Mövqe Emil Hacıyev – Azadlıq, dözüm, yumor...

Emil Hacıyev – Azadlıq, dözüm, yumor…

-

Əqidəm fərdiyyətçinin əqidəsidir: Azadlıq, dözüm, yumor…

– Erix Maria Remark

 

Sözün açığı, Remark haqqında yazmağa bilmədim haradan başlayım. Əslində, yazmaq çox asandır, çətini haradan başlayacağını tapana qədərdir…

Bir ömürdə iki dünya müharibəsi yaşayan Erix Maria Remark Almaniya, eləcə də dünya ədəbiyyatında müharibə mövzusunun yazıçısı kimi tanınmışdır. O, 1898-cil ildə Almaniyanın Osnobryuk şəhərində anadan olmuşdur. 1916-cı ildə “Birinci dünya müharibəsi”ndə iştirak etmiş və yaralanmışdır. Hesab edirəm ki, Remarkın ədəbiyyatdakı ən böyük zəfəri “Zəfər Tağı” romanıdır.
“Zəfər Tağı” Parisdə yerləşən arxitektura abidəsidir. Bu abidə qaliblər şərəfinə və ya hansısa vacib hadisə şərəfinə ucaldılır. Romanın qəhrəmanı “Ravik” dəfələrlə bu abidənin ətrafında gəzişir. Bəlkə də öz daxilində gedən müharibənin qalibi olmaq istəyirdi. Yəqin, elə Remark da bunun üçün romanın adını “Zəfər Tağı” qoymuşdu.
Romanda hadisələr ikinci dünya müharibəsi illərində baş verir. Romanın baş qəhramanı olan Ravik almandır, ixtisasca həkimdir. İki yəhudinin qaçmasına imkan verdiyi üçün Gestapo zabiti Haake ona işgəncə verir. Ravikin işgəncələrə dözməyən qadını isə düşərgədə intihar edir. Ravik düşərgədən qaçır və mühacirlərin ən sevdiyi ölkə olan Parisə gəlir. Passportu və şəxsiyyəti təsdiq edən sənədi olmadığından Parisdə gizli yaşayır. Dörd dəfə tutulur, deportasiya edilir. Hər dəfə yeni adlarla Parisə qayıdır. Mahir cərrah olan Ravik burada gizli şəkildə həkimlik edir, ən çətin təşrihlərin öhdəsindən gəlir. Onun həyatdan umacağı və itirəcəyi heç bir şey yoxdur. Daima təqibdə olmasına baxmayaraq, ruhən azad adamdır Ravik. Özünün dili ilə desək, “İnsan, uğrunda yaşadığı hər şeyi itirdikdən sonra azad olur”.
Ravik qazandıqlarını içkiyə və qadınlara xərcləyir. Daima düşərgədə ona edilən işgəncələrin, qadınının qisasını Haakedən almaq barədə düşünür. Bir anda özü də istəmədən onun həyatına Joan Madu daxil olur. Joan özünü körpüdən atmaq istəyərkən Ravik onu xilas edir. Əsas hadisələr də bundan sonra başlayır…
Remark müharibə, sevgi və başqa bəşəri mövzuları Ravikin dili ilə oxucuya çatdırır. Oxucu ancaq Raviki görür, Raviki oxuyur, romandakı bütün hadisələr Ravikin ətrafında baş verir. Ravik Remark dünyasının mərkəzində durur. Hadisələr olduqca axıcıdır və axıcı olmasıyla bərabər oxucunu tərpədir, oturduğu masadan, yatdığı çarpayıdan qalxmağa məcbur edir. Roman o qədər ustalıqla yazılıb ki, bir abzas oxuyub qurtardıqdan sonra kitabdan ayrılsan da, gedib siqaret çəkəndə, ayaqqabını təmizləyəndə, qabları yuyanda obrazların replikası, dialoqları sənin beynində fırlanır, bir qırıntı kimi beynin bir küncündə qalır və sən nə iş görsən də deyilən replikaları xatırlayırsan. Bir sözlə, əsəri yaşayırsan…
“Əqidə adamın gözünü tez tutur. Ona görə də bütün dinlər çox qana bais olub…”
Ravikin öz doğruları, öz inanc yeri öz həqiqətləri, öz nəzəriyyəsi var. Bu nəzəriyyənin adı “təsadüflər” nəzəriyyəsidir. Bu nəzəriyyəyə əsasən həqiqətə uyğun olmayan hər şey, az qala həmişə həqiqət olur. Ona görə də Ravik deyir ki, “Adam heç inanmır ki, bir gün müharibə olacaq. Ona görə müharibə olur ki, adam inanmır, inanmadığı üçün də hazır olmur…” Amma Ravik hər şeyə hazır idi, olacaq hər şeyi öncədən duyurdu. Çox yorulmuşdu gizli yaşamaqdan, ömrü boyu qaçmaqdan. Onun üçün əvvəllər meşşanlıq kimi qəbul etdiyi kitablar, ocaq, sakitlik, dinclik, indi isə itirilmiş cənnət haqqında əfsanəyə çevrilmişdi.
“Dörd divar ətrafında çox yatırıq və beləcə dönürük ev əşyasına…”
Xoşbəxlik həmişə hardasa lap yaxındadır, sadəcə, əyilib götürmək lazımdı. Ravikin xoşbəxtliyi bəlkə Joan Maduda, bəlkə “Şəhrizad” kafesində içdiyi kalvadosda, bəlkə də Haakedən alacağı qisasda idi, nə bilmək olar?.. Remark Raviki çox qapalı, bir o qədər açıq bir obraz kimi yaradıb. Eynilə də digər obrazları bir rəssam dəqiqliyi və həssaslığıyla yaradıb: bir rəng digər rəngə cüzi də olsa qarışsa, bütün tablo məhv olacaq..
“Əlini ölmüş adamın şalvarının cibinə salmaq ona birtəhər göründü. Elə bil şalvar da ölmüşdü…”
Ravikinin sevməyi də çox qəribə idi. Gah sevirdi, gah da bezirdi. Bezən zamanlarda deyirdi: “Qadından qurtulmaq istəyirsənsə, ona 3-5 günlük görmədiyi həyatı bəxş elə. Həmin həyatı yenə istəyəcək. Görəndə ki, səndən bir şey çıxmır başqasını tapacaq.” Roman boyu Ravik Parisin küçələrini gəzərkən 3-4 dəfə “Zəfər Tağı” abidəsinin yanından keçir. Hər dəfə “Zəfər Tağı”nı gördükcə daha da ruhlanır, mübarizəyə davam edir.
“Məhəbbət qadını ağıllandırır, kişini isə dayazlaşdırır. Bəlkə də insan sevilməkdən daha çox, başa düşülməyə möhtacdır…”
Romanının demək olar ki, hər səhifəsində aforizmə çevrilə biləcək cümlələr var. Roman təsvir və təhkiyədən çox, dialoqlarla zəngindir. Təsvirlər isə olduqca konkretdir. Çox az halda təsvirdə poetik sözlərə rast gəlirik. Bu səbəbdən də oxucu hadisələri film kimi xəyalında canlandırır və əsəri qavramaq daha asan olur. Çünki insan gördüyünü daha asanlıqla dərk edir.
“Dözüm heç vaxt olmur. Təkcə hər şeyə öyrəşmək mümkündür.”
Ravik artıq öyrəşmişdi: Ağrılara da, Joan Maduya da, bizim deyimlə desək, şirinçay əvəzinə içdiyi kalvadosa da… Günlərin bir günü Ravik onun həyatını məhv edən, Gestapoda ona işgəncə verən Haakedən çox ustalıqla qurduğu plan nəticəsində qisas alır, amma… Döyüş bitə bilər, müharibə isə heç zaman bitmir.
Əsər Polislərin Raviki tutub, digər mühacirlərlə birlikdə müharibəyə göndərilməsiylə bitir: Maşın “Vaqram” prospektindən keçib, “Etual” meydanına çıxdı. Heç yerdə işıq yanmırdı. Meydan elə zülmətə bürünmüşdü ki, heç “Zəfər Tağı” da görünmürdü…

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Son yazılar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də onda ayıldıq ki, yeni mövsüm qapımızın kandarındadır. “Mən gəldim” –...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq. Tamaşa 5 sentyabr...

ADMİU-da “Boksçu” adlı tamaşa hazırlanıb

Sentyabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Əməkdar artist Nofəl Vəliyevin quruluşunda yapon müəllif Kobo Abenin "Zamanın uçurumu"...

Emin Əliyev – “Sözün rəqs etdiyi yer, yaxud Rəqs teatrı”

Rəqs teatrı deyəndə gözümüzün önünə kimlər gəlir? Pina Bauşun “Tanztheater”i, Hicikata Tatsumi və Ohno Kazuonun “Buto” rəqsi, “Sasha Valtz...

YUĞ Teatrı yeni mövsümə hazırdır

Sentyabr ayının 3-də YUĞ Teatrında yeni teatr mövsümünün başlanması ilə bağlı yığıncaq keçirilib. Tədbirdə Teatrın direktoru Əməkdar mədəniyyət işçisi...

Gənc Tamaşaçılar Teatrında yeni mövsümün açılışı oldu

Sentyabrın 3-də Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib. Açılış münasibətiylə bir yerə toplaşan teatr kollektivi ötən mövsümün...

Çox oxunanlar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü...
- Advertisement -

Oxumaq məsləhət görülürOxşar yazılar
Sizin üçün seçdik