Ana səhifə » Mövqe » Məleykə Məmmədova – Ağıllı adamlar və axmaq ümidlər

Son yazılar

Müsahibə
Fevral 21, 2019

“Bermud üçbucağı”nda – Şövqi Hüseynov

Xəbər
Mart 20, 2019

Azərbaycanlı tələbə Ziya Ağa beynəlxalq festivalda qalib olub

Xəbər
Mart 19, 2019

“Sübh çağı”nın müəllifi sübh çağı vəfat etdi

Müsahibə
Mart 19, 2019

Xalq artisti: “O görüşdə olsaydım deyərdim ki…” – MÜSAHİBƏ

Persona
Mart 19, 2019

Rəcəb Məmmədov – MANSUR ŞİRVANİ – 100

Mövqe
Mart 19, 2019

Gülcahan Mirməmməd – Səhnədə dolğunluq olarsa…

Xəbər
Mart 19, 2019

Bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub

Resenziya
Mart 19, 2019

Cövhər Xeyrullayeva – … Və “Kəloğlan”

Xəbər
Mart 19, 2019

Akademik Musiqili Teatrda “Paris Notr-Dam kilsəsi”

Xəbər
Mart 19, 2019

İlham Əliyev daha bir aktyora mənzil bağışladı

Xəbər
Mart 19, 2019

ƏSA Teatrı fəaliyyətini dayandıra bilər

Xəbər
Mart 19, 2019

“Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni” mövzusunda konfrans keçiriləcək

Persona
Mart 16, 2019

Fəridə RƏHİMLİ – Öz dəsti-xətti olan sənətkar

Xəbər
Mart 16, 2019

Mədəniyyət Nazirliyi bədii film ssenariləri müsabiqəsi elan edib

Xəbər
Mart 15, 2019

“Laçında xalq oyunları və meydan tamaşaları” kitabının təqdimat mərasimi keçirilib

Xəbər
Mart 15, 2019

ADMİU SABAH qrupları QİTİS-in qonağı olacaq

Xəbər
Mart 15, 2019

ADMİU-da Cəfər Cəfərova həsr edilmiş tələbə konfransı keçirilib

Xəbər
Mart 14, 2019

Akademik Musiqili Teatrda “Beş manatlıq gəlin” komediyası

Afişa
Mart 14, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (14 mart – 20 mart)

Xəbər
Mart 14, 2019

“Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalı başa çatıb

Mövqe
Mart 14, 2019

Teatrlarımızda eksperimental tamaşalar azdır

Xəbər
Mart 14, 2019

“İki amerikano və çizkeyk”

Mövqe
Mart 14, 2019

Festival bayramdır?! Bayramınız mübarək?!

Xəbər
Mart 13, 2019

Prezident Teatr Xadimləri İttifaqına 250000 manat ayırdı

Xəbər
Mart 13, 2019

Bakı Uşaq Teatrı “Həyatla oyun”

Xəbər
Mart 11, 2019

Teatr və konsert müəssisələri işçilərinin maaşı 50 faiz artırıldı

Persona
Mart 10, 2019

Məryəm Əlizadə – Fikir adamı…

Xəbər
Mart 9, 2019

“Kəloğlan masalları” Kukla Teatrının səhnəsində…

Xəbər
Mart 7, 2019

AMEA Memarlıq və İncəsənət İnstitutunda Hüseyn Ərəblinskinin anım tədbiri keçirilib

Xəbər
Mart 7, 2019

ADMİU-da Mehdi Məmmədovun 100 illiyinə həsr olunmuş konfrans keçirilib

Afişa
Mart 7, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (7 mart – 14 mart)

Məleykə Məmmədova – Ağıllı adamlar və axmaq ümidlər

(Rejissor Mehriban Ələkbərzadınin “Müəmmalı qətlin üç versiyası” tamaşası haqqında düşüncələr…)

Yapon ədəbiyyatının son klassiklərindən sayılan Akutaqava Rünoske yazır: “Ola bilməz ki, bizim ruhumuz, mənəviyyatımız əsərlərimizdə özünü göstərməsin”. Həyatını bütün incəlikləri ilə açıb göstərməyi sevməsə də, əsərlərini, müəyyən mənada, öz yaşantılarının etirafı sayan yazıçı, əslində, içində yaşadığı mühiti əsl cəhənnəm və özünü bu tənhalıq cəhənnəminin qurbanlarından edir.

Akutaqava Rünoske, cəhənnəmdən xilas olmağın mümkünsüzlüyünün fərqində olsa da, hər zaman dəyişikliyə can atır. Ancaq qorxu və şübhə onu daima təqib edir. Bu hal əsərlərində yeknəsəkliyə, pessimizmə və tənhalığın insan ruhunda yaratdığı təbəddülatlara – psixoloji dəyişikliklərə yol açır. Taleyin idarə olunmasında üç amilə – mühitə, irsiyyətə və təsadüflərə önəm verən, zaman və məkan fərqindən başqa, hisslər və yaşantılar arasında ayrıcalıq görməyən Akutaqava Rünoske üçün, “insan həyatı şeh damcısı kimi, ildırım kimi bir anın içindəcə bitə bilir”; onun həyatı kimi.

Yazıçı, mübarizənin mahiyyətini anlayıb, bu axmaq oyuna hiddətlə baxmağı bacardığından, həyatla daha erkən vidalaşmalı olur. Otuz beş illik ömrünün cəmi on bir ilini yaradıcılığa həsr edən Akutaqava Rünoske, gələcək nəsillərin qəbul edə biləcəyi yazıçı olacağına ümidsiz yanaşır və bu axmaq ümidlərinə görə ağıllı adamların ona güləcəyinə şübhə etmir. Özünə gülməklə mənəvi gücsüzlüyünü etiraf edən yazıçı, şəxsinin timsalında bütün aciz və gücsüz insanlara acıdığını gizlətmir. Sosial qəddarlığın xoşagəlməzliyi, onu məğlub etmək cəhdləri və bu cəhdlərin qarşısında gücsüzlüyün dərki… V.Qrivinə görə, bu faciəli üçbucağın təsirindən çıxmaq üçün özündə güc tapa bilmədiyindəndir ki, Akutaqava həyatına qəsd edir.

“Cəngəllikdə” novellasının motivləri əsasında “Yuğ” teatrının səhnəsində tamaşaya hazırlanan “Müəmmalı bir qətlin üç versiyası” (səhnələşdirən və quruluşçu rejissor Mehriban Ələkbərzadə), sanki müəllifin həyatını simgələyir. Hiss olunur ki, müəllif, qəhrəmanın yanındadır və bəlkə də elə onun özüdür. Çünki təhkiyə üslubunda hazırlanan tamaşada, qəhrəmanla müəllif əvəzlənmələri tərəflər arasındakı sərhədləri görünməz edir.

Bir payız gecəsi… Qaranlıq cəngəllik…. Zülməti yaran ay işığı. Ətrafı bürüyən “toz-duman”. Kölgə kimi arabir gözə dəyən insan siluetləri. Gecənin səssizliyində ayaqlar altında inildəyən sarı-qəhvəyi çinar yarpaqları. Xəzəllərin hayqırtılarına “ağı” deyən həzin, amma bir qədər vahiməli musiqi parçası… Öndə, sırayla üzü səhnəyə qoyulmuş, arxalı, əski qara taxta stullarda eyni anda yer alan aktyorlar, oturduqları stulların sağından və solundan heç bir fikir ifadə etməyən baxışlarıyla tamaşaçılara tərəf boylanaraq, öz əvvəlki vəziyyətlərinə qayıdırlar. Bu “təqdimat”ı bir “salamlaşma” jesti və yaxud da “diqqətiniz bizdə olsun!” mesajı kimi də qəbul etmək mümkündür. Sinəsindən topuğuna qədər düyməli ağ paltarı ilə diqqət çəkən yapon qadınından (yapon qadını olması saçından və makiyajından bəlli) və əynində solğun krem rəngində köynəyi olan kişidən (odunçudan) başqa, hər kəs (səyahətə çıxmış rahib, məhkəmə məmuru və meşə keşikçisi) qara geyimdədir. Ag köynəkli, qara jiletli digər iştirakçı ilə (qadının əri ilə) biz, bir qədər sonra “rastlaşacağıq”…

Səhnə əsərinin ekzpozisiyası cəngəllikdə kişinin “qətl hadisəsi” ilə şərtlənir. Skeptik tərəf, ölüm hadisəsi ilə bağlı şübhələrə çözüm axtarır. Tamaşanın əvvəlində, yəni “salamlaşma”dan həmən sonra şahidlərin (Amid Qasımov – I şahid, Elşən Əsgərov – II şahid) və məhkəmə məmurunun (Vüqar Hacıyev – İttihamçı) iştirakı ilə şübhəli şəxs qismində saxlanan Odunçu (Oqtay Mehdiyev), “istintaq”a ifadə verir. Bəlli olur ki, meşəyə odun kəsməyə gedən odunçu, bambuk ağaclarının kriptomeryalarla (şam ağacları) birlikdə bitdiyi, gediş-gəliş olmayan yerdə, ürəyindən vurulub arxası üstə düşən, geyimi ilə daha çox şəhərliyə oxşayan bir kişi cəsədi ilə qarşılaşır. Odunçunun meyidin düz yanında, kriptomeryanın altında bir kəndirin atılıb qaldığını, kəndirdən başqa bir darağın da olduğunu, eyni zamanda ətrafı ot basdığını və yerə tökülmüş yarpaqların tamamilə tapdandığını söyləməsi, hadisənin özünəqəsd deyil, öncədən planlaşdırılmış bir “qətl”in olması ehtimalını ortaya qoyur. O zaman, baş verən hadisə, hansı səbəbdən və kim tərəfindən törədilmişdir? Tamaşa boyu bu suallara cavab axtarılır. Bunun üçün öncə odunçu, sonra qadın, ardınca isə ölənin “ruhu” dindirilir. Tamaşanın “Müəmmalı bir qətlin üç versiyası” adlanması, hər üç iştirakçının hadisəyə fərdi münasibətlərindən qaynaqlanır. Əslində, “qətl” faktı, zorlanma faktının tərkib hissəsidir; qadın zorlanır, kişilik ölür…

Tamaşanın izahedici və informativ funksiyası hadisənin proqnozlaşdırıcı rolunu qüvvətləndirdiyindən, olaylara daha dərindən və bir qədər fərqli prizmadan yanaşan rejissor, hadisəni obrazlaşdırmağa üstünlük verir və bütün cəhdləri bu obrazın açılmasına yönəldir. Həqiqətin labirintə salınması, tamaşanı mənalandırmaq cəhdi ilə bağlıdır. Həqiqəti ört-basdır etmək cəhdləri isə, rasionallaşdırıcı funksiya daşıyır. Tamaşada həqiqət – açarsız kilid kimidir; hər kəs onu açmağa cəhd edir. Təbii ki, insan, aynada özü ilə bağlı əsl həqiqəti görə bilməsə də, həqiqət, heç vaxt insanı tərk etmir; o, insanın qəlbində gizlidir. Əslində, rejissora görə, əsl həqiqət elə insanın öz ruhudur. Bu, düşünmək zərurətini ortaya qoyur…

Tamaşada, komunikasiya üçün vacib sayılan rənglər, ayrı-ayrı həyati situasiyalarda ünsiyyət informasiyası rolunu oynamaqdadır. Burada rənglər, hər bir obrazın əhval-ruhiyyəsini müəyyənləşdirir, onların fikir və əməllərinə işıq tutur. Vəziyyətdən-vəziyyətə keçidlər qadının üst-üstə geydiyi və məqamı gəlincə, növbə ilə tamaşaçının gözünün qarşısında dəyişdiyi rəngli (ağ, qırmızı və qara) libasların fonunda özünü ifadə edir. Ağ libasda qadın, məsumluğun və ilahiliyin ifadəsidir. Qırmızı rəngin təhrikedici gücü, qadını təhlükəli duruma düşürür. Odunçu, qadını “əldə etmək, almaq” arzusunun təzahürüdür. Odunçunun gözündə qadının “Bodisatava obrazı”nda (mələk simasında) görünməsi, onu provakasiyaya cəlb edir: Həyatında ilk dəfə qətl törətmədən qadınla olmaq qərarına gələn odunçu, istəyinə çatmaq üçün hiyləyə əl atır; kişiyə içi qiymətli əşylarla (metal və tuncdan güzgü və qılıncla) dolu kurqan tapdığını, onu uzaqda görünən dağdakı meşədə basdırdığını və müştərisi olarsa, malları ucuz qiymətə satmağa niyyətləndiyini söyləyir. Qadın (Gülzar Qurbanova), mallara baxmağa getməkdə həvəsli görünmür, o, dayandığı yerdə ərini gözləməyə qərar verir. Cəngəlliyə çatanda kişi aldadıldığını hiss edir. Artıq gecdir;  Odunçu kişini ağaca bağlayır. Geriyə dönərək, ərinin özünü pis hiss etdiyini və xanımına ehtiyacı olduğunu söylədiyindən, təşviş içində cəngəlliyə üz tutan qadını da asanlıqla “tələ”sinə sala bilir; ilk həmlədə, silaha əl atan qadının xəncərini vurub yerə salır. Odunçu qadını zorladığına və kişini “qətl”ə yetirdiyinə görə özünü günahkar saymır, əksinə o, gözəlliyə qarşı biganə qala bilmədiyinə görə özünü şanslı sayır və bununla qürurlanır. Bu məsələdə özünü “aydan-arı, sudan duru” bilənlərə üz tutaraq, onları istehzalı təbəssümü ilə “məhv” etməyə çalışır: “Qadına sahib çıxmaq istədikdə kişini hər zaman öldürürlər. Ancaq mən həmişə kəmərimə taxdığım qılıncla öldürürəm… Siz isə qılınca da əl atmırsınız… Hakimiyyətiniz, pulunuz, bəzən isə yaltaqlıq dolu sözlərinizlə öldürürsünüz. Düzdür, bu zaman qan tökülmür, insan sağ-salamat qalır, amma yenə də siz onu öldürmüş olursunuz. Kimin  günahı daha böyükdür? Sizin, yoxsa mənim? Kim bilir?”.

Odunçu, qadını zorladıqdan sonra heç nə olmayıbmış kimi, bir anda ortadan çəkilib getmək istəyir. Göz yaşları məğlubiyyətin nişanəsidir: ərinin gözləri qarşısında namusu ləkələnən və dilə-ağıza düşməmək üçün şahidlərdən birinin ölümünü istəyən qadın, nəfəsi kəsilə-kəsilə Odunçudan imdad diləyir; kim sağ qalacaqsa, ona ərə gedəcəyini vəd edir. Odunçu, ayaq saxlayır; o, gözəllikdən vaz keçmək istəmir: “Əgər məni ancaq qaba ehtiras idarə etsəydi, qadını təpiklə bir tərəfə itələyər, yoluma davam edərdim. O zaman qılıncım kişinin də qanına bulaşmazdı. Amma meşənin alatoranlığında qadının üzünə baxdım və qərara gəldim ki, kişini öldürməyincə heç yana getməyəcəyəm”. Odunçu, bu dəfə namərdlik etmir: Kişinin əl-qolunu açaraq, onunla açıq savaşa girir. İyirmi üçüncü həmlədən sonra qılıncını rəqibinin sinəsinə sancır. Odunçu, həyatında ilk dəfə, bu qədər zərbə aldıqdan sonra, ona “təslim olan” biri ilə qarşılaşdığını etiraf edir.

Tamaşada az dekorla çox fikir ifadə etmək cəhdləri var. Hal və vəziyyətə görə stulların yerlərinin tez-tez dəyişdirilməsi situasiyalarla bağlıdır. Fikirlər toqquşanda – gərginlik səngiməyəndə stullar havada “oynayır”. Odunçu, ya stulun üstünə çıxır, ya stulda oturur, ya da dairəvi şəkildə düzülmüş stulların ortasında yer alır. Stulların ortasında “künc”ə sıxışdırılan Odunçu, özünü  məhbəsdəki kimi hiss edir; oradan qurtulmağa can atır. Stulların gözlənilmədən ətrafa dağıdılması, vəziyyətin çıxılmazlığına işarədir. Seçilən musiqi parçaları (bəstəkar Vüqar Camalzadə) isə tamaşanın atmosferini təyin edir. Musiqi, həm də hal və vəziyyətlərin yorumlanmasına, obrazların ruhi durumlarının incələnməsinə və iştirakçıların hərəkət fəallığının artmasına yardım edir. Qadının saçlarında, üst-başında ilişib qalan çinar yarpaqları, tamaşaya bir başqa dərinlik qatır. Xəzələ dönmüş çinar yarpaqları ilə qadının taleyi burada həmahəngdir… Tamaşada baş verənlər analiz edilərkən, hadisələr dünəndən bu günə axtarılır və günümüzün qanunları ilə incələnir. Çinar yarpaqları, bu mənada həm də uzaq mühitin və dünənki zamanın günümüzə və bizim mühitimizə daşınmasını simgələyir.

Saçları üzünə dağılmış, matəm libaslı qadın – “canlı meyit”i xatırladır. Tamaşanın əvvəllində öz cazibədarlığı ilə odunçunu özünə heyran buraxan qadından indi əsər-əlamət görünmür; təcavüzə məruz qalmaq, qadın üçün ölümdən betərdir. Bu mənada, qadının etirafları, daha təsirlidir. Burada təhkiyə yolu ilə nəql edilən hadisələrin səhnədə canlandırılması əsasdır. Əsasən, epik teatr prinsiplərindən çıxış edən rejissor, qəhrəmanı istədiyi məqamda hadisənin içinə daxil edərək, ondan vəziyyətin “təsvir”ini istəyir, bəzi hallarda isə kənara çəkilərək hadisəyə münasibət bildirməyi “tələb edir”.  Fəal şəkildə tamaşaçı ilə ünsiyyətə can atmalar, açıq-aşkar “gözləşmə”lər, özündə “göstərməçi”liyin özəl imkanlarını sərgiləsə də biz, bu tamaşada nədənsə daha çox “bənzətməçi”liyin şahidi oluruq.

Ər (Əbdülqəni Əliyev), odunçu tərəfindən qəhqəhələrlə ələ salınır. Kişi, ona təpki vermək üçün irəliyə dartınır. Qadın, yardım almaq üçün ərinə tərəf can atır. Odunçu, qadını təpiklə vurub yerə sərir. Və qadın, ərinin gözləri qarşısında təcavüzə məruz qalır. Ruhunda nə vardıysa, hamısı ərinin baxışlarına tökülür. Ərin gözlərindəki təsvirolunmaz parıltı (soyuq nifrət və gizli kin) qadını sarsıdır. Özünə gələndə odunçunun getdiyini, ərinin isə ağaca sarıldığını görür. Səndələyərək ərinə yaxınlaşır; həm utanc, həm kədər, həm də qəzəblə baş verənlərdən sonra, artıq onunla qala bilməyəcəyini söyləyir: “Ölmək qərarına gəlmişəm. Amma… Siz də öləcəksiniz. Rüsvayçılığın şahidi olmusunuz…”. Qılınca əl atan qadına ər, ikrahla “öldür!” deyir. Qadın huşunu itirir. Ayılanda ərinin nəfəs almadığını görür. Özünü öldürməyə cəhd edir, amma bacarmır. Bu epizodda hərəkət hekayəti üstələyir. Tamaşaçı, bir anlıq da olsa, özünü hadisənin içində hiss edir.

Odunçu, bəkarətini itirdikdən sonra, ərlə yaşamağın nə qədər çətin olduğunu qadına inandıra bilir və çıxış yolunu onunla getməkdə görür. Qadın isə odunçuya, əri sağ qaldığı təqdirdə, onunla gedə bilməyəcəyini söyləyir. Bu, əri qasırğa kimi qarşısına qatıb meşənin dərinliklərinə sürükləyir… Odunçunun halının dəyişməsi, heç nə demədən qadını təpiklə vurub yerə yıxması və üzünü kişiyə tutaraq, – “Bu qadını neyləyim? Öldürüm onu, yoxsa bağışlayım? Cavab üçün başınızı tərpədin. Öldürüm?” söyləməsi, qadın qarşısında kişinin acizliyinin ifadəsidir. Odunçudan fərqli olaraq ər, öz acizliyini ölümüylə “etiraf edir”: “Elə bircə bu sözə görə mən ona hər şeyi bağışlamağa hazıram” deyərək, arvadının əlindən düşən xəncəri götürüb, bir həmlə ilə öz sinəsinə sancır. “Haradasa uzaqlardan hönkürtü səsi gəlir və ərə elə gəlir ki, bu səs onun öz hönkürtüsüdü…”

Brext sintezinin “açıq forması” (“sənət – həyat deyil”),  tamaşada baş verənləri emosional deyil, məntiqi fikirlə, mühakimə yolu ilə dəyərləndirməyə yol açır. “İntellektual empatiya”, tamaşaçıları romantik duyğulardan azad edir. Bu zaman, hadisələri məntiqi yolla təhlil etmək imkanları ortaya çıxır. Məzmunun formasını yaratmaq cəhdləri gündəmə gələndə, səbəb-nəticə əlaqələri unudulur. Bütövlükdə hərəkətdən çox hekayətə önəm verilsə də, bəzən bunun tam tərsinin şahidi oluruq. “Elementlərin ayrılması” ahəngdarlığı qəbul etmir, epizodlar ayrı-ayrılıqda təhlilə ehtiyac duyur. Qəhrəmanlara isə ehtiyac duyulmur, onların başına gətirilənlər ön plana çıxarılır. Hadisələr arasındakı harmoniya pozulur, hadisələrin inkişafındakı xəyali sərhədlər sökülür: Aktyorlarla tamaşaçılar arasındakı “boşluğu dolduran maneə”nin aradan qaldırılmasına xidmət edən “Yuğ”un re-funksiyanallaşdırılması ilə bağlı cəhdlər, müxtəlif estetik texnikaların gücü ilə tənzimlənir. “Müəmmalı qətlin üç versiyası”nı “reallığın prezentasiyası” kimi də qəbul etmək olar, çünki tamaşa qəlbdən çox, beyinə səsləniş edir. Toplumsal məqsəd güdülən tamaşada mövzu, əslində, sosial ədalətsizliyə və istismara məruz qalan cəmiyyətin ağrıları ilə tənzimlənir. Odunçu, tamaşada quldur “qiyafəsi”ndədir; quldur-zorun, gücün təmsilçisidi. Qətlə yetirilən, daha doğrusu intihara əl atan kişi (ər) – xəyanətin qurbanıdır (burada qadının xəyanətindən söhbət gedə bilməz), zorakılığa məruz qalan qadın isə cəmiyyətin. Əslində, ən böyük qurban elə cəmiyyətin özüdür. “Cəngəllik qanunları” ilə idarə olunan cəmiyyətin sonu uçurumdur”. Fikrimizcə, rejissor, öz tamaşasında bunu vurğulamaq istəmişdi.

Alman siyasət və sənət adamı Ernst Fischer yazır: “Çürüyən bir cəmiyyətdə sənət əgər həqiqidirsə, o, cəmiyyətdəki çürüməni təsvir etməlidir (bizdən fərqli olaraq). Əgər sosial stereotipləri qırmaq istəyirsə, sənət, dünyanın dəyişdirilə biləcək bir yer olduğunu göstərməli, buna çalışmalıdır.”  Təbii ki, insan özünü və həyatını dəyişdirməyin fərqində olmaq üçün, dünyaya tənqidi gözlə baxmağı bacarmalıdır. Teatr, bu mənada, elə bir sənət sahəsidir ki, o həm araşdırır, tənqid edir, həm də dəyişdirə bilir. O baxımdan, tamaşaçını dəyişdirməyin yeganə yolu, ona gerçəyin əsl üzünü göstərməkdən keçir. Bunun üçün “tamaşaçının aktyorla olan identifikasiyasına maneə olmaq”da – “yadlaşma effekti”ni yaratmaqda fayda var. Məhz bu prizmadan çıxış edən rejissor Mehriban Ələkbərzadə, aktyoru hadisədən kənarda saxlamağa və tamaşaçıya bunun bir oyun olduğunu hiss etdirməyə çalışır.

Məleykə Alı qızı Məmmədova
Sənətşünas

 

Qeyd: Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhimdir. 

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir