Ana səhifə » Mövqe » Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Bu il oktyabrın 18-də 70 yaşını Onsuz qeyd edəcəyimiz dahi Vaqif İbrahimoğlunun (18.10.1949 – 12.05.2011) əziz xatirəsinə həsr edilmiş, ilk dəfə 2005-ci ildə Onun təşəbbüsü ilə baş tutmuş “Boş məkanın dolğunluğu” 2-ci Eksperimental Tamaşalar Festivalı təbii ki, “YUĞ” Dövlət teatrının tamaşaları ilə başladı. Teatr iki gün ərzində dörd tamaşa təqdim etdi. Doqquz gün ərzində, martın 1-dən 9-dək Az.TXİ-nin, Akademik Milli Dram Teatrının, “YUĞ” Dövlət Teatrının, Gənc Tamaşaçılar Teatrının və S.Vurğun adına Rus Dram Teatrının səhnələrində oynanılan 18 tamaşanın hər birini izləməyə imkan yaradılmasa da (yaxşı ki, bir qisim tamaşaları daha öncə seyr etmişdim), oxucularımıza festivalın gedişatı və hər bir truppanın və ya yaradıcı heyətin potensialı, bir qisim tamaşaları daha öncə gördüyümdən səhnə təzahürləri haqqında mümkün qədər müfəssəl məlumat verib aydın mənzərə yaratmağa çalışacam.

Hələ də məkansız olan, A.Şaiq adına Dövlət Kukla Teatrının bir-iki otağına sığınan “YUĞ” Dövlət Teatrının darısqal tamaşa zalında baş tutan sönük açılış mərasiminin (üstəlik heç yerdə festivalın afişası, loqosu da gözə dəymədi) ardınca truppa 2009-cu ildə quruluş verdiyi A.B. Kasaresin “Qəbri necə qazmalı” hekayəsinin süjeti əsasında “Qəbirqazma üsulu” tamaşasını (quruluşçu rejissor Gümrah Ömər) təqdim etdi. Tamaşa barədə fikrimi, təəssüratımı bildirməzdən öncə “yuğçuların” aktyorluq bacarığı haqqındakı rəyimi vurğulamaq istəyirəm. Bu teatrın aktyorları illər öncə gəldiyim qənaətdə yanılmadığımı bir daha sübut etdilər.

O qənaət bundan ibarət idi ki, “YUĞ”un aktyorları nəinki öz teatrlarının səhnəsində, öz truppa üzvləri ilə bir tamaşada, həm də başqa bir teatrın səhnəsində, fərqli bir truppanın tərkibində və ya ekran əsərində də eyni dərəcədə tamaşaçı etibarına sadiq peşəkardırlar.

“Qəbirqazma üsulu” tamaşasında “YUĞ”a xas olan tamaşaçıda öncə əhval yaratmaq və bu əhvalın səbəbinə, xassəsinə aid suallar doğurmaq, daha sonra isə həmin sualların cavabını sərgiləmək cəhəti zəif olsa da, tamaşa kifayət qədər uğurludu. Yeganə olaraq subyektiv fikrimi bildirim ki, finala yaxın kişi və qadın marionetlərinin və süni kəpənəklərin səhnənin mərkəzində asılması aktını elə bütün tamaşa boyunca da tətbiq etmək olardı. Yəni o marionetlər təkcə qətlə yetirilmiş kişi və qadını (Vidadi Həsənov və Sonaxanım Mikayılova) deyil, həm də həyatın qara zolağından üzüağ çıxmaq təpərləri olmadıqlarına görə taleyin əlində marionetə çevrilmələrinə imkan vermiş gənc ər-arvadı (Mətanət Abbas və Oqtay Mehdiyev) simvolizə edir mənasında. Onlarla yanaşı asılmış süni kəpənəklər də puç olmuş xəyalların obrazı olaraq.

Festivalın birinci gününün ikinci tamaşası S.Haqverdiyevanın bir neçə hekayəsinin motivləri əsasında qələmə aldığı “Metamorfoza” (qur.rej. Günay Səttar) tamaşası oldu. Müəllif qadınların sosial statuslarının, işgüzar həyatlarının kişilərdən asılılığının ən bədnam tərəflərini göstərib çıxış yolu tapmağı təklif edir. Lakin fikrimcə, şəraitin qurbanı olan gənc qızın (Zümrüd Qasımova) obrazını metaforik dəyişilməyə məruz qoymaqla, onu həm də yüngüləxlaqlı gənc qız kimi təqdim etməklə həm yazar, həm də rejissor tamaşaçını çaşdırırlar.

Təbii ki, məsum təbiətin mənəviyyatsızlıqla əvəzlənməsini vurğulamaq məramı aydındı. Amma bu məram çox dolaşıq tərzdə təqdim edilir. Hətta baş qəhrəman olan gənc qızın təzadlı təbiətə malik olması təəssüratını da doğurur.

Tamaşanın birmənalı şəkildə hər hansı mənfi qeyddən sığortalanan tərəfi aktyor oyunudu – istər Zümrüd Qasımova, istər Oqtay Mehdiyev və istərsə də Elgün Həmidov obrazlarının mahiyyətini açmaqdan, tamaşaçıya mətləbi anlatmaqdan ötrü müstəsna səy sərf etdilər və səyləri yerdə qalmadı.

“YUĞ”un festival günlərinin üçüncü tamaşası V. Klimin “”Medeya teatrı” pyesi  əsasında Mikayıl Mikayılovun quruluş verdiyi “Medeya. Sekvensiya – 01” səhnə əsəri oldu. Sonaxanım Mikayılova ilə Gülzar Qurbanovanın iştirak etdikləri bu səhnə əsərinin bəndənizdə doğurduğu ən qabarıq təəssürat “rejissorun benefisi” söz birləşməsi ilə ifadə oluna bilər. Və bu iddia və ya missiya, necə istəyirsiz o cür də qəbul edin, istənilən hal özünü doğruldur, hələ təkcə və ya ən azı tamaşanın adından başlayır. Evripidin yaratdığı Medeya adına Sekvensiya kəlməsi qoşulub ki, bu da ardıcıl təkrarlamaya, 01 isə bu mənada ilk aksiyaya, ya da birinci yaradıcı akta işarə edir. Yaradıcı potensiallarını bütünlüklə açmaq, qadın kimi isə özləri-özlərini çıxılmaz labirintə salmağı rəva bilən bu iki qadın obrazının yaşantıları tamaşaçıları biganə qoya bilmir.

Və bir daha vurğulayım ki, tamaşanın bütün komponentləri quruluşçu rejissorun benefisinə hesablanmış, ona köklənmişdir sanki… 

Nəhayət, “YUĞ” Teatrının festivala ərməğan etdiyi dördüncü səhnə əsəri “Quş dili”ndə danışdı. Tamaşa bitincə müəllif Təranə Vahidə minnətdarlıq, quruluşçu rejissor Əbdülqəni Əliyevin çox nadir hallarda tamaşa hazırlamasına aid təəssüf təəssüratı ön plana çıxdı. “Quş dili” səhnə əsərində uğurlu, boşuna sərf olunması ağla belə gəlməyən bir teatr axşamına aid ola biləcək bütün cəhətlər var: ədəbi material müəllifinin demək, çatdırmaq istədiyinin aydınlığında bulunmaq bacarığı, rejissorun bu aydınlığa teatr işığı əlavə etmək istedadı, aktyorların bu iki son dərəcə zəruri amili dəyərləndirmək fəhmləri, bapbalaca səhnədə müxtəlif panoramlar effekti yaratmaq bacarığı (quruluşçu rəssam Umay Həsənova).

“Quş dili” yekrəng, bayağı süjet anlamına sığan səhnə əsərlərindən deyil. Burda “pritça” amili, ibrətamiz nağılvarilik üstünlük təşkil edir. Bir sözlə, özünü, həyatı, ətrafındakı insanları anlamağa çalışanlar, bundan qorxub-çəkinməyənlər üçün çox məhrəm, əsrarəngiz mühit canlanır tamaşa boyunca.

“YUĞ”un hər üç nəslini təmsil edən truppa üzvləri arasında tərəf-müqabilliyi mükəmməlliyi bu səhnə əsərində də özünü göstərdi. Qasım Nağı, Natəvan Qeybani, Təranə Ocaqverdiyeva, İlahə Məmmədova, Elgün Həmidov və Elşən Əsgərovdan ibarət aktyor heyətinin tamaşanın ilk dəqiqələrindən final səhnəsinədək obrazlarına fərdi yanaşma bacarıqları və vahid ansambl mütləqliyi gözoxşayan qaydada davam etdi. Adlarını çəkdiyim aktyorların “YUĞ” sevərlər və ya teatrallar üçün təqdimata ehtiyacları yoxdu. Gənc aktyorlar İlahə Məmmədova və Elşən Əsgərov təcrübəli həmkarlarına layiqli tərəf-müqabili olmağın öhdəsindən gəldilər. Xüsusilə Elşən Əsgərovun personajının enerjisini almaq və onu tamaşaçıya ötürmək gücünün təəssüratı unudulası anlardan deyil.

Festivalın üçüncü gününün ilk tamaşasını teatr ictimaiyyətinin quruluşçu rejissorluğa böyük həvəsi və bacarığı olan səhnə mühəndisi kimi tanıdığı İsa Əsədov, əməkdar artist Qurban Məsimov, aktyorlar Anar Seyfullayev, Manaf Dadaşov, Rahib Axundov və Müşfiq Əliyevdən ibarət müstəqil yaradıcı heyət təqdim etdi, özü də “Açıq dənizdə”. S.Mrojek “Açıq dənizdə” pyesini ötən əsrin 50-ci illərində qələmə alıb. Faşizm təzahürlərinə ədəbi etiraz səsinə görə və həm də bu etirazı çox dərin boğazlarla ucaltdığına, demokratiya pərdəsi arxasında totalitar məqamların gizləndiyini ustalıqla göstərdiyinə görə əsər dərhal qadağan olunmuş ədəbiyyat siyahısına salınmış, Mrojek isə Polşanı tərk etmək məcburiyyətində qalmışdı. Süjetə görə, su nəqliyyatı qəza nəticəsində açıq dənizdə qalmalı olan üç nəfər bir müddətdən sonra qidalanmaq problemi ilə də üz-üzə qalırlar. Və qərara gəlirlər ki, siyasi vasitələrdən istifadə etməklə üç nəfərdən məhz kimi ərzaq vasitəsinə çevirməyi qərarlaşdırsınlar. Tamaşaçıların gözü qarşısında əsl seçkiqabağı kampaniya oynanılır. Sonda bir nəfərin, təbii ki, ən dürüst şəxsin durumu o dərəcəyə çatdırılır ki, o özü qurbanlıq qoyun olmağı qurtuluş sayır. Yaxşı ki, sandığın dibindən konservləşdirilmiş mal əti tapılır…

İsa Əsədov “Açıq dənizdə” pyesinə elə yanaşıb ki, müəllif tamaşası təəssüratı yaratmağı bacarıb. Bundan başqa, tamaşa kamera tamaşasının, absurd teatrının bütün tələblərinə cavab verir. Aktyorların dəqiq seçimi, onların vahid, harmonik oyun tərzi əvvəldən sonadək eyni tempdə davam edir. rejissorun zövqünün, mövzuya baxışının onun özünə, aktyorlara və tamaşaçılara ötürülmə enerjisinin tən-bərabərliyi bu tempin əsas tərkib hissəsidir.

Festivalımızda təqdim edilən “Açıq dənizdə” səhnə əsəri ədibin öz təbirincə desək, iki elementdən – təxəyyüldən və heçlikdən ibarət olan Mrojek qələminin, sözünün, fikrinin canlandığı anlar toplusudur.

Üçüncü günün ikinci tamaşasını Xalq artisti Pərviz Məmmədrzayevin rəhbərlik etdiyi “Human” teatrı təqdim etdi. “Qara adam” monotamaşasının rejissoru və ifaçısı Şamil İbrahimova yalnız monotamaşa kimi ağır yükü çiyinlərinə götürmək cəhdinə görə təşəkkür etmək olar. Üstəlik bu yükü daha da ağırlaşdıran seçilmiş mövzu idi: S.Yeseninin “Qara adam” poeması. Qələmə alınmasına A.S.Puşkinin “Mosart və Salyeri” poemasının təsirini gizlətməyən Yeseninin qiraətində poemanı dinləyənlərin şahidliyinə görə, dərc edilmiş əsər daha qısa və daha az faciəvidir. “Qara adam” şairin son irimiqyaslı əsəri hesab edilir. Poema sanki gerçəkliyin anlaşılmazlığı qarşısında məyusluq və dəhşət əhvalı, varolmanın sirlərinə vaqifliyin istənilən cəhdinin əbəsliyindən doğan dramatik duyğular vulkanıdır. Təəssüf ki, səhnədə nə Yeseninin özü canlandı, nə onun poeziyası, nə də əvəzsiz şairin axırına çıxan “qara adam”.  

Düzü, məhz bu tamaşadan parlaq, güclü təəssürat gözləntilərim çox idi. Aldığım isə məyusluq oldu. Ş.İbrahimov özünü də yordu, tamaşaçıları da…

Festivalın dördüncü günündən etibarən teatr bayramına ADMİU-nun müəllim və tələbə heyəti qatıldı. Ən əvvəl rejissor və xoreoqraf Raulya Türkkan və Rus Dram Teatrının aktrisası Milana Sokolenkonun teatr monolayihəsi “Səmavi” tamaşası təqdim olundu. Əsər Rusiya dramaturqları A.Şipanov və A.Abrosimovun “Səmavi və ya onun həyatından dörd saat” adlı pyesi əsasında hazırlanıb.

Həmin günün ikinci tamaşasını da ADMİU-nun dram teatrı və kino aktyorluğu fakültəsinin üçüncü kurs tələbələri təqdim etdilər. Əməkdar artist Yaqut Paşazadənin yetirmələri K.Abdullanın “Unutmağa kimsə yox” romanını oynadılar. Bəri başdan deyim ki, tamaşanın gedişatında yaranmış təəssüratım sonda qətiyyən öləzimədi. Təəssüratım isə məşhur bir filmimizdən dillər əzbərinə çevrilmiş sitatla ən yaxşı mənada səsləşdi: “Adam fikirləşəndə ki, bu uşaqlar böyüyəndə nələr edəcəklər…” Bir də fikirləşdim ki, tələbələri müəllimələri sarıdan bəxti gətirməsi, müəlliməni tələbələrinin ona layiqliyi münasibətilə təbrik etmək olar. Tamaşanın ümumi ab-havası K.Abdulla qələminin tərzini canlandıra bildi. Roman janrını səhnələşdirməyin nə demək olduğunu xırdalamağa düşünürəm ki, ehtiyac yoxdur. Yaradıcı heyət bu işin öhdəsindən gəlməyi bacardı.

Tamaşada gəncliyə xas şövq və şuxluq da var, çiçəkli yazını axtarıb-tapmağı və oxuyub-bitirməyi həyat amalına çevirmiş və bununla da taleyinin qırmızı xəttini çiçəkli yazı ilə eyniləşdirmiş Çənc alimin, onun “mən”lərinin, paralel dünyalarının, sevgisinin, məişətinin, dostluğunun ağır mətləbləri də. Yalnız Gənc alim rolunun ifaçısına daha cəsarətli, daha sərbəst olmağı arzulamaya bilmərəm.

Festivalın beşinci günü ADMİU-nun dram teatrı və kino aktyorluğu ixtisasının dördüncü kurs tələbələrinin ixtiyarına verilmişdi. Xalq artisti Məmmədsəfa Qasımovun yetirmələri Ə.B.Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” komediyasını əsasında ustadlarının quruluş verdiyi “Qara oyun” səhnə əsərini, Əməkdar artist Gülşad Baxşıyevanın quruluşunda isə tələbələri M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyasını oynadılar.

İkinci tamaşa tələbələrin istedadının, bacarığının doğru-düzgün yönləndirilməməsi cəhəti ilə yadda qaldı, təəssüf ki… Axundzadə qəhrəmanlarını bolluca ərəb musiqisinin sədaları altında rəqs etdirmək, klassik komediyanı ərəb mahnılarının səhnə klipinə çevirmək hansı zərurətdən doğmuşdu, anlaşılmadı.

Gəlin, belə edib sonra gənc aktyorların bayağı ifadə vasitələrindən bərk-bərk tutmalarından gileylənməyək. Çünki nəyimiz də olmasa, layiqli, adam arasına çıxarılası aktyorluq məktəbimiz var. Və bu məktəbin nəfəsi aktyorluq təhsili alan gənclərə sirayət etməyə bilməz. Yetər ki, bu sirayəti sapınmağa qoymayaq…

Festivalın altıncı günü rusdilli olması ilə də fərqləndi, ilk öncə. Günorta tamaşası ilə ADMİU-nun dram rejissorluğu fakültəsinin dördüncü kurs tələbələri Fəridə Nesterenko, Bella Klimaşeva, Yuri Omelçenko, Raulya Rzayeva, Cahandar Cəfərli və Tamerlan Əsədovun quruluş verdikləri M.İbrahimbəyovun “Kərgədan buynuzu” əsərinin eyniadlı tamaşası ilə çıxış etdilər. Universitetin ədəbiyyat və dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın layihəsi əsasında hazırlanan tamaşada teatr sənəti fakültəsinin teatr və kino aktyorluğu ixtisasının rus bölməsi üzrə ikinci və dördüncü kurs tələbələri iştirak edirdilər. Günün axşam tamaşasını müstəqil “SAFAT” teatrı təqdim etdi. İlqar Safat bu dəfə İ.Netanyahunun “Məna axtarışında” bulundu. Loqoterapiyanın banisi psixoloq Viktor Franklenin həyatından bəhs edən tamaşada Xalq artistləri Lyudmila Duxovnaya, Məbud Məhərrəmov, aktyorlar Azər Aydəmir və Rumiyə Ağayeva iştirak edirlər. Tamaşa bir mizanda bir neçə dekorasiya ilə təqdim edilir – alman faşistlərinin cəza düşərgəsi, cəza düşərgəsinin rəislərindən birinin (A.Aydəmir) iş və yataq otağı, bu düşərgəyə salınmış professor Franklenin evi və qəbul otağı. Tamaşa ümumilikdə təsvir edilən dövrü və şəraiti çatdıra bildi.

Xüsusi təsir qüvvəsi ilə seçilən səhnə professorun cəza düşərgəsinə aparılmasından öncə həyat yoldaşı ilə (Rumiyə Ağayeva) vidalaşması idi. Hər iki aktyor bu səhnənin duyğusallığını və eyni zamanda mətinliyini inandırıcı cizgilərlə ifa etdi.

Baş rolun ifaçısı Məbud Məhərrəmov bütün tamaşa boyunca məhbus, dost, həyat yoldaşı, həmsöhbət, həkim və nəhayət vətəndaş obrazlarında peşəkarlığına, fitri istedadına, təcrübə ilə qazandığı bacarığına bu dəfə də xilaf çıxmadı. Böyük səhnədə debütü məhz bu festivalda və bu tamaşada uğurla baş tutan Azər Aydəmir isə teatr bayramının kəşfinə çevrildi.

Festivalın yeddinci günü ilk olaraq “Sevgi şimşəyi” çaxdı. Bu şimşək çaxar-çaxmaz çaşqınlıq özünü çox gözlətmədi – iş orasındadır ki, tamaşadan əvvəl zalın xeyli hissəsi kiçikyaşlı uşaqlar və onların valideynləri ilə doldu. Mərhum dramaturq Rövşən Ağayevin “Bir gecənin nağılı” adlı əsəri əsasında Bakı Uşaq Teatrının hazırladığı tamaşada onların nə işinin olması tamaşa bitənə qədər hər kəsi narahat etdi desək, mübaliğə təsiri bağışlamaz. Və ümumiyyətlə, spesifik təyinatı adından bəlli olan Bakı Uşaq Teatrı üçün bu tamaşa xeyli dərəcədə cəsarətli və o dərəcədən az olmayaraq auditoriyası üçün uyğunsuz və yolverilməzdir.

Hələ bu azmış kimi teatrın bədii rəhbəri və direktoru, əməkdar artist İntiqam Soltanın tamaşadan öncə səhnə əsərinin 6 finalla qurulduğunu və bu gün oynanılacaq finalı seçməkdən ötrü zaldakı bağça yaşlı uşaqlardan birini səhnənin yaxınlığına çağırması fövqəladə təəccüb doğurdu.

Keçək tamaşanın özünə. İ.Soltanın quruluş verdiyi “Sevgi şimşəyi” səhnə əsəri uğurlu tamaşa kimi yadda qaldı. Yeganə olaraq tamaşanın əvvəlində səslənən mahnının hüznlü əhvalı ümumi süjetə və dinamikaya yaraşmadı. Bu məqamı nəzərə almasaq, Mehman Piriyev, Gülər Ləzgiyeva, Ədalət Ağaverdizadənin iştirak etdikləri tamaşa bayağılıqdan, yersiz açıq-saçıqlıqdan, şitlikdən tamamilə uzaqdır. Başqa sözlə, 16+ məqamların çoxluğu mövzunun açılmağına, qəhrəmanların dəqiq təqdimatına xidmət edir, süni ajiotaj məqsədi güdmür. Dialoqlar, replikalar tamaşaçını güldürə-güldürə düşünməyin özünəxas yolunu göstərir.

Həmin günün ikinci tamaşasını Akademik Milli Dram Teatrı təqdim etdi və tamaşaçılarını “Manqurt” adlandırdı. Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının eyniadlı hissəsinin yeni səhnələşdirməsinin müəllifi Anar Babalı, quruluşçu rejissoru ADMİU-nun diplomçusu İzamə Babayevadır. Bir diplomçu kimi İzamə xanımın bu işi ən yüksək qiymətə layiqdir. Ç.Aytmatovun “Əsrə bərabər gün” romanı keçən əsrin 80-ci ilində işıq üzü görəndən bəri müxtəlif ölkələrin teatr və kino rejissorlarının maraq dairəsində olan əsərlər arasındakı yerini qoruyub-saxlamaqdadır. Bizim teatr xadimlərinin növbəti dəfə bu əsərə, konkret olaraq, romanın “Manqurt” hissəsinə müraciəti fərqli yanaşma-yozumda özünü göstərdi və nə yaxşı ki, bu qeydi etməyə imkan verdi. Tamaşa gəncliyə xas maksimalistliklə sosiallaşdırılaraq müasirimiz olan mütərəqqi insanın baxış bucağının rakursunu açır – Ana-Beyitin yer üzündən silinməsi ilə nəticələnəcək söküntü-tikinti işlərinə cavabdehlərdən biri ilə, başqa sözlə, manqurtla Yedigeyin – tarixə hörmətsizliklə barışa bilməyən nümunəvi vətəndaşın dialoqu, birincinin mobil telefonuna gələn yuxarıdan zəng qarşısında mütiliyi, tamaşaçıların əlinə dağıdıcı alətlər verməsi, Yedigeyin onları alması, zaldakıları manqurtlarla eyniləşdirməklə bu bəlanın miqyasını vurğulamaq “priyom”ları mövzunun “qıfılı” üçün “açar” rolunu oynayır.

Tamaşada Yedigey və Juan-Juan obrazlarını canlandıran Əməkdar artist Elşən Rüstəmov növbəti dəfə yaradıcılığı barəsindəki zənnlər, təsəvvürlər, təəssüratlar sarıdan etibarlılıq güvəninə sadiq qaldı.

Tamaşa boyunca aktyor gah Boris Pasternakın “Yeganə günlər” nəzm əsərinin bir misrası və Çingiz Aytmatovun debüt romanının adı ilə eynilik təşkil edən “Əsrə bərabər gün” əsərinin baş qəhrəmanı vəfat etmiş yaxın dostu, mahalın müdrik şəxsi Qazanqapı dədə-baba məzarlığında dəfn etməklə qayğılanan Yedigey olur, gah da juanjuan. Əməkdar artist Mehriban Xanlarovanın rollar silsiləsində yeni səhifə olan Nayman Ananın valideyn olmaq məqamını təsvir edən rəqsi daha effektli təsir göstərdi. Aktyor Ramin Şıxəliyev əski və müasir manqurt obrazlarında çıxış etməklə potensialını açmaq imkanlarından birini qazandı.

Teatr bayramının səkkizinci günü Şuşa Dövlət Musiqili Dram Teatrı M.Havranın əsəri üzrə “Aktyor əbədiyyətə qovuşanda” tamaşası ilə çıxış etdi. Axşam isə səhnə gürcüstanlı qonaqlarımızın müsabiqədənkənar tamaşasının ixtiyarına verildi. L.Mesxişvili adına Kutaisi Dövlət Peşəkar Dram Teatrı 2017-ci ildən bu teatrın bədii rəhbəri olan Kote Abaşidzenin quruluşunda “Duplet” vurdu. Rejissor V.Havel və H.Pinterin quruluş və mənaca oxşar olan “Etiraz” və “Yola çıxarkən” biraktlı pyeslərini bir tamaşada birləşdirib. Tamaşanın ilk premyerası 2012-ci ildə baş tutub. Aktyorlar David Roinişvili (Vanek və Nikolas) və Zviad Svanadze (Sladek, Viktor) rollarını dəyişərək hər hissədə biri müvafiq olaraq müstəntiq və məhbus rollarında çıxış edirlər. Tamaşanın hər iki hissəsi ayrı-ayrılıqda müstəqil səhnə əsəri kimi də oynanıla bilər.

“Duplet”in birinci hissəsi həddindən artıq ləngərli, durğun davam edir. İkinci hissə isə bunun yerini tamamilə doldurur – burda dinamika da var, çoxçalarlı ifadəlilik də.

Aktyor D.Roinişvilinin bacarığı isə xüsusi qeyd olunmalıdır. Onun başqalaşma istedadı qabarıqlığı ilə tamaşaçını biganə qoya bilmədi. İkinci hissənin iştirakçılarından daha biri Elza Suladzenin (Nik, Cila) də ifa və oyun tərzində tapıntılar az deyildi.

Festivalın sonuncu günü Dövlət Gənc Tamaşaçılar Teatrı V.Lyusun əsəri üzrə xalq artisti, professor Ağakişi Kazımovun Mehriban Abdullayevanın iştirakilə hazırladığı “İstədiyim kimi yaşayıram” monotamaşasını, Akademik Milli Dram Teatrı isə Əlif Cahangirlinin quruluşunda K.Abdullanın “Bir-iki, bizimki” pyesinin eyniadlı tamaşasını təqdim etdi.

Bayram bayrama qarışanda…

Builki Milli Teatr Günü Festivalın yekunu ilə daha da əlamətdar oldu. Belə halın ənənəyə çevrilməsi necə də gözəl olardı… Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemətov hamını əlamətdar gün münasibətilə təbrik edəndən, bu günün tarixindən, Azərbaycan teatrını qarşıda gözləyən perspektivdən danışandan sonra sədr müavini, Xalq artisti Hacı İsmayılovun aparıcılığı ilə keçən mükafatlandırma və təltifetmə mərasimi başladı.

Ənənəvi olaraq, öncə ittifaqın fəxri fərmanları və “Sənətkar” medalı builki sahiblərinə təqdim edildi.

Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Loğman Kərimov, Akademik Milli Dram Teatrının rejissor assistenti Dilbər İsmayılova, Gəncə Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Məmmədəli Balayev, Dövlət Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Azad Şükürov, “Musiqi dünyası” jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi Tariyel Məmmədov və Milli Dram Teatrının aktyoru, Əməkdar artist Aslan Şirinov fəxri fərmanla, xalq artistləri Firəngiz Mütəllimova, Qabil Quliyev və Valeh Kərimov, Əməkdar artist İntiqam Soltan, tanınmış bəstəkar Azər Rzayev (vəfatından sonra) “Sənətkar” medalına layiq görüldülər.

Teatr Xadimləri İttifaqının katibi, Xalq artisti Rafiq Əliyev afişa və plakat müsabiqəsi barədə məlumat verib dedi ki, münsiflər heyəti bütün gənc rəssamları iştiraka görə diplomla təltif etsə də, onlardan üçünü mükafata layiq bilib. Beləcə, Rizvan Ələsgər III yerə, Elvin Şirinov II yerə, Reyhan Aslanova da I yerə layiq görülüblər.

Nəhayət, növbə festivalımıza çatır. 18 tamaşanın hamısının yaradıcı kollektivi fəxri fərmanla təltif ediləndən sonra nominasiyalar üzrə qalib adlar elan edilir.

Əməkdar artist Gülşad Baxşıyeva, xalq artistləri Məbud Məhərrəmov və Lyudmila Duxovnaya “Fəxri iştirakçı” kimi fərqləndirilirlər. “Tələbə tamaşasında ən yaxşı aktyor ifası”na görə ADMİU-nun tələbəsi Rəhimə Abdinova (K.Abdulla: “Unutmağa kimsə yox” (Əntər), kurs rəhbəri – Yaqut Paşazadə), tələbələrin “Qara oyun”u (kurs rəhbəri – Məmmədsəfa Qasımov) «Ən yaxşı tələbə tamaşası», aktyor Azər Aydəmirov (İ.Netanyahu: “Məna axtarışında” tamaşası) uğurlu debütünə görə “Debüt” diplomlarına layiq görüldülər. Ən yaxşı aktyor olaraq isə münsiflər üç aktyorun ifasını dəyərləndirdilər: “Yuğ” teatrından Qasım Nağı “Quş dili” tamaşasındakı Bağban, Qurban Məsimov müstəqil təqdim edilmiş “Açıq dənizdə” tamaşasındakı Gonbul və Əməkdar artist Mehriban Xanlarova Milli Dram Teatrının “Manqurt” tamaşasındakı Nayman ana rollarına görə.

Ramiz Fətəliyev, Bəhram Osmanov, Rafiq Əliyev, Tərlan Rəsulzadə və Dağlar Yusif Əfəndidən ibarət münsiflər heyətinin qərarı ilə III yerə iki tamaşa – “Səmavi” və “Qara adam” monotamaşaları, II yerə müstəqil “Açıq dənizdə” tamaşası, I yerə isə Milli Dram Teatrının “Bir, iki – bizimki!” tamaşası layiq görüldü.

Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutan bu dəfəki festival biz teatr yazarları – konkret halda “Mədəniyyət” qəzetinin müxbiri Gülcahan Mirməmməd və bu sətirlərin müəllifi üçün ikiqat önəmli hadisə kimi yadda qaldı.

Təşkilat komitəsinin dünya təcrübəsində çoxdan tətbiq edilən festivalların ekspert şurasına və ya münsiflər heyətinə həmin sahədən davamlı və düşünüb-daşınaraq yazan müəllifləri daxil etməsi halını nəhayət bizə də aid edərək hər ikimizə ekspert şurasının üzvü kimi çıxış imkanı yaratması çox təqdirəlayiq addım idi.

Və burda da Vaqif İbrahimoğlu amili rol oynamamış deyil. Bəlli faktdır ki, Vaqif müəllim yaradıcı prosesdə mətbuatla ünsiyyətə ayrıca önəm verirdi.

Yekun olaraq…

Festivalın adının Piter Brukun nəzəriyyəsindən qaynaqlandığını vurğulamaq üçün metrin eyniadlı kitabından bir fikrini çatdırım:

“…Əgər yaxşı teatrın varlığını yaxşı tamaşaçının mövcudluğu təyin edirsə, onda hər bir tamaşaçı auditoriyası layiq olduğu teatra malikdir…”

Öz tərəfimdən isə qeyd edim ki, daha doğrusu arzulayım ki, teatr xadimlərimiz “eksperiment” sözündən qorxmasınlar, teatr sənətimizdə ən çox ehtiyac duyulan bu keyfiyyətin fərqinə varmağı bacarsınlar və təbii ki, eksperimenti eksperiment xatirinə etməsinlər. Yetər ki, hər bir ədəbi materiala öz fərdi yanaşmalarını sərgiləməkdən çəkinməsinlər, yaradıcı axtarışlardan usanmasınlar…

Samirə Behbudqızı

Vaqif İbrahimoğlunun xatirəsinə həsr edilmiş “Boş məkanın dolğunluğu” 2-ci Eksperimental Tamaşalar Festivalının ekspert şurasının üzvü

MƏDƏNİYYƏT.AZ

 

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir