Həmidə Nizamiqızı – Cavabsız qalan 14 məktub

“Həyat bizi yalnız irəliyə baxmağa məcbur edir. Mənasını isə geriyə baxanda anlayırıq”. Bu fikirləri baxdığım bir filmdə ümidləri qırılmış qəhrəman deyirdi.

Haqlı olmasaydı, bizi inandıra bilməzdi. Axı yaşamaq, özü də ölüm barədə heç düşünmədən yaşamaqla məşğuluq.

Tez-tez ölənlərin ardınca “Həqiqətən, dünya fanidir” desək də, yaşamaq, özü də bunu tam dərk etməmək ehtirasımız bütün “heyhat”larımızın yolunu kəsir. Başlayırıq yenidən didişməyə, cırmaqlaşmağa… Bunu daha çox biz böyüklər edirik. Qara, boz rəngimizlə bütün çalarları örtürük. Bəs onlar, çəhrayı arzulu uşaqlar nə istəyir? Yaxud ölüm haqqında nə, niyə düşünürlər? Yaşamağı öyrədiriksə (!)  ölümü niyə xatırladırıq? Bu işdə 10 yaşlı Oskar, yoxsa qoca xəstə baxıcısı Roza təqsirkardır?..

Gənc Tamaşaçılar Teatrı fransız dramaturqu, son illərin məşhur müəllifi, fəlsəfi-psixoloji məqamları aktual mövzularla vəhdətdə təqdim edən Erik Emmanuel Şmittin “Oskar və çəhrayı xanım” əsəri əsasında hazırlanan “Tanrıya 14 məktub” tamaşasını təqdim etdi.

Dünyanın 30-dan artıq dilinə tərcümə olunaraq səhnə ömrü yaşayan əsərə teatrın rejissoru, Əməkdar artist Nicat Kazımov quruluş verib.

Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı Əməkdar artist Nailə Məmmədzadədir. Tryukların quruluşu İsa Əsədova, musiqi tərtibatı Şamxal Novruzluya aiddir. Rolları Anar Səfiyev, Zemfira Əbdülsəmədova, Mirsənan Kazımlı, Qəmər Məmmədova, Ramil Məmmədov, Bəhram Həsənov, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Vahid Orucoğlu, Təhminə Məmmədova, Anar Seyfullayev, Nurlan Süleymanlı, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Araz Pirimov canlandırırlar.

Səhnə əsəri xərçəng xəstəliyinə yoluxan Oskar adlı 10 yaşlı uşaqdan bəhs edir. O, xəstəxana palatasında uzunmüddətli və nəticəsiz müalicələrdən bezmiş halda həyatının sonlarına doğru yaxınlaşır. Uşaqlara yaşlı baxıcılar da nəzarət edir ki, onlardan da biri Oskarın Roza nənə dediyi çəhrayı xanımdır. 12 gün ömrü qaldığını öyrənən Oskar çox kədərli və qəzəblidir. Tanrıya durmadan üsyan edir, valideynlərinə kin bəsləyir, həkiminə fərsiz deyir. Axı daha çox yaşamaq, sevmək, qocalmaq istəyir. Bunu görən Roza nənə onunla maraqlı oyun qurur. Təklif edir ki, hər günü 10 il yaşamış kimi hiss etsin və hər günün sonunda Tanrıya bir məktub yazsın.

Oskar bu oyun ilə razılaşır və elə aludə olur ki, özü və elə ətrafını da uzun yaşadığına inandırmış olur. Allah haqqında təsəvvürlərini, sevgisini, nifrətini, qayğılarını məktublarında qeyd edir. Ən əsası Tanrı ilə, xəstəliyi ilə, valideynləri ilə, həkimi ilə, ümumən hər şeylə barışır. Hər məktubunun sonunda da, “Təşəkkürlər, Tanrı. Sevgilərimlə, sənin Oskarın” xatırlatması edir.

Rejissor mono – bir aktyorun ifası üçün yazılan əsəri 14 iştirakçı ilə qurub. Nicat Kazımov tamaşanın ümumi ideyasını belə şərh edir: “Bu gün xərçəng xəstəliyi ilə mübarizə, bu xəstəliyə tutulanlara mənəvi dayaq olmaq bütün sahələrin adamlarını düşündürür. Erik Emmanuel kimi böyük sənətkarın bu mövzuya müraciəti təsadüfi deyil.

Məncə, bu əsər hər şeydən əvvəl təsəlli verməsi ilə təsirlidir. Yəni ölüm bütün yaşlarda, hətta ən sağlam adamın da müqəddəratıdırsa… Amma balaca, saf bir uşağın xəstəliklə, ağrılarla mübarizə aparması və ondan yaşca qat-qat böyük qadının onun son günlərini rəngarəng etməyə çalışması məni, sözün əsl mənasında təsirləndirmişdi. Lakin hesab etdim ki, bu ağır mövzu tamaşaçılara daha yüngül, daha dinamik, həm də sakit formada təqdim olunmalıdır. Əslində, Oskarın həyatında bütöv bir insan ömrünü görə bilirik. Deməli, bu hər birimizin özümüz, ömrümüz haqqında düşünməyimiz üçün fürsətdir…”

Mövzu mübaliğəsiz dağıdıcı qüvvəyə malikdir və rejissor hər iki hissədə tamaşaçısını sınayır, incidir, qəhərləndirir və ağladır. Bu və öncəki tamaşalarına nəzərən əminliklə deməliyik ki, Nicat Kazımov tamaşaçının psixoloji durumunu duyan və onu özünün rakursundan baxmağa vadar edən rejissordur. Çoxqatlı əsəri 14 aktyorla, fərqli formada qurmağı da bununla əlaqədardır. Həm də ağır mövzuya bir aram gətirmək istəyi ilə. Tamaşaçı hər məktubda dərindən nəfəs alır, bir mətləbdən digərinə asanlıqla keçir. Rejissor qəliz, ağır məsələlərin dinamik hərəkətini tapmaqla rahat yozuma nail olub.

Təbii ki, aktyorların fiziki hazırlığı, bədən plastikası və buna mütənasib ifa-danışıq maneraları da öz yerində. Musiqi tərtibatı da mövzunun rahat həllinə kömək edirdi. Hətta deyərdim ki, Hans Zimmerin ağır musiqiləri (mövzu və psixoloji qatlar bunu mütləq tələb edir) fransız estradasından yüngül, ritmik, bəzən də  romantik melodiyalar fonunda görünməz olmuşdu. Hamımızın, sözlərini bilməsək belə, zümzümə etməyə çalışdığı bu mahnılar istər tamaşaçıya, istərsə də aktyora bir nəfəslik açırdı.

Aktyor oyunundan bəhs edərkən xüsusən də “çəhrayı xanımı” oynayan Zemfira Əbdülsəmədovanın ifasını qeyd etməliyik. Səhnədə çığırtıdan, pafosdan uzaq bir oyun plastikası nümayiş etdirməklə o, nəinki Oskar, xərçəng xəstələri, ümumən hər kəs üçün bir işıq idi. Qaranlıqlara inad ən təpədə şölələnən çəhrayı işıq. Aktrisa qəhrəmanının fiziki və mənəvi əzablarını, yaşamaq uğrunda nəhayətsiz mübarizəsini elə çoxçalarlı verdi ki, biz son səhnəyə qədər Rozanın özünün də xərçəng xəstəsi olduğunu anlaya bilmədik.

Oskarın qısa ömrünü canlandıran Anar Səfiyev həm faktura, həm də hissetmə, ifadə baxımından rolunun haqqını verdi. Bəzən çəlimsiz, xəstə uşağın ağrılarını, yorğunluğunu və bunun içindəki dinamikanı çatdırmağı bacardı.

Oskarın ruhu, tamaşa boyu onun və bütünlükdə səhnənin nəql yükünü daşıyan, hər situasiyada səsindəki emosional ifadəni tamaşaçıya nüfuz etdirməyi bacaran gənc Mirsənan Kazımlı da yadda qaldı.

Aktrisa Aygün Fətullayevanın Peggi Blusu sevgi dolu qızı ifadə edə bildi. Birinci hissədə nəzərə çarpmamağının, oyunun tempində ağırlaşdırıcı məqamlarının da əvəzini ikinci hissədə çıxdı. Xüsusən son səhnələrdə tamaşanın ümumi psixoloji hazırlığına xələl gətirmədi.

Bu sözləri onkoloq Düsselfordu oynayan Müşfiq Əliyevə də aid etmək olar. Tamaşanın I hissəsi temp baxımından ağır oynanılsa da, tamaşaçı 8-ci məktubdan sonra (II hissə) Oskarın göndərdiklərinə yox, göstərdiklərinə baxdı. Roza nənə ilə qurulan final isə öləziməkdə olan ümid işığını, Oskarın ölümü ilə sönən bir ömrün çırağını başqa bir yaşamaq arzusunda yandırdı…  mədəniyyət.az//

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

İsrafil İsrafilov – Məmməd Cəfərin teatr düşüncələri

Ötən dövrlər ərzində, Azərbaycan milli teatr sənəti dialektik anlamda qəbul etsək, çox dəyişmiş, təkmilləşmişdir. Dəyişən dünyamızın dəyirmanında üyüdülən dəyərlər az olmasa da, milli mədəniyyətimizin...

Fəridə Cəlilova – Nastenka və ya qırmızı başmaqlar haqqında daha bir hekayə

Artıq bir həftədir ki, II M.A.P. Beynəlxalq Teatr Festivalı öz işini yekunlaşdırıb. Festival mətbuatda kifayət qədər işıqlandırıldı və bu da bizi festivalın özündən az...

“Narkomaniyanın faciələri” adlı tədbir keçiriləcək

22 aprel tarixində saat 12:00-da Şəmkir rayonu Kür qəsəbəsində "Narkomaniyanın faciələri" adlı tədbir keçiriləcək. Tədbirdə "Bəla" filmi nümayiş olunacaq. Tədbir Kür qəsəbəsində yerləşən məktəbin...

Recent

Musiqili Teatr “Balaca Şahzadə”nin premyerasının vaxtını açıqladı

21, 22 fevral tarixlərində saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında eyniadlı tamaşanın premyerası olacaq. Beynəlxalq layihə...

On yeddi film “Qızıl Ayı” mükafatı uğurunda yarışacaq

Almaniyanın paytaxtı Berlində keçiriləcək 69-cu Beynəlxalq Film Festivalında 17 ekran əsəri “Qızıl Ayı” mükafatı uğrunda yarışacaq. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, fevralın 7-dən 17-dək...

İtaliyanın “Spellbond” balet truppası Bakıda

İtaliyanın məşhur “Spellbound” balet truppası aprelin 21-də Azərbaycan Dövlət Opera və Balet Teatrı ilə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəni proqramı çərçivəsində “Bir axşam Spellboundla”...