Dağlar Yusif – “Nəzəri-konseptual sayıqlamalar” (II Pərdə)

Bilgə Pippalada deyir ki, “həyat qüvvəti”, yəni can, ruh GÜNƏŞ, onu şəkilləndirən, maddiləşdirən isə AYdır.
Bilirik ki, Ay saçdığı işığı, əslində, Günəşdən alır. Aktyor və rejissor münasibətləri də, təxminən, belə formalaşır. Bu cür teatr düşüncəsinə görə, aktyor müəlliflərin (dramaturq və rejissor) fikrini şəkilləndirən, biçimləndirən materiyadır. Yəni işıq, əslində, rejissor və əsər müəllifindən gəlir, aktyor isə onu əks etdirən güzgü-materiya rolunu oynayır. Fövqəlmarionet ideyasının müəllifi Q.Kreq hesab edirdi ki, insanın fərdiyyəti və bədəni təsadüfi informasiyalarla doludur: “Sənət heç bir təsadüf tanımır, buna görə də aktyorun bizə (özbaşına) təqdim etdiyi  şey sənət deyil”. Q.Kreqin fövqəlmarioneti aktyorun “bədənsizləşmiş bədən”i (E.F.Lixte) üzərində quraşdırılmış yeni “teatral bədən-loqos bədən” idi.  Rus teatr məktəbində isə məsələ bir az da mürəkkəb və ziddiyyətlidir. Bir tərəfdən səhnədə hərəkətin “üzvi surətdə” doğmalı olduğunu deyən “urus”lar digər tərəfdən tamaşanın bütün informativliyini rejissorun təyin etdiyi mizan partiturasına yükləyir, mizan partiturasını rejissorun “dil sistemi” adlandırırdılar. Deməli, aktyorun “üzvi hərəkəti” rejissorun çərçivəsi – konseptual sxemi içərisində doğulmalı idi. Ona görə V.Meyerhold aktyor üçün “tabelik içində azadlıq” formulunu irəli sürür və fikrini belə ifadə edirdi: “Səhnədə hər şey aktyorun ruhunun “pərdə”lərini açmağa xidmət etməlidir. Bu ruh isə əvvəlcə (rejissor vasitəsiylə) dramaturqun ruhuyla bütövləşməlidir”. Şərq teatrında isə aktyor, sadəcə, lövhədir. Məsələn, Kathakali teatrında bu lövhəyə bütöv bir gələnək, bütöv bir dastan, bütöv bir fəlsəfə yazılır. Aktyorun bədəni işarələrin harmonik birgəliyinə – “semiotik sistem”ə çevrilir. Şərqdə teatr öz ritual başlanğıcını qoruyub saxlayır, hər bir tamaşa sakral ünsiyyəti modelləşdirir, aktyoru öz hisslərini, emosiyalarını, bədənini idealizə etmək imkanından məhrum edir. Burada davranış və bədən real yaşantılara və davranış qəliblərinə tamamilə yadlaşır – “qutsal bədən” və “qutsal davranış”a çevrilir. Nədən ki, sən Tanrıları öz öləri hisslərinlə, öləri bədəninlə “təmsil” edə bilməzsən. Tanrını “yaratmaq” üçün əvvəlcə özün itib-batmalı, “mən”indən qurtulmalı, emosiyalarını “neytral nöqtə”yə endirməli, YOX (!) olmalısan.

Təxminən, keçən əsrin əvvəllərindən etibarən psixoanalitik konsepsiyalar və fərdin mürəkkəb psixoloji aparatı sənətin “diqqət mərkəzi”ni tamamiylə işğal etdi. Teatr başladı “mən”in bilinməzlikərindən boylanan mətləblərlə əlləşməyə, modernizmin sənətə pərçimlədiyi universal fikir, “bəşəri ideya” imperativləri, postmodernizmin “meyarsız sənət” genişliyində itib-batdı və postdramatik teatr artıq, necə deyərlər, fərdin “təntənəsi”nə çevrildi. Bu vaxtadək hər hansı ideyanı güzgüləyən aktyor artıq özü dönüb “ali ideya” oldu, teatrda aktyor yaradıcılığı rejissor yaradıcılığı ilə kəllə-kəlləyə dayandı. Məsələn, Mixail Çexovun Rudolf Şteynerin antroposofiya təlimindən bəhrələnib yaratdığı aktyor “texnikası” teatr sənətində aktyor yaradıcılığının dominantlığını tanıyır. Düşünürəm, postdramatik teatrda zaman və məkan fərdin “mən”inin koordinantlarında qurulur, onun ekzistensial dünyasını eyhamlaşdırır. Deməli, bu dəmdə aktyor özünü oyununun həm ideyasına, həm də materiyasına çevirir.

Amma və bütün deyilənlərə rəğmən, teatr özünün “O-MƏN-SƏN” gerçəkliyini qoruyub saxlayır. Bu teatrın ünsiyyət formuludur. Ünsiyyət teatrın fenomenidir, yəni özəyi, mahiyyəti, yeganə dəyişməzliyi, mütləq həqiqətidir. Yuxarıda da göstərdiyimiz kimi, bəzi teatr konsepsiyalarına görə O (müəllif, ideya, loqos), dominantlığını qoruyub saxlayır, “MƏN”i (aktyor) özünün “ifadə vasitəsi”nə çevirir, bir başqalarında isə “MƏN”(aktyor) “O”nu özü üçün bəhanəyə çevirib oynayır. İstənilən halda “O” ilə “MƏN” bir-biriylə simbioz münasibətdə özlərini dərk edirlər və istənilən halda “SƏN”, yəni tamaşaçı ilə ünsiyyətə can atırlar. Əgər bu ünsiyyət varsa, teatr var. “SƏN” (seyrçi, tamaşaçı) heç bir konsepsiya, filan qəbul etmir, ona sadəcə ünsiyyət və bu ünsiyyətdən doğan “mənəvi proses” maraqlıdır!

Beynimi kəndirləyib teatr sənətinin quyusuna “sallamağa” çalışdım. Heç bir-iki metr enməmişdi ki, “yandım…yandım!” çığırdı. Ondan yana HƏLƏ Kİ çox dərinə getmirəm (gedə bilmirəm!), eləcə aktyor sənəti haqda bir dənə “TƏRİF” qondarıb aradan çıxıram: “Aktyor səhnədə özünü rejissorun ona təklif etdiyi prizmadan bir daha (bir daha… bir daha… bir daha…) kəşf edən və kəşf etdiyini resipientlə (seyrçiylə) bölüşməyi bacaran yaradıcı şəxsiyyətdir”.

Bu növ pay-bölüşə psixologiyada  kondision ünsiyyət deyilir, yəni “psixi və fizioloji vəziyyətin mübadiləsi” ilə müşayiət olunan ünsiyyət.

(ardı var…)

 

 

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Dağlar Yusif – Nəzəri-konseptual sayıqlamalar: Tamaşa və “açıq mətn”

“Açıq mətn” anlayışını biz Umberto Ekonun XX əsrin ən mübahisəli filoloji əsərlərindən biri olan “Açıq mətn” əsərindən götürmüşük. Bəs teatr üçün bu anlayış hansı...

“Yarımçıq qalmış” Caspian Awards mükafatına layiq görüldü

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Yarımçıq qalmış” tamaşası Caspian Awards mükafatına layiq görülüb. Y.Abramov və Leyla Bəyimin “Yarımçıq qalmış...” (Xəyalpərvər oğlan”) əsəri əsasında hazırlanan...

Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısını daha da artırmaq məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1....

Recent

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Sumqayıt Dövlət Dram Teatrı premyeralarla, yeniliklərlə, layihələrlə, yubileylərlə zəngin bir mövsümü tamamlamaq üzrədir. Cari mövsümdə 50 illik yubileyini qeyd edən teatr kollektivi uğurlu layihələrlə...

Paytaxt teatrlarının həftəlik repertuarı (14-21 iyun)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı  15 iyun Ə.Əmirli “Şah Qacar” saat 19:00 16 iyun İ.Əfəndiyev “Mənim günahım” saat 19:00 17 iyun Y.Polyakov “Sinif yoldaşları” saat 19:00 Azərbaycan Dövlət Akademik Opera...

Rəhman Rəhmanovun səhhəti pisləşib

Abdulla Şaiq adına Dövlət Kukla Teatrının tanınmış aktyoru, əməkdar artist Rəhman Rəhmanovun səhhəti pisləşib "Ölkə.Az"-ın əldə etdiyi məlumata görə, aktyorun ayaqları tutulub. O, hazırda ev...