Persona Hüseynağa Atakişiyev - 70

Hüseynağa Atakişiyev – 70

-

(Portret cizgiləri)

Ya mənsiz,

Ya mənli ol, ya mənsiz.

Mən sənsiz yaşamazdım,

Yaşa ey səhnə, mənsiz…   

Sentyabr ayının 8-də tanınmış teatr rejissoru və aktyoru, Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin anadan olmasının 70 ili tamam olur. Əgər yaşasaydı biz indi onunla birlikdə  70 illik yubileyini təmtəraqlı formada keçirəcəydik…

Tale elə gətirib ki, biz Hüseynağa Atakişiyevlə Mirzağa Əliyev adına Azərbayan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsinə 1971-ci ildə birlikdə qəbul olunmuşduq. Elə bir yerdə, məşhur rejissor və aktyor, Azərbayan teatr tarixində öz məktəbini yaratmış, SSRİ Xalq artisti Mehdi Məmmədovun sinfində  təhsil almışıq. 1975-ci ildə ali məktəbi bitirəndən sonra da Moskvadakı A. V. Lunaçarski adına  Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsinin məzunu Vaqif Abbasovun rəhbərliyilə Şəkiyə bir yerdə gedib, orada Şəki Dövlət Dram Teatrını yaratmaq üçün  çalışmışıq. Tale elə gətirib ki, mən 6 aydan sonra  Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına dəvət olunmuşam, amma Hüseynağa həmin teatrda  aktyor və rejissor kimi fəaliyyətini davam etdirib. Şəki Dövlət Dram Teatrının yaradıcısı, çox maraqlı rejissor-pedadoq, böyük ziyalı Vaqif Abbasov, Azərbayan Dövlət Musiqili Komediya Teatrına baş rejissor dəyişdiriləndə, Şəki rayonunun o vaxtkı birinci katibi, dəyərli ziyalı, alim, millətimizin mədəniyyəti üçün əvəzsiz işlər görmüş Sadıq Murtuzayevin böyük köməkliyi ilə Hüseynağa Atakişiyev Sabir Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rejissoru təyin olunub.  Bu teatr Vaqif Abbasovun vaxtında olduğu kimi, Hüseynağa Atakişiyevin də vaxtında öz  uğurlarını davam etdirib. Şəki teatrı həmin vaxtlar təkcə Azərbaycanda yox, həm də keçmiş Sovetlər Birliyində və bir sıra xarici ölkələrdə tanınıb. Çoxlu  maraqlı tamaşalarına görə mükafatlar, medallar, diplomlar alıb. Belə uğurlu tamaşalarına görə, Hüseynağa Atakişiyevi  Şəki teatrından Milli Akademik Dram Teatrına baş rejissor vəzifəsinə gətiriblər. Bu teatra rəhbərlik etdiyi üç il müddətində bir neçə  tamaşaya maraqlı quruluşlar verib. Teatrda islaşatlar aparmaq istədiyi bir vaxtda ona qarşı kəskin hücumlar olub və onu baş rejissorluqdan çıxarıblar…  Amma Hüseynağa bundan həvəsdən düşməyib və 1989-cu ildə Azərbayan Teatr Xadimlər İttifaqının binasında, o vaxtkı Respublika Gənclər Təşkilatının və şəxsən sədr, dəyərli ziyalı Sahib Ələkbərovun təşəbbüsü ilə Gənclər Teatrını yaradıb. Bu teatr 1989-cu ilin mart ayının 27-də Yusif  Səmədoğlunun “Qətl günü” tamaşası ilə öz yaradıcılıq həyatına başlayıb. Qısa vaxtda bir-birindən maraqlı, yüksək peşəkar tamaşalar hazırladığına görə 1993-cü ildə  bu teatra Dövlət Teatrı statusu verilib.  Hüseynağa Atakişiyev 17 il bu teatra böyük uğurla rəhbərlik etməklə, sensasiyalar yaradan tamaşalar hazırlayıb. O, yaxşı rejissor olmaqla birlikdə həm də yaxşı pedaqoq idi. İşlədiyi bu illərdə respublikada tanınan  və  ayrı-ayrı teatrlarda işləyən çoxlu aktyorlar və aktrisalar yetişdirib. Həmin aktyorlar da onu unutmur və  hər yerdə özlərini Hüseynağa Atakişiyevin yetirməsi, tələbəsi kim təqdim eləyirlər. Bu, hər rejissora qismət olmayan çox böyük mükafatdır. Hüseynağa  Atakişiyev Azərbaycan teatr tarixində novator rejissorlardan biri kimi qalıb. Belə ki o, meydan teatrı üslubu ilə Stanislavski sistemini, Brext məktəbini birləşdirərək çox sanballı tamaşalar hazırlayıb.

Dostumuz Hüseynağa Atakişiyev rejissor kimi 160-a yaxın tamaşaya quruluş verib. Aktyor kimi 60-a yaxın rol oynayıb. Dünyanın 20-dən çox  məşhur, tanınmış dramaturqunun ilk dəfə Azərbaycan səhnəsinə gəlişi məhz Hüseynağa Atakişiyevin adı ilə bağlıdır. O, dünya dramaturgiyasının 20-dən artıq nümunəsini dilimizə tərcümə edib. Televiziya və kütləvi tamaşalar üçün çoxlu ssenarilər yazıb. Dövlət Gənclər Teatrında “Qətl günü” tamaşası ilə öz yaradıcılığını davam etdirən Hüseynağa Atakişiyevin son tamaşası Firuz Mustafanın  “Qara qutu” əsəri olub. Amma bu tamaşanı tam bitirə bilməyib. Tamaşanın ikinci hissəsini o vaxtlar teatrın aktyoru işləyən və bu tamaşanın ikinci rejissoru olan Əməkdar artist Sərvər Əliyev tamamlayıb… Beləliklə, “Qətl günü” ilə davam edən rejissor ömrü “Qara qutu” ilə sona yetib…

Gəzəl insan, dəyərli ziyalı və yaxşı dost Hüseynağa Atakişiyev 57 yaşında 2006-cı ilin aprel ayının 9-da beyninə qan sızması (beyinin infaktı) xəstəliyindən dünyasını dəyişib. Onun yaratdığı teatr 2009-cu ilə kimi öz işini davam etdirib. 2009-cu ildə Dövlət Gənclər Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşdirilib. Hətta bu məsələdə haqsızlıq elə böyük olub ki, teatrlar birləşəndə Dövlət Gənclər Teatrının heç bir tamaşasını Gənc Tamaşaçılar Teatrının repertuarına daxil etməyiblər. Bu iyrənc işdə də mən, ən böyük günahı teatrın o vaxtkı rəhbərliyində görürəm. Həmin vaxtı mən, dəfələrlə Mədəniyyət Nazirinə öz imzam və Dövlət Gənclər Teatrının aktyorlarının imzası ilə kəskin etiraz məktubu yazsam da, bizim məktubumuza heç bir reaksiya verilməyib. Bu, sadəcə Dövlət Gənclər Teatrını bir sinif kimi Azərbaycan teatr tarixindən silmək missiyası idi. Baş rejissorluqdan çıxandan sonra mənimlə bir otaqda oturan Cənnət Səlimova özü etiraf elədi ki, bizə tapşırmışdılar ki, Dövlət Gənclər Teatrının heç bir tamaşasını repertuara salmayın. Amma mənim “kim tapşırmışdı” sualıma o, cavab vermək istəmədi…

Biz, Hüseynağanın dostları, həmfikirləri, tələbələri çox istəyirdik ki, onun yaratdığı teatr yaşasın və onun çin olmayan arzularını reallaşdırsın. Necə ki, vaxtı ilə Moskvada məşhur rejissor Yevgeni Vaxtanqov dünyasını dəyişəndən sonra, dövlət həmin teatrın dağılmasına icazə vermədi və bu teatr yaşadı. İndi Vaxtanqov adına Akademik Teatr dünyada tanınan teatrlardan biridir. Teatrın nəzdində yaradılan Ali Teatr Məktəbi ( indi Teatr İnstitutu) dünya səviyyəsində tanınan çoxlu aktyorlar, rejissorlar yetişdirdi və yetişdirir. Mən bir həqiqəti qətiyyətlə deyim ki, Hüseynağa Atakişiyevin yaratdığı teatr yaşasaydı, həqiqətən də  respublikanın aparıcı teatrlarından biri olub, Azərbaycanı dünyada layiqincə təmsil edə biləcəkdi. Çünki bu teatrda Hüseynağa Atakişiyevdən dərs  almış çox maraqlı aktyor truppası və istedadlı rejissorlar işləyirdi…

Tale elə gətirib ki, mən Hüseynağa Atakişiyevə həsr olunan “Teatr sənətinin aşiqi” adlı kitab yazmışam. Artıq kitab çapa hazırdır. Həmin kitabda çoxlu teatr mütəxəssisləri, ziyalılar, alimlər, ədəbiyyatçılar və tanınmış insanlar onun haqqında ürək sözlərini deyiblər. İndi onlardan bir neçəsinin qısa fikirlərini oxuculara çatdırmaq isətyirəm. İnanıram ki, sevimli oxucular üçün də maraqlı olacaq.

Azərbaycanın bir neçə rayonununda 31 il birinci katib işləmiş, filologiya üzrə fəlsəfə doktoru Sadıq Murtuzayevin dediklərindən:

– Mən lap gənclik illərimdən teatra, teatr sənətinə qarşı maraqlı insan olmuşam. Hətta ali məktəbi bitirib, Zaqatala Pedaqoji Texnikumuna  təyinatla işləməyə gedəndə, orada dram dərnəyi yaratmışam və bir neçə tamaşaya da quruluş vermişəm.

Şəki rayon partiya komitəsinin birinci katibi işləyəndə belə qərara gəldim ki, burada Dövlət Teatrı yaradılsın. Çünki bu bölgədə peşəkar teatr kollektivi yox idi. Amma əvvəllər Şəkidə Dövlət Dram Teatrı olmuşdu və  yaxşı da işləmişdi. Hətta bu teatrın yetirmələri olan İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Sədayə Mustafayeva, Səməd Tağızadə, Məmməd Bürcəliyev və başqaları sonralar respublikanın tanınmış aktyorları oldular. Bununla bağlı öz istəyimi o vaxtlar Mədəniyyət naziri işləyən, fəlsəfə elmələri doktoru, dəyirli ziyalı və mənim yaxın dostum  Zakir Bağırova bildirdim. O  da, mənim bu təklifimi müdafiə elədi. Beləliklə, biz bununla bağlı  Azərbaycan Mərkəzi Komitəsinə, Azərbaycan Nazirlər Sovetinə məktubla müraciət etdik. Həmin məktubda da fikirlərimizi əsaslandırdıq ki, bu bölgədə  Dövlət Teatrının yaranması  vacibdir. Teatrın bütün problemlərini də məhz Şəki rayon partiya komitəsi öz öhdəsinə götürür. Məktubumuza müsbət  cavab aldıq və tezliklə bununla bağlı  1975-ci ilin aprel ayında  Azərbaycan Nazirlər Soveti qərar verdi və Şəkidə Dövlət Dram Teatrı açıldı. Elə ilk gündən yaradıcı kollektivlə mən və idealogiya işlərinə baxan ikinci katib  Ənvər Nəzərli çıx əlaqə yaratdıq. Teatr işçilərınin ev, məişət problemlərini lazım olan kimi həll etdik. Teatr üçün yaraşıqlı bina inşa etdik. Kollektiv ilk tamaşalarından başlayaraq, Şəki və bölgə camaatının böyük marağına səbəb olan əsərlər hazırlamağa başladı. Teatra Vaqif Abbasov rəhbərlik edirdi. Maraqlı, bacarıqlı rejissor, bütöv şəxsiyyət və  yaxşı teatr təşkilatçısı idi. Amma onun ayaqları vaxtı ilə yanan avtobusdan uşaqları çıxaran vaxt yandığına görə, Vaqifə çox əziyyət verirdi. Şəki də nəmişlik yer olduğuna görə, onun ağrılarını daha da şiddətləndirirdi. Vaqif Abbasov da tez-tez xəstəxanaya düşürdü. O, xəstəxanada yatanda onun işlərini teatrın aktyoru Hüseynağa Atakişiyev yaxşı davam etdirirdi. Özü də rejissor kimi  maraqlı tamaşalar hazırlayırdı. Elə oldu ki, həkimlər Vaqif Abbasova Şəkidə yaşamağa icazə vermədilər. Dediyim kimi, nəmişlik onun sağlamlığına pis təsir edirdi. Vaqif xəstəxanada olanda mənə məktub yazdı. Həmin məktub bu gün də mənim arxivimdədir. O, xahiş edirdi ki, işlərini  davam etdirmək üçün, teatra baş rejissor Hüseynağa Atakişiyevi təyin edək. Çünki onun işlərini uğurla yalnız Hüseynağa davam etdirə bilər. Belə ki, artıq Hüseynağa bir müddət onunla birlikdə işləmişdi və iş üslubunu yaxşı öyrənmişdi. Əlbəttə, Hüseynağanın ali rejissorluq diplomu olmadığına görə, bu işi görmək həmin vaxtlar çətin idi. Bu işdə yenə də mənə dostum, dəyərli insan Zakir Bağırov köməklik etdi. Beləliklə, biz Hüseynağa Atakişiyevi həmin tearın baş rejissoru təyin etdik. Hüseynağa da bizim ümidlərimizi tam doğrultdu. Qısa vaxtın içərisində bir-birindən maraqlı tamaşalar hazırladı. Tezliklə, keçmiş Sovetlər Birliyində keçirilən festivallardan birinci dərəcəli diplomlar getirdi. Kollektivdə çox sağlam yaradıcı atmasfera yaratdı. Onun vaxtında bu teatrda maraqlı aktyorlar, aktrisalar yetişdi. Sonra elə oldu ki, mən Ağdam rayon partiya komitsəinin birinci katibi vəzifəsinə dəyişildim. Amma Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının  və onun baş rejissoru Hüseynağa Atakişiyevin hər bir uğurunu diqqətlə izlədim. Onun quruluş verdiyi tamaşalara Milli Akademik Dram Teatrında və Dövlət Gənclər Teatrında da baxmışam. Hüseynağa Atakişiyev doğrudan da maraqlı dəsti-xətti olan rejissor idi. O, Azərbaycan teatrı üçün lazımlı, tapıntı rejissor və teatr işçisi idi. Özünün də yaxşı xasiyyəti vardı. Heç vaxt sifətindən təbəssüm əskik olmazdı. Bu adam elə bil yalnız yaxşılıq, xeyirxahlıq  etmək üçün doğulmuşdu. Heyif  ki, dünyasını çox tez dəyişdi. Hüseynağa Atakişiyevi itirməklə biz,  Azərbaycan teatrının çox maraqlı bir rejissorunu itirdik. Onun teatrının bağlanması ilə də bir maraqlı teatrın həyatına zərbə vuruldu…

Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Ramiz Əzizbəylinin dediklərindən:

– İçimdən keçən bir həqiqəti hər yerdə deyirəm. Hüseynağa, Azərbaycan teatr sənətində bir mərhələ oldu. Yəni durğunluq dövrünü yaşayan Azərbaycan teatrı, Hüseynağanın Şəkidə və Dövlət Gənclər Teatrındakı truppalarının simasında elə bilin ki, qış ayında qarın altından cücərib çıxan Novruzgülü oldu. O, təkcə öz kalassiklərimiz yox, həm də Arvopa, Amerika daramturqlarının əsərlərinə maraqlı quruluş verməklə, rəhbərlik etdiyi teatrlarla Azərbaycandan kənara çıxdı. Onun rəhbərlik etdiyi teatrlar, dünyanın bir neçə ölkələrinə qastrollara getdilər. Moskvada da rejissor kimi onun yaradıcılığını dərk etdilər. Kinoda dahi Üzeyir bəyin rolunu oynayan Hüseynağanı burada yada salmamaq mümkün deyil. Çünki Hüseynağada da xalqımızın fəxri Üzeyir bəy Hacıbəyov kimi yazmaq qabiliyyəti, musiqi duyumu və güclü məntiq vardı. Bəlkə də bütün bunları görən, Xalq yazıçısı, dramaturq, kinossenarist və kinorejissor Anar, “Uzun ömrün akkordları” kinofilmini çəkəndə Üzeyir bəyin rolunu məhz Hüseynağaya etibar etmişdi. Hüseynağa həm dahi bəstəkara portret cəhətdən oxşarlığına görə, həm də Üzeyir bəydə olan sakitlik, yumuşaqlıq, nur, nəciblik Hüseynağada da olduğundan, elə bil bir-birini tamamlayırdılar.

Əməkdar inəsənət xadimi Məhərrəm Bədirzadənin dediklərindən:

Hüseynağa yazıçı-dramaturq kimi tanınmasa da onda bu sahələr də yaxşı inkişaf etmişdi. Yəni istəsəydi maraqlı pyeslər, hekayələr, povestlər də yaza bilərdi. Çünki dəfələrlə bizim televiziya proqramları üçün ssenarilər yazmağı ona tapşırırdıq. Çox qısa vaxtda və özü də yüksək peşəkarlıqla yazıb mənə verirdi. Hətta bir  maraqlı mövzu vardı. Biz bu mövzunu iyirmiyə yaxın adama verdik ki, bizə bir sanballı ssenari yazsın. Amma onların heç biri bu işin öhdəsindən gələ bilmədilər. Axırda mən məcbur olub Hüseynağaya müraciət etdim. Təsəvvür edin ki, o, üç günə bizim istədiyimizdən də professional səviyyədə həmin ssenarini yazıb verdi. Hamının da xoşuna gəldi. Bəzən çox heyfislənirəm ki, belə bir istedadlı insanın, öz dəsti-xətti olan aktyor-rejissorun haqqında niyə ötəri yazırlar? Niyə onu təbliğ etmirlər? Niyə keçmiş aktyorlardan, rejissorlardan söz düşəndə onun adını çəkmirlər? Məgər bu qədər də haqsızlıq olarmı?.. Axı o, Şəki Dövlət Dram Teatrının yaradıcılarından biri və Dövlət Gənclər Teatrının yaradıcısıdır. Məgər elə bu iki böyük iş bir teatr xadimi üçün azdırmı?

Xalq şairi, millət vəkili Vaqif  Səmədoğlunun dediklərindən:

– Dramaturgiyaya məni tanınmış rejissor, öz dəsti-xətti olan sənətkar Hüseynağa Atakişiyev gətirib. Bu maraqlı işin də yaranmasının tarixçəsi belə oldu ki, mənim uşaqlıq dostum, canım-ciyərim, bir məktəbdə oxuduğum rəhmətlik Emin Sabitoğlu məni Hüseynağa ilə tanış etdi. Bu da o vaxt olub ki, Sabit Rəhmanın “Nişanlı qız”   pyesinin Şəki Dövlət Dram Teatrında tamaşası hazırlanırdı. Biz, bu tamaşanı Şəkidə müzikıl kimi hazırlamaq istəyirdik. Ona görə də Emin mənə demişdi və mən də bu pyes üçün şeirlər yazmışdım. Emin də həmin şeirlərə mahnılar bəstələmişdi. Bizim də bu sahədə artıq Eminlə təcrübəmiz vardı. Belə ki, Emin, Sabit Rəhmanın “Hicran” pyesi  əsasında libretto yazımışdı. Həmin librettoya da şeirləri mən yazmışdım. Emin, “Nişanlı qız” pyesi üçün də mənim şeirlərimə mahnılar, duetlər, reçitativlər yazıb, Şəkiyə göndərdi. Sonra da biz Eminlə getdik həmin tamaşanın premyerasına. Orada da mən teatrın yaradıcısı, baş rejissoru Vaqif Abbasovla və teatrın aktyoru-rejissoru Hüseynağa Atakişiyevlə tanış oldum. Şəkidə tamaşadan sonra banket oldu. Banketdə mən də çıxış elədim. Oradan çıxanda başında buxara papaq, cavan, göyçək oğlan olan Hüseynağa mənim qoluma girib, dedi: “Siz özünüz niyə pyes yazmırsız? Gördüm ki, teatra belə həvəsiniz var. Maraqlı danışdınız. Tamaşanı yaxşı təhlil elədiniz. Səməd Vurğunun oğlusuz. Sabit Rəhmanla durub-oturmusuz”. Baxmayaraq ki, özümün pyes yazmağa həvəsim vardı. Hətta bununla bağlı qeydlər də etmişdim. Amma Hüseynağanın bu sözləri elə bil mənə bir təkan oldu. Bundan sonra “Bəxt üzüyü” pyesini yazdım. Hüseynağa da həmin pyesə maraqlı quruluş verdi. Bu uğurlu işdən həvəslənib, yeni pyeslər yazmağa başladım.

Hətta yadımdadır ki, Dövlət Gənclər Teatrının hansısa yubiley günündə aktyorlar çox qəribə bir səhnəcik hazırlamışdı: Dramaturq Vaqif Səmədoğlu, Şəki Dövlət Dram Teatrına  baş rejissor Hüseynağaya əsəri necə gətirir. Dostluq şarjı olan həmin səhnəcik belə idi. Mən əlimdə diplomant çanta ilə gəlirəm. Hüseynağa ilə görüşüb, öpüşürük. Hüseynağa deyir ki, “deyəsən əsər gətiribsən?” Mən də deyirəm ki, “hə, yeni əsərimi gətirmişəm”.  Sonra çantanı açıram və oradan bir şüşə araq çıxarıb stolun üstünə qoyuram. Deyirəm: “Bu əsərin proloqu”. Hüseynağa baxıb deyir ki, “proloq babatdı”. Sonra çantadan kağızlar çıxarıb deyirəm: “Bu birinci pərdə”.  Hüseynağa deyir ki, “oxuyaram”. Sonra mən bir dənə də uzun araq şüşəsi çıxarıb deyirəm ki, bu antrakt. Hüseynağa ona da baxıb gülümsünür və deyir ki, “antrakt bir az uzanır, amma qısaltmaq olar”. Sonra ikinci pərdəni yenə də kağızlar çıxarıb verirəm. Sonra da bir şüşə viski çıxarıb deyirəm: “Hüseynağa bu da epiloq”. O da viskiyə baxıb deyir: “Hə. Epiloq çox yaxşıdır”.  (Vaqif Səmədoğlunun bu sözlərindən sonra hər ikimiz ucadan güldük. Sonra bir müddət sükut yarandı. Vaqif müəllim bir siqaret çıxarıb yandırdı.)

-Hüseynağanın son günlərini necə xatırlayırsınız?

– Hüseynağanın koma vəziyyətinə düşməsi xəbərini mənə səhər tezdən zəng vurub dedilər. Onu da dedilər ki, vəziyyəti pis olduğuna görə, onu Neftçilər Xəstəxanasına aparmışıq. Tez gedib, xəstəxananın baş həkimi, dostumuz Fəxrəddin həkimi tapdım. O, mənə dedi ki, artıq əlac yoxdur. İnanmıram ki, koma vəziyyətindən ayılsın. Ələbəttə, mən bunu həmin vaxt heç kimə deyə bilməzdim… Axırı da belə oldu…

Bir neçə gündən sonra Hüseynağa Atakişiyev dünyasını dəyişdi…

İstəyirəm oxucular da bilsin ki, Hüseynağa mənim üçün təkcə dost yox, həm də qardaş idi. Bu gün Hüseynağanın yeri Azərbaycan teatrında görünür. Heyif  ondan. Çox istedalı və əsl teatr adamı idi. İçində olan çoxlu dərdləri mənə açırdı. Biz onunla həm ürək dostu və həm də sənət dostu idik. Dostluq, ilk növbədə ərk deməkdir. Mən ərk edib gecə saat 3-də də ona zəng vurub, deyə bilərdim ki, “10 dəqiqəyə düş aşağı səni həyətdə gözləyirəm”. O da heç 10 dəqiqə keçməmiş gələrdi. Bax, Hüseynağa mənim üçün belə dost idi. Mənə elə gəlir ki, dramaturqla rejissor bir-birini belə başa düşəndə maraqlı tamaşa yarana bilər. Səməd Vurğun və Adil İsgəndərov dostluğundan “Vaqif”,  “Fərhad və Şirin”, “Xanlar” kimi tamaşalar yaranmışdı. Vaqif Səmədoğlu və Hüseynağa Atakişiyev dostluğu da çoxlu tamaşaların yaranmasının ilk açarı oldu. Məni də dramaturq məhz Hüseynağa Atakişiyev etdi.

Nasir, dramaturq, publisist, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Vaqif Əlixanlının dediklərindən:

–  Hüseynağa Atakişiyev deyəndə… onun rejissor, aktyor (əsasən da rejissor) istedadından da irəli onun bir insan kimi, abır-həyası gözümün qabağına gəlir. Yaddaşımda gülümsər  çöhrəsi  qalıb… Yəni qabiliyyəti, ədəb-ərkanı, böyük-kiçik yerini bilməyi, həqiqətən utancaqlığı… Bu saydıqlarım hansı millət olur-olsun, kişimi-qadınmı indinin indisində günün günorta çağı çıraqla axtarılası keyfiyyətlərdir. Bu saydıqlarıma mən “İşıq” deyirəm. Bu “İşıq”- sonradan qoşulan və üstünə gələn şeyə oxşamır. O İşıq insanla birgə dünyaya gəlir… İşıqnan Nur eyni məna daşısa da mənim təsəvvürümdə Nur- Allahdan insana verilən vergidir. Vəhydir. Hüseynağanın urvası da elə bil Nurdan idi. Və o Nurdan (millətindən asılı olmayaraq) kimə desən pay düşürdü. Öz dost-doğmasına, rusa, almana, macara, latinosa və neçə löyün adamlara…

…Bir Şəki teatrı vardı… (Elə indi də var). Onda Bakı teatrlarından çox rayon teatrları maraqlıydı. Rayon teatrları Beynəlxalq dramaturgiya fesvtivallarına daha həvəslə  girişirdi. Moskvadan gələn teatr komissiyaları hər dəfə əyalət səhnələrimizin cəsarət göstərib Bertold Brextə, Slavomir Mrojekə, Alber Kamyuya, Fridrix Dürrenmatta və başqa nəhəng dramaturqlara üz tutmağına təəccüb qalır, tamaşalardan sonra isə bizim rayon teatrları (ümumiyyətlə,  Azərbaycan teatrı haqqında) kinayəli fikir yürütməkdən əl çəkirdilər. O vaxtkı Azərbaycan teatrı barədə təsəvvür dəyişən səhnələrdən biri, daha doğrusu, birincisi Şəki teatrı idi. Və hər dəfə lap Mərkəzdən gələn belə komissiyalarla birgə mən də rayon teatrlarına getməli olurdum (Onda mən Mədəniyyət Nazirliyində Teatr və Konsert müəssisələri idarəsinin rəisi idim). Şəki teatrı o vaxtkı Azərbaycan teatr mühitində baş rolun ifaçısıydı. Onu deməyim artıq olar ki, teatrın da, kinonun da, ümumiyyətlə sənət deyilən bir şeyin gərək yiyəsi olsun. Azərbaycan mühitində Teatr deyilən “süddən yanıq uşaq” – məmur əmziyi olmadan yaşaya bilməzdi və elə indinin özündə də hap-gopsuz boynumuza alaq ki, bizim millətin mayasında Teatr sevgisi deyilən şey zəifdir və çətin ki, indiki həmvətənlərimiz özbaşına durub teatra baxmağa gedə və o güzgüdə özünü görməyi bacara. Elə olan təqdirdə çox vacibdir ki, səndən yuxarıda oturan, sənin işin keçdiyin adam, tutaq ki, raykom katibi ( İcra Hakimiyyəti başçısı) birdən-birə, onun qabağına qoyulan pambıq, taxıl, ət, yun, yumurta, üzüm, meyvə və başqa  bu kimi planlardan baş tapıb rayonda teatr deyilən bir şeyin olduğunu özüyçün kəsdirə və hətta arada vaxt tapıb oranın qapısını açmağa macal tapa… Belə bir vərdiş ta Mir Cəfər Bağırovdan üzü bəri gəlirdi. İkinc  Dünya Müharibəsindən on il əvvəl, on il sonra mənəm sayılan Bakı teatrlarında (xüsusilə Azdramda) elə bir tamaşa olmayıb ki, Mir Cəfər Bağırov ona baxmasın.

Hüseynağa Atakişiyevin o illərdə bəxti gətirdi ki, Şəki teatrına təyinat aldı. Şəkidə onu Moskva təhsili görmüş Vaqif Abbasov kimi rejissor gözləyirdi. Qələmə, sənətə, teatra, təsərrüfat planlarından heç də az əhəmiyyət verməyən, əksinə, xalqın yaddaşında yalan-doğru artıqlamasilə yerinə yetirilən o planların hamısının bir yerdə bircə teatr tamaşasını belə əvəz edə bilmədiyini dərindən anlayan partiya xadimi, əslində isə yüksək zövqlü bir ziyalı – Sadıq Murtuzayev vardı…

Moskvadan, Almaniyadan, Macarıstandan, Kubadan, Latviyadan, Gürcüstandan və başqa yerlərdən Şəki teatrının tamaşalarına baxmağa gəlirdilər. Gəlirdilər, bəyənirdilər və çox çəkmirdi ki, Şəki teatrı həmin məmləkətlərə dəvət alırdı… Şəkinin teatr fenomeni artıq Moskvada dillər əzbəriydi… Tanınmış Azərbaycan müəllifləri üçün Şəki teatrının səhnəsində qurulmaq bir öyünc idi. Sonrakı illər ərzində teatr Macarıstana, Almaniyaya, Kubaya gedib çıxdı, neçə-neçə festivallarda seçilib-sayıldı…

Nasir, dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin dediklərindən:

– Teatr tariximizə adı böyük hərflərlə yazılmış Hüseynağa Atakişiyevlə tanışlığım 1999-cu ilin payızında baş verdi. Mən ona həmin vaxt “Fanatlar” adlı bir hissəli, naşı pyesimi təqdim eləmişdim. Bu, mənim dramaturq kimi ilk qələm təcrübəm idi. Hüseynağa müəllim pyeslə tanışlıqdan sonra mənə təxminən bunları dedi: “Düzdü, pyesin necə yazılmağını hələ tam bilmirsən, bəlkə də bilərəkdən edirsən, amma əsər maraqlıdır və biz onu tamaşaya hazırlayacağıq”. 2000-ci il iyunun 10-da “Fanatlar”ın Dövlət Gənclər Teatrının yerləşdiyi Aktyorlar evində ilk tamaşası oldu. Ondan sonra Dövlət Gənclər Teatrında mənim 7 əsərim tamaşaya qoyuldu. Altısını Hüseynağa müəllim özü hazırlamışdı. “İmperator” isə yarımçıq qaldı. Ömür vəfa eləmədi.  Bu tamaşanı da o vaxtlar həmin teatrda aktyor işləyən, indi İrəvan Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist Sərvər Əliyev hazırladı.

Hüseynağa müəllim heç zaman bəyəndiyi əsər barədə  “əla” kəlməsini işlətməzdi, “yaxşıdır” deyərdi. O, içi böyük insanlardan idi. Onda xırdaçılıq olmazdı, dedi-qodulara əhəmiyyət verməzdi. Həmişə də məni həvəsləndirmək üçün deyirdi: “Darıxma, hər şey yaxşı olacaq, hələ sənin gələcəyin qabaqdadır”. O, yaddaşımda təkcə bir teatr xadimi, istedadlı rejissor kimi yox, həm də gözəl insan və mərd kişi kimi qalıb və qalacaq…

Bəli, mən Hüseynağaya həsr etdiyim “Teatr sənətinin aşiqi” kitabımı tezliklə oxucuların ixtiyarına verəcəm. İnanıram ki, bu kitab, tələbə yoldaşıma, dostuma, həmkarıma məndən və onu yaxından tanıyan, onun hqqında ürək sözlərini deyən insanlarımızdan 70 illiyinə maraqlı bir töhfə olacaq.

P.S. Sentyabr ayının 8-də dünyaya gəlməsinin 70 ili tamam olacaq Hüseynağa Atakişiyev hər şeydən əvvəl onu tanıyanların yaddaşımda yüksək təfəkkürlü ziyalı, səmimi, etibarlı və dostcanlı insan kimi qalıb və qalacaq. Belə deyirlər ki, “hər bir yaradıcı şəxsiyyət özünün canındakı uşaqlığı qoruyub saxlaya bilməsə, o, heç cürə yaradıcılıqla məşğul ola bilməz”. Hüseynağa da sözün əsl mənasında təmiz, pak uşaq idi. Başqalarına da o gözlə, uşaq paklığı ilə baxdığına görə, onların qayğısına qalırdı. Adamların heç bir pis hərəkətini görmək, onu beyninə yerləşdirmək belə istəmirdi. Biz, həyatda belə nadir adamlara çox az rast gəlirik. Məhz buna görə, biz, Hüseynağanı tanıyanlar Azərbaycan teatrının ən səmimi, ən qüdrətli insanlardan birini itirdiyimizi yadımıza saldıqca, uşaq kimi kövrəlirik… Ən acınacaqlısı budur ki, Azərbaycanda rejissorlar çox azdır. Onlara olan haqsızlıqlar, yersiz hücumlar nəticəsində onlar daha da azalır…

Amma bütün bunlara baxmayaraq mən, tam inam və qətiyyət hissi ilə bu sözləri deyirəm: – Hüseynağa Atakişiyevə bir vaxtlar ona olan hücumlara, yersiz incitmələrə baxmayaraq, o, Azərbaycan teatr və kino tariximizdə uzun illər yaşayacaq. Onun aktyor və rejissor kimi böyük fəaliyyəti tezliklə bir çox teatrşünasları maraqlandıracaq. Onlara Hüseynağa yaradıcılığını və sənətini anlamaqda, onun sənətini dərindən başa düşməkdə, təhlil etməkdə böyük xidmətlər göstərəcək. Belə deyirlər ki, “bir rejissor, bir universitet, bir tədqiqat institutu deməkdir. Çünki rejissor çox qlobal işlərin bilicisi olan alimdir”. Bir alim isə bir aləm deməkdir. Məhz buna görə də Hüseynağa Atakişiyev, son günə qədər də heç bir təzyiqin, hücümun qarşısında qırılmadı. O, sınmadı, amma ona olan bu haqsızlıqları ürəyinə  salıb, öldü… Ölümü ilə də əbədiləşdi. Hər adama da belə yaşamaq qismət olmur. Yəqin, biz, ona görə Hüseynağanı belə çox istəyirik ki, o, bütün hücümlara böyük məğrurluqla, igidliklə dözürdü və  bu nikbin hərəkəti ilə bizi də sınmağa qoymurdu… Yerin behiştlik olsun əziz dostumuz, qardaşımız Hüseynağa Atakişiyev.

 

Ağalar İDRİSOĞLU,

Yazıçı-rejissor,

Əməkdar incəsənət xadimi.

 

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Son yazılar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də onda ayıldıq ki, yeni mövsüm qapımızın kandarındadır. “Mən gəldim” –...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq. Tamaşa 5 sentyabr...

ADMİU-da “Boksçu” adlı tamaşa hazırlanıb

Sentyabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Əməkdar artist Nofəl Vəliyevin quruluşunda yapon müəllif Kobo Abenin "Zamanın uçurumu"...

Emin Əliyev – “Sözün rəqs etdiyi yer, yaxud Rəqs teatrı”

Rəqs teatrı deyəndə gözümüzün önünə kimlər gəlir? Pina Bauşun “Tanztheater”i, Hicikata Tatsumi və Ohno Kazuonun “Buto” rəqsi, “Sasha Valtz...

YUĞ Teatrı yeni mövsümə hazırdır

Sentyabr ayının 3-də YUĞ Teatrında yeni teatr mövsümünün başlanması ilə bağlı yığıncaq keçirilib. Tədbirdə Teatrın direktoru Əməkdar mədəniyyət işçisi...

Gənc Tamaşaçılar Teatrında yeni mövsümün açılışı oldu

Sentyabrın 3-də Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib. Açılış münasibətiylə bir yerə toplaşan teatr kollektivi ötən mövsümün...

Çox oxunanlar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü...
- Advertisement -

Oxumaq məsləhət görülürOxşar yazılar
Sizin üçün seçdik