Elçin Cəfərov: “Bizim teatrlar sovet dövründən qalan mexanizmlərlə işləyir “

– Ötən həftə 10-cu Tbilisi Beynəlxalq Teatr festivalından qayıtmısınız. Bildiyim qədərilə dünyanın bir çox ölkələrindən teatr mütəxəsissləri bu festivala qatılır. Necə düşünürsünüz, bu gün teatrı, böyük mənada, hansı mövzular, hansı problemlər məşğul edir?
– Əvvəla, məlumat verim ki, Tbilisi Beynəlxalq Teatr Festivalı 2009-cu ildən etibarən hər il keçirilir və nəinki keçmiş MDB ölkələrində, eləcə də Avropa teatr məkanında böyük marağa səbəb olur. Burada dünyanın bir çox dövlətlərindən müxtəlif teatr kollektivləri iştirak edir. Artıq 6-cı dəfədir ki, bu festivalda iştirak edirəm. Qatıldığımız Gürcüstan Showcase proqramı dünya mədəniyyət şəbəkəsinə inteqrasiyanı hədəfləyir. Mənimlə bərabər, festivalda azərbaycanlı rejissorlar Emil Əsgərov və Nuranə Dadaşova da iştirak edirdi. Bu ilki Showcase proqramında Azərbaycanla yanaşı, Avstriya, Polşa, Çin, Fransa, Türkiyə, Almaniya, Xorvatiya, İspaniya, Yunanıstan, Ukrayna, Çexiya, Belçika, Latviya, Rusiya, İran, Hindistan, Böyük Britaniya və Qazaxıstandan dəvət olunmuş teatr mütəxəssisləri işirak edirdi. Showcase-in proqramına Gürcüstan teatrının ən yaxşı tamaşaları daxil idi. Gündə 4-5 tamaşa nümayiş olunurdu, seminarlar, görüşlər keçirilirdi. Artıq bir neçə ildir ki, bu festivala dəvət alıram. Tbilisi Beynəlxalq Teatr Festivalı şəxsən mənə fərqli teatr mühitini görməyə imkan verir. Maraqlıdır ki, festivalın proqramı teatrşünaslar qrupunun tövsiyyəsi əsasıdnda tərtib olunur. Ümumiyyətlə, Gürcüstanda teatrşünaslığın inkişafı üçün münbit zəmin var. Teatrşünaslar çox rahat şəkildə dünyanı gəzə, müxtəlif ölkələrdə keçirilən tədirlərə qatıla bilirlər və təsəvvür edin ki, bunun müqabilində hətta məvacib də alırlar. Bir faktı qeyd etmək kifayətdir ki, orada teatrların bədii rəhbərləri teatrşünaslardan ibarət qrup tərəfindən seçilir.
Gürcüstanda gənc nəslin teatra marağını və peşəkarlıq səviyyəsini xüsusi qeyd etmək istəyirəm. Təsəvvür edin ki, Tədris Teatrında 23 yaşlı bir rejissor “Marat-Sad” hazırlayır və tamaşası ilə teatr xarici ölkələrdən gələn mütəxəssislərinin diqqətini cəlb edir. Daha bir diqqətəlayiq məqam isə dövlət teatrı və özəl teatr strukturlarının bir-birinə inkorporasiya olunmasıdır. Gürcüstanda özəl teatrların dövlət teatrları ilə birgə çox maraqlı layihələri var. Bu il, festivalda gördüyümüz V.Abaşidze adına Komediya və Dram Teatrının “Tartüf”, M.Tumanişvili Kino Aktyorları Teatrının “Kuraj ana və uşaqları”, Kral Məhəlləsindəki Teatrın “İblislər”, R.Qabriazde Teatrının “Ramona”, Movement Teatrının “Bir qatilin hekayəsi” (P.Züskindin “Ətriyyatçı” romanı əsasında) tamaşaları xüsusilə diqqətimi cəlb etdi. Hazırda o tamaşalar haqqında geniş bir yazı üzərində işləyirəm.


-Gürcüstanda fərqli estetikalardan, fərqli düşüncələrdən gələn tamaşalar gördünüz. Orada, o teatrların fonunda Azərbaycan teatrı bu gün hansı mövqedə dayanıb. Yaxud bu gün Azərbaycan teatrının qarşısında duran problem dünya teatrı üçün maraqlıdırmı? Müqayisə edəndə ortaya hansı mənzərə çıxır?
-Gürcüstanda teatr sənətinin bütün komponentləri aktyor sənəti, rejissura, dramaturgiya, səhnəqrafiya, teatrşünaslıq, bizim teatrla müqayisəyə gəlməyəcək qədər inkişaf edib. Ən əsası, onlar dünyaya açıq olan, yeniliklərdən qorxmayan sağlam və canlı teatr mühiti yaratmağa nail olublar.
Azərbaycan teatrının problemləri kompleks xarakter daşıyır. Həm tamaşaçı problemi, həm struktur problemi, həm yaradıcı, həm maddi-texniki problem və s. Hər min nəfərə düşən tamaşaçı sayına görə, Azərbaycan ən yaxın qonşularından belə geri qalır. Bu faktdır. İş orasındadır ki, bizim insanlar teatrı istirahət növü kimi görmür. İstirahət deyəndə yemək-içmək və oynamaq nəzərdə tuturlar. Bir mühitdə ki, belə problem var, teatrın təbliği daha çox aparılmalıdır. Lazımdısa, teatr tamaşaçını aldadıb gətirməlidir. Azərbaycan teatında marketinq və PR sistemi inkişaf etməyib. Hələ də tamaşaların normal treyleri və ya anonsu hazırlanmır. Bu, az əhəmiyyətli məsələ deyil. Gürcüstan teatrlarında hazırlanan treylerlər, afişa və reklam məmulatları, ən azı, tamaşanın özü qədər maraqlıdır.
-Tamaşaçını bir dəfə aldatmaq mümkündür, ikinci dəfə olmayacaq. Bu, riskli deyilmi?
-Mən aldadıb gətirmək deyəndə, pis tamaşanın yaxşı tamaşa kimi təqdim edilməsindən danışmıram. Demək istəyirəm ki, teatr “Burda mənəm, Bağdadda kor xəlifə” məntiqindən qurtulmalı, tamaşaçısına tərəf addım atmalıdır. Teatr tamaşaçısını tanımalı, onun istəyini təmin etməyi bacarmalıdır. Məhsulun təqdimatı da onun keyfiyyəti qədər əhəmiyyət kəsb edir. Bu gün teatrlarımız tamaşaçıya nə göstərir? Bizdə cəmi bir neçə tamaşa olub ki, camaat açıq kassadan bilet alıb gəlib baxıb. Zalın dolu olmağını demirəm, bileti hansısa müəssisəyə yalvar-yaxarla “sırıyıb” zalı doldurmaq olar. Mən açıq kassadan danışıram. Gürcüstanda gənc bir rejissor tanınmamış bir müəllifin əsərini tamaşaya qoyur və tamaşa anşlaqla keçir, baxılır. Bu necə olur? Bax, bu, açıq kassa sistemidir. Tamaşanın istehsalı və post-prodakşn mərhələsi bir-biri sıx bağlı məsələlərdir.


-Bildiyim qədərilə Gürcüstanda alternativ teatr formaları çoxdur. Tamaşaçının seçim imkanları genişdir. Bəlkə buna görə orada insanlar daha teatraldır? Bizdə isə seçim imkanları məhduddur.
-Təbii ki, stimul olmayan yerdə, alternativ olmayan yerdə inkişaf mümkün deyil. Ölkədə on şkala üzrə geyim mağazaları var. Second handdan bahalı butiklərədək. Ancaq teatr sahəsində yekrənglik hökm sürür. Bilirsiz, bizim teatrların tamaşaları, aşağı-yuxarı, eynidir. Hansısa fərqli estetikadan söhbət gedə bilməz. Doğrudur, özəl teatrlar yaranıb, amma fərq sadəcə məkanda və addadır. İstər oyun üslübu, istər rejissor ideyası, istər ümumi estetika baxımından hamısı bir-birini təkrarlayır. Dünyada o qədər fərqli teatr formaları var, onlar haqda yalnız danışa bilərik. Azərbaycanda özəl teatr açmaq və onu saxlamaq, demək olar ki, mümkünsüzdür. Çünki istənilən bir strukturun yaranması və yaşaması üçün hüquqi-normativ baza olmalıdır. Əslində, o baza var. “Teatr və teatr fəaliyyəti haqqında” Qanun hələ 2006-cı ildə qəbul olunub. Qanuna əsasən, teatr alternativ gəlir mənbələrindən istifadə edə bilər. Amma Azərbaycanda digər gərəkli hüquqi sənədlərin mövcud olmaması bu qanunun işləməsinə zəmin yaratmır.
-Söhbət hansı hüquqi sənədlərdən gedir?
-Məsələn, Azərbaycanda sponsor və sponsor fəaliyyəti haqda qanun yoxdur. Amma “Teatr və teatr fəaliyyəti haqqında” Qanun sponsordan istifadə etməyə imkan verir. İmkan verir deyəndə ki, bu, sənə sponsordan yalnız pul götürməyə imkan verir. Məsələnin başqa yönləri var – sponsor teatra niyə pul versin? Teatr gəlirli sahə deyil. Reklam baxımdan da səmərəli deyil. Teatra pul ayırmaq prestijli ola bilərdi, amma teatr özü prestijli deyil, axı, Azərbaycanda. Bir də, ən önəmlisi, vergidə güzəştlər edilməlidir. Bir çox ölkələrdə sponsorlar teatrlara sponsorluq etdiyinə görə, tutalım, sadələşdirilmiş dəyər vergisini 4 yox, 2 faiz ödəyir. Ona görə də sponsor teatra pul ayırmaqda maraqlıdır. Amma bizdə belə bir imkan yoxdur.
-Deyirsiniz, bu şərtlər altında özəl teatr yaratmaq və saxlamaq çətindir. Amma son illər demək olar, ilə bir özəl teatr açılır. Məncə, Bakı kimi balaca şəhər üçün ilə bir yeni teatr da böyük irəliləyişdir. Bəs onlar nəyin hesabına yaranır?
-Entuziazmın və eqonun. Son dövrlərdə açılan teatrların əksəriyyəti, “mənim də teatrım var” iddialı eqonun sublimasiyasından savayı bir şey deyil. İndiki durumda özəl teatrlar işçilərinə, ən yaxşı halda, cüzi məvacib verə bilir, bu dövlət teatrında aktyorların aldığından da az məvacibdir. Biz niyə aktyordan fədakarlıq tələb edirik, axı? Düşünürəm ki, yaxşı aktyor yaxşı qazanmalıdır. Bizim teatrların aktyorları bir neçə yerdə işləyir ki, dolana bilsin. Bu da teatrdakı işinin keyfiyyətinə təsir edir. Bilirsən, ümumi baxanda bir mənzərə görünür, detallaşdıranda bir başqa mənzərə. Azərbaycan teatrı indi hansı sistem əsasında fəaliyyət göstərir? Qərbi Avropa modeli – filan deyirlər, boş şeydir. Bizim teatrlar sovet dövründən qalan mexanizmlərlə işləyir. O mexanizmlər niyəsə qorunub saxlanır. Məsələn, Bədii Şura, ümumiyyətlə, nəyə lazımdır? Səlahiyyət məsuliyyətlə bərabər olmalıdır. Bədii Şuranın kağız üzərində fövqəladə səlahiyyətləri var, amma məsuliyyəti yoxdur. Bədii Şura pyesi, yaxud tamaşanı qəbul edə də bilər, etməyə də. Amma tamaşaçı gələcək, ya gəlməyəcək, Bədii Şura buna görə heç bir məsuliyyət daşımır.
-Bədii Şuranın tərkibi kimlərdən təşkil olunur?
-Direktor, baş rejissor, aktyorlar, ədəbi hisə müdiri, kənardan dəvət olunan teatrşünas, bəstəkar və b. Deməyim odur ki, bu şura funksional deyil. Ancaq ağıl ağıldan üstün olar məntiqi ilə fəaliyyət göstərir.
-Bir mütəxəsis və dünyada gedən teatr prosesindən az-çox xəbərdar olan biri kimi sizin təklifiniz nədir?
-Əgər teatr sənətinin dəyişməsini, inkişaf etməsini istəyiriksə (!), mütləq içində bulunduğumuz sistemli böhranın mərhələli və köklü həllinə cəhd etməliyik. Poliativ addımlarla bu problem həll olunası deyil. Günün tələblərinə cavab verən yeni teatr sistemi yaradılmalıdır. Elə bir sistem və struktur formalaşdırılmalıdır ki, teatrların kağız üzərində və hesabatlarda yox, reallıqda işləməsinə imkan versin.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Sumqayıt Dövlət Dram Teatrında iki premyera

Sumqayıt Dövlət Dram Teatrı yeni mövsümdə tamaşaçıların qarşısına iki yeni tamaşa ilə çıxacaq. Bunlardan biri Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” pyesi əsasında hazırlanmış eyni adlı...

Aydın Talıbzadə – OLUM VƏ ÖLÜM ARASINDA DÖZÜM

Elçin Musaoğlunun tammetrajlı “Nabat” bədii filmi 1992-ci ildə Qarabağ olaylarının, Qarabağ savaşının bir epizodu, bir fraqmenti haqqında 22 il sonra çəkilmiş ekzistensional kinopritçadır. Bu film...

Cirque Eloize sirki Bakiya gəlir

Kanadanın məşhur Cirque Eloize sirki Cirkopolis şousu ilə Bakiya gəlir. Sevgi hekayəsi və inanılmaz tryuklar, dərin fəlsəfə və küçə rəqsi, virtouz janqlyorluq, musiqi ve...

Recent

Gəlin teatra gedək…

Teatrın təbliği  yönündə  ard-arda  bir neçə tanıdıcı və maarifləndirici xarakter daşıyan layihələr gerçəkləşdirən  Sumqayıt Dövlət Dram Teatrı  bu qəbildən daha bir  aksiyanı uğurla  həyata...

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Sumqayıt Dövlət Dram Teatrı premyeralarla, yeniliklərlə, layihələrlə, yubileylərlə zəngin bir mövsümü tamamlamaq üzrədir. Cari mövsümdə 50 illik yubileyini qeyd edən teatr kollektivi uğurlu layihələrlə...

Rus teatrı Heydər Əliyev Sarayı səhnəsində

Noyabrın 17-də Heydər Əliyev Sarayında Rusiyanın “Молчи и танцуй” teatrı və rəssam Yelena Vedernikovanın təqdimatında, ingilis yazıçı Robert Luis Stivensonun əfsanəvi “Dəfinələr adası” romanı...