Dağlar Yusif – Nəzəri-konseptual sayıqlamalar: BƏDƏN

Yeji Qrotovskiyə görə, “aktyorun görəvi rolu, yaxud xarakteri canlandırmaq, yəni bədənləşdirmək deyil. Dramaturqun mətndə təqdim etdiyi obraz, sadəcə, vasitədir. Aktyor oynayacağı rolu özünü parçalara ayırıb təhlil etmək üçün öyrənməlidir”.

Qrotovskinin  sənət fəlsəfəsinə görə, bədənin psixosomatik arxitektonikası – ruh-bədən cütlüyü dağılmalı və bədən o qədər saflaşmalıdır ki, ruhla eyniləşsin, onu güzgü kimi əsk etdirsin. Qrotovskinin “Sadiq Şahzadə” tamaşasında Riçard Sieslakın oyunundan təsirlənən Jozef Klara rejissorun “qutsal aktyor” konsepsiyası haqda yazırdı: “Əslində, önəmli olan aktyorun səsini  idarə etməsi, çılpaq bədəniylə “dərin mənası olan” heykəllər yaratması deyil. Burada tamam ayrı bir şeydən söhbət gedir. Bu günə qədər Qrotovskinin istifadə etdiyi “sekulyar qutsallıq”, “arınma” ifadələrini qavraya, qəbul edə bilmirdim. Bu gün bu anlayışların mahiyyəti Sadiq Şahzadə xarakterində mənim üçün açıldı. Aktyordan məkana, bir növ, ruhsal aydınlanma dağılmışdı. Sanki rolla bağlı hər şey içəridən dışarıya doğru aydınlanmışdı və aktyor bu dəqiqə göyə qalxacaqdı”.Qrotovskidə bədən saflaşmış “ruhsal zəka”nın iradəsi ilə hərəkətə gəlirdi. Onun teatrı “mədəniyyəti soyunmuş bədənlər” teatrı idi. Çılpaq bədənlər, əslində, sivilizasiyanın ədabazlığından, modasından, qəlibləşən sosial-siyasi düşüncə tərzindən arınmış, özünə qayıtmış zəkanın işarəsi idi. Bununla, Qrotovski seyrçilərini eqonun qurduğu illuziyadan qurtulub öz gerçəkliyinə enməyə çağırırdı. Bədən özünü təbiətin bir parçası kimi dərk edir,  stixiyasına qayıdır və bəzən bilincin “kölgə” arxetipindən gələn impulsları mətnləşdirirdi. Qrotovskinin aktyoru “vie neqative” adlanan akt zamanı bədənin bütün sosio-bioloji gerçəkliyindən arınmağa, onu saflaşdırmağa və “qutsal eyləm (əməl-red.)” üçün hazır vəziyyətə gətirməyə çalışırdı.

V.Meyerholda görə isə “Səhnədə ən önəmli şey materiyanın düzənlənməsidir. Teatr sənəti aktyorun  bədənini (oxu: materiyasını) düzgün şəkildə istifadə etmək bacarığından yaranır. Bir formulla ifadə etmək gərəkirsə: N=A1+A2. Burada N aktyoru, A1 niyyəti və bu niyyətin həyata keçməsinə yönəlik təlimatlar verən quruluşçunu, A2 isə quruluşçunun verdiyi tapşırıqları yerinə yetirən və gerçəkləşdirən bədəni təmsil edir”.

Meyerholdun biomexanikasının fenomen-formulu belə idi: əgər burnunun ucu işləyirsə, demək, bütün bədənin işləyir. Bu o deməkdir ki, ən ani və kiçicik qımıldanmada belə bütün bədən iştirak etməlidir. Biheviorizm fəlsəfəsindən təsirlənən Meyerhold inanırdı ki, nəsnələrin məkanda dinamik hərəkəti insan qavrayışında da mütləq bir dinamikaya gətirib çıxaracaq. Məhz həyatdakı hərəkət və hadisələrin səhnə adekvatının tapılmasını modülə edən konvensionallıq prinsipi bədənin ritmik hərəkətlərlə və özünün universal ifadə vasitəsilə tamaşanın əsas mətninə – dominant mətninə çevrilməsini nəzərdə tuturdu. Konvensionallıq ideyası isə mənşəyinə görə, gedib Kathakali teatrının bədənsəl ənənələrinə çıxır.

Bizim fikrimizcə, Meyerholdda bədən həm də Dionisçi sənətin işarəsi, tamaşa içində şənlik, karnaval rudimenti idi. O, özünün teatr idealı haqda belə yazırdı: “Yeni teatr öz ritual şəcərəsinə qayıtmalıdır. İbsenin, Meterlinkin, Vaqnerin teatrları belədir. Keçmişdə tragediyanın qutsal eyləmi necə ki, dionisçi “arınma” formalarından biri idi, biz də indi aktyorların “sağalmasını” və arınmasını gözləyirik”.

V.Meyerholdun Biomexanik teatrı.

Robert Uilsonun bədənə münasibəti isə Qordon Kreqin münasibətilə daban-dabana ziddir. Belə ki, Kreq bədənin təbii informasiyasını tamamilə öldürüb onu bir mətn kimi yenidən qururdusa, Uilson bədənə ümumiyyətlə toxunmur və fikrini belə ifadə edirdi: “Aktyorun bədənini izləyirəm, səsini dinləyirəm və onunla birlikdə bir oyun yaratmağa çalışıram”.

E.А.Lixte deyir ki, “Uilson teatrında hərəkət seyrçinin diqqətini aktyorun bədəninə, onun fiziki quruluşuna çəkir. Ritmik və geometrik qəlibərə otuzdurulmuş hərəkətlər hər bir bədənin özünə xas fiziksəlliyini ortaya çıxarmağa kömək edir”.

Yəni, Uilson, necə deyərlər, bədəni açıb buraxır. O, bios-bədəni loqos-bədənə çevirməyə yox, bios-bədənin öz informasiyasının estetik fakta çevrilməsinə, informasiya mübadiləsi yerinə energetik mübadilənin bərpa edilməsinə iddia edir.

Şərq teatrının estetik çərçivəsində bədən lövhədir, papirusdur. Bəzən bu bədənin “üzəri”nə bütöv bir gələnək, bütöv bir dastan, bir epos yazıla bilər. Şərq teatrında bədənə münasibət ümumilikdə Şərqə xas dünyaduyumunun, ontoloji təfəkkürün təzahürüdür. Qərbin teatr təfəkküründə insanın özünə xas bədənsəl xüsusiyyətləri önə çəkilir, bədən özü-özlüyündə müəyyən bir xarakterin işarəsinə çevrilirdisə, Şərq teatrında bədən həmişə “pozulub” və “qutsal hekayə”ləri məkan içində mətnləşdirən, nəql edən işarələr sistemi kimi qavranılıb. Nədən ki, bədən “mən”in vizual mətnidir. Şərq teatrına isə aktyorun fərdiyyəti, “mən”i maraqlı deyil. Nəzər salsaq görərik ki, bütün Şərq fəlsəfəsi insanın “mən”ini, fərdiyyətini aradan qaldırmağa, onu “mən”sizləşdirməyə çalışıb. Qərbdə isə əksinə, fərdin “mən”i hər zaman (ortaçağ dönəmini çıxmaq şərtiylə) mədəniyyət və fikir şəbəkəsində idealizə edilib. Şərq teatrının kosmik şəcərəsi onu insanın real yaşantılarına və davranış modelinə yadlaşdırır, “qutsal bədən”, “qutsal davranış” modellərini diqtə edir: “İnsan davranışını açıqlayan iki sözümüz vardır – dedi hind rəqqas – biri lokadharmi, insanın gündəlik həyat içindəki (loka) davranışı deməkdir. Digəri isə natyadharmi rəqs (natya) içindəki davranışı ifadə edir”.

Pekin operasından foto.

Mahiyyət bu ki, sən öz öləri insan bədəninlə və davranışınla tanrıları canlandıra, oynaya bilməzsən, sən, sadəcə, məkan içində onları eyhamlaşdıra bilərsən. Bu səbəbdən, Şərq teatrına xas maska-qrim modeli mürəkkəb semiotik sistemdir və tanrının bədəndə təcəllasını mətnləşdirir.Şərq teatrı üçün də bədənin ikili dramaturjisi aktualdır: assosiativ və informativ. “Pekin operasında aktyorun hərəkət partiturası hər bir hərəkətin sonda hansı instiqamətdə gerçəkləşəcəksə, ona əks istiqamətdə başlaması prinsipi üzərində qurulur. Bali rəqsinin bütün formaları keras və manis arasından bir sıra əksliyin bir yerə gətirilməsi ilə qurulur. Keras güclü, sərt, şiddətli, manis isə narın, yumşaq, şirin deməkdir” (E.Barba). Belə ki, istənilən pozada bədənin gövdəsi keras, boynu manis, ayağının baş barmağı keras, digər barmaqlar isə manis ritmində qərarlaşa bilər. İlk baxışda stilizə edilmiş görünən Bali rəqsində “alt bədən”in bu axritektonikası aktyoru hərəkətsiz vəziyyətdə belə olduqca energetik göstərir. Qrotovski məşqlər və treninqlər zamanı aktyorlarına deyirdi: “İki əks impulsu bədəninizin ayrı-ayrı hissələriylə ifadə edin, məsələn, ayaqlar ağlasın, əllər gülsün”. Bunlar bədənin assosiativ dramaturjisinin qurulmasına dair örnəklər idi. Alt bədəndə qurulan bu dramaturjini seyrçi koqnitiv olaraq dərk etməsə də, mütləq onda emosional “vibrasiya” yaradır və bilincdışı olaraq ovqatına nüfuz edirdi. Bu, dərk edilməyən, assosiativ planda qorunub saxlanan informasiyaya enerji deyirik. Bir də bədənin informativ dramaturjisi vardır ki, bunu da şərti olaraq “üst bədən” adlandıra bilərik.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Rəcəb Məmmədov – MANSUR ŞİRVANİ – 100

Azərbaycan milli sirk sənətinin tarixi parlaq şəxsiyyətlər, istedadlı sənətkarlarla zəngindir. Bu sənət yalnız qalibləri sevir, kimisə təqlid etməyə çalışanlar, ikinci olanlar sirkdə uğur qazana...

Paytaxt teatrlarının həftəlik repertuarı (21 fevral– 27 fevral)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 22 fevral H.Həsənov “Qürbətdən gələn məktublar” saat 19:00 23 fevral A.Tolstoy “Buratino” saat 12:00 H.Mirələmov “Vəsiyyət” saat 19:00 24 fevral M.F.Axundov “Sərgüzəşti-vəziri-xani-Lənkəran” saat 12:00 İ.Əfəndiyev “Mənim...

“Sərhədsiz teatr”

Bu gün “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı başlayır. 12-19 may tarixlərində “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində Mədəniyyət Nazirliyi, Şəki şəhər İcra...

Recent

ADMİU-nun SABAH qrupları Rus Dram Teatrında çıxış edəcək

4 dekabr tarixində saat 19.00-da S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarının Azərbaycan Xalq Cümhuriyyətin 100...

Elşən Rüstəmov: “Qərara gəlmişdik ki, hamımız manqurt obrazında olaq”

XX əsrin qüdrətli qələm sahiblərindən biri olan Çingiz Aytmatovun (12 dekabr 1928 - 10 iyun 2008) 90 illik yubileyinə töhfə olaraq ötən mövsümün sonunda...

İlham Rəhimli – “Ölümə sıyrılan təbəssüm”

21 may 1987-ci il Bir neçə gün idi ki, vaxt tapıb redaksiyanın tapşırdığı məqaləni redaktə eləyib çapa hazırlaya bilmirdim. Hər dəfə ortadan bir iş çıxırdı....