Əlisəfdər Hüseynov – “İki Həsəndən biri…”

İki fotoportret…
Sənətdə iki böyük şəxsiyyət – Azərbaycan kinosunun iki böyük aktyoru, iki Həsən…
Hər ikisi qrimsizdir. Aktyor qrimsiz özünə daha çox bənzəyir, özünə daha yaxın olur – necə ki, bu şəkillərdə qarşı-qarşıya dayananlar, məsələn Gəray bəy, Abbasqulu bəy, Oqtay, Cəfər xan, Kəbirlinsiki, Murad, Bəxtiyar, nə bilim, daha kimlər deyil, iki aktyordur, iki Həsəndir – Turabov və Məmmədov.
Bu şəkillərdə qeyri-adi heç nə yoxdur, amma bununla belə onlarda adi olmayan, onları adilikdən çıxaran da nə isə var və adam bu “nə isə”nin cazibəsinə düşüb bü şəkillərə adi şəkildən bir qədər çox baxır və təkcə baxmaqla kifayətlənmir, həm də xatırlayır, düşünür, kövrəlir…
Düşünür, ona görə ki, Azərbaycan kinosunu bu iki aktyorsuz – iki Həsənsiz heç cür təsəvvür etmək olmur.
Kövrəlir, ona görə ki, bu aktyorların, onların təmsil etdikləri nəslə mənsub digər sənətkarların adı ilə bağlı olan sənət bayramları bu gün bizim üçün xatirlərə çevrilib.
Bu sənətkarların heç biri bu gün həyatda yoxdur. Amma ömür karvanları intəhasız bir yolla öz ünvanına doğru gedir. Əsas məsələ də o yolu gedə-gedə saldığın izdə, qoyduğun nişanələrdədir, çünki bu dünyada bir göz qırpımı qədərincə ömür yaşayan insan öz ömrünün dəyərini o nişanəyə görə alır.
Bu mənada H.Turabovun Azərbaycan xalqı qarşısında başı ucadır. H.Turabov Azərbaycan aktyorluq sənətinə, Azərbaycan kinosuna yeni keyfiyyətlər gətirən, milli kino və teatr xəzinəmizi bir-brindən maraqlı, orijinal, parlaq ekran və səhnə obrazları ilə zənginləşdirən nadir istedad sahibi, adı böyük hərflərlə yazılan AKTYORdur. Onun istedadının miqyası, sənətkarlıq arsenalının zəngin palitrası barədə aydın təsəvvür almaq üçün yaratdığı obrazların rəngarəng qalereyasını bir anlığa göz önünə gətirmək kifayətdir: teatrda Hamtlet, İskəndər, Aydın, Qiyas, İblis.., kinoda Gəray bəy, Kəbirldinski, Cəfər xan, Rəşib bəy, Afşin, Qəzənfər Mamedoviç…
Müxtəlif əxlaqı, dünyagörüşü təmsil edən bu obrazlara H.Turabovun verdiyi ömür – yaşarı, əbədi ömürdür, çünki H.Turabov bu rolları elə-belə oynamayıb, canlandırdığı obrazları səsinin, baxışlarının min bir çalarda olan hökmü, üzünün min bir mənalı cizgiləri ilə yaradıb.
Bir yazımda dediyim fikri bir də yada salıram: “Kino deyilənlərin, görünənlərin yox, deyilməyən, görünməyən, fəqət duyulan, hiss olunan mətləblərin üzərində qurulur”. Və elə bu andaca tərəddüdsüz əlavə edirəm: “Bunu Azərbaycan kinosunda H.Turabov qədər dərindən duyan aktyorlar çox azdır”.
Yadımızdadır Gəray bəyin qürurundan, əyilməzliyindən doğan və az qala ekrandan çölə püskürən, tamaşaçını hisslər burulğanına salan hikkəsi, “Yanıq Kərəmi”nin sədaları altında bir cavanı qanına bələyən qəddarlığı, Bəxtiyarın (eləcə də bizim) iliyinə işləyən qəhqəhələri.
O hikkə, o qəhəqəhələr həmişə bizimlə olacaq, çünki Gəray bəy bizim taleyimizdir, onun aqibəti babalarımızın faciəli aqibətidir.
Bəs, bir xalqın dərd-sərini canına, qanına yığan Mirzə Cəlilin «qəm pəncərəsindən» baxan gözlərini, o gözlərin dediklərini necə, unuda bilərikmi?
Azərbaycanda ayrı-ayrı filmlərə o filmlərdə yalnız H.Turabovun iştirak etdiyinə görə baxan adamlar tanıyıram.
Bir vaxtlar ayrı-ayrı teatr tamaşalarına da Həsənin oyununun tamşasına durmaq üçün gələn teatrsevərlər vardı.
Tamaşaçılara sevincli anlar bəxş edən, yaratdığı obrazlarla onların dostuna, simsarına çevrilən H.Turabov kino lentlərinin və bizim yaddaşımızda həmişə yaşayacaq. Amma heyf, min heyf ki, indi böyük aktyorların böyük rollarına diqqət kəsilmək üçün iki daşın arasında da girəvə axtardığımız xoşbəxt əyyamlar deyil.
İndi başqa zamandır.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Açıq havada tamaşa

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin qarşısında, açıq havada teatr rejissoru ixtisasında təhsil alan magistr Yunis Valipurun “Şüuraltı kölgələr” psixoloji tamaşası təqdim olunub. Tamaşada dörd...

Xəyalə Rəis – Səhnədə 400 qərənfili öldürən ingilis tamaşası 

İyunun 1-dən 5-nə qədər Lənkəranda I Beynəlxalq Lənkəran Teatr Festivalında iştirak etdik. Əvvəlcə eşitdik ki, bu festival 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə...

YUĞ-da “Medeya. Sekvensiya 001”

Bu gün saat 19.00-da YUĞ Dövlət Teatrında “Medeya. Sekvensiya 001” tamaşası nümayiş olunacaq. Vladimir Klimin “Medeya Teatrı” pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru və...

Recent

Ülviyyə Heydərova – Tıq-tıq xanım dörd fəsildə…

Köhnə ilə bir gün qalmış Tıq-tıq xanımla görüşdüm. Özü də elə maraqlı görüş oldu ki. O, yenə iri gözlərinə sürmə çəkib, qırmızı donunu geyinmişdi. İşvəsi,...

Məryəm Əlizadə – “Azadlıq və tolerantlıq mühiti Azərbaycan reallığında çoxdan kök salıbdır”

Əməkdar incəsənət xadimi, professor, teatrşünas Məryəm Əlizadə ilə müsahibə. - Məryəm xanım, bu yaxınlarda Sankt-Peterburqdan səfərdən qayıtmısınız. - Noyabr ayında Rusiyada VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu...

Mədəniyyət Nazirliyində struktur dəyişikliyi

TeatrO.az sənət portalı President.az saytına istinadən xəbər verir ki, 6 iyun 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən Mədəniyyət Nazirliyi ilə bağlı 4 fərman...