Nigar Pirimova – Dünya teatrallarının bayramı

Bütün bayramlar, adətən, ümumi sevincə səbəb olur, lakin haqqında söz açmaq istədiyim bayram bir mədəni hadisə kimi xüsusi ictimai-siyasi əhəmiyyət kəsb edir. Söhbət Beynəlxalq Teatr Günündən gedir. 1962-ci ildən bəri dünya ölkələrinin əksəriyyəti 27 mart tarixini Beynəlxalq Teatr Günü kimi qeyd edirlər. Beynəlxalq Teatr Günü milyonlarla seyrçinin ürəyinə yol tapan bir sənətin bayramıdır. Əlbəttə, teatrı yaşadan təkcə onun möcüzəli aləmi, romantik duyğular oyadan əlvan tamaşaları deyil, bütün bunların arxasında insanın böyük zəkası, qurub-yaşatmaq ehtirası dayanır. Həqiqət burasındadır ki, insana və insanlığa xidmət etdiyi üçün səhnə həmişə tamaşaçı məhəbbətindən qüvvət almış, daha yüksək zirvələrə can atmış, fərqli tamaşaları ilə ictimaiyyətin ideya-estetik tərbiyəsində mühüm rol oynamış və oynamaqdadır. “Leyli və Məcnun” əsərinin yazıldığı vaxtdan yüzillər keçməsinə baxmayaraq, insanlar hələ də sevgidən danışanda Leylinin şam kimi əriməsini, dəli-divanə olub, öz eşqini çöllərdə arayan Məcnunu qəlbində yaşadır və Leylisini, Məcnununu səhnəsində görən hər xalq onları öz qəhrəmanı bilir.
Səhnə möcüzəli bir dünyadır, teatrda çalışan çox nadir insan tapılar ki, səhnənin tozunu udduqdan sonra oradan ayrıla bilsin. Teatr kollektiv sənətdir, burada çalışan hər kəs ailənin bir üzvü olur. Təsadüfi deyil ki, mərhum sənətkarımız Hüseyn Ərəblinski demişdir: “Səhnə artistləri bir-birinə qardaş edir”. İncəsənətin bu möcüzəli sahəsi olan teatr sintetik sənətdir, yeganə sənətdir ki, özündə incəsənətin bütün sahələrin birləşdirib, ehtiva edir. Səhnədə cinayətkar rolunda olan aktyor sabah padşah, hakim, sevimli nağıl personajı da ola bilər. Teatr canlı ünsiyyətdən yaranmışdır. Bu ünsiyyət vasitəsi ilə o, insanlara sevinc bəxş edir, yüksək ideyalar aşılayır, onların arzu və istəklərinin ifadəçisi olur. Azərbaycan dramaturgiyasının atası M.F.Axundzadə teatrı “sənətlərin ən şərəflisi” adlandırmışdır.
Azərbaycan teatrı ilk günlərdən istər xalq maarifinə, istərsə də ictimai fikrin inkişafına kömək etmişdir. M.F.Axundzadə, Ə.Haqverdiyev, H.Ərəblinski, N.Vəzirov, Ü.Hacıbəyli və digər görkəmli ziyalılarımız xalqın maariflənməsi üçün əllərindən gələni əsirgəməmiş, xalqın dərdini ürək yanğısı ilə sənət dilinə çevirib səhnədən söyləmişlər. Obrazlarında hər zaman nadanlığa gülən Mirzağa Əliyev, yaradıcılığı başdan-başa demokratik ideyalarla dolu A.M.Şərifzadə, səhnəyə həyatın isti nəfəsini gətirmiş C.Cabbarlı Azərbaycan teatrını zənginləşdirmişlər.
Beynəlxalq Teatr Günü ilə Azərbaycan teatrının yarandığı gün eyni aya təsadüf edir. Dünya dramaturgiyasının ən yaxşı nümunələrini səhnəsində canlandıran Azərbaycan teatrı həmişə humanist ideyaları təbliğ etmiş, zülmkarlara, müharibələrə qarşı çıxmış, tariximizi unutdurmamış, möcüzəli dünyaya səyahətə aparmışdır. Təkcə paytaxt Bakımızda deyil, həmçinin, bir çox rayonlarımızda fəaliyyət göstərən teatrlarımız günü-gündən repertuarını zənginləşdirir, tamaşaçılarının sayını artırır və ən əsası, xalqa həvəslə xidmət edirlər.
Görkəmli rus dramaturqu N.Qoqol vaxtilə teatr haqqında demişdir: “Bu elə bir kafedradır ki, oradan bütün bir kütləyə canlı bir dərs verilir”. Beynəlxalq Teatr Günü həm də teatr ictimaiyyətimizin, bir növ, hesabatıdır.  XIX əsrin 70-ci illərində təşəkkül tapmış Azərbaycan peşəkar teatr sənəti  xeyli inkişaf etmiş, dünya arenasına çıxmış, bir sıra xarici səfərlərdən mükafatlarla dönmüş və ən əsası, Azərbaycan teatrını müəyyən xarici ölkələrdə layiqincə təmsil və təqdim edib tanıtmışdır. “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Prezident İham Əliyevin Sərəncamından sonra teatr sənətinə dövlət qayğısı artmış, bir sıra teatrlar əsaslı təmir olunmuşdur. Bu il Prezidentin mədəniyyət və  incəsənət xadimlərinin bir qrupu ilə görüşündən sonra Rus Dram Teatrı və Musiqili Teatra “akademik” statusun verilməsi, teatrlarda çalışanların əməkhaqlarının artırılması və bir sıra görülən tədbirlər bir daha ölkə başçısının teatra, incəsənətə verdiyi dəyərin bariz nümunəsi oldu. Sevindirici haldır ki, Şuşa Dövlət Musiqili Teatrının binası təmirdən çıxıb teatrsevərlərin ixtiyarına verildi, eyni zamanda, İrəvan Dövlət Azərbaycan Dram Teatrının da binasının təmir işlərinə başlanılıb. Mütəmadi olaraq Şəki, Gəncə, Mingəçevir, Lənkəran, Ağdam, Füzuli, Qazax Dövlət Dram Teatrlarının, Zaqatala Xalq Teatrının, Qax Kukla Teatrının yenilənən maraqlı əsərlərdən ibarət repertuar dəyişikliyinin şahidi oluruq. Paytaxt Bakımızda fəaliyyət göstərən teatrlardan Dövlət Kukla Teatrının və onun nəzdində yerləşən “Oyuq” uşaq studiyasının xarici səfərlərdən hər zaman birinciliklə, mükafatlarla dönməsi, Akademik Musiqili Teatr, Akademik Milli Dram Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrı, Akademik Opera və Balet Teatrı, Akademik Rus Dram Teatrının repertuarında bir-birindən maraqlı, əlvan, zövq oxşayan tamaşaların sayının artması fərəhləndirici, qürurverici hal deyilmi? Lakin bunu da bütün tamaşalara, əlbət ki, şamil etmək düzgün olmazdı. Şəkidə keçirilən Şəki Beynəlxalq Teatr Festivalı və Bakıda baş tutan Bakı Beynəlxalq Teatr Konfransları da artıq teatrımızın bir sıra xarici ölkələrdə tanınması, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasının bariz nümunəsidir. Əlamətdar hadisələrdən biri də cari ilin mart ayında keçirilən mərhum rejissor Vaqif İbrahimoğlunun əziz xatirəsinə ithaf olunmuş “Boş məkanın dolğunluğu” 2-ci Eksperimental Tamaşalar festivalı oldu. Göstərilən tamaşaların hamısı ürəkaçan, sevilərək izlənilən, yaddaşlardan silinməyəcək tamaşalar olmasa da, ümumilikdə festivalı qənaətbəxş hesab etmək olar.
Lakin bütün sadaladıqlarımız Azərbaycan peşəkar teatrının ideal səviyyədə olması demək deyil. Hələ görülməli çox işlər var. Xoş hallardan biri də Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin tamaşalarının artıq ölkə hüdudlarından kənarda nəinki oynanılması, baxılması, eləcə də mükafata layiq görülməsidir. Bu, bəlkə də sabaha daha inamlı, daha ümidlə baxmağa imkan verir.
Əlqərəz, Beynəlxalq Teatr Günümüz qutlu olsun, teatrallar!

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Nigar Pirimova – “Sevgi varsa, dünya var…”

Allah birinci Adəmi, sonra da Həvvanı onun qabırğasından yaradıb. Belə çıxır ki, birinci kişilər yaradılıb. Qadın - Həvva ona görə qabırğadan yaranıb ki, kişi...

ADMİU-da N.V.Qoqolun “Evlənmə” əsəri tamaşaya qoyulub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Nikolay Vasilyeviç Qoqolun "Evlənmə" pyesi səhnəyə qoyulub. Tamaşa ADMİU-nun Səda Tədris teatrında iki dəfə nümayiş olunub. ADMİU-nun Teatr...

Aygün Süleymanova – “Qırmızı rəngin interpretasiyası…”

Bir... iki... bizimki... Bizim Akademik Milli Dram Teatrı... Bizim Kamal Abdulla... bizim gənc rejissor Əlif... Rəsmi qeydlər mütləq olmalıdır ki, yaradıcı insanların haqları tapdanmış...

Recent

Akademik Milli Dram Teatrı Konya şəhərində

Akademik Milli Dram Teatrı Konya şəhərində keçirilən “Min nəfəs, bir səs” Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Azərbaycanı uğurla təmsil edib. Teatrın mətbuat xidmətindən verilən...

Aygün Aslanlı – Sükutunu pozmayan İNSAN…

Pantomima teatrının yubileyi idi. Adətən, bir-birinin işinə açıq gözlə baxa bilməyən, umub-küsən, bir-birini itələyən sənət adamlarını bu balaca teatr birləşdirmişdi. Hamı bir az kövrəlmişdi,...

Sərdar Aminin yeni romanı nəşr edildi – “Su sərgisi” (R)

Roman ömrünə 1 ay qaldığını öyrənən gəncin son günlərini sərgiləyir. Ölüm qarşısında laqeydləşən gənc son ümid kimi türkçarəçi qocadan...