Mehman Musabəyli “Toy səyahəti”

(Kiçik səhnə üçün bir pərdəli komik dram)

İŞTİRAKÇILAR:

ŞAHİN
MAYA

Qaranlıqdır. Uzaqdan qapıları növbə ilə çırpılan avtomobilin səsi gəlir. Onun faralarının zəif, ötəri işığı barmaqlıqlı hasarın və ağacların arasından sızıb, qəribə bir qurğunu bir neçə saniyəliyə işıqlandırır. Sonra işıq və kölgələr əcaib formada sürüşür, avtomobil səsi uzaqlaşır. Yenə qaranlıq və səssizlik çökür. Bir azdan ŞAHİN və MAYAnın danışıq səsləri eşidilir.
MAYA Məni bu çöl-biyabana niyə gətirdin?
ŞAHİN Sənin səbrsizliyin məni məcbur elədi.
MAYA Buralar heç xoşuma gəlmir.
ŞAHİN Buralar mənim iş yerimdir.
MAYA Sənin iş yerin qəbiristanlığın yanındadır. Özün demirdin?
ŞAHİN Qəbiristanlığın içindədir deməmişəm ki?!
MAYA Gəl qayıdaq.
ŞAHİN Beş dəqiqəliyə baxıb qayıdırıq. Başqa vaxt gətirəcəkdim səni… Amma elə yaxşı oldu ki, Telmanın benzini indi qurtardı. Gəl, göstərim, səbəbini bil, Allah xətrinə, mənim də qulağım dincəlsin.
MAYA Göz-gözü görmür. Nə göstərəcəksən mənə, başım çıxmır?! (Ayağı nəyəsə ilişir) Bu nədi?.. Zəhrimar… (Səsinin titrəməsindən narahatlığı bəllidir) Hələ çox gedəcəyik?
ŞAHİN Ay qız, suallarını sonra verərsən. Ayağının altına bax, dalımca gəl.
MAYA Nə ayağımın altını görürəm, nə üstünü. (Əsəbi) Şahin, çox şeydən xəbərin yoxdur, qınamıram, amma bir şeyi dəqiq bilirsən: Mən! Qaranlıqdan! Qorxuram!
ŞAHİN Qaranlıqdan qorxursan, gözlərini yum!
MAYA Gör heç ağlıma gəlib?..
ŞAHİN Di bir hövsələn olsun, çatmışıq. Onsuz da Telman yarım saatdan tez gəlməyəcək. Yenə getdi benzin doldurmağa. Məndə nə ilahi gücdür bilmirəm. Mən onun maşınına oturan kimi benzini qurtarır… Bəlkə benzinpulu istəyir?
MAYA Kim? Telman? Yo-ox… nə danışırsan? Mənim qardaşım bəzi-bəzi həyasızlar kimi pulgir deyil.
ŞAHİN Onda dəqiq pul istəyir. Həyalıdır deyə sözlə deyə bilmir. (Pauza) Ya da ki, ona pul borcluyam, yadıma salır. (Pauza. Öz-özünə) Həqiqətən də ona borcluyam… (Mayaya) Gözlə burda. Qorxmayasan. (Pauza) Hələ hamısı hazır deyil… Amma sənə göstərmək üçün kifayət edir… Diq-qət!..
Gözlənilmədən qurğu işıqlanır. Qurğunun işığında öz qadın çantasını bərk-bərk sinəsinə sıxmış MAYA görünür. Amma artıq ŞAHİN görünmür.
(Bu qurğu – davamlı materiallardan düzəldilmiş böyük bir səbətdir – hava şarının səbəti. Onun məhəccəri və kəndirləri xırda, rəngli, sayrışan işıltılı diodlarla bəzədilib.)
MAYA (Qorxu və heyrətlə içini çəkir) Aa!.. Bu nədi?! Şaaahin? (Müxtəlif bucaqlardan baxır) Şahin, nədi bu belə? Bunu göstərəcəkdin mənə? Buna baxacaqdıq?! (Sonra Şahini görməyib təlaşla ətrafa boylanır) Şahin! Şahin! (Ağlamsınaraq onu artıq qaranlıq çöllüklərdən çağırmağa başlayır.) Şaahiiin!!! Ay Şaaahiiinn!
Şahin səbətin içində olduğundan, yalnız belini dikəldəndə qurşaqdan yuxarı hissəsi görünür.
ŞAHİN (Qəflətən dikəlir, sevinclə) Gözəldi, hə?
MAYA (Diksinib qışqırır) Ay!.. Məni dəli eləmək istəyirsən? (Qorxudan sonra bir müddət özünə gəlir) Çağırıram, niyə hay vermirsən?
ŞAHİN Qaranlıqda görməyib naqilin birini qoparmışdım, onu calayırdım! Bax bunu.
ŞAHİN elektrik açarlarından birinin düyməsini basır və tən ortadan çılçıraq kimi asılmış plafonlu işıq yanır.
Necədi? Xoşuna gəlir?
MAYA (Heyrət dolu nidalarla) Haa!.. Əladı! Bunu sən düzəltmisən?
ŞAHİN Əlbəttə mən düzəltmişəm.
MAYA Əllərin qızıl imiş… Kimin üçün, Şahin?
ŞAHİN Hesab elə ki, sənin üçün.
MAYA Amma… Axı… Bəs bu boyda şeyi həyətimizə necə aparacağıq? Olmazdı ki, bunu elə öz həyətimizdə düzəldərdin?
ŞAHİN Olmazdı.
MAYA Niyə? Yer var idi axı.
ŞAHİN İndi biləcəksən niyə. (Əyilib görünməz olur, dikələndə əlində bir fanar var. Fanarı yandırıb səbətdən düşür və Mayanın qolundan tutub səbətdən aralanırlar.) Gəl bura! İndi biləcəksən və hər şeyi başa düşəcəksən. (Fanarın işığını qaranlıq göyüzünə yönəldir.) Görürsən?.. (Pauza) Əsl hava şarı. (İşığı yuxarıdan sallanan və səbətin qıraqlarına bağlanmış kəndirlərə yönəldir) Bax bu kəndirlər gedib o şara bağlanır…
MAYA İndi yıxılacam… Məni tutarsan!
ŞAHİN Yıxılma!
MAYA Şaahiin, sən bir de, bunların hamısını sən düzəltmisən?
ŞAHİN Bəli, gülüm, bəli! Mən düzəltmişəm. İndi özün de, mən bunu öz həyətimizdə necə düzəldə bilərdim? Məgər bunun üçün buradan, mənim iş yerimdən əlverişli yer ola bilərdi? Axı bura meteoroloji stansiyadır! Havaya zond buraxan yer.
MAYA Sənə necə etibar ediblər?
ŞAHİN Mənim mühəndis olduğumu bilirlər axı. İndi kim öz ixtisasına görə işləyir ki?
MAYA Bəs bilirlər ki, kimdən ötrü düzəltmisən?
ŞAHİN Bilirlər. Havanı öyrənmək üçün zond buraxacam. İndiki müdir və onun qohumları… dəhşətə gələrsən… zondun nə olduğunu bilmirlər.
MAYA (Kefi pozulur) Sən dahisən! Sözüm yoxdu. (Birdən bağırır.) Başın xarab olub?! Uşaq orda, anamgildə qızdırma içində yanır, sən məni bu gecə vaxtı çölün düzünə gətirmisən ki, bax, gör idarə üçün nə düzəltmişəm!
ŞAHİN (Ovqatı pozulmuş, küskün) Necə? Sən sevinmirsən?
MAYA Yox, təəccüblənirəm! De görüm axı mən nəyə sevinməliyəm? Evinə, uşağına ayıracağın vaxtı burada keçirməyinə?
ŞAHİN Yox! İndi başa düş ki, mənim kənarda heç bir sevgilim-filanım yoxdur! Bil ki, mən gündüzümü-gecəmi burada keçirirəm?
MAYA Bildim! Amma mən niyə buna sevinməliyəm, anlaya bilmirəm! Sən heç fikirləşmisən? Nə vaxtacan sənin arvad-uşağına mənim anam-atam baxmalıdır? Desən ki, o qotur maaşını da buna xərcləyirsən, təəccüblənmərəm! Hələ üstəlik evin plafonunu da bura gətirmisən. Daha bu qədər də olmaz axı, Şahin!
Şahinin qolları yanına düşür. Maya danışdığı müddətdə, Şahin dinməz-söyləməz gedib səbətə girir. Oturub görünməz olur.
Hara getdin?! Mən qayıdıram. Yəqin Telman çoxdan gəlib bizi gözləyir. (Pauza) Eşitmirsən? Mən qayıdıram… (Pauza) Gəlmirsən gəlmə! Heç olmasa fanarı ver!
Səbətin işıqları sönür. Yenə hər yer zülmət olur.
Şahin, heç nə görmürəm.
Səbətin işıqları yenidən yanır.
Telman bizi gözləyir.
ŞAHİN (İçəridən səsi gəlir) Telman gəlsə, siqnal çalar.
Yenə işıqlar sönür.
MAYA Şahin! Mən qorxuram!
ŞAHİN (Səsi) Qorxma, mən burdayam!
İşıqlar yanır.
MAYA Di gəl gedək!
İşıqlar sönür.
ŞAHİN (Səsi) Əgər sən bilsəydin ki, mən bu şarı əslində nədən ötrü düzəltmişəm, heç belə deməzdin.
MAYA Nəyi deməzdim?!
İşıqlar yanır.
ŞAHİN (Səsi) Başımın xarab olduğunu.
MAYA Off…!!!
ŞAHİN (Səsi) Qorxutdun məni. (Pauza) Heç belə xəbəri də adama qəfildən deyərlər?
Maya səbətə yaxınlaşır və sıx hörülmüş məhəccərin qapısından içəri boylanır.
MAYA Yaxşı, sənin başın xarab olmayıb. Hirsimdən dedim. Di gəl gedək. Anamgil narahat olacaqlar. Uşağa həkim çağırmaq istəyirdilər. Nəyə baxırsan orda?.. Şəkillərdi?
Maraqdan Maya səbətə qalxır.
Niyə gizlətdin?
ŞAHİN Sonra bilərsən. Döşəmə necədi?
MAYA Yaxşıdı. (Qışqırır) Ay! Bu niyə yelləndi?
ŞAHİN Hərdən olur. Bir az külək var. Bax, orda oturmağa yer də var. Biri də burdadı. Bunu mən yalnız iki nəfərdən ötrü düzəltmişəm. Niyə donub qaldın?
MAYA (Döşəməyə baxmaqdadır) Şahin, bu bizim oğurlanan xalçamız deyil?
ŞAHİN Özüdür ki, var. Amma o heç vaxt oğurlanmayıb. Bir də, xahiş edirəm, heç nəyə təəccüblənmə. Hələ çox şey görəcəksən. Təəccüblənməyə vaxtımız yoxdur.
MAYA Oho! Bu da bizim iki ay qabaq təmirə gedib, hələ də geri dönməyən maqnitafonumuz.
ŞAHİN Qulaq asmaq istəyirsən?
MAYA (Kəskin) Yox! Bayaq deyirdin təəccüblənməyə vaxt yoxdu. Çağırdın, gəldim, hər şeyi öz gözümlə gördüm. Evdə nə var idi hamısını daşımısan bura. İndi buyur, məni başa sal, görüm bütün bunlar nə deməkdir?
ŞAHİN Yaxşı, başa salım, amma sən… amma sən… yenə təəccüblənmə, yaxşı?.. (pauza) nə isə!.. Qısası… mən əslində… əslində mən bunu bizim toy səyahətimiz üçün düzəltmişəm.
Xeyli sükutdan sonra Maya qəfildən gülməyə başlayır, çox gülür, hər dəfə ara verib sözünü demək istəyəndə, deyə bilmir, əvəzində Şahini ilk dəfə görürmüş kimi ona təbəssüm və şəfqətlə tamaşa edir. Şahin bu cür reaksiyadan pərt olur və sıxıntılar keçirir. Maya gecdən-gec sakitləşir.
MAYA (Hələ də gülərək) Bizim toyumuz beş il bundan qabaq olub.
ŞAHİN Bilirəm.
MAYA Artıq üç yaşlı uşağımız da var.
ŞAHİN Bilirəm. Sən buna hazır deyildin. Məni bu tezliklə anlaya bilməyəcəksən. Gərək evdə ucundan-qulağından deyəydim… Onda da sürpriz alınmayacaqdı… Elə bilirdim, sevinəcəksən. Nə isə… Bu cür, məni ələ salan gülüşünü yox, o beş il qabaqkı təbəssümünü görmək istəmişdim.
MAYA Bağışla, gülməyimə baxma, mən yenə… Bunu yuxuda görsəydim, yenə də inanmazdım. Çox gözlənilməzdi mənim üçün. Beş ildən sonra toy səyahəti, özü də hava şarında!
ŞAHİN (Ümidlə) Görürsən, nə maraqlıdır? Kimin toyu belə olub?
MAYA Heç kimin. Amma deyim sənə, vaxtında olsaydı, bu toy bəlkə də Ginnesə düşərdi.
ŞAHİN Elə mən də o fikirlə bunu düzəltmişəm.
MAYA Düzünə qalsa, çox yaxşı fikirdi. Amma, Şahin, təəssüf, çox da gecdi.
ŞAHİN Yo-ox, qətiyyən gec deyil. Beş il hələ iki aydan sonra bitəcək. Beş il! Başa düşürsən? Yubiley! Biz yubiley səyahətinə çıxacağıq.
MAYA Yubiley… Bu sözü unutmuşam… Sən dahisən!
ŞAHİN Bilirəm… Bax elə buna görə səninlə göz-gözə gəlməkdən qaçıram. Yubiley sözünü unutmusan… Gec-tez mən bunu eşitməli idim… eşitdim də… Amma, şükür, indi bir az yüngülləşirəm. Toyumuzu necə… xatırlayırsan?
MAYA Çalışıram onu da unudum. Pis ovqat yaradır.
ŞAHİN Elə məndə də… Amma mən dözməliyəm… Verdiyim sözü yadıma salmalıyam, ovqatım pozulmalıdı və dözməliyəm.
MAYA Nə söz vermişdin ki?
ŞAHİN Yadından çıxıb… Təbiətin ən gözəl yerlərini, ən gözəl şəhərləri gəzəcəyimizi…
MAYA Eh… O bir boş arzu idi… Aşiq olmuş gənclərin romantik arzuları… Unutmağa bircə gecə bəs elədi. Sonra həyat yeni vədlərlə, yeni arzularla məni hədələməyə başladı… Mən də hamısını bir-bir dəf etməyə çalışdım.
ŞAHİN Bizim toy adi toylardan olmamalı idi. Bunu hələ də özümə bağışlaya bilmirəm. Amma tərifli, yaddaqalan toy… bizlik deyilmiş.
MAYA Varlılar… təmtəraqlı toylar… hamısı boş şeydir… Bununla yalnız kənardakılara xoşbəxt görünə bilərsən… (…) Eşidib-bilən olsa, elə biləcək səni mən dəli eləmişəm…
ŞAHİN Mənə nə istəyirsən de! Dəli de! Dahi de! Sadəlövh de! Amma mən səni xoşbəxt görmək istəyirəm… və bunun üçün mənim öz planlarım var. Hər nə isə… Bax, bunu sənə hədiyyə edəcəkdim… bunu öz əllərimlə düzəltmişəm. Vaxtından tez göstərməli oldum, amma eybi yox. İndi rahatca yubiley səyahətinə çıxa bilərik… Əsas işləri görüb qurtarmışam. Cüzi şeylər qalıb.
MAYA Amma doğrusunu deyim, mən hələ özümə gələ bilməmişəm. Sən əməlli-başlı manyak imişsən.
ŞAHİN Aha, daha bir diaqnoz! Davam elə, yavaş-yavaş özünə gəlirsən… Sən mənə bir de görüm, kimin əri toy səyahəti üçün öz əlləriylə hava şarı düzəldib?
MAYA Heç kimin! Özü də toy yox, yubiley!
ŞAHİN Hələ olsun ki yubiley! Heç belə şey eşitmisən? Tarixdə görünməyib!
MAYA Bu yalnız mənim başıma gələ bilər!
ŞAHİN Buna sürpriz demək olar?
MAYA Gözəl sürprizdir! Sürprizlərin ən vahiməlisidir!.. Yaxşı mənada! Arvadın yaman sevinəcək!
ŞAHİN Sevinəndirsə, bəs niyə sevinmir? Sevinsin, mən də görüm…
MAYA Axı arvadın hələ bilmir. Biz bunu hələ ondan gizli saxlayırıq.
ŞAHİN Artıq lüzum yoxdur. Mənim artıq sürpriz eləmək həvəsim itdi. Səndən başqa da arvadım yoxdur. Rahat sevinə bilərsən.
MAYA (Qəribə tonda) Mən sənin arvadın olmaq istəmirəm!
ŞAHİN …Nə… necə?!
MAYA Bütün bunları görəndən sonra mən daha sənin arvadın olmaq istəmirəm.
ŞAHİN Maya…
MAYA Mən yenidən sənin sevgilin olmaq istəyirəm. Heç olmasa beş dəqiqəliyə. Bu kimsəsiz çöllük, bu hava şarı… gecə… Ay!
ŞAHİN Ay hələ çıxmayıb.
MAYA Mənim üçün çıxıb… Və belə bacarıqlı kişi…
ŞAHİN (Özünü itirmiş) Maya, dayan…
Maya divanə kimi Şahini qucaqlayıb onun yanağından öpür, boynundan sallanır.
Avtomobil siqnalı eşidilir.
Maya… getməliyik… Telman siqnal verir…
MAYA O, Telman deyil…
ŞAHİN Vallah Telmandır… özüdür… eşidirsən?.. Baab-baab…
MAYA Qoy gözləsin!
ŞAHİN Necə yəni gözləsin? Uşaq qızdırma içində yanır… Yəqin indi “ana-ata” deyib ağlayır…
MAYA Qızdırma-zad yalandır…
ŞAHİN Maya, sənə nə olub?.. Məni qorxudursan… İşə düşdük! Mən hardan biləydim ki, bu sürprizin belə acı nəticələri olacaq.
MAYA (Özünü ələ alır) Əksinə, Şahin, acı nəticə daha olmayacaq! Sən çox şeyi bilmirsən axı, Şahin! Mənim əziz Şahinim! Sadəlövh oğlan! Sən bu gecə məni anamgilə qoyub, özün evə tək qayıtmalı olacaqdın.
ŞAHİN Həmişəki kimi…
MAYA Yox. Bu sonuncu dəfə olacaqdı. Qərara gəlmişdim ki, ayrılaq və bir də geri qayıtmayım.
Səbət yellənir, ikisi də büdrəyirlər. Maya yıxılmaq üzrəykən Şahin onu tutur və Maya yenidən onun boynundan sallanır.
ŞAHİN İnana bilmirəm, belə qərar sənin ağlına necə gələ bilər?
MAYA Yorulmuşam, Şahin! Sən təsəvvürünə gətirə bilməzsən, mən özümü necə tənha hiss edirəm. Adamlardan təcrid olunmuşam, mən özümü dul qadın, qadın da yox, qulyabanı kimi hiss edirəm. Mən həyatımı dəyişmək istəyirdim. Çöldəki həyatımı yox, içimdəki həyatı. Orada sən də varsan. Mənim görmək istədiyim sən! Orada sevgi var, ümid var. Orada gələcəyə meydan oxuyuruq. Qızımız orada xoşbəxtdir… Hamımız xoşbəxtik… Dostlarımız, oyuncaqlar…
ŞAHİN Yox, nəsə düz deyil. Sən axı öz ailəni dağıdırsan. Sən belə edə bilməzsən. Olmaz! İşə bax… Heç gözləmirdim… Ağlıma belə gəlməzdi… İnsan öz əliylə öz yuvasını necə dağıda bilər? Anlamıram! İllərlə yaşadığın evi, ömründən xərclədiyin, sevdiyin ailəni tərk etmək… Ağlasığmazdır…
MAYA Amma indi sən mənə hər şeyi yenidən qaytardın, Şahin. Mən sənin sevgini görürəm. Sənin ürəyini görürəm, onun böyüklüyünü görürəm. İndi mən özümü sənin yanında çox balaca, xırdaçı bir adam kimi hiss edirəm… Al məni qanadlarına, nəhəng Şahin! Uçurt məni özünlə hara istəyirsən!
ŞAHİN Yaxşı, bəs həmişəlik gedirdinsə, məni niyə aparırdın?
MAYA Nə danışdığını bilirsən? Gecə vaxtı tək getməli idim?
ŞAHİN Tək niyə? Qardaşınla. Telmanla!
MAYA Camaat nə bilir o mənim qardaşımdır? Bizim şəhəri bilmirsən? Xəbər yayacaqdılar ki, Şahinin ailəsi dağıldı… niyə-niyə borclardan… pulsuzluq üzündən.
Pauza.
ŞAHİN (Mayanı qucaqlayıb bərk-bərk sinəsinə sıxır, təsirlənmiş) Nə yaxşı oldu ki, mən səni buraya elə bu gecə gətirdim. Allah üzümə baxdı! Bir az da geciksəydim… evim dirəksiz qalacaqdı…
MAYA (Soyuq tərzdə) Dirək! Əlbəttə, mən sənə həmişə dirək kimi lazım olmuşam!
ŞAHİN Özü də elə-belə dirək yox. Yıxıq evin dirəyi! Ciddi sözümdü. Yaxşı mənada!
MAYA Yaxşı, ilk uçacağımız yer haradır?
ŞAHİN (Bir müddət susub boynunun ardını qaşıyır) Dayan, mən hələ pər düzəltməliyəm. İri pər. Onsuz bunu idarə edə bilmərik. Uçacağımız yer də, gün də havadan asılıdır.
MAYA Hava küləkli olmalıdır?
ŞAHİN Yox, əksinə, sakit havada qalxmalıyıq ki, külək bizi hara gəldi aparmasın, özümüz istədiyimiz səmtə uçaq. Ona görə pər vacibdir. Əgər dağları aşa bilsək, heç bir zoğala, itburnuya ilişməsək, çox gözəl yerlərə uça biləcəyik, yurdumuzun gözəl-gözəl yerlərinə, şəhərlərinə yuxarıdan baxa biləcəyik.
MAYA Birdən dağa çırpılsaq?..
ŞAHİN Qorxusu yoxdur. Mən hər şeyi hesablamışam. Yüksəkliyi də, havanı da, əgərləri də, çırpılsaqları da… Bacarmasaydım, heç bu işə girişərdim? Mənimlə ürəyini buz kimi saxla. (Əyilib aşağıdan sxemləri götürür) Yaxın gəl! Gəl bax! Bu şar adi şar deyil, bunu mən iki sektora ayırmışam. Bu günə qədər tarixdə beləsi olmayıb. O sektorların hər ikisinə qaz doldurmuşam. Helium! Helium bilirsən nədir?
MAYA Bilirəm, qaz!
ŞAHİN Özü də necə qaz… Biz enmək istəyəndə sektorun birini yavaş-yavaş boşaldacam. Elə hissolunmadan enəcəyik ki, “Boinq”lər bizə həsəd aparacaq.
MAYA Bəs qalxanda?
ŞAHİN Qalxanda hamı, hamı bizə həsəd aparacaq.
MAYA Mən onu soruşmuram. Qalxanda da hissolunmadan qalxacağıq?
ŞAHİN Həə… Əlbəttə… Əgər çox qalxsaq, qazdan bir az buraxıb lazımi hündürlüyə endirəcəyəm. Bir dəfə qalxacağıq, səyahət edəcəyik və enəcəyik. O da bizim bəsimizdir. Sabahı günü hamı bizim yubileydən danışacaq. Jurnalistlərin əlindən gizlənməyə yer axtaracaqsan.
MAYA Hamısını sənin üstünə göndərəcəm.
ŞAHİN Ginnesə də düşəcəyik. Sonra isə… görəcəksən nələr olacaq. Heç istisna deyil ki…
MAYA Nə? Nələr olacaq?
ŞAHİN Özün tap!
MAYA Vəzifə verəcəklər?
ŞAHİN He-he! Gülməli söz danışırsan. Nəyimə lazımdır vəzifə, halbuki o da istisna deyil. Sifarişlər, Maya, sifarişlər. Hər kəs öz toyu üçün bundan bir dənə sifariş verəcək. Hər kəs deyəndə ki… hər kəs arzulayacaq, ən çox da pulu olmayanlar, amma imkanlı ailələr sifariş verə biləcəklər…
MAYA Sən də onlar üçün hava şarı düzəldəcəksən?
ŞAHİN Beh versələr, əlbəttə düzəldəcəm.
MAYA Daha asan variant var.
ŞAHİN Aha! De!
MAYA Kirayəyə vermək!
ŞAHİN Afərin! Bu heç ağlıma gəlməyib. Kirayə!
MAYA Onda kasıb ailələr də uça biləcəklər.
ŞAHİN Ağlına əhsən, gülüm! Sən həqiqətən də mənim arvadımsanmış! Ömürlük! (Tərəddüdlə) Maya, deyirəm bəlkə yubileyimizi elə indi qeyd eləyək?!
MAYA Yox, eləməyək. Telman bayaqdan siqnal verə-verə qalıb.
ŞAHİN O, Telman deyil. Telmanın maşını o tərəfdə deyil. (Əks tərəfi göstərir) O tərəfdədir.
MAYA Yox, dedim ki, evdə… Evdə qeyd edərik. Düş gedək…
ŞAHİN (Şübhəli) Dayan!
MAYA Niyə? Nə oldu?
ŞAHİN Bəlkə o siqnal elə Telmanın..kı… siqnal bayaq bu tərəfdən gəlirdi… (məhəccərdən aşağı boylanır, qorxusunu gizlətməyə çalışır) Maya!.. (düşməyə hazırlaşan Mayanı saxlayır) Yox! Qorxma! Hər şey qaydasındadır.
MAYA Onda düş gedək.
ŞAHİN (qışqırır) Yox! Ağlına belə gətirmə!
MAYA Nə var ki, orda?! (məhəccərdən aşağı boylanmaq istəyir).
ŞAHİN (Onun çiyinlərindən bərk-bərk yapışıb baxmağa qoymur) Yox! Baxma! Onsuz da heç nə görməyəcəksən!.. Gözlə!.. (həyəcanla) Qorxma… Sən qorxma! Sən bayaqkı kimi gülümsə… Qorxulu heç nə yoxdur. Qoy mən əvvəlcə şarı aşağı salım, sonra düşüb evə gedərik… amma mən gərək əvvəlcə şarı aşağı salım.
MAYA Şar yuxarı qalxıb?
ŞAHİN Deyəsən qalxıb… və tərslikdən bizi də qaldırıb!
MAYA Biz indi havadayıq?!
ŞAHİN Boş şeydir! Yəqin sən bu səbətə minəndə döşəmədəki qarmaqlar boşalıb açılıb. Amma narahat olmağa dəyməz… (soyunmağa başlayır)
MAYA Niyə soyunursan?..
ŞAHİN Mən bu səbətin kəndirini möhkəm bir dirəyə sarımışam…
MAYA Dirəyə…
ŞAHİN (Özündənrazı göz vurur) Bəs nə bilmişdin?.. o da yəqin açılıb… amma boş şeydir… azacıq hündürdəyik vəssalam… qarmağı mütləq ilişməlidir… bunun iri qarmağı var… o qarmaqdı bunu saxlayan. Bəs necə?.. Hər şeyi nəzərə almışam… İndi mən o kəndiri dartacam… narahat olmağa dəyməz… və aşağı enəcəyik… Düzdür, bir az çətin olacaq… mənə kömək edərsən… belimdən tut ki, yıxılmayım…
Maya onun belini bərk-bərk qucaqlayır.
(məhəccərdən əyilib əliylə səbətin çöl üzündən kəndiri axtarır, tapır) Ayaqlarımdan tut, dartmağa başlayıram… ağır ola bilər… məni aparar…
Maya onun ayaqlarını tutmaq üçün aşağı endiyindən görünmür.
Şahin kəndiri yoxlayır, sonra dəhşət içində dikəlir və əlli metrə yaxın uzunluğu olan kəndiri isterik sürətlə səbətin içinə yığır. Ən axırda kəndirin ucundakı iri bir qarmaq əlinə gəlir. O, qarmaq əlində, dərin fikrə gedir və eləcə qarmağa baxa-baxa aşağı çöküb görünməz olur.
Maya dikəlir və səbətdə yalnız o görünür. Üzündə hər şeyini itirmiş, ovqatı təlx, bədbəxt bir ifadə var.
MAYA Bilirsən niyə qorxmuram?
Şahin görünmür, amma səsindən hiss eləmək olur ki, o, Mayadan da bədbəxt hala düşüb.
ŞAHİN (Səsi, günahkarca) Mən yanındayam, ona görə.
MAYA Yox, tapmadın. Çünki yorulmuşam… Mən şokdayam. Və bu şoklardan da artıq yorulmuşam. Mən bu şokların həyatımda nə qədər çox olduğunu görüb, yeni bir şoka düşmüşəm. İndi heç özüm də bilmirəm, nə haldayam… Mən anamgilə getmək istəyirəm! Həmişəlik! Yerə işıq sal!
ŞAHİN (Səsi) Fikrin nədi?
MAYA Tullanacam!
Şahinin fanar tutmuş əli görünür.
(Fanarı Şahinin əlindən götürüb aşağını işıqlandırır. Sağa, sola yönəldir) İşıq heç gedib yerə çatmır da.
Yenə əl çıxır və fanarı götürür.
Mən nə axmağam… Vaxtında düşüb anamgilə gedəsi adam idim…
ŞAHİN (Səsi) Sən yenə məni bu qaranlıq göy üzündə tək-tənha qoyub getmək istəyirsən?
MAYA Yox, hələ canımdan bezməmişəm.
ŞAHİN (Səsi) İstədiyin vaxt aşağı düşə bilərik, Maya.
MAYA Bəs onda nə oturmusan xəcalət çəkirsən? Görmürsən, mən aşağı düşmək istəyirəm?
ŞAHİN (Səsi) Hələ tezdir. İndi düşməyimiz məsləhət deyil.
MAYA Niyə?
ŞAHİN (Səsi) Çünki aşağı düşmək həmişə mümkündür. Yuxarı qalxmaq şansı isə bir dəfə verilir. Mən bunu endirə bilərəm, amma onda bizim yubileyimiz batacaq.
MAYA Hə, əlbəttə, yubiley, jurnalistlər… Amma jurnalistlərdən qabaq mənim suallarıma cavab verməli olacaqsan.
ŞAHİN (Səsi) Hansı suallarına?
MAYA Heç, asan suallardı. Mən sənə heç vaxt çətin sual verməmişəm. De görüm, biz indi hardayıq?
ŞAHİN (Səsi, gecdən gec) Poxun içində!
MAYA İnana bilmirəm. İlk dəfədir ki, səndən düzgün cavab eşidirəm. Reallığı tam dəyərilə əks etdirən. Onda ikinci sual. Biz ordan necə çıxa bilərik?
ŞAHİN (Səsi) Mən hazırkı vəziyyəti demirəm. Bu saat aşağı enmək çətin bir iş deyil. Mən hal-hazırda planlarımın necə alt-üst olduğuna tamaşa edirəm. Gələcəyimizin planlarına…
MAYA Ona görə də plan qurmaq lazım deyildi. Özünü ələ al və bunu endir aşağı. Çalış tez elə, yoxsa evə getməyə maşın olmayacaq.
ŞAHİN (Səsi) Hər şey qaydasındadır. Yəqin ki, şəhərdən çox uzaqda deyilik. İndi yerimizi təyin edəcəm. Hündürlüyü… və enəcəyik. Şəhərin işıqlarını yandırsaydılar rahat görə bilərdik hardayıq. Amma… bu şəhərin yerində nə rahatlıq tapmışdım ki, göyündə nə rahatlıq tapım?..
MAYA (Təmkinlə və çox sakitcə, görünməyən Şahinə baxır) Kəndiri niyə qucaqlamısan? Burax aşağı, bəlkə harasa ilişib dayandıq.
Qarmaqlı kəndir məhəccərdən çölə tullanır.
Bəli. Gözəl səyahət oldu! Amma heyf ki, gecəyə düşdük. (Pauza) Bu xoş xatirələr mənə ölənəcən bəs edər! (İstehza ilə) Gəl bax, Şahin, qəşəng mənzərələr var.
ŞAHİN (Səsi) Görmüşəm hamısını… xəyalımda… bunu düzəltməyə başladığım gündən…
MAYA Bax… (TV diktorunun səsi ilə) Kür çayı meşələrin, düzlərin arası ilə burula-burula, durula-durula axıb getməkdədir. Günəş şüaları altında o, sanki bir qızıl lenti xatırladır. Bura isə Mingəçevir su anbarıdır. O qədər nəhəngdir ki, ona Mingəçevir dənizi də deyirlər. (Şahinə) Yeri gəlmişkən, əgər dəniz üzərində yüksəkliyi itirsək, buna qarşı bir tədbirin var?
Aşağıdan Şahinin spinninq tutmuş əli çıxır.
(Ciddiləşir) Şahin, hazırlaş, indi sənə qəfil bir xəbər deyəcəm.
ŞAHİN (Dikəlir və görünür) Bunu bilirəm. Ehtiyac yoxdur. Özümüzü ələ almalıyıq. Özümüzü ələ alıb, vəziyyətə nəzarət eləməliyik. Şansı qaçırmaq olmaz.
MAYA (İstehza ilə) Şansımız çoxdur, hansını deyirsən?
Şahin Mayaya nə isə demək istəyir, amma heç nə deməyib əyilir, Maya onun hərəkətlərini izləyir. Şahin görünməsə də, onun hansısa qutunun qıfılını açarla açması eşidilir.
O nədi? Sənin seyfindi?
Şahin dikəlir, əlində maqnitafon kasseti var, işığa tutub üstünü oxuyur, sonra maqnitafondakını çıxarıb, yerinə əlindəki kasseti qoyur.
Neyləmək fikrindəsən? Mənim rəqs edəcək halım yoxdur.
Şahin yenə əyilir və dikələndə, əlində tutduğu sap makarasını işığa tutub üstünü oxuyur.
Hop-pa-a!.. Dünən bu sapı o qədər axtarmışam ki… orda da nəsə yazılıb?
ŞAHİN İki yüz metr. (Şahin sapın ucuna nə isə bağlayır.Sonra makaranı səbətin çöl tərəfindən bir məftilə taxır.)İndi Maya, qulaq as. Mən hündürlüyü və sürəti təyin eləməyə başlayıram. Çalış, mənə mane olmayasan. Səsimi də yazıram. Nə danışsan, hamısı yazılacaq.
MAYA Qara qutu?
ŞAHİN Yox, qırmızı!
MAYA Bəlkə yazmayasan…
ŞAHİN Niyə?
MAYA Birdən kiminsə əlinə keçər, yazıq gülməkdən ölər.
ŞAHİN Bu oyuncaq deyil, bu peşəkar işdir. Bundan qabaqkı əməliyyatların da hamısı oraya yazılıb. Yaxşı olar ki, sən mənə kömək edəsən.
MAYA Assistentin olum?
ŞAHİN Yox, sadəcə lazımsız suallar vermə. Qısası, kişi işinə qarışma!
MAYA Yaxşı… Oldu, kapitan! Onda sən öz kişi işinlə məşğul ol! Mən də öz qadın işimlə. (Əyilib görünməz olur)
ŞAHİN Nə axtarırsan? Dağıtma oraları.
MAYA (Səsi) Yır-yığış eləmək lazımdır! Süpürgə hardadı?
ŞAHİN Nə bilim?.. Yəqin aşağıda qalıb.
MAYA (Əlində bir dəstə solmuş qərənfillə dikəlir, fikrə gedib) Bu güllər hardandı?
ŞAHİN Mən nə bilim hardandı? Güldür də…
MAYA Necə yəni? Sənin səbətinə gül qoyurlar, amma sən bilmirsən hardandır, kim qoyub… niyə gətirib…
ŞAHİN Nə oldu yenə?..
MAYA Bilirsən, Şahin, Maya sən düşündüyün qədər də avam deyil. Əgər bu güllər təzə olsaydı, mən heç fikir də verməzdim… Deyərdim, adi qərənfildi də…
ŞAHİN Yaman yerdə axşamladıq… Fərqi nədir? Mən sənin məntiqini başa düşmürəm. Sənə nə oldu birdən-birə?
MAYA O oldu ki, bu qərənfillər solub. Deməli çoxdan alınıb. Özü də mənim üçün alınmayıb. Bu şarı da sən öz həyətimizdə tikməmisən.
ŞAHİN Hə, elədir. Tamamilə doğrudur. Əsl həqiqətdir! Güllər həqiqətən də solub, sənin üçün alınmayıb və bu səbət də (hirslə tullanıb-düşür) həyətimizdə deyil. Davam elə!
MAYA Sən axı hələ bir dəfə də olsun mənə gül almamısan… (sakitcə ağlamağa başlayır.) Sənin niyyətin başqa qadınla uçmaq olub. Amma sonra aranız dəyib.
ŞAHİN (Öz-özünə) İndi tap görüm hansı serialdı?..
MAYA O da gülləri sənin təpənə çırpıb gedib. İndi yenə mən sənə lazım olmuşam.
ŞAHİN Yaxşı, sən növbəti seriyanı danış, mən də yavaş-yavaş hündürlüyü ölçüm. Vaxt gedir.
Şahin maqnitafonun düyməsini basır. Mendelsonun toy marşı səslənir. Şahin təəccüblənir. Maya maqnitafonu söndürür.
Görürsən də, Mendelson evlənənlər üçün marş yazıb, amma boşananlar üçün yazmağı unudub. Ona görə də…
Şahin maqnitafonu yenidən işə salır. Marş davam edir və marşın ortasında nikah bağlayan qadının səsi eşidilir: “Əyyubova Maya Soltan qızı, siz Osmanov Şahin Mürvət oğluna ərə getməyə razısınızmı?” Maya yenə maqnitafonu söndürür.
(Səsini dəyişib, mərasimi özü davam edir, Mayanın səsi ilə) Bəəəli… (gülür) Toy kassetimizdən götürmüşəm… Biz havaya qalxanda bu musiqi səslənəcək… Yaxşı, mərasimi pozmayaq. (Başqa səslə) Bəs Osmanov Şahin Mürvət oğlu, Siz Əyyubova Maya Soltan qızı ilə evlənməyə razısınızmı? (Öz səsilə) Çox gecikmiş sualdı, amma cavab versəm yaxşıdı: Bəəlii! (Qəti və əsəbi səslə) Əla! Siz artıq cənnətdən qovuldunuz. Gedin! Balalayın, çoxalın. Sən, Maya, min bir ağrı ilə uşaq doğacaqsan. (Qəzəb və hədə-qorxu ilə). O ki qaldı sənə, Şahin, bir loxma çörəyini alın təriylə, min bir zülmlə qazanacaqsan! Və hər dəfə, əlin o çörəyə çatana qədər hər kəsin ölüsünü-dirisini yadına salacaqsan!
Uzun pauza.
MAYA (Əlindəki qərənfillərdən dəstə bağlayaraq) Bağışla, bu günə qədər səndən çox şübhələnmişəm… Bu qərənfilləri görəndə, niyəsə birdən-birə özümü atılmış kimi hiss elədim.
ŞAHİN Boş şeydir, gülüm, onsuz da mən heç nə qanmadım. İndi necəsən? Şübhə tutmaların keçdi?..
MAYA (Gül dəstəsini Şahinə göstərir) Bax mənim süpürgəmə, necədi?
ŞAHİN Əvəzsiz süpürgədi, amma ləçəklərini did tulla, təmizləmək əvəzinə zibilləyərsən.
MAYA Gör xalçam nə günə düşüb, görüb tanımamışam. (Süpürmək üçün əyilir və görünməz olur)
ŞAHİN (Maqnitafonun düymələrini gözdən keçirir) Bunun yazan yeri işləyirdi axı… yoxsa kasset… yox… hə! Diqqət, Maya, yazmağa başlayıram. (Maqnitafonun düyməsini basır.) Bu gün oktyabrın 18-idir. Gecədir. Şahin Mürvətoğlunun özəl hava şarındayıq.
Birdən Maya dikəlib gülür. Şahin maqnitafonu söndürür.
Nəyə gülürsən?
MAYA Sənin dediklərinə… Özəl hava şarı… Artıq özəlləşdirdin…
ŞAHİN Burada qəribə nə var ki, Maya?! İndi hər kəs əli nəyə çatsa tutub özəlləşdirir. Məgər sənin atan o boyda Leninin parkdakı heykəlini özəlləşdirməyib? Özü də aparıb qoyub evinin qabağına, həyətin tən ortasına köhnə diktatoru. Heç olmasa başını təzəsi ilə dəyişib yenə qaytarardı yerinə… Hər dəfə sizin həyətə girəndə qorxumdan dilim pəltək vurur. O ağırlıqda heykəli dağa necə qaldırıblar, nə ilə qaldırıblar, hələ elmə məlum deyil… İkinci yerdə Misir ehramları gəlir…
MAYA Mənim atamla o biriləri bir tərəziyə qoya bilməzsən! Mənim atam heykəltaraşdır, o boyda heykəlin də müəllifidir. Görüb ki, əsərini aşırıb dağıtmaq istəyirlər, gətirib öz həyətinə. Bəs neyləməliydi? Sənin əsərini dağıtsalar xoşuna gələr? Əgər görsən ki, sənin bax bu şarını deşikləmək istəyirlər, razı olarsan?
ŞAHİN Hər halda mən bunu aparıb öz həyətimdə saxlamaram.
MAYA Niyə?! Axı bu sənin əsərindir!
ŞAHİN Tüpürüm elə əsərə ki, məni istədiyim yerə aparmayacaq!
Maya süpürməyə başlayır.
Şahin maqnitafonun düyməsini basır.
Ekipaj iki nəfərdən ibarətdir – mən və həyat yoldaşım Maya Soltanqızı… Nəyə görə ekipaj? – Çünki biz artıq uçuruq. Bəli! Dekabrın 31-nə təyin olunmuş yubiley əməliyyatı gözlənilmədən pozuldu… Hal-hazırda mən hündürlüyü təyin etməyə çalışıram…
MAYA (Səsi) Ayaqlarını qaldır…
ŞAHİN (Elə durur ki, Maya süpürə bilsin) Bunun üçün 200 metrlik sapın ucuna daş bağlayıb aşağı buraxacam. Sonra açılmış sapı ölçüb, nə qədər qalxdığımızı təyin edəcəm. (Hazırladığı daşı aşağı buraxır və sapa tamaşa etməyə başlayır.) Sapı buraxdıq. (Gecdən gec təəccüb fiti çalır) …Sapın hamısı açıldı. Deməli… (Maya eşitməsin deyə bir əli ilə ağzını tutub maqnitafona pıçıldayır) …biz 200 metrdən də yüksəyə qalxmışıq.
MAYA (Dikəlir) Ola bilməz…
ŞAHİN (Davam edir) …Və yaxud biz çox da yüksəklikdə deyilik, sadəcə sap harasa ilişib və axıracan açılıb.
MAYA (İsteriyada) Bu isə o deməkdir ki, sap dartılır, çünki külək bizi sürətlə harasa aparır!
ŞAHİN (İşarə ilə yazan maqnitafonu göstərir) Özünü ələ al! Çaxnaşma salma! Vəziyyət olduqca yaxşıdır. Süpürdün?
MAYA Süpürdüm! Hardadı zibil qabı?
ŞAHİN Evdə qalıb.
MAYA İndi zibili hara atım?!
ŞAHİN Hələ atma! (Əyilib qutudan kompas, xəritələr çıxarır, o biri əlində tutduğu fanarı yandırıb yerə işıq salır) At bu işığın altına!
Maya zibili fanardan düşən işığın altına atır. Şahin diqqətlə aşağı baxır. Sonra kompasa və xəritəyə baxır.
Əla! Cənub-qərb küləyi! Bu heç külək də deyil. Buna meh deyərlər. (Öz-özünə) Yəqin ki, hələ heç İsmayıllıya da çatmamışıq… Pis oldu… Bu sürətlə biz nə vaxta çatarıq?
MAYA Hara? Şamaxıya? Nahar eləməyə?
ŞAHİN (Xəritədə yer göstərir) Bax, bura!
MAYA (Baxır və heyrətlənir) Bura haradı? Hə-ə!.. İndi mənə hər şey aydın oldu! Niyə axı lap əvvəldən bu mənim ağlıma gəlməmişdi?!
ŞAHİN Heç mənim də ağlıma gəlməmişdi. Gördün planlar bir anda necə dəyişdi?
MAYA Mən nə qədər axmağammış… Axı bu sənin çoxdankı arzun idi…
ŞAHİN Ey, yox, yox! Nə danışırsan? Mənim o çoxdankı arzum daha yoxdur. Sadəcə indi uçduğumuz səmti ölçürəm, görürəm ki, o şəhər yolumuzun üstündədir.
MAYA Bəs bayaq mənə moizə oxuyurdun. Ay doğma ocaq belə gəldi! Ay atıb getmək olmaz, mən nə bilim daha nələr ordan getdi… Utanmırsan?
ŞAHİN Mən niyə utanmalıyam? Qoy bizi oraya qovan külək utansın! İnan mənə, heç yadıma düşmürdü.
MAYA Əlbəttə, yalan ucuz başa gəlir.
ŞAHİN Mən yalan demirəm!
MAYA Şahin! Danışma! Sussan yaxşıdı. Mən səni yaxşı tanıyıram.
Şahin dinmədən yaxınlaşıb maqnitafonu söndürür. Uzun pauza.
ŞAHİN Amma sən inan ki, mən bunu indi yox, yeni il gecəsinə planlaşdırmışdım. Hər şeyim hazır olandan sonra səni də xəbərdar edəcəkdim. Çoxlu düşünüb-daşınacaqdıq, sonra qərara gələcəkdik. Mən hər şeyi ölçüb-biçmişdim.
MAYA Şahin, bəs uşaq? Biz onu burda qoyub gedirik?
ŞAHİN Uşağı sonra aparmağa nə var ki?
MAYA Sənə asan gəlir. Bəs ağlasa? Məni istəsə? Bəs mən? Mən özüm onsuz necə qalacam?
ŞAHİN Sən xırda şeyləri, elə ötəri şeyləri ağlına gətirmə. O cür fikirlər adamı düz yoldan azdırır. Mənim bu günə qədərki səhv addımlarımın hamısına səbəb, elə o cür fikirlər olub. Yaxşı olar ki, sən bizim tənha, köməksiz qocalığımızı gözünün önünə gətir. Sevimli uşağımız üçün nəsə yaxşı bir iş görmək istəyəndə, edə bilməyib, bu şansı əlimizdən qaçırdığımıza görə özümüzü necə söyəcəyimizi təsəvvürünə gətir. Yenə də bizi heç kim başa düşməyəcək. Bax onda taleyin küləyi bizi istədiyi yerə aparacaq. Müqavimət göstərməyə isə taqətimiz qalmayacaq. Bu nədir ki? Əsl zülməti, tənhalığı bax onda görəcəyik. Bunları fikirləşəndə, daha ölümdən qorxmuram… Birtəhər dözməliyik. Elə hesab elə ki, səni evindən zorla qovurlar. Minlərlə adam buna necə dözüb? Onlardan nəyimiz artıqdır? Hər şeyə hazır olmalıyıq. Müvəqqəti çətinlik olacaq. Sonra hər şey qaydasına düşəcək.
MAYA (Xəritəyə baxır) Biz ora getmək üçün gör nə qədər sərhəd pozmalıyıq. Bəs sərhəddə bizi vursalar?
ŞAHİN Yeni il gecəsi onların ordusunda heç kim ayıq olmur, hamısı dəm olur, arxayın ol! Lap ayıq olub bizi görsəydilər də, heç nə etməyəcəkdilər. Çünki mən bu şarın üstünə hər ölkənin öz dilində “Yeni iliniz mübarək!” yazacaqdım. Elə biləcəkdilər ki, öz şarlarıdır.
MAYA Bəs indi? İndi axı yeni il gecəsi deyil? İndi sərhədçilərin hamısı ayıqdır.
ŞAHİN Qorxma! Təhlükə olan kimi şarı salacam aşağı. Heç nə olmayacaq. Amma bizə əhəmiyyət verməsələr… Onda bəxtimiz axır ki, üzümüzə güləcək.
MAYA Bir sualım var.
ŞAHİN Nə sual?
MAYA Bizim göyə qalxmağımız təsadüfən oldu?
ŞAHİN Gəl bu barədə danışmayaq.
MAYA Niyə?
ŞAHİN Elə şeylər var ki, susmaq məsləhətdir.
MAYA Mənə sadəcə həqiqəti de!
ŞAHİN Həqiqəti bilmək istəyirsən? Yaxşı. Deyim sənə əsl həqiqəti. Əsl həqiqət bundan ibarətdir ki, mənim arvadım anasıgilə gedəndə heç vaxt bugünkü qədər paltar götürməmişdi.
MAYA Niyə bəs heç nə soruşmadın?
ŞAHİN Nə soruşaydım? Mən səni nə deyib saxlayacaqdım? Hansı sehrli sözləri? Hamısı təkrar alınacaqdı. Anladım ki, bu sondur.
MAYA Ürəyimə dammışdı…
ŞAHİN Ona görə də daha sual vermə. Mənə də yalançı demə. Hesab 1-1-dir… Telmanı sağ olsun. Məni başa düşdü. Mən ona yenə borclu qaldım.
MAYA Nə? Telman? O bilir ki, biz indi göydəyik?
ŞAHİN Yox, o heç nə bilmir. O, bizi gözləyir.
MAYA Onu da aldatmısan… Ona bu da azdır! (pauza) Beş ildir evliyik, amma mən hələ də dəqiqləşdirə bilmirəm – sən dəlisən, yoxsa dahi? Əgər bu iş uğurlu alınsa, onda dahisən.
ŞAHİN Bəs alınmasa?
MAYA Onda mən yanılmamışam.
ŞAHİN Mən nə dəliyəm, nə də dahi. Mən sadəcə çarəsiz bir vətəndaşam.
MAYA Sənin o arzusunda olduğun şəhərə biz təyyarəyə bilet alıb adam kimi gedə bilməzdik?
ŞAHİN Sən elə bilirsən, təyyarə bileti ilə iş bitir? Biz ora normal adamlar kimi getsək, heç kəsə lazım olmayacağıq. Qeyri-leqal yaşamaq istəsək də, o qədər pulumuz yoxdur.
MAYA Bəs bu cür, sərhəd pozub getsək kiməsə lazım olacağıq?
ŞAHİN Bu cür getsək bizimlə maraqlanacaqlar. Bizə status verəcəklər.
MAYA İstəmirəm status! Mən də normal adam olmaq istəyirəm!
ŞAHİN Hansı pulla?
MAYA Sən bu boyda qurğular, o cür planlar qura bilirsən, niyə axı bu günə qədər pul qazanmağın yollarını axtarmamısan?
ŞAHİN Maya, heç olmasa sən mənə özgələrin verdiyi sualları vermə. Bayaq dedin ki, ürəyimi görürsən. Ürəyimi görə bilirsənsə, oradakı çapıqları da görməmiş deyilsən.
MAYA Onları da görürəm… Şahin, bəlkə, doğrudan da yeni ili gözləsək yaxşı olar?
ŞAHİN Əgər indi qazı boşaltsam, sonra uçmağa helium olmayacaq.
MAYA Bəs bayaq sifarişlərdən danışırdın. Onda qazı haradan tapacaqdın?
ŞAHİN Qaz həmişə vacib deyil. Bunun cürbəcür növləri var…
MAYA Sən axı mühəndissən. Bu işi bilənsən. Yenə axtararsan, qazıntılar apararsan, bəlkə yenə tapdın.
ŞAHİN Ona vəsait lazımdır, çoxlu pul.
MAYA Bəs bu qazı necə tapmışdın? Hardan?
ŞAHİN Bizim anbardan. Elə bilmişdilər helium zəhərli qazdır. Mənə tapşırdılar ki, boşaldım anbarı. Mən də o andaca taleyimin təbəssümünü gördüm…
MAYA …və dövlət malına tamah saldın.
ŞAHİN Nə dövlət malı? Sovet vaxtının törtöküntüləri! İndi hansı ölkədə havanı öyrənmək üçün zond buraxırlar? İndi az qala hər dövlətin kosmosda öz peyki var.
Pauza.
MAYA Şahin, necə bilirsən, bu şar bizi kosmosa aparar?
ŞAHİN Yox, ağ eləmə.
Pauza.
MAYA Qəriblikdə bizə çətin olacaq.
ŞAHİN Xahiş edirəm, o şəhərə qəriblik demə. Mən öz şəhərimdə daha qəribəm, nəinki yad şəhərdə.
MAYA Mən səni başa düşürəm…
ŞAHİN Bizimkilərlə mən başqa-başqa dillərdə danışırıq. Bu şəhərdə bir nəfər də olsun məni başa düşən adam olmadı.
MAYA Bəs nə bilirsən ki, səni orada başa düşəcəklər?
ŞAHİN Əsas, insanların bir-birinə olan sevgisidir. İnsanlar arasında məsafəni azaldan telefon, maşın, təyyarə deyil, sevgidir, yalnız sevgi… və onun cürbəcür təzahürləri. Amma təəssüf, mən burada ona oxşayan heç nə görmədim.
MAYA Bəs mənim sevgimi necə? Onu da görə bilmirsən?
ŞAHİN Sən məni atıb getməyə hazırlaşırdın.
MAYA Amma görürsən, qaldım səninlə. İndi sənin qədər mən də təhlükədəyəm… Mən səninlə bərabər ölməkdən qorxmadım. Amma sən öz yaxınlarınla bir arada yaşamaqdan qorxursan…
ŞAHİN Mən bu məxluqatların arasında yaşamaqla özümü daha qorxulu təhlükəyə atmış oluram. Sən özünü ölüm təhlükəsinə atmısan. Mənim ucbatımdan. Bu fədakarlığının qiyməti yoxdur. Bəs mən? Mən həyatımın necə çürüdüyünə, arzularımın puç olmasına baxmağa məcbur qalacam. Bu ölümdən də betərdir. Hələ bu qədim şəhər… Bu qədim şəhər ilan yuvasıdır. Hər tərəfdən səni sancırlar. Baxışları ilə zəhərləyirlər. Bu şəhər mənim kimi uğursuzların yeri deyil. Uğursuz oldunsa, işin bitdi. Səni dəli edəcəklər. Yox, əgər uğurlu insan olsan, onda daha pis! Əvvəlcə səni uğursuz edəcəklər, sonra da dəli!. Burada yaşamaq üçün gərək onlar kimi olasan. Əgər min sifətin və bir ləqəbin varsa, yalnız onda bu şəhər səni qəbul edəcək. Ömrünü boş-boşuna tüstülətmək üçün bu qədər qurban verməyə dəyərmi?
MAYA (Əsnəyir) Yuxum gəlir. Bağışla! Mən gedim yatım! Və yaxud yıxılım ölüm… İkisi də eyni şeydi.
ŞAHİN Bir az dayan mənimlə. Harda yatacaqsan?
MAYA Xalçamın üstündə. Tər-təmiz süpürmüşəm. Uzanıb yatacam. Amma sən danış… Qulağım səndədi. (Əyilib görünməz olur, amma səsi gəlir) Bəh-bəh… Elə-belə xalça deyil ey, uçan xalçadı…
Pauza.
ŞAHİN Bilirsən, Maya, Günəşdə də ləkələr var, amma onun işığı o qədər çoxdur ki, ləkələri görünmür. İnsanlar da o cür olmalıdır. Sevgiləri, mərhəmətləri, şəfqətləri o qədər bol olmalıdır ki, ləkələrini görə bilməyək. Amma Ayın işığı yoxdur. Bir az işartısı var, o da özününkü deyil. Ona görə də ləkələri aydın görünür. Biz Ayı ləkələri ilə tanıyırıq.
MAYA (Səsi) Amma Ay doğrudan da bu gecə bizə kömək eləmək istəmədi. Ona görə bu ləkə söhbətində səninlə tamamilə razıyam. (Əsnəyə-əsnəyə) Bəlkə də indi dünyanı fırlanırıq, amma xəbərimiz yoxdur.
ŞAHİN Sən yat, Maya, yuxula! Mənsə sənin keşiyini çəkim.
MAYA Kimdən qoruyacaqsan məni?
ŞAHİN Kimdən?.. Heç kimdən… Özümdən yəqin ki…
Mayanın xorultusu eşidilir.
Gərək yastıqları da gətirəydim. (Əsnəyir.) Alınmadı bu səyahət, qardaşım. Uğursuzluğa düçar oldum. Köhnə vərdişimdir. Uğursuzluq… Mən artıq onu tanıyıram…
Radionu qoşur. Az səsdə dinləməyə başlayır. (Radio real vaxtda səslənir. Bu hansısa musiqi kanalı da ola bilər, xəbərlər də, əyləncə verilişi də, əcnəbi kanal da.)
Bu uğursuzluq tələbəlik illərindən tanışdır mənə… Nadir ixtisasım vardı – təbii qazların axtarışı və çıxarılması üzrə mühəndis. Mən bitirhabitirdə, o boyda imperiya aşıb-düşdü. Təsəvvürünə gətirirsən? Mən kiməm ki? O boyda imperiya iflasa uğradı. Mən də onunla tay… İxtisasım daha heç kimə lazım olmadı. Döndüm vətənə – (gülür) qazın bol yerinə! Və gözətçi işlədim, dedilər ayıbdı, ali təhsillisən, gözətçi işləmə, gəl anbardar işlə!.. Beləliklə, ölmüş bir imperiyanı içimdə yaşada-yaşada anbardar işlədim… (Mayanın xorultusundan və radionun səsindən Şahinin yuxusu gəlməyə başlayır. Gözləri yumulur, amma o, yuxuya müqavimət göstərir) Dadıma çatan olmadı, amma helium… Adi bir qaz… Belələri az-az tapılır… Nadir qazdır, təbiətdə miqdarı da azdır. (Əsnəyir.) Gördüm heç kəsə lazım deyil… Nə mən lazımam, nə o. (Gözləri yumulur, mürgü vurub ayılır) Heç düşünən yoxdur ki, axı bu insandır, insan! Görürsən soyuğa düşüb, büzüşüb, sıxılıb, sən onu bir az da dondurma… Sən ona istilik ver… Qoy açılsın, genişlənsin, onda göylərə ucalacaq və səni də özü ilə göylərə qaldıracaq… (ani mürgü vurub, tez ayılır və radionun səsini tamam kəsir) …Qaz Şahin! Mənə bu şəhərdə Qaz Şahin deyərdilər… (gülümsəyir və bu təbəssümlə işığı söndürüb görünməz olur.)
Tam zülmətdə birdən bədirlənmiş Ay görünür və sahilə çırpılan dalğaların səsi eşidilir. Ayın işıqlandırdığı səbətdə ritmik həyəcan siqnalı çalınır. Səsi Telmanın maşınının siqnalına oxşayır. Birinci Şahin oyanır və aşağı baxır.
ŞAHİN Maya, Maya! Dəniz! Oyan! Dəniz!
Maya gəlin paltarında, qucağında qundaqlı uşaqla görünür.
MAYA (Aşağı baxıb qışqırır) Aaaa! Dəniz! Kömək eləyin! Şahin, bir şey fikirləş!
ŞAHİN (Onu sakitləşdirir) Suss! Susss! Sakit ol! Sakit ol! Uşağı oyadarsan! (Aşağı baxır) Ballast tullamaq lazımdır! Ballast! Şar gərək yüngülləşsin ki, yuxarı qalxa bilsin!
MAYA Hanı? Ballastımız var?
ŞAHİN Aşağıda qalıb.
MAYA Tez ol, Şahin, bir şey elə! Hamımız boğuluruq!
ŞAHİN Qoymaram! Qoymaram boğulasız! Mən indi… mən indi… Tapacam ballast! Tapacam!
MAYA Tez tap!
ŞAHİN Tapa bilmirəm! Yoxdu! (Mayanın və uşağın üz-gözündən öpür) Əlvida! Əlvida!
MAYA Nə əlvida? Batırıq?
ŞAHİN Yox! Batmırıq! Batmayacağıq! Onsuz da mən sizin həyatınızda artıq yükəm! Əlvida! Siz batmamalısız! Siz qalxmalısız! (Səbətdən aşağı tullanıb görünməz olur.)
MAYA (Ağlaya-ağlaya Şahini çağırır) Ballaaast! Ballaaaasstttt!!! (Səsi əks-sədaya dönür)
Uşaq ağlayır, Maya uşağı sinəsinə sıxıb ağlayır. Dənizin səsi kəsilir və eyni anda Ay elektrik lampası kimi sönür. Yenə zülmət.
Şahinin bağırtısı eşidilir və səbətin bütün işıqları yanır. Şahin oyanıb səbətin kənarından aşağı boylanır.
Maya da oyanıb onun yanında durur.
MAYA O nə səs idi? Sən eşitdin?
ŞAHİN Yox, eşitmədim. Amma deyəsən, bağıran mən idim. Dəhşətli yuxu görürdüm.
MAYA İndi hardayıq görəsən?
ŞAHİN Bir azdan biləcəyik. Daha səhərə nə qalıb ki?
MAYA Mən də yuxu görürdüm.
ŞAHİN Nə yuxu?
MAYA Heç qoydun ki, axıra qədər baxım nə yuxu idi? Görürdüm sapsarı otların üstündəyik, hara idi bilmədim, amma torpaqda çoxlu palçıqlı gölməçələr var idi. Sən şarın kəndirindən yapışmışdın ki, uçub getməsin. Mən də sənin yanında idim. Birdən mənim ayağım sürüşdü, az qaldı palçığa yıxılam, sən də tez kəndiri buraxıb məni tutdun. Sonra baxıb gördük ki, sənin şarın e-e.. qalxıb göyə, bizdən uzaqlaşır… uzaqlaşdıqca da qırmızı olur… zoğalı rəng alanda… sən bağırdın.
ŞAHİN Qəribə yuxudu. Uşaqlığım yadıma düşdü.
MAYA Niyə?
ŞAHİN Nə bilim?
MAYA Yaxşı yuxu idi, heyf! Çox xoşbəxt idim… Şahin, əgər gerçəkdə belə şey olsaydı, bilsəydin ki, məni tutsan, şarın uçub gedəcək, yenə məni tutardın?
ŞAHİN Şarı həmişə düzəltmək olar, Maya…
MAYA Deməli, məni tutardın.
ŞAHİN Ora bax, hava elə bil bir az işıqlaşıb. Ya Ay çıxır, ya da səhər açılır.
MAYA Mən bir az da yatım. Qışqırıb yuxudan elədin məni. Tamam işıqlaşanda məni oyadarsan. Amma Ay çıxsa, ona de ki, daha lazım olmadı. (Uzanıb görünməz olur)
ŞAHİN Sən yenə yatırsan? Sənə maraqlı deyil? Bir azdan biləcəyik hardayıq.
MAYA (Səsi) Mənim üçün elə də vacib deyil.
ŞAHİN Maya, üfüq görünməyə başlayır. Havanı hiss edirsən? Haradırsa, oksigeni boldu. Lap cənnətin özünə gəlmişik deyəsən!
MAYA (Səsi) Əgər sənə oksigen lazım idisə, ondan bizdə də bol idi.
ŞAHİN Amma orda niyəsə mənim havam çatmırdı. Maya, bir qalx bax gör, onlar evlərdir? Evlərə oxşayır.
MAYA (Səsi) Durbinin yoxdur, kapitan?
ŞAHİN Durbinim? Yox… yoxdu… amma buralarda balaca binokl olmalı idi.
MAYA (Səsi) Uşağa hədiyyə gətirmişdilər, onu deyirsən?
ŞAHİN (Əyilib əlində balaca binoklla qalxır və onu gözünə tutub seyr eləməyə başlayır) Bu nə daxmalardır belə…
MAYA (Səsi) Tərsinə tutmusan.
ŞAHİN (Binoklu çevirir) Özüdür ki, var. Evlərdir. Biz hansısa şəhərin üzəriylə uçuruq, Maya. Bir az da işıqlaşsın enərik. Reklam işıqlarını görürəm, bizim sözlər deyil. Bura deyəsən hansısa Avropa şəhəridir. Avropadayıq, Maya! Əsl cənnətdir ki, var. Maraqlıdır, buranın sakinləri kimlərdir… görəsən necə adamlardır?
MAYA (Səsi) Cənnətdirsə, onda sakinləri mələklərdir.
ŞAHİN Bura əsl mən istəyən yerdir. Hər halda, bu cür gözəl yerdə yaşayan adamlar gərək ki pis adam olmasınlar. İnsanı təbiət formalaşdırır. (Xəritəyə baxır, sonra başqasına baxır) Özüdür ki, var… Mənim sevgili Avropam…
MAYA (Səsi) Sən yuxusuzsan, Şahin, gəl bir az yat.
ŞAHİN (Binoklla çevrilib başqa tərəfi seyr edir.) Bu lap əla oldu! Ooo… Burda daha böyük evlər var… Evlər get-gedə böyüyürlər… (əlini atıb kəndiri yoxlayır) Maya, kəndir yellənmir, tarım dayanır. Deyəsən ilişmişik… İlişməyimiz yaxşı oldu… Külək bizi şəhərdən uzaqlaşdırmaz. Mən indi təxmini hündürlüyü də deyə bilərəm… amma daha bu vacib deyil. (Binoklla aşağı baxır) O nədi elə?.. İngiliscə yazılıb… klubdur deyəsən… “Gay club” (sevincək) Maya, gey klub! Ha-haauu!
MAYA Sən niyə sevinirsən?! (öz-özünə deyinir) Avropanın da bu işi olmaya! Abırınız tökülsün!
ŞAHİN Ona sevinirəm ki, haraya gəldiyimiz artıq dəqiqləşdi! Enə bilərik! Mən bir aşağı baxım görüm, qonmağa yer var… (aşağı baxır) Bəs bu nədir belə? Heykələ oxşayır… (xeyli baxır, kefi pozulur, sonra sakitcə məhəccərdən aralanır, qapını açır, özünü atacaq kimi xeyli dayanır, sonra döşəmədə oturub ayaqlarını çölə sallayır)
MAYA (Səsi) Nə oldu, Şahin? Orda niyə oturdun? Yıxılarsan!
ŞAHİN (Ovqatı tamamilə pozulmuş) Heç nə… Heç nə olmadı.
MAYA (Səsi) Bəs niyə birdən-birə susdun? Hara gəlib çıxmışıq?
ŞAHİN Bir qalx ayağa, aşağı bax… Gör, qarmaq nəyə ilişib.
Maya qalxıb məhəccərdən aşağı baxır.
MAYA Görürəm!
ŞAHİN Nə görürsən?
MAYA (Heyrət və sevinc içində) Allahın böyüklüyünü!
ŞAHİN Amma mən o heykəli yonan heykəltaraşın nə qədər zövqsüz, istedadsız olduğunu görürəm.
MAYA Sən əslində tamamilə onun əksini görməlisən!
ŞAHİN Əgər onda bir balaca fərqli düşüncə olsaydı, indi bizim taleyimiz tamam başqa cür olardı. Mənim indi yalnız bir sualım var: Niyə mənim qayınatam o vaxt Leninin heykəlini fərqli bir üslübda yox, hamının elədiyi kimi yonub – şapka tutmuş əlini qabağa uzatmış vəziyyətdə? Bax belə! (Leninin ənənəvi heykəl pozasını göstərir) Yəqin ki, onun cavabını mən ölənəcən tapa bilməyəcəm.
MAYA (Heyrətlə) Ay-ay-ay!.. Gör özü də nəyə ilişib…
ŞAHİN Leninin papağına!.. Mən indi başa düşdüm ki, niyə istedadları qorumaq lazımdır… Çünki, bir istedadsız əsər neçə-neçə insan taleyini məhv edə bilər! (birdən əsəbi) Bəs o gey klub nə idi?.. (binoklla baxır) Heç nə… Çay klub! “Çay”ı öz dilimizdə yazıblar, “klub”u ingiliscə… turistlərdən ötrü… Tfu!
MAYA Elə bil indicə göydən düşmüsən!..
Pauza.
ŞAHİN Əgər bundan sonra mən infarkt olmadımsa, onda yəqin ki, dəli olacam!
MAYA (Gülür) İldırım eyni yeri iki dəfə vurmur!
ŞAHİN Yalandı!.. (pauza) Vəssalam, Şahin! Bunların əlinə yaxşı bəhanə verdin. Yaxşı hoppanmışdın, pis düşdün. İndi sənin axırına çıxacaq bu şəhər!
MAYA Yanılırsan! Bura cənnətdi… Bayaq özün demirdin? Oksigeni boldu… Belə yerin insanları da əla olurlar… Bayaq az qala mələk idilər…
ŞAHİN Elə mən də ona çaşıb-qalmışam… Necə olur ki, belə bir şəhərdə, bu cür təbiətdə doğulub böyüyən adamlar…
MAYA Nə?.. Adamlar nə?..
ŞAHİN Heç nə! Onlar daha məni maraqlandırmırlar. Mane olma, qoy öz doğma şəhərimin gözəlliyinə tamaşa eləyim. Niyə mən qabaqlar bundan xəbərsiz idim axı?
MAYA Çünki bezmişdin. İnsan uğur qazanmayanda, cənnət də onu bezdirə bilər.
ŞAHİN Kaş hamı bunu dərk eləyə biləydi!
MAYA Hamı sənin nəyinə lazımdır? Sənin ən yaxın adamın mənəm.
ŞAHİN Bilirəm! Buna görə də ən yaxın adamımı xoşbəxt görmək istəyirəm. Amma, təəssüf ki, hələlik bu alınmır!
MAYA Şahin, sən hardan bilirsən, mən necə xoşbəxt ola bilərəm? Axı, sən heç vaxt mənim nə istədiyimi soruşmamısan… (pauza) Əvəzində mənim xoşbəxtliyimə dair planlar qurmusan, üç il əziyyət çəkib bu boyda naməlum uçan obyekt düzəltmisən…
ŞAHİN …və bir dəfə də olsun sənin istəyinlə maraqlanmamışam. İşə bax… Bu illər ərzində sən mənimlə necə yaşamısan?
MAYA Daha bunu deməzlər!
ŞAHİN Aydındı…
MAYA Hazırlaş! Sənin şarına minib toy səyahətinə çıxanlar artıq səni başqa cür tanıyacaqlar.
ŞAHİN Lazım deyil, bir ləqəb bəsimdir…
MAYA Şahin, mənə bax, gör sənə nə deyirəm. Üz-gözünü turşutma! Gün gələcək, sən yenə öz arzularından böyük, bundan da qəşəng bir şar düzəldəcəksən. Sonra məni də yanına alıb, daha gecənin zülmətində yox, gün işığında, aydın göy üzündə dünyanı fırlanacaqsan. Göy qurşağının altından keçəcəyik, buludların üzəriylə uçacağıq…
ŞAHİN (Onun intonasiyasında davam edir) …raketlərlə toqquşacağıq, yükdaşıyan karqolara, biznes reyslərə ilişəcəyik…
MAYA Əgər belə düşünsən, əlbəttə ilişəcəyik…
ŞAHİN (Birdən aşağıda nə isə görür) Oho! Bu da mənim sevimli qayınatam… aha, bu da qayınanam… İndi biz onları necə başa salacağıq?
MAYA Bircə qorxmasınlar, biz sağ-salamat aşağı düşək, başa salmaq mənlikdir.
ŞAHİN Gördü!
MAYA Evə qaçır. (Aşağıya qışqırır) Ata! Mənəm, qorxma! Bizik! Şahinlə mən! (Şahinə) Özünü göstər də!
Şahin aşağıya əl yelləyir.
ŞAHİN (Qışqırır) Sabahın xeyir! (Qulaq asır) Heç nə, heç nə, elə-belə!
MAYA (Aşağıya qışqırır) Heç yerə getmirik! Sizə gəlmişik! (gülə-gülə Şahinə) Deyir, adam kimi gələ bilmirdiz?.. (aşağıya qulaq asır, sonra Şahinə) Telmanı soruşur. Evə gəlməyib. Hardadı görəsən?
ŞAHİN Yəqin hələ də bizi gözləyir. (Aşağıya qışqırır) Telman yoxdu! Telman siqnal verir!

SON

 

 

Mehman Musabəyli, BAKI, 19 Sentyabr 2012

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

“Arşın mal alan” Samsun Dövlət Opera və Balet Teatrında

Üzeyir Hacıbəylinin dünya şöhrətli “Arşın mal alan” operettası Türkiyənin Samsun Dövlət Opera və Balet Teatrında nümayiş olunub. Tamaşanı yeni quruluşda Azərbaycan Dövlət Akademik Opera...

Murat Kolqanat – “Poni”

Dram İŞTİRAKÇILAR: Poni Qadın Birinci kişi İkinci kişi Müdrik kişi Onlar – kirayə mənzil axtaran bir dəstə insan “Kimsə” - qara paltarda I HISSƏ Qadın ağacın başında oturub. Həmən ağacı “Kimsə” kökündən baltalayır....

Nigar Pirimova – “Sevgi varsa, dünya var…”

Allah birinci Adəmi, sonra da Həvvanı onun qabırğasından yaradıb. Belə çıxır ki, birinci kişilər yaradılıb. Qadın - Həvva ona görə qabırğadan yaranıb ki, kişi...

Recent

Mehman Musabəyli. “Yük vaqonu”

(İki hissə və dörd pərdədən ibarət dram) İŞTİRAK EDİRLƏR: SARIGÜL MUXTAR ƏŞRƏF ORDUXAN (MAŞİNİST) SARVAN (POLİS) NAĞDALI SÜSƏN RÖVŞƏN (ZABİT) NÜSRƏT BİRİNCİ HİSSƏ Birinci pərdə 1-ci şəkil Çöllükdə qaçqın...

Elçin Cəfərov – Tbilisi Loves You

(10-cu Tbilisi Beynəlxalq Teatr Festivalı haqqında qeydlər) Tbilisinin mərkəzi küçələrində şifrəsiz internet şəbəkəsinin (WI-FI) adı belədir. Hər küçəsindən, hər daşından sevgi yağan Tbilisidə olmaq həmişə...

Paytaxt teatrlarının həftəlik repertuarı (31 yanvar – 6 fevral)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 31 yanvar M.F.Axundzadə “Sərgüzəşti-vəziri-xani-Lənkəran” saat 12:00 1 fevral Elçin “Cəhənnəm sakinləri” saat 19:00 2 fevral K.Abdulla “Bir, iki bizimki” saat 18:00 2 fevral R.Kuni “Zorən şorgöz”...