Resenziya Fəridə Cəlilova - TEATR VƏ ZAMAN, yaxud TALE YENƏ...

Fəridə Cəlilova – TEATR VƏ ZAMAN, yaxud TALE YENƏ QAPINI DÖYÜR

-

Teatrın 2500 il ərzində mövcudluğunu davam etdirməsi faktı özü bu və ya digər zərurətin əlamətidir. İlk ənənəvi teatrların insan qorxularını özünəməxsus şəkildə konservləşdirən miflərə söykənməsi məqamı bu çoxəsrlik mövcudluğu izah edə bilər. Hər növbəti dövrün teatrı özündən öncəki dövrün qorxularını dəf etmək cəhdidir. Qorxuların dəyişməsi yeni dövrün gəlişini müjdələyir. Eyni qorxu məzmun kimi götürüldüyü təqdirdə, yeni forma – üslub və cərəyanlar həmin qorxunun dəf edilməsi üçün yeni vasitələrin tələb olunduğundan xəbər verir.
Gündəlik müşahidələrin rituallaşdırılması kimi qəbul olunan miflərin insan həyatına məna bəxş etmək funksiyası daşıdığı qədim dövrlərdən bəri çox şey dəyişməyib. İlkin dini, elmi və bədii təsəvvürlərin vəhdət təşkil etdiyi dövrlərin kollektiv şüur forması olan miflərin ayin və kütləvi misteriyaların əsasına çevrilməsi ibtidai teatrın yaranması ilə nəticələndi. Qədim dövlətlərin rəsmiləşdirdiyi misteriyalar bu işlə peşəkar səviyyədə məşğul olacaq seçilmişlər zümrəsini formalaşdırmalıydı: əvvəlcə bunlar kahinlər idisə sonralar cəmiyyətdə bu vəzifə şairlərin çiyninə qoyulur.
Görünür, bütövlükdə incəsənətin, xüsusilə də teatrın inkişaf yolu kollektiv qeyri-şüuriliyin fərdi təhtəlşüurla əvəz olunduğu məqamlar müstəvisində nəzərdən keçirilməlidir. Hərçənd qeyd etməliyik ki, belə bir təsnifat tarixi təkamül qismində qəbul olunmamalıdır. Yəni incəsənət tarixini qeyri-şüuri simvolikaya əsaslanan sənətdən tam dərk olunmuş yaradıcı prosesin məhsulu kimi yaranan əsərlərə gətirən inkişaf yolu kimi qəbul etmək yanlışlıq olardı.
İdealın incəsənətdə gözəlliyin özünəməxsus formalarına sirayətindən danışan Heqel incəsənəti simvolik, klassik və romantik (eyniadlı cərəyanlarla səhv salmamalı) formalara ayırır. Dərk olunmayan simvolikanın məhsullarını əsl incəsənəti qabaqlayan axtarışlar qismində nəzərdən keçirən filosof dərk olunmuş simvolikanı artıq ədəbiyyatın ilkin formaları üzərində təhlil edir. Heqelə görə, incəsənətin romantik forması ruhun özünə müvafiq hissi görünüşünü yaradan klassik formadan daha yüksəkdir: “Belə ki, bu zahiri varlıq elementində gerçəkləşən və hissi reallığı mütənasib mövcudluq halına gətirən vəhdət öz növbəsində ruhun əsl mahiyyətinə müqavimət göstərir və onun cismani təbiətli özü ilə barışmasından öz daxilində barışmaya yönəldir” (1; 232). Bu idealist mülahizələrdən ibarət ricətin məntiqi nəticəsi romantik formanın tənəzzülündən sonra istinad ediləcək mənbə axtarışına dəvət olmalıdır.
Sənətkarlar bu “azadlıq dönəmi”ni realist (oxu: naturalist) incəsənət yaratmağa həsr etdilər. Y. M. Lotman yazır: “Əgər klassisizm əsri rituallaşdırılmış və praktik davranışı bir-birindən tamamilə ayırırdısa, romantizmə teatr davranış normalarının məişət saferasına daxil olması xas idi” (3; 314). Fikri davam etdirsək, naturalizm üçün ayinləşdirilməmiş praktik həyatın teatra gətirilməsi xarakterik idi. Bəs bayaqdan haqqında danışdığımız “ruhun sərgüzəştləri” necə olsun? Materialist dünyagörüşlü insan belə yuxarıda deyilənlərdə bədii təfəkkürün özünəməxsus varolma prinsiplərinin aşkarlandığını sezməyə bilməzdi. XX əsr sözügedən böhrandan çıxma cəhdi kimi dəyərləndiriləcək cərəyanların yaranması ilə yanaşı sənədli teatrlar, forum-teatrlar, müxtəlif “happening”lər ənənəsini də yaratdı və bu ənənə indi – XXI əsrdə get-gedə daha da populyarlaşır. Yəni bu gün biz bədiiliyin itməsi kimi mühüm problemlə üz-üzə dayanmışıq.
Hazırda müasir teatr sənəti (müasir kinoda bu meyl daha aşkar duyulmaqdadır) təsir mexanizmini tamaşaçını dəhşətli olanın özü ilə heyrətləndirməyə yönəldir. Burada əhvalatın mövzusunun heyrətləndirici olmasına fikir verirlər, əslində isə incəsənət üçün hadisənin heyrətləndirici təqdimatı daha mühümdür. Özü də təqdimata münasibətdə “heyrətləndirici” sözü Obyekt – İşarə istifadəçisi – İşarə tandemində obyektə deyil, məhz işarəyə aid edilməlidir. Yuxarıda Heqelin incəsənət formalarının təsnifatı haqqında dediklərini idealist dondan çıxarsaq, bu təlimi işarənin obyektə mübasibətdə dərk olunma dərəcəsinin artması şkalası kimi də təqdim etmək olar. Müasir teatrın sənədli janrlara müraciəti obyektin ifadəsi üçün obyektin özündən istifadənin aktullığını göstərir. Deməli, göstərilən triadada İşarə istifadəçisi məntəqəsində problem vardır ki, o, özündən əvvəl və sonra gələnlər arasında bərabərlik işarəsi qoymağa üstünlük verir. Kollektiv qeyri-şüurilikdən ən yüksək fərdi qeyri-şüuriliyə gedən yaradıcılıq yolunda bu gün teatr şüuri identikliyi seçirsə, qarşımıza qoyulan məhsul artıq incəsənət əsəri sayılmamalıdır, çünki o, bədii təfəkkürün əməliyyat izindən məhrumdur.
Bu gün tanıdığımız teatr nə vaxtsa qədim yunan mifologiyasından yarandı, sonra bu mifologiyanın əks etdirdiyi qorxuları dəf edə-edə çoxsaylı cərəyanlar çərçivəsində inkişaf etdi və hazırda növbəti istiqamət almaq üçün yolayrıcındadır. Sartr hələ keçən əsrdə “Mif və teatr reallığı” məqaləsində yazırdı: “Müasir teatr üç əsas şeydən imtina edir: psixologiya, əhvalat və hər necəsə təzahür edən realizmdən” (2; 108). Doğrudan da, teatr sahəsindəki eksperimentlər və böhranlar baxımından, heç bir dövr XX əsr teatrı ilə müqayisəyə gələ bilməz. Teatrda obyektlə onun təzahürü arasında fərqin böyüməsi, yəni realizmdən imtina bu dəfə artıq dərk olunmama ilə bağlı deyil, obyektin dəyişkən münasibətlər sistemindən ibarət olmasında idi – əhvalatdan, hadisədən imtina da məhz buradan qaynaqlanırdı. Ekspressionist dramaturgiyanın ümumiləşdirmələri teatrın can atdığı konkretlikdən uzaq idi və teatr dilində yorucu təkrarlarla müşayiət olunurdu. Ekzistensial dram köhnə forma vasitəsilə yeni dövrün nigarançılıqlarını əks etdirmək istəyirdi. İkinci dünya müharibəsindən sonra isə kəmiyyətin keyfiyyət dəyişikliyinə keçməsinin vaxtı çatmışdı: köhnə forma artıq dövrün mürəkkəb əlaqələrini ifadə etməkdə acizlik nümayiş etdirirdi, daha doğrusu, tamaşaçının diqqətini cəlb etmək üçün onun gerçəklikdə içində olduğu həyat formalarından fərqli nəyəsə ehtiyac duyulurdu. Və belə bir teatr yarandı. Martin Esslin yeni teatr haqqında yazırdı: “Absurd dramı tamaşaçıya sosial faktlar və siyasi təlimatlar toplusu təqdim etmir. O, öz birləşdirici əsasını, mənasını və məqsədini itirmiş, absurd universuma çevrilmiş dağılmaqda olan dünya mənzərisini canlandırır” (4). İki dünya müharibəsindən sonra yaradıcı insanlar da, potensial tamaşaçı da çaşqınlıq içində idi – indi əsrlərlə formalaşan Qərb dəyərlərini yenidən nəzərdən keçirilməsinə, onlara kənardan baxılmasına ehtiyac yaranmışdır. Bu “təftiş” zamanı aşkarlanan formalar isə ara sakitləşdikdən sonra da işləkliyini saxlamaqdadır. Məgər postdramatik teatr Sartrın göstərdiyi elementlərdən imtina etmədimi? Məgər bu teatr absurd dramının tapıntılarından istifadə etmir? Hələ teatral palimpsest ideyası…
Tom Stoppard, Elfrida Yelinek, İvan Vırıpayev bu gün teatrın simasını müəyyənləşdirən mətnlər yazırlar. İndiki məqamda teatrsevərlərin yaşantılarını ifadə edə bləcək qədər vasitələrə sahib olan yazıçılar və rejissorlar keçmişdən qalma müxtəlif ovqat-üslub kombinasiyasi oyununun köməkliyi ilə teatra marağı saxlamaqdadırlar. Ancaq artıq bu gün ən qabaqcıl teatr xadimləri hazırki dövrə işarə edəcək hadisələri danışmaqdan, sosial ədalətsizliyin tənqidi ilə yekunlaşacaq “bədii istintaqlar” aparmaqdan bezib dərk olunmamış qədim keçmişə üz tuturlar. Yan Fabrın iyirmi dörd saatlıq “Olimp dağı” performansı qan hərisliyini, zorakılığa meyli insan xislətinin ayrılmaz parçası kimi ibtidai insanlara xas şəkildə “moizə”, yaxud “nəsihət” intonasiyası olmadan nümayiş etdirir. Teatr böyüklər üçün oyundur. Əgər teatr indi yolayrıcındadırsa, “işıq gələn” tərəfdə divlərin məskunlaşdığı miflər qərarlaşıb. Oyuna yenidən başlamaq olar: onlardan bir daha qaçmaq üçün qarşımızda uzun minilliklər var. Ancaq bu dəfə mifə qayıdış ictimailəşmiş fərdi qeyri-şüurinin məhsulu kimi gerçəkləşməlidir.

ƏDƏBİYYAT SİYAHISI:
1. Гегель Георг Вильгельм Фридрих. Эстетика. В четырех томах. Том 2-й. — Москва: «Искусство», 1969. — 328 с.
2. Как всегда — об авангарде: Антология французского театрального авангарда / Сост., пер. с франц., коммент. С. Исаева. — Москва: ТПФ «Союзтеатр», 1992. — 288 с.
3. Лотман Юрий Михайлович. Избранные статьи в трех томах. Том Ш. — Таллинн: «Александра», 1993. — 480 с.
4. Эсслин Мартин. Театр абсурда / Пер. с англ. Г. Коваленко. — Спб.: Балтийские сезоны, 2010. — 528 с. https://www.e-reading.club/chapter.php/1031468/31/Esslin_-_Teatr_absurda.html

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Son yazılar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də onda ayıldıq ki, yeni mövsüm qapımızın kandarındadır. “Mən gəldim” –...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq. Tamaşa 5 sentyabr...

ADMİU-da “Boksçu” adlı tamaşa hazırlanıb

Sentyabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Əməkdar artist Nofəl Vəliyevin quruluşunda yapon müəllif Kobo Abenin "Zamanın uçurumu"...

Emin Əliyev – “Sözün rəqs etdiyi yer, yaxud Rəqs teatrı”

Rəqs teatrı deyəndə gözümüzün önünə kimlər gəlir? Pina Bauşun “Tanztheater”i, Hicikata Tatsumi və Ohno Kazuonun “Buto” rəqsi, “Sasha Valtz...

YUĞ Teatrı yeni mövsümə hazırdır

Sentyabr ayının 3-də YUĞ Teatrında yeni teatr mövsümünün başlanması ilə bağlı yığıncaq keçirilib. Tədbirdə Teatrın direktoru Əməkdar mədəniyyət işçisi...

Gənc Tamaşaçılar Teatrında yeni mövsümün açılışı oldu

Sentyabrın 3-də Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib. Açılış münasibətiylə bir yerə toplaşan teatr kollektivi ötən mövsümün...

Çox oxunanlar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü...
- Advertisement -

Oxumaq məsləhət görülürOxşar yazılar
Sizin üçün seçdik