıblar?
ƏŞRƏF                      Sarvan kişinin məftillərini doğrayıblar. Mən də daş kimi yatmışam, heç nə eşitməmişəm.
SARIGÜL                  Mən də deyirəm nə olub… Qoyun bir səhərin gözü açılsın da. Həə… Mən təzəcə yuxuya gedirdim… tappıltı eşitdim… elə bildim sənsən, yenə nəsə düzəldirsən, daha bayıra çıxmadım.
ƏŞRƏF                      Vəziyyət gərgindi. Kişi indi havalanacaq.
SARIGÜL                  Dəlinin nəyi havalanacaq?
ƏŞRƏF                      Bir Rövşəndən soruş gör, gecə səs eşitməyib?
Sarıgül içəri girir. Tez də çıxır.
SARIGÜL                  İşıq niyə yanmır?
ƏŞRƏF                      İşığın da məftilini doğrayıblar! Rövşəni oyat görüm.
SARVAN                   Mən elə bilirdim axırda belə olacaq. Bunlar yaxşılığın qədrini bilməzlər. İndi mən nə cavab verəcəm? Əşrəf, mən axı sənə vaxtında dedim, gedin çadırda qalın. Nə sən inci, nə mən inciyim…
Sarıgül qapıdan çıxır.
SARIGÜL                  Rövşən yerində yoxdu.
ƏŞRƏF                      Necə yoxdu? Gecə gəlməyib?
SARIGÜL                  Gəlmişdi deyəsən. İndi yoxdu.
ƏŞRƏF                      Bəs hardadı?
SARIGÜL                  Bilmirəm.
SARVAN                   Hansı faşist bu günə saldı?! Niyə cərəyan vurmadı əclafı?! A-a-a-a! Niyə yuxusuz qoyursuz məni?! Əşrə-əf! Əşrə-ə-əf! Budur sənin sağolun?! (Əlini dirəyin kəsilmiş yerində gəzdirir və yerə çöküb hönkürür) Gör necə doğrayıb faşist! Baltayla doğrayıb! Mən axı sizə dedim ki, çıxın gedin bu vaqonlardan. Boşaldın! Mən sizə çöldə qalmayasız deyə ev verdim. Əvəzində sağolunuz bumu oldu?
ƏŞRƏF                      Nə olub axı? Neyləmişik sənə?
SARVAN                   Doğramısan məni! Doğramısan! Bax bu baltayla!
ƏŞRƏF                      Bircə bu çatmırdı!
SARVAN                   Mənim daha nəyim qaldı ki?! Bir bu səs qalmışdı mənə. Doğradın onu da!
SARIGÜL                  Nə olub, ay Əşrəf?! Nə deyir yenə o dəli?
ƏŞRƏF                      Sarvan kişi, vallah mənim heç nədən xəbərim yoxdur. Neçə ildi burada yaşayırıq. Bizdən belə şey görmüsən? Əksinə, biz özümüz də o qatar səsinə elə öyrəşmişik ki, onsuz gözümüzə yuxu getmir. Mən calayaram onu, qəm yemə!
SARIGÜL                  Rövşən hardadı görəsən? Niyə getdi uşaq?..
ƏŞRƏF                      Çox pis vaxtı oyatdım səni. Get yat, Rövşən haradasa buralarda olacaq.
Sarıgül pilləkəndə oturur.
SARVAN                   Vəssalam! Boşaldın vaqonları! Heç nəyiniz qalmasın!
ƏŞRƏF                      Ay kişi, bir məftilə görə bizi çölə atmaq istəyirsən? Neyləmişik sənə?! Dedim ki, calayacam.
SARVAN                   Doğramaq asan olsa da, calamaq asan olmayacaq.
ƏŞRƏF                      Dedim ki, mən eləməmişəm! İndi mən boyda kişi sənə yalan danışacam?
SARVAN                   Özünüz bilin, mənə əmr gəlib, sabah da lokomotiv gələcək, daha onda məndən inciməyin. Qoşacam vaqonları, bir də görəcəksiz vaqon zad yoxdu.
ƏŞRƏF                      Hara sürəcəksən?
SARVAN                   Sizə nə?! Mən hara, qatar da ora!
ƏŞRƏF                      Təki sənin lokomotivin gəlsin, biz çıxarıq.
SARIGÜL                  Nə danışırsan bu dəliylə?! Sürüb aparmaq istəyir, qoy sürsün aparsın! Aparmayanın da evi dağılsın! Qapısı qaralsın! Elə hər dəfə sürəcəm-sürəcəm, sürəcəm-sürəcəm! Sür! Sür görüm, hara qədər sürəcəksən!
SARVAN                   O daha sizə qalmayıb hara qədər sürəcəm. Hara buyursalar, ora da sürəcəm! Görərsiz! Daha sizin nazınızla oynayan deyiləm! (Öz vaqonuna tərəf gedib, səhnədən çıxır)
ƏŞRƏF                      Gəlinbacı, sən də get yat, bu səhər yaxşı açılmadı deyəsən. (Stolun arxasında oturur)
Sarıgül evə girir.
Orduxan daxil olur.
Sən də səsə gəlmisən?
ORDUXAN               Mən demişdim axı səhər gələcəm, ertədən sənin evini tikəcəyik. Səs nədi? Səs var idi ki?
ƏŞRƏF                      Bircə görəydin!
SARIGÜL                  (Qapıdan həyəcanlı çıxır) Əşrəf! Rövşən qaçıb deyəsən! Şeyləri də yoxdu!
Hamısı bir-biri ilə baxışır. Sarıgül fikirli halda pilləkəndə oturur.
ORDUXAN               Fikir eləmə, ay gəlinbacı, uzağa qaça bilməz, tapıb qaytararıq.
SARIGÜL                  O qaçanda onu tapmaq olmur…
ƏŞRƏF                      Niyə qaçsın ki?.. Evlənmək istəmirdi, deyərdi istəmirəm…
SARIGÜL                  Deyirsən, yəni mənim üzümdən qaçıb? Bəlkə buralardadı? (qalxıb vaqonun arxa tərəfinə, uzaqlara baxır)
Hiss olunmadan Muxtar gəlir və pilləkəndə oturur. Sarıgül dönüb qayıdanda baxışları ona sataşır, diksinib yerində quruyub qalır.
ƏŞRƏF                      Nə oldu, ay gəlinbacı? Nə gördün?!
SARIGÜL                  (Özünü toplamağa çalışır) Heç… heç nə… Gedim bir az yatım… Gecənin xeyrindən, gündüzün şəri yaxşıdır… (Asta-asta pilləkənə gedib, Muxtarın yanından keçir və vaqona girir)
Muxtar fikirlidir və uzaqlara baxır.
ORDUXAN               Bu da qardaşoğlu! Heç bir həftə oldu burada yaşaması?
ƏŞRƏF                      Heç yarım ay olmadı. Dözmədi düşərgə həyatına. Amma niyəsə biz hələ də dözürük.
ORDUXAN               İndi necə olacaq?
ƏŞRƏF                      Necə olacaq? Biz onu daha çətin taparıq. Anasının sözü olmasın, o qaçanda beş-altı illiyə qaçır.
ORDUXAN               Heç anasına da yazığı gəlmədi.
ƏŞRƏF                      Bilirsən, Orduxan. Bayaq Maşinist Sarvan öz qocalığının nə qədər şərəfsizlik içində keçməsindən danışırdı. Mən istəmirəm ki, nə vaxtsa mən də o cür danışım. Ona görə də gərək biz başladığımız işi sona çatdıraq. Bəli! Bizim bütün bədbəxtliyimizin günahı o erməni namərdlərdədi və nə qədər gec deyil, bəzi şeyləri dəyişə bilərik. Amma gərək birinci məftilləri calayaq, yoxsa işıqsız qalarıq.
ORDUXAN               Nə məftillər?
ƏŞRƏF                      Rövşən Sarvan kişinin məftillərini doğrayıb, sonra qaçıb. İşıq xəttini də doğrayıb. Gedək şəhərə, montyor tapaq. (Çıxırlar)
Muxtar ayağa qalxır, üzü vaqona durub tamaşa edir. Vaqonun qapısı öz-özünə açılır.

Qaranlıq.

İKINCİ HİSSƏ

Üçüncü pərdə

5-ci şəkil

Masa və skamya bir az irəli çəkilib. Vaqonla skamyanın arasında toyuq hininə bənzər bir tikili var – Əşrəfin yeni yatacaq yeri: İçəri divarda həmin xalça asılıb, üstündən tüfəng və düyünçə sallanır. Amma sallama qapını əvəz edən polietilen pərdədən, içəridəkilər tutqun görünür.
Masa arxasında Orduxan oturub. Pilləkəndə gözü yol çəkən Sarıgül və onun yanında fikirli Süsən oturublar.
Axşamdır. Vaqonun çöl və içəri işıqları söndürülüb. Səhnə yarıqaranlıqdır. Rövşən vaqonun üstündə avtomobil farasından projektor quraşdırır, Maşinist Sarvan aşağıdan ona baxır.
RÖVŞƏN                  Sarvan dayı, belə yaxşıdı?
SARVAN                   Ay oğul, mən aşağıda, sən yuxarıda. Mən buradan nə bilim sən orada nə işlə məşğulsan? Sən onu bir işıqlandır, görüm hara qədər vurur. Heç olmasa dirəyi işıqlandıra biləcək?
RÖVŞƏN                  Hövsələ, Sarvan dayı, hövsələ! İndi görəcəksən! Dirəyi də işıqlandıracaq, həyəti də. Bundan sonra bir köpək oğlu dirəyə yaxın düşə bilməyəcək.
SARVAN                   Deyirəm, nə yaxşı ki, qayıtdın Rövşən! Ananı ikinci dəfə xoşbəxt elədin.
Sarıgül söhbəti sanki heç eşitmir. Rövşən vaqonun üstü ilə qabağa gəlib Sarıgülə baxır.
Yavaş, bala, yıxılarsan. Hara gəlirsən?
RÖVŞƏN                  Anama baxıram, görüm doğrudan xoşbəxtdir?
SARVAN                   Xoşbəxtliyi yoxlamazlar, oğul, xatası çıxar!
ORDUXAN               Sarvan kişi düz deyir, ayağının altına bax, yoxsa işə salarsan bizi bu gecə vaxtı. Düşəndən sonra yoxlayarsan.
SARVAN                   Sən projektoru yoxla!
SÜSƏN                      Onu gün işığında eləmək olmazdı görəsən?
RÖVŞƏN                  Çox sevinirəm ki, mənim üçün həqiqətən də narahat olan insanlar var. Amma təəssüf ki, bu cür balaca işıqlar gün işığında hiss olunmurlar.
SÜSƏN                      Filosofluğunu saxla, yerə sağ-salamat düşəndən sonra danışarsan.
RÖVŞƏN                  (Yerinə qayıdır) Yoxlamalı nə var ki burda? Akkumlyatora qoşmaq qalıb. Qalan hər şey hazırdı… Bu belə… Bu da belə… Vəssalam! Diq-qəəət! Hazır olun!..
Fara yanır və vaqonun arxasındakı dirəyin yuxarısını – reproduktoru işıqlandırır. Maşinist Sarvan sevincindən əl çalır.
SARVAN                   Afərin sənə, Rövşən! Amma, oğul, onu bir az aşağı yönəlt. Qoy gələn adamın düz sifətinə vursun.
RÖVŞƏN                  O da mənim gözüm üstə, Sarvan dayı. Belə yaxşıdı?
SARVAN                   Bir az da… Əla! Di düş, bala, çox sağ ol! Allah atana rəhmət eləsin!
RÖVŞƏN                  Bunu elə edəcəyəm, Sarvan əmi, sən vaqonun içindən onu yandırıb-söndürə biləsən. İstəyəndə yandıracaqsan, istəyəndə söndürəcəksən.
SARVAN                   Ay sağ ol! Gör sənin toyunda nə eləyəcəm?.. Sən ki mənim üçün bu işığı çəkdin, Allah sənin ömrünü işıqlı eləsin, bala!
Rövşən arxa tərəfdən tullanıb gəlir.
SÜSƏN                      Sarıgül xala, gəl. Gəl gedək yatmağa, yuxun tökülür. Rövşən də işini qurtardı.
SARIGÜL                  İndi hər yer işıqlı oldu?
SÜSƏN                      Hər yer işıqlı oldu.
SARIGÜL                  Bəs indi necə gələcək?
SÜSƏN                      Kim? Əşrəf əmi? İndi çox rahat gələcək, Sarıgül xala, gedək.
Süsən Sarıgülün qolundan tutur, ikisi də vaqona girirlər. Əşrəflə Nağdalı daxil olurlar.
ƏŞRƏF                      Bu işıq nədir belə?
SARVAN                   Gecdi daha! (Vaqonuna tərəf gedir)
RÖVŞƏN                  Dayan, Sarvan əmi, hələ bu hamısı deyil. (Cəld vaqona girib, əlində qulaqlıqlarla çıxır və onu Sarvana göstərir) Bunu da sənə gətirmişəm. Gecə yatanda, bax bunu… belə qulaqlarına tax və bu ucunu maqnitafona tax, sonra nə qədər istəyirsən qulaq as!
SARVAN                   Ay oğul mənim ondan başım çıxmır. Gətirmisən, çox sağ ol! Saxla özünə!
RÖVŞƏN                  Sarvan əmi, burda nə var ki, başın çıxmasın? Gedək, göstərim hara taxacaqsan.
Sarvan və Rövşən çıxırlar.
ORDUXAN               Rövşən Sarvana işıq düzəltdi. Dirəyi işıqlandırır ki, gecə vaxtı yaxınlaşan olanda görə bilsin. Sarvan xeyli sevindi.
NAĞDALI                 Həə, akkumlyator bir işə yaradı.
ƏŞRƏF                      Sarvan hələ də məndən şübhələnir. (Həyətin işığını yandırır) Yaxşı, bəs akkumlyator qurtaranda neyləyəcək?
NAĞDALI                 Buna görə narahat olma. Rövşən diribaş uşaqdı, tapıb təzəsini gətirəcək.
RÖVŞƏN                  (Qayıdıb gəlir) Mən elə edəcəyəm, o qurtarmayacaq.
NAĞDALI                 Yox əşi.
Vaqondan Süsən çıxır.
SÜSƏN                      Əşrəf əmi, Sarigül xala yatıb. Çay istəyirsiz?
ƏŞRƏF                      Olsaydı pis olmazdı, qızım.
Süsən samovara yaxınlaşır.
SÜSƏN                      Tamam soyuyub.
RÖVŞƏN                  Soyuyub, qızdırarıq. (Süsənə yaxınlaşır)
SÜSƏN                      Sən bacarmazsan.
RÖVŞƏN                  Niyə bacarmıram? Samovarı qızdırmağa nə var ki? O da bəzi adamların ürəyi deyil ki, qızdıra bilməyək? (Samovarın istiliyini yoxlayır, sonra yerdən çiling yığıb samovarın borusuna atır)
SÜSƏN                      Yenə eyhamla danışırsan. Mən heç nə başa düşmürəm.
NAĞDALI                 (Əşrəfə) Toy nə vaxtdı?
ƏŞRƏF                      Sən hardan bilirsən?
NAĞDALI                 Polis hər şeyi bilməlidir.
ORDUXAN               (Bikef halda) Əgər polis hər şeyi bilməlidirsə, onda sən bizdən yaxşı bilərsən toy nə vaxtdır.
RÖVŞƏN                  (Süsənə) Sən bu gecəni anamın yanında qal.
SÜSƏN                      Bəs sən harada qalacaqsan?
RÖVŞƏN                  Mən Orduxanın maşınında yataram.
SÜSƏN                      Bəs nənəm tək qalsın? Vəziyyətinin bu pis vaxtında?
RÖVŞƏN                  Nənəndən ayrı qala bilmirsən? Yəqin gecələr sənə nağıl danışır.
SÜSƏN                      Danışır.
RÖVŞƏN                  Hansını? Məlikməmmədi?
SÜSƏN                      Yox, yenisini danışır. Sən ömründə eləsini eşitməmisən.
NAĞDALI                 (Əşrəfə) Beləsinə qız vermək olar? İki gündən sonra qaçıb, çıxacaq aradan.
ƏŞRƏF                      Hardan qaytarıblar?
NAĞDALI                 Dəmiryol vağzalından. İki gecə orada yatıb, şübhələniblər. Deyib Rusiyaya gedəcəkmiş, biletini itirib. Tutub göndəriblər bizim bölməyə… Əşrəf… Bir məsələ var… (pauza) Mənim sizinlə söhbətim olacaq.
SÜSƏN                      Biri var idi, biri yox idi, Sərvət adında balaca bir xanəndə var idi. Səsi elə gözəl idi ki, o oxuyanda axar sular dayanar, bülbüllər susardı. Ona görə ona Qarabağ bülbülü deyərdilər… (Pauza) Qarabağda ən yaxşı toylara onu çağırardılar. Həm erməni dilində oxuyardı, həm azərbaycan dilində. Çoxları onun kimi oxumaq istəyərdilər, amma bacarmazdılar. Onlara da Qarabağ qarğaları deyərdilər. Bir gün Qarabağ qarğaları sözü bir yerə qoyub, balaca Sərvətin səsini oğurlamaq istədilər… (Süsən susub, stəkanları yaxalayır)
RÖVŞƏN                  Niyə dayandın? Nağıl qurtardı?
SÜSƏN                      Qalanını sabah danışaram.
RÖVŞƏN                  Nə sabah? Mən indi sabaha qədər samovarın yanında gözləyim?
SÜSƏN                      O saat görünür ki, “Min bir gecə”ni oxumamısan. Mən Şəhrizadam…
RÖVŞƏN                  Nə Şəhrizad, nə Şirzad? Xalq burada nağıl gözləyir.
NAĞDALI                 (Əşrəfə) Siz haradan gəlirdiz?
ORDUXAN               Haradan gələcəyik? Uşağı axtarmağa getmişdik!
NAĞDALI                 Tüfənglə?
ƏŞRƏF                      Yox, tüfənglə bir iş var idi, onun dalınca getmişdik.
NAĞDALI                 Bilmək olar nə iş idi?
ƏŞRƏF                      Vacib deyil.
NAĞDALI                 Yaxşı, bəs tüfəngi niyə götürmüşdüz? Ova getmişdiz?
ƏŞRƏF                      Hə… Elə ov kimi bir şeydir. Ovdur. Ova getmişdik, Nağdalı.
NAĞDALI                 Ova… (Pauza) Bir şey vura bildiz?
ƏŞRƏF                      Yox. Heç nə vura bilmədik.
NAĞDALI                 Heç vura da bilməzdiz. Bu tüfənglə yalnız dovşan vurmaq olar. Amma gərək kimsə dovşanı bərk-bərk tutub saxlasın, sən də qundağını tolazlayasan dovşanın təpəsinə. Onda bəlkə bir işə yarayar. Gələn dəfə ova hazırlaşanda, mütləq mənə xəbər verin. Məni yəqin ki, buraya boş yerə göndərməyiblər. Ən yaxşısı da o olar ki, heç yerə getməyəsiz. Xüsusilə də tüfənglə!
Süsən masaya çay gətirib Əşrəf, Nağdalı və Orduxanın qabağına qoyur və samovardan özünə çay süzən Rövşənin yanına qayıdır.
ORDUXAN               Çox sağ ol, qızım!
ƏŞRƏF                      Mən həmişə uzağa gedəndə o tüfəngi özümlə götürürəm. Atdı-atmadı, fərqi yoxdur, vərdişimdi. Babam da belə edib, atam da belə edib, mən də belə edirəm. Özün görürsən ki, tamamilə təhlükəsizdi.
SÜSƏN                      (Rövşənə) Nə fikirləşirsən?
RÖVŞƏN                  Sənin nağılını.
SÜSƏN                      Yaxşı, sənin nağılını danışım, gedim, gecdi. Deməli, Sərvət biləndə ki, düşmənlər onun səsini oğurlamaq istəyirlər, dönüb oldu bülbül və uçub dağı aşmaq istədi. Amma yenicə yamaca çatmışdı ki, arxadan alqış səsləri eşitdi. Alqış səsini çox sevirdi Sərvət. Ona görə qanad çala bilməyib çevrildi oldu əvvəlki xanəndə.
RÖVŞƏN                  Baş əyib mahnı oxudu?!
SÜSƏN                      Yox, sonrası pis oldu. Xanəndəyə dönən kimi, gördü bu alqış səsi deyil.
RÖVŞƏN                  Bəs nə səsidi?
SÜSƏN                      Səncə nə olar?
RÖVŞƏN                  Nə bilim?!
SÜSƏN                      Avtomat, gülləbaran səsi. Qarğalar arxadan onu atəşə tutmuşdular!
RÖVŞƏN                  Ermənilər?
SÜSƏN                      Yıxıldı Sərvət! Qıvrıldı Sərvət! Nənəm belə danışır. Ağ qarı al qanına boyadı Sərvət!
RÖVŞƏN                  Dayan… Qarabağ bülbülü… Mən onu görmüşdüm… Toyda! Mən uşaq idim, amma o, məktəbə gedirdi… Hamı deyirdi uşaqdı hələ… Onu da öldürdülər?
SÜSƏN                      Daha pis! Qışqırmaq istədi, gördü səsini itirib. Səsi olmayandan sonra daha kim idi ki o?.. Səssiz yaşamaqdansa, ölməyi qərara aldı.
RÖVŞƏN                  Onun adı Sərvət imiş! Mən bilmirdim.
ORDUXAN               (Nağdalıya) Necə yəni heç yerə getməyək? Əşrəfin boynunda o qədər iş var… Elə mənim də…
NAĞDALI                 İş olanda mən biləcəm. Yaxşısı budur, bu cavan oğlanın gələcək həyatını düşünün. Toy barədə.
ƏŞRƏF                      Biz onsuz da o barədə düşünürük.
NAĞDALI                 Mən sizə görə aylarla burada yaşamaq istəmirəm.
ORDUXAN               Heç biz də istəmirik ki, sən burada yaşayasan.
Əşrəf gülümsünür.
NAĞDALI                 Təşəkkür eləyirəm! Çox sağ olun! (Ayağa qalxır)
ORDUXAN               (Qalxır) İncimək lazım deyil. Onsuz da sən buranı bəyənmirsən.
NAĞDALI                 Gecəniz xeyirə qalsın!
ORDUXAN               Səni ötürüm, təzəsən buralarda.
Nağdalı və Orduxan çıxırlar.
SÜSƏN                      Qoca nənəmin müasir nağılı belə bitir. İndi hər gecə Sərvətin itmiş səsi küləklərə qarışıb, ev-ev, çadır-çadır gəzir, sahibini axtarır – balaca xanəndəni, Sərvəti. Küləklər Qarabağ şikəstəsi oxuyanda… (Pauza) Rövşən, göyə bax…
RÖVŞƏN                  (Göyə baxır) Nə var orda?
SÜSƏN                      Göydən üç alma düşdü.
RÖVŞƏN                  Heç almanın vaxtıdı?
SÜSƏN                      Onda mən qaçdım. (Cəld çıxır)
RÖVŞƏN                  Dayan, mən də gəlirəm. (Əlindəki çayı tez qoyub çıxmaq istəyir, amma dayanıb göyə bir də baxır) Süsən… bura gəl…
ƏŞRƏF                      Süsən getdi.
RÖVŞƏN                  Əmi, ürəyində bir arzu tut!
ƏŞRƏF                      Nə?!
RÖVŞƏN                  Deyirəm, ürəyində bir arzu tut, ulduz uçdu!
ƏŞRƏF                      Mən arzumu çoxdan tutmuşam. Altı il bundan qabaq. Başımızın üstündən raketlər uçanda.
Rövşən heç nə deməyib getmək istəyir.
ƏŞRƏF                      Sən pis əsgərsən!
RÖVŞƏN                  (Ayaq saxlayıb Əşrəfə tərəf çevrilir.) Unutmamışam! O vaxt mənim uşaqlıq dostum tək sən idin. Biz tez-tez dava-dava oynayırdıq… Amma indi mən böyümüşəm, sənsə, əksinə uşaq olursan. Dava-dava qurtardı, əmi. İndi atəşkəsdir, atəşkəs!
ƏŞRƏF                      Bununla belə, sən pis əsgər olaraq böyümüsən.
RÖVŞƏN                  Mən pis əsgərəm, əmi. Mən heç əsgər olmaq da istəmirəm. Amma sən yaxşısından ol! (Gedir)
Əşrəf tək qalır.
Qatar səsi eşidilməyə başlayır. Orduxan daxil olur.
ORDUXAN               Əşrəf!
ƏŞRƏF                      Qorxutdun məni!
ORDUXAN               Gəl, lazımsan!
ƏŞRƏF                      (Qalxır) Nə olub?!
ORDUXAN               (Ehtiyatla) Süsən burdadı?
ƏŞRƏF                      Yox, getdi. Nə olub ki?
ORDUXAN               Nazlı canını tapşırdı.
ƏŞRƏF                      Nə danışırsan? Nə vaxt?
ORDUXAN               İndicə.
Tələsik çıxışa doğru gedirlər.
ƏŞRƏF                      Qadınlardan kimsə var?..

Qaranlıq.

6-cı şəkil

Səhərdir. Uzaqdan Polis Nağdalının çağıran səsi gəlir: “Əşrəf kişi! Əşrəf!” Nağdalı vaqonun qarşısına gəlib, Əşrəfin yatdığı yeri döyür. Sonra qapını əvəz edən polietileni qaldırıb Əşrəfin və tüfəngin orada olmadığını görür.
NAĞDALI                 Kim var evdə?!
Evdən Sarıgül çıxır.
Əşrəf hanı?
SARIGÜL                  Yasa gedib. Üçə.
NAĞDALI                 Üç dünən idi.
SARIGÜL                  Onda buralardadı.
NAĞDALI                 Bəs tüfəng hanı?
SARIGÜL                  Tüfəng həmişə harada olub, indi də oradadır.
NAĞDALI                 Həmişə harda olub ki?
SARIGÜL                  Öz yerində.
NAĞDALI                 (Əşrəfin yatdığı yeri göstərir) Burda?
SARIGÜL                  Əlbəttə! Daha harda olacaq?
NAĞDALI                 Yoxdu axı.
SARIGÜL                  Ola bilməz. Həmişə oradan asılı olub. İndi də orada olmalıdır. Yaxşı bax.
NAĞDALI                 Gəl sən də bax. (Polietileni qaldırıb, yaxınlaşan Sarıgülə nümayiş etdirir.) Tüfəngi görürsən?
SARIGÜL                  Əlbəttə görürəm, kor deyiləm ki?
NAĞDALI                 Amma mən görmürəm.
SARIGÜL                  Sən polissən axı… (Pauza.) Məndən yaxşı görməlisən.
NAĞDALI                 Lazım gəlsə mən hamıdan yaxşı görərəm.
SARIGÜL                  Bilirəm, sən tüfəngə baxmağa gəlmişdin.
NAĞDALI                 Bu muzey malı mənim nəyimə lazımdır?! Əşrəf hardadı?
SARIGÜL                  Tüfəng hardadı, Əşrəf də ordadı.
NAĞDALI                 Get, ay arvad, get, öz işinlə məşğul ol, bircə məni dolamağınız çatmırdı. Get oğlunu oyat!
Rövşən çıxır.
RÖVŞƏN                  Nə var?
NAĞDALI                 Əmin hardadı?
RÖVŞƏN                  Yasa gedib.
NAĞDALI                 Nə yas? Yas qurtarmadı? Bu Nazlı nənə hər gün ölür, nədi?
RÖVŞƏN                  Gəl, ölülərə bir az hörmətlə yanaşaq, cənab polis. Elə bilirsən, bu dünyada Nazlı nənədən başqa heç kəs ölmür?
NAĞDALI                 Anana oxşamısan!
RÖVŞƏN                  Atamı tanıyırdın?
NAĞDALI                 Burda sualları mən verirəm. Əmin hanı?
RÖVŞƏN                  Dedim axı, yasda.
NAĞDALI                 Bəs tüfəng hanı? Yasa tüfənglə gedib?
RÖVŞƏN                  Bilmirəm… Onda yəqin toya gedib.
NAĞDALI                 Bax, özünü bir də artistliyə qoyacaqsan, bir kəlmə də artıq-əskik söz deyəcəksən, qulaqlayıb aparacam səni itxanaya!
RÖVŞƏN                  Şöbəyə, cənab polis, şöbəyə! Gəl polis peşəsinə hörmətlə yanaşaq.
NAĞDALI                 Hələ mənə ağıl da verir… Adamları şöbəyə aparırlar, sənin kimiləri isə itxanaya aparırlar.
SARIGÜL                  Nağdalı qardaş, hirslənmə, tüfəng yerindədi, sən yaxşı axtarmamısan.
NAĞDALI                 (Əşrəfin yatdığı yerə girib bir az eşələnir və əlində düyünçə ilə çıxır. Düyünçəni açıb, içindən bir-neçə müxtəlif çaplı güllə, hərbi nişanlar, paqonlar və sənədlər çıxarır. Çıxardığı hər şeyi bir-bir nəzərdən keçirir, sənədləri bir-bir oxuyur. Təəccüb fiti çalaraq Rövşənə) Sənin əminin hərbi rütbəsi də var imiş ki… Bunu bilirdin?
RÖVŞƏN                  Yox!
NAĞDALI                 Bəs atan nəçi idi? Heç olmasa bunu bilirsən?
RÖVŞƏN                  Bilirəm! Müəllim idi. Coğrafiya müəllimi.
Süsən daxil olur. Çaşqınlıqla onlara baxır.
NAĞDALI                 Düz-əməlli bilmirsən. İbtidai sinif müəllimi.
RÖVŞƏN                  Amma sən yaman çox bilirsən. Kişilər ibtidai sinif müəllimi olmurlar. Mənim atamın qlobusu var idi. Bunu hələ unutmamışam.
NAĞDALI                 Görürəm yaddaşın yaxşıdı, ona görə də mənimlə getməli olacaqsan.
RÖVŞƏN                  Mən səninlə heç yerə getməyəcəm.
NAĞDALI                 Gedəcəksən!
RÖVŞƏN                  Nəyə görə?
NAĞDALI                 Nəyə görəsini orada sənə deyəcəklər! Düş pilləkəndən!
SARIGÜL                  Hara aparırsan oğlumu?
SÜSƏN                      Hara aparırsız onu?
NAĞDALI                 Hara, hara?.. Hara lazımdı ora! Şöbəyə!
SÜSƏN                      Şöbəyə? Nəyə görə?
SARIGÜL                  Şöbədə nə işi var balamın?
SÜSƏN                      Rövşən, nədə günahlandığını deməsə, heç yerə getmə!
RÖVŞƏN                  (Pillələri enir) Di yaxşı siz də. Hara lazımdı gedək.
SÜSƏN                      (Onu saxlayır) Yox, qoy desin!
SARIGÜL                  Nə deyəcək, çiyninə paqon taxıb, elə bilir firoondu.
NAĞDALI                 Xanım qız, bilmək istəyirsən nəyə görə? Bu burada peyda olmamışdan qabaq bilirsiz harada idi?
SÜSƏN                      Bakıda!
NAĞDALI                 Bəli, Bakıda! Bəs Bakıda nə işlə məşğul idi, onu da bilirsiz? Avtomobilləri qarət edirdi. Maşınların hissələrini söküb satmaqla məşğul idi.
RÖVŞƏN                  Adam kişi olar!
NAĞDALI                 (Əsəbi) Boş söhbətdir! Oğurluq eləmək nə vaxtdan kişilik oldu?
Maşinist Sarvan daxil olur, əlində Rövşənin verdiyi qulaqlıqlar var.
SARVAN                   Oğlum, götür bunu! Qulağımın ağrısından daha yata da bilmirəm.
RÖVŞƏN                  Lap vaxtında gəldin, Sarvan əmi.
NAĞDALI                 (Qulaqlıqları Maşinist Sarvanın əlindən alır) Bu nədi? (Rövşənə) Bunu hardan çırpışdırmısan?
RÖVŞƏN                  Elə bil indi görürsən.
NAĞDALI                 (Süsənə) İndi bildin, xanım qız, nəyə görə aparıram?
Süsən cavab vermir, onlara arxasını çevirib ağlayır. Sarıgül onu qucaqlayır.
(Rövşənə) Düş qabağıma, getdik!
SARVAN                   Hara gedirsiz? Hara gedirsən, Rövşən, səninlə işim var idi.
NAĞDALI                 Şəhərə gedir.
SARVAN                   Şəhərə gedirsənsə, Rövşən, oğlum, gələndə mənə ordan bir dənə dəmiryol çörəyi al gətir, pulunu verərəm!
NAĞDALI                 Alar, alar!
Nağdalı və Rövşən çıxırlar. Maşinist Sarvan gedib masanın arxasında oturur. Stolun üstündəki düyünçəni səliqə ilə bağlayıb Əşrəfin yatağına qoyur.
SARIGÜL                  (Ağlayan Süsənin başını, kürəyini şəfqətlə sığallayır.) Ağlama, qızım, ağlama! Bizə daş ürək lazımdır. Yoxsa məhv olarıq. Bizim də qismətimizə bu igidlər düşdü. Sonda bizi tək qoyub gedən igidlər.
SARVAN                   Mən o vaxt hər reysdə özümlə dəmiryol çörəyi götürərdim. Bu reysdə də gərək mütləq götürüm. Əmri gözləyirəm.
SARIGÜL                  Yaxşı deyiblər ki, həkimin uşağı xəstə olar, müəllimin uşağı tərbiyəsiz.
SÜSƏN                      Bağışla məni, Sarıgül xala. (Qaçaraq çıxır)
Sarıgül heç nə demədən, sanki çöküb pilləkəndə oturur.
SARVAN                   Əmri gözləyirəm.
SARIGÜL                  (Boşluğa) Get, qızım. Ağ günə çıxasan! (Yuxuluymuş kimi Maşinist Sarvana çay gətirir, sonra vaqona girir.)
SARVAN                   Guya təzə lokomotivi işlədə bilmərəm. Qocalmışam guya. Köhnəlmişəm. Görəcəksiz… Rövşəni gözləyirəm…
Əşrəf, çiynində tüfəng, yanında hərbi geyimli Zabit Nüsrət ilə daxil olur. İkisinin də kefi kökdür. Əşrəf tüfəngi çiynindən çıxarıb masanın üstünə qoyur. Maşinist Sarvan isə tüfəngi də Əşrəfin yatağına qoyur.
NÜSRƏT                   Mənə demişdilər ki, sən buralarda, yaxında olursan. Amma inan ki, gəlməyə vaxt tapa bilmirdim. Bir də hərbi hissə, özün bilirsən. Hər şey dəqiq olmalıdır. Nə vaxt çıxdın, neçədə qayıtdın… Vaqonda qalırsanmış.
ƏŞRƏF                      Daha yox. Bax, bu biri vaqon mənimki idi. İndi orada xəstə qadın yaşayır. Ayaqları işləmir. Gəldiyi bir ay olar, hələ bir dəfə də olsun vaqondan çıxmayıb.
NÜSRƏT                   Bəs necə yaşayır?
ƏŞRƏF                      Tez-tez qardaşımın arvadı baş çəkir. Yardım yazmışam. Birtəhər gününü keçirir.
NÜSRƏT                   Görürsən, sən burada daha çox lazımsan. Amma sən bu qədər adamı başsız qoymaq istəyirsən. Sənin indi heç vuruşan vaxtın da deyil.
ƏŞRƏF                      Sənin dilindən bu sözləri eşitmək çox ağırdı. O vaxt mənə dediklərin də yadımdadır.
NÜSRƏT                   O vaxt başqa, bu vaxt başqa. Gör neçə il keçib. Sən formadan düşmüsən. Hərbi nizam-intizamı da unutmusan. A kişi, gör nə qədər unutmusan ki, sərhəddi pozmaq istəyirsən. Sərçə vurmaq deyil ey. Sən beynəlxalq qalmaqal yaradarsan!
ƏŞRƏF                      Sağ ol səni, Nüsrət! Nə tez alışdın təzə sərhəddə?
NÜSRƏT                   Heç kəs alışıb eləməyib. Öz sərhədlərimizi yaxşı bilirik, təzəni də, köhnəni də, lap ondan qabaqkıları da. Mən qanuna tabeyəm. Deyiblər atəşkəsdi, deməli oturacağıq, deyəcəklər hücum, deməli qalxacağıq. Heç kəs özbaşına iş görə bilməz. Əgər sənin könlündən belə vuruşmaq keçirsə, gəl yanıma. Qulluq elə! Sənin rütbəni bir ulduz artıra bilərəm. Sonra da Allah kərimdir. Həm də bizdə texnika var. Görsən, elə bilərsən cənnətdəsən… Nəyə gülürsən?..
ƏŞRƏF                      Sənin “cənnət”inə gülürəm!.. Əsl döyüşçüsən!
NÜSRƏT                   O qədər silaha qarşı bu dayandoldurumla gedəcəksən? Heç olmasa bu günə qədər bu silah bir erməni öldürüb?
ƏŞRƏF                      On beşini öldürüb.
NÜSRƏT                   İnanan daşa dönsün. Necə öldürüb?
ƏŞRƏF                      Necə olacaq? Tüfəngi görən kimi gülməkdən ölüblər.
NÜSRƏT                   Buna inanaram.
ƏŞRƏF                      Deyirsən, gəlim yanına. Gəlib orada neyləyəcəm? Əmr gözləyəcəm? Bu Sarvan kişi kimi?
NÜSRƏT                   Bu da sənin dəstəndəndi?
ƏŞRƏF                      Yox, o maşinistdi. Qonşu vaqonda qalır. Biz yaşayan vaqonları da sürüb aparmaq istəyir. Amma yuxarıdan hələ əmr vermirlər.
NÜSRƏT                   (Maş. Sarvana) Sən maşinistsən?
SARVAN                   Maşinistəm. Sosialist əməyi qəhrəmanı! Vaxt var idi, qılıncımın dalı da kəsirdi, qabağı da. Bax, qatarı yataqxanaya döndəriblər, heç kəsə də gücüm çatmır. Əmr yoxdu, əl-qolum bağlıdı. Su çanağı suda sına gərək.
NÜSRƏT                   Əmri gözləyirsən?
SARVAN                   Əmri gözləyirəm!
NÜSRƏT                   Mən də!
ƏŞRƏF                      Sənin ordunda mən bir gün də dözə bilməyəcəm, silahlanıb gedəcəm öz evimə. Qabağıma çıxanı da sərəcəm. Bax onda həqiqətən beynəlxalq qalmaqal olacaq. Yox, qardaş, onun məsuliyyəti böyükdür. Amma belə getsəm, evini geri qaytarmaq istəyən adi adam kimi… bu heç bir atəşkəsi zadı pozmayacaq. Deyəcəklər dəli idi. Onsuz da başım zədəlidir. Bəs ordudan niyə azad elədilər məni, yadından çıxıb?
NÜSRƏT                   Sən də arxayınsan ki, onlar sənin tüfənginə baxıb gülməkdən öləcəklər.
ƏŞRƏF                      Xeyr, məndə qızıl açar var. İki gün qabaq baş çəkdim o yerə. Biz o vaxt məktəbin zirzəmisindən tapdığımız silahları gizlətmişdik. O yer hələ işğal olunmayıb. Silahlar da yerindədi. Adamlar da hazırdı. Hamısı da əla nişançıdı. Hər cür silahla işləməyi bacarırlar.
NÜSRƏT                   Sən o silahları orduya təhvil verməlisən.
ƏŞRƏF                      O silahlar ordunun deyil. Ermənilərin bizi qırmaq üçün topladıqları silahlardır. Biz sadəcə o vaxt yerini dəyişmişdik. Heç kəs oranı tanımır. Məndən başqa oranı erməni məktəb direktoru bilirdi, o da hadisələr başlayanda yoxa çıxdı.
NÜSRƏT                   Deməli sənin şəxsi silah anbarın var imiş!
ƏŞRƏF                      Bəs nə bilmişdin?! Elə bilmişdin bu cinsi bilinməyən ov tüfəngi ilə gedəcəm?
NÜSRƏT                   Hər halda, sən o tüfəngləri bizim orduya verməlisən.
ƏŞRƏF                      Verəcəm. Amma işimizi görəndən sonra. Hələ onların da silahlarını gətirib sizə verəcəm. Sonra görəcəksən nə qədər adam öz evinə qayıdacaq.
NÜSRƏT                   Sən yaxşı zabit idin. Amma ağlını itirmisən.
ƏŞRƏF                      Tək o deyil, Nüsrət! Evimi də itirmişəm, qardaşımı da itirmişəm. keçmişimi də itirmişəm.
Polis Nağdalı və Rövşən gəlirlər. Rövşənin əlindəki torbada çörək var.
RÖVŞƏN                  (Çörəyi Sarvana uzadır) Al, Sarvan əmi. Bax gör sən istəyəndi?
MAŞ. SARVAR        Hə! Özüdür! Dəmiryol çörəyi! Çox sağ ol, bala. Gözlə gedim pulunu gətirim.
RÖVŞƏN                  Lazim deyil, Sarvan əmi. Nuş olsun.
SARVAN                   Hə? Sağ ol. Onsuz da pulum yox idi. (çıxır)
NAĞDALI                 Əşrəf kişi, mən axı dedim ki, ova gedəndə mənə də xəbər eləyəsən.
NÜSRƏT                   Əvvəlcə salam verərlər.
NAĞDALI                 Salam!
NÜSRƏT                   Elə yox, hərbi salam!
NAĞDALI                 Mən orduda deyiləm ki?
NÜSRƏT                   Apara bilərəm.
NAĞDALI                 Mənim də sizi həbs eləməyə ixtiyarım var.
NÜSRƏT                   Çox cəsur polissən. Darıxma, sənə də növbə çatacaq.
NAĞDALI                 (Əşrəfə) Qardaşın oğlu az qala əlli-ayaqlı gedəcəkdi. Biləndə ki, əmisi sənsən, buraxdılar.
ƏŞRƏF                      Neyləmişdi ki mənim qardaşım oğlu?
NAĞDALI                 Özü danışar. Ya da heç danışmaz. Daha böyük, ağıllı oğlandır. Biz bilirik ki, o, özünü yaxşı aparacaq. Nə bilmək olar, bəlkə hələ gələcəkdə mən onun qarşısında hərbi salam da verəcəm.
NÜSRƏT                   Şübhən olmasın!
ƏŞRƏF                      O hələ pasport almayıb. Heç kəs onu həbs edə bilməz.
RÖVŞƏN                  Heç forma 9-um da yoxdu. Yəni şəxsiyyətimi təsdiq edən heç bir sənədim yoxdur.
NAĞDALI                 Bəs humanitar yardımı necə alırsan?
ƏŞRƏF                      İstəsən, sənin üçün də yardım yaza bilərəm.
NAĞDALI                 …Uşaq koloniyasına məhz belələrini aparırlar.
ƏŞRƏF                      Nə olub? Nə baş verib?
NAĞDALI                 Heç nə! Hə… (Cibindən şəkil çıxarıb Əşrəfə uzadır) Bunu mənə şöbədən verdilər. Dedilər, sənə çatdırım.
ƏŞRƏF                      (Şəkilə baxır) Bu ki, mənim cavanlıq şəklimdir. Ora necə gedib çıxıb? Yanımdakı da gəlinbacıdır. Onun da yanında rəhmətlik qardaşım olmalı idi…
Rövşən fikirli-fikirli gedib pilləkəndə oturur.
O yoxdu, onu kəsiblər. Niyə kəsiblər?
NAĞDALI                 Çox fikir verməyin. Ora polis arxividir. Onları dirilər maraqlandırır, ölülər yox…
NÜSRƏT                   Əşrəf, vaxtdır, getməliyəm. Özündən muğayat ol. Dediklərimi unutma! (Getmək üçün qalxır)
ƏŞRƏF                      Unutmaram!
NAĞDALI                 Sən demə, Əşrəf zabit imiş!
ƏŞRƏF                      Elə dedin ki, elə bil mən buna görə utanmalıyam.
NAĞDALI                 Yeri gəlmişkən, iki gün qabaq, səni bir nəfər vacib adam görmək istəyib. Mənə şöbədə dedilər.
ƏŞRƏF                      O vacib adam artıq məni gördü.
NÜSRƏT                   (Ayaq saxlayır) O vacib adam mənəm!
NAĞDALI                 Necə? Sizsiz? Nüsrətov? (Cəld hərbi salam verir)
NÜSRƏT                   Nüsrətov yox, Nüsrət Çayırlı. Əlini sal aşağı, gecdi daha. Məni həbs eləmək istəyənə bax. (Çıxır)

NAĞDALI                 (Əşrəfə) Adama bəs deməzlər?.. (Cəld çıxır)
ƏŞRƏF                      (Rövşənə) Danış, görüm nə məsələdi? Polis nə deyirdi bayaqdan, heç nə başa düşmədim.
RÖVŞƏN                  Vacib deyil, əmi!
ƏŞRƏF                      Necə yəni vacib deyil? Mən bilməliyəm.
RÖVŞƏN                  Boş şeydi, əmi. Nağdalını tanımırsan? Özünü vacib adam kimi göstərmək istəyir.
Süsən daxil olur, əlində çamadan və sumkası ilə gəlib Sarıgülün məhəccərini döyür. Rövşən tərəfə heç baxmır. Tələskənliyi Əşrəfi təəccübləndirir.
ƏŞRƏF                      Qızım, bu nə yır-yığışdır?
SÜSƏN                      Gedirəm, Əşrəf əmi. Vidalaşmağa gəlmişəm. Daha məni burada saxlayacaq heç nə yoxdur.
ƏŞRƏF                      Hə… Allah nənənə rəhmət eləsin! Amma sən qala da bilərsən… Sən bizə öz qızımız qədər doğmasan… Sarıgülə də hayan idin…
Süsən cavab vermir, məhəccəri döyür. Sarıgül çıxır. Qucaqlaşırlar.
SARIGÜL                  Nə vaxt istəsən gələ bilərsən, qızım. Lap elə bibini də götürüb bizə qonaq gəlin.
SÜSƏN                      Salamat qalın… Salamat qal, Əşrəf əmi!
ƏŞRƏF                      Sağ-salamat get, qızım!
Süsən gedir. Rövşən yerindən tərpənmir. Sarıgül vaqona girir, sonra qapıdan Süsənin arxasınca su atıb içəri girir.
RÖVŞƏN                  Səninki qisasdan başqa bir şey deyil. Nəyin bahasına olur-olsun. Görünür mənim burada olmağım, ailəmizin yenidən yığışması sənin heç vecinə olmadı, əksinə sənin ucbatından kimin başına nə gələcəyi də səni heç narahat eləmir.
ƏŞRƏF                      Həddi-buluğa çatmayanlara həbs düşmür.
RÖVŞƏN                  İstəsələr, əsas taparlar. Söhbət bunda deyil. Dedilər mən burada lazımam. Mənim burada olmağım çox vacibdir.
ƏŞRƏF                      Əlbəttə vacibdir. Sənin başına nə gəldiyindən xəbərsiz idik. Sənin tapılmağına görə mən hər gün Allaha şükür eləyirəm.
RÖVŞƏN                  Sənin sakit olmağın üçün mən lazım idim.
ƏŞRƏF                      Əgər bu qədər məlumatları var idisə, mənim özümü bir yolla uzaqlaşdıra bilərdilər axı.
RÖVŞƏN                  Qəhrəmanlara dəymək olmaz. Qəhrəman özü çəkilməlidir. Belə vəziyyətdə xalqın inamını qırmaq olmaz yəqin ki.
ƏŞRƏF                      (Samovara tərəf gedir) Görürəm bu barədə çox fikir eləmisən. Əminəm ki, sən deyənlər adi uydurmalardır. Doğrudanmı sən elə düşünürsən ki, məni saxlaya bilərsən?
RÖVŞƏN                  Mən yox, sənin məsuliyyətin səni saxlamalıdır. Yaxşı fikirləşsən, yadına düşər ki, mənə görə sən cavabdehsən.
ƏŞRƏF                      Mən çox adama görə cavabdeh olmuşam, indi də cavabdehəm. Sən də onlardan birisən.
RÖVŞƏN                  Atamın necə öldüyünü səndən başqa kim görüb?
ƏŞRƏF                      Heç kim!
RÖVŞƏN                  Mən görmüşəm.
ƏŞRƏF                      Sən kəndə, velosipedinin dalınca qaçmışdın. Əgər sən qaçmasaydın, biz də düşüb səni axtarmazdıq, raket də atanı öldürməzdi.
RÖVŞƏN                  (Əşrəfin yanına gedir) Atamı öldürəndən sonra tüfəngi mənə tərəf çevirdin, mən onda qaçdım. Kolluqdakı mən idim.
ƏŞRƏF                      Mənim belə bir şübhəm var idi. Sən elə bilmişdin atanı mən öldürmüşəm?
RÖVŞƏN                  Mən gözümlə görmüşdüm. Atam yerdə uzanmışdı. Sən onun başına bir güllə vurdun.
ƏŞRƏF                      Bəs sən görmədinmi ki, atanı xilas eləmək mümkün deyildi. Onun əzablarını görmədinmi?
RÖVŞƏN                  Yox! Çünki sən kolluqda səs eşidib, tüfəngi mənə tərəf çevirdin. Amma son anda baxışlarımız qarşılaşdı. Niyə məni çağırmadın? Niyə məni tutmaq üçün yanıma gəlmədin?
ƏŞRƏF                      Gec idi. Sən qaçacaqdın. Mənim isə sənə nəyisə izah eləməyə vaxtım yox idi. Atanın cəsədini qoyub getməli idim. Yazığın qarından aşağı heç nəyi qalmamışdı…
Rövşən Əşrəfin yatağından tüfəngi və düyünçəni götürür, düyünçəni açır.
Kolluqdan səs gələndə mən elə bildim heyvandı. İstəmirdim onu qurd-quş, çaqqal-canavar dağıtsın. Bir maşın adam məni gözləyirdi. Ermənilər bizi nişan almağa başlamışdılar. Yan-yörəmizdə raketlər partlayırdı. Nə edirsən orada? Tüfəngi qoy yerinə. (Masaya yaxınlaşır)
RÖVŞƏN                  Atamı öldürən bu tüfəng, nəslimizin yadigarı bu günə qədər cəmisi bircə adam öldürdü, o da mənim atam oldu.
ƏŞRƏF                      Rövşən, tüfəngi mənə ver. Nə doldurursan ora?
RÖVŞƏN                  Pas atıb. Ya da güllə şişib. Bu nəyə yarayar indi?
ƏŞRƏF                      Rövşən, sən indi bildinmi ki, sənin atanı, mənim doğma qardaşımı mən öldürməmişəm? Mən onu yalnız əzabdan xilas eləmişəm.
RÖVŞƏN                  Əlbəttə başa düşdüm. Mən o vaxt uşaq idim. Əziz atamdan, əziz anamdan, dostum əmimdən başqa heç nədən başım çıxmırdı. Yadındadır, səninlə mən dava-dava oynayırdıq? Ən xoşbəxt günlərim idi. Heyif ki, az oldu.
ƏŞRƏF                      Mən çox sevinirəm. Nə yaxşı başa düşürsən ki, mən düz hərəkət eləmişəm. Daha doğrusu məcbur qalmışam.
RÖVŞƏN                  Əlbəttə, əsl şərəfli, qardaşını sevən bir insan kimi hərəkət eləmisən.
ƏŞRƏF                      Gəl qoy tüfəngi yerinə. Oynatma onu!
RÖVŞƏN                  Xahiş edirəm, yaxın gəlmə! Qoy bir az mənim də əlim dəysin. İnsan əzabı daha dəhşətlidir. Bəlkə mən də döyüşmək, qisas almaq istəyirəm. Sən buna sevinməlisən, əmi. Mənim başqa çarəm yoxdur, bağışla!.. Bu güllə heç bura girmir də. Niyə girmir? (Yerdən götürdüyü baltanın arxasını gülləyə vura-vura, onu güllə yatağına salmaq istəyir)
ƏŞRƏF                      Bəsdir qurdaladın! Sən özündə deyilsən! Qoy baltanı yerə! Vurma! Olmaz!
Əşrəf tüfəngin lüləsindən tutub dartır. Rövşən baltanın arxası ilə gülləyə vurur. Tüfəng açılır. Əşrəf bağırıb yıxılır.
RÖVŞƏN                  (onu qaldırmağa cumur) Əmi! Əmi! (qan axdığını görür) Bağışla! Mən istəmirdim!
Vaqondan Sarıgül çıxır.
SARIGÜL                  Bu nə səs idi? Əşrəf?!
Rövşən dəhşət içində yerdə uzanmış Əşrəfə baxa-baxa geriyə çəkilir.
Öldürdülər! Bunu kim elədi? Sən elədin? Tərbiyəsiz! Heç adam belə şey eləyər?!
Rövşən qaçıb gedir.

Qaranlıq.

Dördüncü pərdə

7-ci şəkil

Günortadır. Orduxan masa arxasında oturub. Sarıgül masanın üstünə bint, tənzif, maye dərman və s. gətirib qoyur.
SARIGÜL                  İndi qaynar su da gətirim.
ORDUXAN               Qaynar olmasın, ilıq olsun.
Sarıgül samovardan tavaya su töküb gətirir.
SARIGÜL                  Gör qaynar deyil ki?
ORDUXAN               (Sanki Sarıgülü indi görür) Hə. Nə?
SARIGÜL                  Su. Qaynatmışam, yaxşı soyuda bilmədim.
ORDUXAN               (Əlinin arxası ilə qabı yoxlayır) Yaxşıdı. İlıq olsa yaxşıdı.
SARIGÜL                  Yaman fikirlisən, Orduxan, elə bil o qədər yaralıdan güllələri çıxaran sən deyildin.
ORDUXAN               Sağ ol, gəlinbacı. Sən get çaydan, yeməkdən bir şey hazırla, indi oyanacaq.
Sarıgül vaqona gedir. Orduxan çevrilib Əşrəfin yatdığı yerin polietilen pərdəsini qaldırır.
ORDUXAN               Əşrəf, qalx. Qalx, sarğını təzələyim.
ƏŞRƏF                      (Ağrı-əzabla yerindən qalxıb oturur.) Gəlmisən?
ORDUXAN               Çox ağrıyır? Ağrıkəsici atırsan?
ƏŞRƏF                      Yox, dözüləsidir. Deyəsən qırmanın biri çıxmayıb.
ORDUXAN               Maykanı qaldır. Mən üzdəkiləri çıxarmışam. Amma yenə də rentgenə getməlisən. Çox güman ki, çanaq sümüyünü də zədələyib. Bir az gəzə bilən kimi gərək yoxlanmağa gedək. Bəlkə kiçik bir əməliyyata ehtiyac oldu.
Orduxan Əşrəfin köhnə sarğısını açır, ilıq su ilə silir, sonra maye dərmanla yeni təpitmə düzəldib, yaranın üstünü örtüb bintlə sarıyır. Ayaq üstə fırlanaraq Orduxana kömək edən Əşrəf hərdən ağrı olduğunu bildirir.
ƏŞRƏF                      Bir-iki günə gəzə biləcəm Allahın köməkliyi ilə.
ORDUXAN               Sənə yaxşı xəbər verim?
ƏŞRƏF                      Lap yerinə düşərdi.
ORDUXAN               Uşaqlardan iki nəfər sən deyən yeri tapıblar. Biri pusquda dayanıb, o biri içəri girib baxıb.
ƏŞRƏF                      (Ağrısını unudur) Nə danışırsan? Halal olsun onlara!
ORDUXAN               Neçə avtomat olmalıydı?
ƏŞRƏF                      İyirmiyə yaxın. İndi yadımda deyil.
ORDUXAN               On yeddi avtomat var. Patronları saymayıblar, yəqin çox olub ki, saymayıblar.
ƏŞRƏF                      Qumbara da olmalıydı.
ORDUXAN               Beş dənə Erqede. Səkkiz nəfər getsə, üç nəfərə çatmayacaq.
ƏŞRƏF                      Əgər səkkiz nəfər getsək, doqquz avtomat hələ artıq qalır. Ehtiyat adamlarımız var yəqin ki.
ORDUXAN               Əgər sən də gedəcəksənsə, onda gərək sənin sağalmağını gözləyək. Mən uşaqlara yenə gözləyin desəm, qorxuram daha sonra heç biri getməsin. Çox gözlətmişik onları.
ƏŞRƏF                      Mənə nə olub ki? Ölməmişəm ki?! Bir-iki günə tamam sağalacam.
ORDUXAN               Yox, Əşrəf, yox! Onlar heç mənim də getməyimi istəmirlər, qalmışdı ki, sən.
Nağdalı daxil olur.
NAĞDALI                 Axır ki, özünə gəldin, Əşrəf kişi? Hamıdan izahat almışam, bircə sən qalmısan.
ƏŞRƏF                      Nə izahat-izahat salmısan? Mən nə deməliyəm ki? Uşaqdı, təsadüfən bilməyib, baltayla gülləyə vurub, o da açılıb. Əlindən baltanı almaq istəyəndə qırmalar mənə dəyib. Bu izahat deyil?
NAĞDALI                 Əgər baltayla gülləni əzibsə, bəs onda niyə özünə heç nə olmayıb? Bir də axı Rövşən niyə gülləni balta ilə əzmək istəyib? O axı balaca uşaq deyil. Rövşən gülləni tüfəngə qoymaq istəyib. Niyə? Kimi vurmaq istəyirdi? Bəlkə elə səni vurmaq istəyib? Niyə aydın izahat vermirsən?
ƏŞRƏF                      Rövşən, mənim doğma qardaşım oğlu niyə məni vurmalıdır ki?
NAĞDALI                 Mən nə bilim. Yaxşısını sən bilərsən. Ailə-məişət problemləri çox qəliz bir şeydir. Rövşən yaşda qatillər də çoxdur. İndi axtarışdadır. Gec-tez tapılacaq, hər şeyi də etiraf edəcək. Bəlkə o səni öldürmək istəyib?
ƏŞRƏF                      Sən deyəsən qaşınmayan yerdən qan çıxarmaq istəyirsən. Rütbəni bu yolla artırmaq istəyirsən?
NAĞDALI                 Rütbəmi nə yolla artıracağımın, Əşrəf kişi, sənə heç dəxli yoxdur. Əgər istəsəm sizin bu ailənizdən bir yox, yüz maddə çıxararam. Mən deyirəm bir əsaslı səbəblə hadisəyə aid izahat verin, mən də işi yola verim getsin. Orduxanla məsləhətləş, yaz. Bir saatdan gəlib götürəcəm. (Çıxışa doğru gedir)
ƏŞRƏF                      Əsaslı səbəbi Rövşən öz izahatında yazar, əgər tuta bilsəz.
NAĞDALI                 Sən də yazmalısan. Protokol üçün. (Çıxır)
ƏŞRƏF                      (Orduxana) Mən bunun üçün, görəsən, nə yazmalıyam ki, oxuyub razı qalsın… O ağlına gələni danışır, sən də ağzına su alıb dayanmısan. Sən nə fikirləşirsən, bu işə görə uşağa böhtan atıb türməyə salmazlar ki?
ORDUXAN               Sən gərək onlarla oynamayasan. Sonra altından çıxa bilməzsən. Sən həqiqəti yaz.
ƏŞRƏF                      Yaxşı, bunların nə istədikləri mənə aydındır. İstəyirlər mən getməyim. Getmərəm, təki əl çəksinlər uşaqdan. Daha fikirləşmirlər ki, mən getməyəcəm, amma başqaları var. Orduxan, sən uşaqlara de, günü sabah hərəkətə keçsinlər. Hərbi paltar geyib eləməsinlər. Axşam maşınınla gəl, oturaq o yerlərin planını çəkim. Sonra məni apararsan, heç olmasa görüşüm o igidlərlə. Bunu eləyə bilərsən?
ORDUXAN               Eləyərəm, amma bir məsələ var, gərək ona aydınlıq gətirəsən.
ƏŞRƏF                      Nə məsələ?
ORDUXAN               Onlar məndən soruşdular, mən cavab verə bilmədim.
ƏŞRƏF                      Nəyi soruşdular?
ORDUXAN               Sənin nə qədər dürüst adam olmağını…
ƏŞRƏF                      Hə, haqlıdırlar… Ağıllıdırlar. İndi heç kəsə etibar yoxdur. Amma məncə, bu günə qədər dediklərimin düz olduğunu, axır ki, hamınız gördünüz. Silahları görəndən sonra yalan danışmadığıma əmin oldular yəqin ki.
ORDUXAN               Sənin haqqında, necə yaşadığın haqqında yetərincə bilirlər. Söz yox, sən dürüst adamsan, dediyin hər şey də həqiqət olub ortaya çıxdı. Sən bizi aldatmadın. Amma… mənə bir məsələni anlamaqda kömək elə… O doğrudurmu ki, qardaşını sən öldürmüsən?
ƏŞRƏF                      Bu nə sualdır? Əlbəttə, yox.
ORDUXAN               Şaiyə gəzir. Özü də çox pis şaiyə. Bizim uşaqlara qədər gedib çıxıb.
ƏŞRƏF                      Ağzında deyirsən şaiyə… Yaxşı, nə şaiyəsi?
ORDUXAN               Danışırlar ki, sən altı il bundan qabaq köçü qaçıranda, vəziyyətdən istifadə edib qardaşını öldürmüsən ki, onun arvadına sahib olasan.
ƏŞRƏF                      (Çətinliklə gülür) Gülə də bilmirəm. Hansı atasını tanımayan axmaq bunu deyir?
ORDUXAN               Hamı danışır.
ƏŞRƏF                      Səni bu qədər sadəlövh bilməzdim. Məgər görmürsən ki, bu təxribatdır? Bayaq Nağdalı demədimi ki, istəsə bizim ailədən yüz dənə maddə çıxarar?
ORDUXAN               Görürəm, Əşrəf. Öz sadəlövhlüyüm də məni indi daha çox şübhələndirməyə başlayıb. Amma o əsgərlər belə iş tutan adamın arxasınca getməzlər.
ƏŞRƏF                      Qulaq as, mən getdim ki, Muxtarı gətirim. Amma o elə günə düşmüşdü ki… Yadıma düşəndə… Can verirdi. Qurşaqdan aşağı yox idi. Onu xilas eləmək mümkün olmayacaqdı. Bu arada bizim maşını nişan almağa başlamışdılar. Həm də qardaşım əzab çəkirdi. Bir gülləylə onun canını bu əzabdan qurtardım. Sən demə Rövşən də kolluqdan bunu görüb, qorxub qaçıbmış. Mən qardaşımı elə öldüyü yerdə qoyub maşına qaçmalı oldum. Rövşənin də öldüyünü zənn etdik. Sarıgül ağlını onda itirdi. Sənə nə aydın deyil? Mən nəyi düz eləməmişəm? Necə eləməliydim bəs?
ORDUXAN               Sən qardaşını özün vurduğunu mənə deməmişdin, amma hər kim olsaydı belə edərdi.
ƏŞRƏF                      Bəlkə kimsə can verən qardaşını maşına tərəf sürüyərdi, onda da gec olardı, otuz adam həlak olardı. Sən də həmçinin.
ORDUXAN               Sən onu vuranda ağlından nə keçdi?
ƏŞRƏF                      Yadımda deyil.
ORDUXAN               Yadına sal. Bu mənə çox lazımdır.
ƏŞRƏF                      Yox, sən yadına sal! Bilirsən ki, nə qədər adam biz qaçana qədər vəhşicəsinə qətlə yetirilmişdi. Daha nəyi yadıma salım?
ORDUXAN               Sən çox adamı ölümdən qurtardın. Biz unutmamışıq. Sən bizim xilaskarımızsan!
ƏŞRƏF                      Yadıma başqa heç nə gəlmir. Heç nə bilmirəm. Bilirəm ki, mən gah qardaşıma baxırdım, gah onun qabırğalarına, gah qardaşıma, gah bağırsaqlarına. Ayaqları isə yerli-dibli yox idi. O yerdə ki, ayaqları olmalıydı, qan və ət gölməçəsinin içindən sümükləri ağarırdı… O nəsə demək istəyirdi, amma səsi çıxmırdı… Amma mən onu başa düşürdüm, axı qardaşıyam! Gülləni başından vurdum ki, bir daha əzab çəkməsin. Bir saniyə gec, bir saniyə tez, onsuz da öləcəkdi. Amma mən anlayırdım ki, hər bir saniyə onun üçün bir əbədiyyət olur. Qardaşım öldü, mənim də əzablarım qurtardı. Amma sən soruşursan, mən nə hiss elədim? Sən nəyi bilmək istəyirsən? Şaiyələrin doğru olub-olmadığını?
ORDUXAN               Mən sənin ürəyindəkiləri bilmək istəyirəm.
ƏŞRƏF                      Protokol üçün?
ORDUXAN               Yox, özüm üçün.
ƏŞRƏF                      Mən yoruldum, Orduxan!
ORDUXAN               Sən nəyə görə bu günə qədər evlənməmisən?
ƏŞRƏF                      Bilmirəm.
ORDUXAN               Yadına sal, sən qardaşını vuranda qəzəbli idin, yoxsa ağlın səni idarə edirdi?
ƏŞRƏF                      Birmirəm, Orduxan, bilmirəm, əl çək məndən.
ORDUXAN               Niyə əl çəkim səndən? Cavab vermək sənə çətindir? Nə hiss elədin? Rahatlıq, yoxsa əzab?
ƏŞRƏF                      Rahatlıq! Qardaşımın əzabdan canı qurtardığı üçün rahatlıq.
ORDUXAN               Bəlkə qardaşının arvadına sahiblənə biləcəyin üçün rahatlıq?
ƏŞRƏF                      Rədd ol burdan, Orduxan! Rədd ol! Cəhənnəm ol! İtil! Sən şeytansan! Şeytan!
Orduxan qalxır. Bir-birilərilə baxışırlar.
Amma sən mənə yaralı düşərsəm, başıma güllə vuracağına söz vermişdin.
Orduxan tələsmədən çıxır. Əşrəf öz yatacaq yerində oturub ürəyini ovuşdurur.
Mən bilmirəm. Mən daha heç nə bilmirəm. Protokolunuzda nə bilirsiz, onu da yazın! Mən daha heç nə bilmirəm!
Qaranlıq.

8-ci şəkil
Yenə həmin vaqonun qarşısı. Masa arxasında Zabit Nüsrət oturub. Vaqonun qapısından Sarıgül çıxır.
SARIGÜL                  Sizə nə lazımdır?
NÜSRƏT                   Əşrəfi görməyə gəlmişdim. Çox sağ ol deməyə, silahları orduya təhvil verdilər. Mən gəlmişdim sağ ol deməyə, amma mənə onun öldüyünü dedilər. Gecikdim. Sizin başınız sağ olsun! Əşrəf yaxşı insan idi. Yaxşı da zabit idi.
SARIGÜL                  Çox gec gəlmisiz. Əşrəf çoxdan ölüb.
NÜSRƏT                   Çox təəssüf eləyirəm, anam.
SARIGÜL                  Onsuz da sən ona heç cür kömək edə bilməyəcəkdin.
NÜSRƏT                   Əlbəttə! Kömək eləmək həmişə onun işi olub. Amma bizim ona kömək edə biləcək gücümüz yox idi. Eşitdim, ən sonda qardaşı oğlu onu güllələyib.
SARIGÜL                  Qardaşı oğlu? Mənim oğlum? (Gözlənilmədən ağlayır) Mənim bircə balam hara oldu bilmədim. Öldü-qaldı, bilmədim. İtkin düşdü balam.
NÜSRƏT                   İtkin düşdü?
SARIGÜL                  Hə, hə… İtdi-getdi… Altı il olar. Yox, Əşrəf güllədən ölmədi. Onun yarası ağır idi.
NÜSRƏT                   Bəs axı mənə demişdi oğlunuz tapılıb. Sizin neçə oğlunuz var?
SARIGÜL                  Mənim bir oğlum var idi. O da yoxa çıxdı. Raket partladı, Muxtar da öldü, Əşrəf də… Oğlum da…
NÜSRƏT                   (Sarıgülün psixoloji sarsıntı içində olduğunu anlamağa başlayır və qalxır ki, getsin.) Yaxşı, bağışlayın məni, vaxtdır, getməliyəm… Özünüzdən muğayat olun!
SARIGÜL                  Bağışlayın siz Allah, sizin də qanınızı qaraltdım. Oturun, getməyin, sizə yemək gətirim…
NÜSRƏT                   Zəhmət çəkməyin.
SARIGÜL                  Heç bir zəhməti filan yoxdur. Bizim evə gələn ac-susuz getməməlidir.
Zabit istəmədən oturur.
(Samovara tərəf getdiyi yerdə birdən dayanır.) Nə tez başladı bu gün. Axı hava hələ qaralmayıb.
NÜSRƏT                   (Göyə baxır) Yağış yağır?
SARIGÜL                  Yox. Yağış deyil. Eşitmirsiz? Qatar səsi.
NÜSRƏT                   (Qulaq verir, amma görünür ki, heç nə eşitmir) Hə… Yəqin bu yaxınlıqdan dəmir yolu keçir…
SARIGÜL                  Nə dəmir yolu? Mən Sarvan kişinin qatarını deyirəm. Nə tez qoşub? Bəlkə əmr veriblər artıq?.. Yoxsa bu gün tez yuxuya gedib? Gərək gedim baş çəkim. Aman! Bəlkə o da… yuxuya gedib?..
Sarıgül hər şeyi unudub, fikri uzaqlardaymış kimi gəlib masanın arxasında oturur.
Qatar səsi doğrudan da eşidilməyə başlayır. Səs hiss olunmadan get-gedə artmaqdadır.
Hava qaralmağa doğru gedir.
İpdəki ağ mələfələrdə birinci Muxtarın, sonra başqalarının harayasa gedən siluetləri görünməyə başlayır.
Muxtar həmişəki sönük və kədərli sifətlə gəlib Sarıgülün yanında əyləşir.
Zabit Muxtarı görmür, o narahatdır, darıxır.
Mələfələr şütüyən qatarın vaqonlarını xatırladır.

Qaranlıq.

SON

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Şəki Festivalının Şəki mərhələsi başa çatdı

Gürcüstanın Muvement teatrı “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalının beşinci günündə, mayın 16-da tamaşaçılara U.Şekspirin “Fırtına” əsərini təqdim edib. Tamaşanın quruluşçu rejissoru İoseb...

Bolqarıstanda Xocalı soyqırımına həsr olunmuş tamaşa

Azərbaycan Dövlət Pantomima Teatrı Xocalı soyqırımına həsr olunmuş “Xocalı - bu olub” adlı yeni səhnə əsəri hazırlayıb. Tamaşanın ilk nümayişi 25 fevral tarixində Bolqarıstanın...

V Bakı Beynəlxalq Teatr Konfransı

Noyabrın 4-7-də Bakıda V Beynəlxalq Teatr Konfransı keçiriləcək. Konfrans “XXI əsrdə teatrın fəlsəfəsi: mövcudluq konsepsiyası” mövzusuna həsr ediləcək. Azərbaycan Mədəniyyət Nazirliyi, Milli Elmlər Akademiyası və...

Recent

Əlif Cahangir “Humay” mükafatı aldı

“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay” Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan “Humay” milli mükafatının təqdimat mərasimi keçirilib. “Humay” Milli Mükafatı Akademiyasının üzvləri tərəfindən hər...

İlham Rəhimli – “20 rejissor haqqında 120 cümlə”

Baxşı Qələndərli (20.7.1903-14.9.1985. Əməkdar incəsənət xadimi). Azərbaycanın ali təhsil görmüş ilk peşəkar rejissorlarından sayılır, yaradıcılığı əsasən Naxçıvan teatrı ilə bağlıdır. Quruluş verdiyi tamaşalar kompozisiya tamlığı,...

“Mədəniyyət” qəzetindən yenilik

Bir ay öncə yeni format və dizaynda, rəngli tərtibatda nəşrə başlayan “Mədəniyyət” qəzeti daha bir yeniliklə oxucuların görüşünə gəlib. Qəzetin noyabr ayı üzrə ilk...