Mədəniyyət naziri cənab Əbülfəs Qarayevə açıq məktub!

Mədəniyyət naziri Əbülfəs Qarayevə!

Cənab nazir!

İnklüziv ƏSA Teatrı yarandığı gündən bu yana bir çox çətinliklərlə rastlaşır. Bu çətinliklərdən xəbərdar olan şəxslər (həm incəsənət xadimləri, həm də sıravi tamaşaçılar) tez-tez mənə deyir ki, sənin əvəzinə kim olsaydı, bu qədər dözməzdi.

Təbii ki, burada məsələ təkcə mənlik deyil. Problemlər bütün komandamıza təsir edir. Yəni mənlik yox, bizlikdir. ƏSA ailəsi olaraq çox dözümlüyük deyə şikayətlənmək istəmirik. Amma bəzən də görürük ki, susmaqla alınmır. Müəyyən problemləri dilə gətirmək lazımdır. Lazımdır ki, bir həlli tapılsın.

İndi sizə o problemlərdən biri haqda yazıram.

Aprelin 29-da dövlət teatrlarından birində “Adamlar və siçanlar” tamaşasını nümayiş etdirdik. Dəyərli tamaşaçılarımız zalı tamamilə doldurmuşdu. Tamaşa çox müsbət əhval-ruhiyyədə baş tutdu.

Səhnəsində tamaşa oynadığımız dövlət teatrına cəmi 9 iş saatı üçün 1000 (min) manat ödədik. Bu məbləğ stabil maliyyəsi olmayan teatrımız üçün kiçik məbləğ deyil.

Bizdən soruşurlar ki, inklüziv teatr nə üçün tamaşa oynamaq üçün dövlət teatrlarına pul ödəyir ki?

Bu sualın cavabını özümüz bilməsək də qayda belədir. Biz də istədik ki, sakit formada bu qaydaya riyaət edək. Təki tamaşa nümayişimiz baş tutsun.

“Adamlar və siçanlar” tamaşasının nümayişi zamanı həmin teatr rəhbərliyi və kollektivi bizimlə olduqca xoş davrandı, tamaşanın yaxşı keçməsi üçün dəstək oldular. Yəni ödənilən məbləğin qarşılığını verdilər.

Lakin keçən günlərdə ƏSA Teatrının “Paris partladı” tamaşasının nümayişi üçün həmin dövlət teatrına müraciət edəndə bildirdilər ki, teatr mövsümünün sonuna qədər bir gün də olsa boş olmayacaq  və teatrımız bu dəfə onlara 1000 (min) manat yox, 2000 (iki min) manat ödəməlidir.

Nə üçün 2000 manat tələb etdiklərini açıqlamadılar. Lakin biz düşünürük ki, tamaşanın anşlaqla keçdiyini görüb, bizim çox bilet satdığımızı və “varlı teatr” olduğumuzu düşünüblər. Halbuki “iTicket.Az” vasitəsilə satılan biletlərdən cəmi 1750 (bir min yeddi yüz əlli) manat əldə olunmuşdu. Bunun da 1000 (min) manatını həmin dövlət teatrına ödədik. Qalan 750 (yeddi yüz əlli) manatı da hər biri 50 (əlli) manat olmaqla aktyorlar və digər əməkdaşlar arasında bölüşdürdük.

Belə olan vəziyyətdə biz cəmi 9 iş saatı üçün dövlət teatrına necə və niyə 2000 (iki min) manat ödəməliyik?

Axı biz sadəcə sevdiyimiz işlə məşğul olmaq istəyirik.

Axı ƏSA Teatrı Azərbaycan mədəniyyəti üçün, bütövlükdə cəmiyyətin inkişafı naminə nələrsə etməyə çalışır. Axı niyə sevdiyimiz işlə məşğul olmaq bizimçün bu qədər çətinləşdirilir? Biz demirik ki, dövlət teatrları bizə pulsuz xidmət etsin. Tamaşaçı sayı çoxdur deyə ödənişi birdən birə ikiqat artırmaq Sizcə ədalətsizlik deyilmi?  Siz ki ƏSA Teatrının kommersiya ilə məşğul olmadığını bilirsiniz. Biz nə qədər öz məqsədlərimiz haqda danışmalıyıq. Fəaliyyətimiz göz qabağında deyilmi? Bir neçə aydan sonra ƏSA Teatrının 3 yaşı tamam olacaq. Amma hələ də belə utancverici problemlərlə üzləşməkdə davam edirik.

Ötən il isə dövlət teatrlarından birinin səhnəsində tamaşa nümayişindən dərhal sonra tamaşanın dekorasiyalarını aparmağımızı tələb edirdilər. Əks halda bayıra atacaqdılar. Sanki biz düşmənik və yaxud onlara əks fəaliyyətlə məşğul olmuşuq.

Cənab nazir!

Bu yerdə mənim mədəniyyət naziri kimi Sizə müraciət etməkdən başqa çıxış yolum qalmır.

Yəqin ki, ölkədə yeganə inklüziv teatrın varlığından xəbərdarsınız. Lakin qısa olaraq ƏSA Teatrı haqda məlumat verməyi özümə borc bilirəm. ƏSA Teatrı 2016-cı ilin sentyabr ayında ölkənin ilk inklüziv teatrı kimi yaradılıb. Hələ ki, Azərbaycanda və region ölkələrində analoji teatr yoxdur. Teatrın fəaliyyət məqsədi ölkədə inklüziv incəsənətin inkişafına təkan vermək, o cümlədən əlilliyi olan və olmayan şəxslərin birgə fəaliyyətini təmin edərək, cəmiyyətimizdə müsbət dəyişikliklər yaratmaqdır. Fəaliyyət göstərdiyimiz müddət ərzində nəcib məqsədlərə müəyyən qədər çatmışıq və bu gün də yolumuza davam edirik. Biz peşəkar teatr olmağa iddialıyıq və tamaşalarımıza gələnlərin fikri deməyə əsas verir ki, biz artıq peşəkarlıq yolunda ilk addımlarımızı atmışıq. ƏSA Teatrı müxtəlif zamanlarda dünya mediasında Azərbaycan teatrı kimi tanıdılıb, beynəlxalq layihələrdə ölkəmizi təmsil edib. Lakin təəssüflə bildirirəm ki, teatrımızın vəziyyəti o qədər də ürəkaçan deyil. İcarədə olduğumuz darısqal məkana hər ay yüksək məbləğdə icarə haqqı ödəyirik və ən acınacaqlısı da budur ki, yuxarıda qeyd etdiyim kimi tamaşa nümayişləri üçün dövlət teatrlarında bizə şərait yaradılmır.

Cənab nazir!

ƏSA Teatrı inanır ki, açıq müraciətimiz Sizə çatdırılacaq. Çünki dəfələrlə Sizə məktub yazaraq, teatrımızın mövcud çətinlikləri barədə məlumat vermişik. Lakin müraciətlərimiz Sizə yox, nazirliyin hansısa bizim problemləri həll etmək gücü olmayan məmuruna yönəldilib. Məhz, buna görə də Sizə açıq müraciət ünvanlamaqla Sizi məlumatlandırmaq qərarına gəldik. İnanırıq ki, müraciətimiz ünvanına çatanda ƏSA Teatrının problemləri qismən də olsa həllini tapacaq və dövlət teatrlarında hər ay davamlı tamaşa nümayişlərimiz üçün bürokratik əngəllər yaradılmayacaq, cəmi 1 günlük səhnə icarəsi üçün qiymətlər kəllə-çarxa çıxmayacaq.

Sonda Sizi tarixini hələ də müəyyənləşdirə bilmədiyimiz tamaşa nümayişinə dəvət edirik. Əminik ki, ƏSA Teatrının bircə tamaşasına baxmaqla Azərbaycanda inklüziv incəsənətin sərhədsiz olduğunu və ölkəmiz üçün gərəkli olduğunu Siz də təsdiqləyəcəksiniz.

Hörmətlə,

Nihad Qulamzadə

Azərbaycan Respublikasının ilk və tək inklüziv teatrının yaradıcısı və rəhbəri

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Azərbaycan Next Stage Europe 2018 festivalında

13-17 iyun tarixlərində Höte İnstitutunun təşkilatçılığı və “LIT: Potsdam” ədəbiyyat festivalının dəstəyi ilə Almaniyanın Postdam şəhərində Next Stage Europe 2018 beynəlxalq teatr festivalı keçirilib....

Gəncə Dövlət Kukla Teatrının aktyoru vəfat etmişdir

Gəncə Dövlət Kukla Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Nağaddin Məmmədov 22 may 2019-cu ildə, 52 yaşında vəfat etmişdir. Nağaddin Ağarıza oğlu Məmmədov 1967-ci ildə...

Aygün Süleymanova – “Qırmızı rəngin interpretasiyası…”

Bir... iki... bizimki... Bizim Akademik Milli Dram Teatrı... Bizim Kamal Abdulla... bizim gənc rejissor Əlif... Rəsmi qeydlər mütləq olmalıdır ki, yaradıcı insanların haqları tapdanmış...

Recent

Yuğ Teatrı mövsümə “Sonuncu” ilə başlayacaq

Azərbaycan Dövlət YUĞ Teatrı yeni mövsümü 22 sentyabr tarixində saat 19.00-da açacaq. Teatr 30-cu mövsümə Pərvinin əsəri əsasında hazırlanmış “Sonuncu” tamaşası ilə başlayacaq. Xalq...

Gənc Tamaşaçılar Teatrı “Əlif” Beynəlxalq Festivalına qatılacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 20-24 noyabr tarixlərində İranın Təbriz şəhərində keçiriləcək "Əlif" beynəlxalq teatr festivalında "Dəlinin qeydləri" mono tamaşasıyla təmsil olunacaq. Tamaşa 21-22...

Əbülfəs Qarayev Mədəniyyət Naziri oldu

 Bu gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli, 9 nömrəli sərəncamına əlavələr edilməsi barədə...