Firdovsi Əsgərov: “Dağıstanda ilk açılan teatr Azərbaycan teatrıdır”

“Suallarınıza cavab verməyə hazırıq”

XXI əsrdə bölgə teatrlarımız belə medianın, mətbuatın və tamaşaçıların gündəmindən düşdüyünü etiraf etdiyi bir dönəmdə Rusiya Federasiyanın tərkibində, qonşu ölkənin sərhədləri daxilində fəaliyyətini davam etdirən bir Azərbaycan teatrı var: Dərbənd Dövlət Azərbaycan Dram Teatrı. Dərbənddə XIX əsrin sonları – XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan bu teatr 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət teatrı statusu alıb. 1944-cü ildə fəaliyyətini dayandıran teatr 1994-cü ildə yenidən qapılarını tamaşaçılarının üzünə açıb. 1998-ci ildə teatra dövlət statusu verilib. O gündən bu günə Dərbənd teatrı fəaliyyətdədir, çalışır, şəraitinin olmamağına, binasının əlverişsizliyinə baxmayaraq, ayaq üstədir. Bu vaxta qədər, fatihəsi oxunmayıbsa, bu da orada çalışan sənət fədailərinin sayəsindədir.
Dərbənd Dövlət Azərbaycan Dram Teatrının direktoru Firdovsi Əsgərovla söhbət etdik. Teatrda baş verən ən son prosesləri ondan xəbər almağa çalışdıq.

– Firdovsi müəllim, artıq yeni teatr mövsümü başlayıb. Dərbənd Dövlət Azərbaycan teatrı yeni mövsümə hazırdırmı?
– Biz artıq yeni mövsümə başlamışıq. Sentyabrın 5-də Səid Əhmədin “Gəlinlərin üsyanı” tamaşası ilə yeni mövsümü açıq elan etmişik. Tamaşanın quruluşçu rejissoru, İrəvan teatrının baş rejissoru Əməkdar artist Sərvər Əliyevdir. Rejissorun quruluş verdiyi tamaşa Dərbənd tamaşaçıları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Bu da bizim üçün sevindirici bir hal oldu. Bir teatr kollektivi üçün tamaşanın sevilməsindən gözəl nə ola bilər ki?!. Qeyd edim ki, bu tamaşada rolları Əlimövsüm Abbasov, Kəmalə Rzayeva, Mahir Mirikov, Rəhilə Ömərova, Təhminə Ömərova, Məhərrəm Ömərov, Şükufə Məlikova, Sərxan Səmədov, Hörmət Aslanov, Aslanzadə Fürqət, Osman Mehrabov, Qacaqayeva Madina ifa edir. Tamaşanın musiqi tərtibatı isə Sevda Bəybalayevaya məxsusdur.

– Ötən mövsümü Dərbənd teatrı üçün uğurlu hesab etmək mümkündürmü?
– Ötən mövsüm bizim üçün yaddaqalan oldu. Çimnaz xanım yuxudadır”, “Hicran”, “Hərənin öz ulduzu” kimi uğurlu tamaşalarımız hazırlandı. İnanıram ki, həmin tamaşalar teatrımızın repertuarında mühüm yer tutacaq.

– Sənətsevər, teatr sənətinə yüksək dəyər verən rus xalqı tərəfindən teatrınızın fəaliyyəti necə qəbul olunur?
– Bu gün Azərbaycan mədəniyyətinin, incəsənətinin məşhurluğu sərhədləri aşır. Bu mənada, Azərbaycan teatrı da istisna deyil. Bizi dünyanın bir çox yerlərində tanıyırlar və mədəniyyətimizi çox gözəl qəbul edirlər. Tamaşaçılarımız, əsasən, azərbaycanlılardan ibarət olur. Azərbaycan dilini başa düşən digər dövlətlərin vətəndaşları da teatra gəlib tamaşalarımıza baxırlar və zövq aldıqlarını bildirirlər.

– Tamaşalarınızı hansı dildə hazırlayırsınız?
– Dərbənddə və Dərbənd ətrafında Azərbaycan kəndləri çoxdur. Onlar Azərbaycan dilini çox gözəl başa düşür və qəbul edirlər. Biz tamaşalarımızı Azərbaycan dilində hazırlayırıq. Əgər Dağıstan sərhədlərindən kənara çıxırıqsa, özümüzlə sinxron tərcümələrimizi aparırıq, dilimizi anlamayanlar qulaqcıq vasitəsi ilə tamaşalarımıza baxa bilirlər. Misal üçün ötən il “Çimnaz xanım yuxudadır” tamaşamızı Orenburqa apardıq, tamaşa tərcümə ilə təqdim edildi və çox gözəl qəbul olundu. Tamaşanı izləyənlər arasında, demək olar ki, hər millətdən olan tamaşaçılar var idi.

– Rus dilində hazırlanan tamaşalarınız varmı?
– Bizdə rus dilində yalnız uşaq tamaşaları hazırlanır. Həmin tamaşaları uşaq baxçalarında göstəririk. Azərbaycan nağıllarını rus dilinə tərcümə edərək səhnələşdiririk.

– Dərbənd Teatrında olmadığımız üçün oranın şəraitindən, yaradıcı prosesindən xəbərsizik. Tamaşa hazırlamaq üçün əlverişli şəraitiniz varmı?
– Dağıstanda ilk açılan teatr Azərbaycan teatrıdır. Dağıstanın ən qədim, köklü xalqı bizik. Hazırda yarımçıq binada fəaliyyət göstəririk. Heydər Əliyev prospektində, Nizami Gəncəvi parkının yaxınlığında bizə böyük bir ərazi ayrılıb. Azərbaycanın Mədəniyyət Nazirliyinə kömək barədə müraciət olunub. Nazirlik də razılığını bildirib. Bizə isə nəticəni gözləmək qalır, işin nə zaman başa çatacağını gözləyirik. Əslində, üç il bundan qabaq təmirli bina ilə təmin olunmağımız haqqında göstəriş verilmişdi. Biz gözləyirik ki, bu binanın sənədləri nə vaxt hazır olacaq. Sənədlər hazır olanda Azərbaycana göndəriləcək, oradan binanın tikilməsi üçün maliyyə ayrılacaq. Bu prosesin nə qədər davam edəcəyini bilmirik. Bizim çalışdığımız bina tamaşaların hazırlanması və nümayişi üçün uyğun vəziyyətdə deyil. Yeni tamaşaların hazırlanması çox böyük çətinliklər bahasına mümkün olur. Öz binamızda ancaq məşqlərlərimizi keçiririk. Bir müddət təmir işlərinə başlanılsa da, maliyyə olmadığı üçün təmir yarımçıq qaldı. Orada yeni bir teatr binasının tikiləcəyi deyilir. Teatrımızın binası tamaşa göstərmək üçün əlverişli olmasa da, çalışırıq ki, digər teatrlardan geri qalmayaq.

– Bəs, Azərbaycan tamaşaçıları tamaşalarınızı görə biləcəklərmi?
– Ötən illərdə olduğu kimi bu il də Azərbaycana qastrol səfərimiz gözlənilir. Çox güman ki, qastrolumuz oktyabr ayının 15-dən sonra baş tutacaq. Nazirlik tərəfindən hansı şəhər məsləhət görülsə, tamaşamızı o şəhərdə göstərəcəyik.

– Bölgə teatrlarımızın əksəriyyətində aktrisa problemi var. Sizdə vəziyyət necədir?
– Biz də aktrisa problemi yaşayırıq. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən yeni kadrlar az gəlir. Azərbaycanlı kadrlarımız çatışmır. Öz teatrımız haqqında televiziyalara, informasiya agentliklərinə, radioya informasiyalar göndəririk. Universitetlərə məktub yazaraq bildiririk ki, teatrda işləmək istəyən varsa, biz onları qəbul edə bilərik. Bakıdan rejissorlar gətirməli oluruq. Məsələn, bu yaxınlarda dəvət etdiyimiz rejissor Sərvər Əliyev Dərbənd Teatrında “Çimnaz xanım yuxudadır” pyesini tamaşaya qoyub. Həmin tamaşa ilə Orenburqa qastrola getdik. Azərbaycanda, demək olar ki, bütün rayonlarda qastrolda olmuşuq. Dövlət teatrı statusu aldıqdan sonra bu imkanlarımız genişləndi. Azərbaycan Mədəniyyət Nazirliyi bu məsələdə bizə çox dəstək olur.

– Gələcək planlarınızda nələr var?
– Sentyabrın axırında Ə.Haqverdiyevin eyniadlı əsəri əsasında hazırlanmış “Dağılan tifaq” tamaşasını təqdim edəcəyik.

– Firdovsi bəy, nə üçün haqqınızda heç bir məlumat ala bilmirik? Özünüz media nümayəndələri ilə əlaqə qurmaqdan çəkinirsiniz, yoxsa mətbuat özü sizdən yan qaçır?
– Bəlkə də haqqımızda az yazılmağı bizim gözdən uzaq olmağımızdan qaynaqlanır. Biz çox istəyirik ki, Azərbaycan mətbuatı ilə əlaqələr quraq. Hər zaman suallarınıza cavab verməyə hazırıq.

 

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Dağlar Yusif – Nəzəri-konseptual sayıqlamalar: Tamaşa və “açıq mətn”

“Açıq mətn” anlayışını biz Umberto Ekonun XX əsrin ən mübahisəli filoloji əsərlərindən biri olan “Açıq mətn” əsərindən götürmüşük. Bəs teatr üçün bu anlayış hansı...

Vaxtanqov teatrında yeni baş rejissor

Teatro.az rus mətbuatına istinadən xəbər verir ki, Yuriy Butusov Vaxtanqov adına teatra baş rejissor təyin edilib. Bu haqda teatrın bədii rəhbəri Rimas Tuminas məlumat...

Lənkəran Teatrı beynəlxalq teatr festivalına dəvət alıb

N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı beynəlxalq teatr festivalına dəvət olunub. Bu barədə məlumatı teatrın direktoru Tofiq Heydərov verib. Onun sözlərinə görə, kollektiv yazıçı-publisist...

Recent

Ziya Ağa: “Kino saçımı tumarlayır, teatr ruhuma sığal çəkir”

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupu 15-20 mart tarixlərində Rusiya Teatr Sənəti İnstitutunda "QİTİS – ustad dərsi” adlı festivalda iştirak edib. U.Şeksprin...

Nofəl Vəliyev: “Özümü rejissor kimi sınamaq istəyirəm…”

Bu günlərdə Dövlət Gənc Tamaşaçılar Teatrı İran İslam Respublikasında keçirilən Fəcr festivalından dönüb. “Bir səbət tənhalıq” tamaşası ilə ərdəbilli seyrçilərin ürəyini fəth edən Əməkdar...

Azərbaycan və Gürcüstan teatr xadimləri memorandum imzalayıb

14 noyabr 2018-ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqı ilə Gürcüstan Teatr Cəmiyyətinin Yaradıcılıq Birliyi və Sumqayıt Dövlət Dram Teatrı ilə Kutaisi Dövlət Professional-Dram...