Ana səhifə » Persona » Müsahibə » “Bermud üçbucağı”nda – Nurəddin Mehdixanlı

Son yazılar

Xəbər
Fevral 22, 2019

Bakı Uşaq Teatrı “Nəsimi ili – Nəsimi dili” Festivalı keçirəcək

Müsahibə
Fevral 21, 2019

“Bermud üçbucağı”nda – Şövqi Hüseynov

Teatr-Tamaşaçı
Fevral 21, 2019

“Boş məkanın dolğunluğu” 2-ci Eksperimental tamaşalar festivalı

Xəbər
Fevral 22, 2019

Mingəçevir teatrının səhnəsində “Ayı”

Sərəncam
Fevral 22, 2019

Teatrın yenidən qurulması işləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Xəbər
Fevral 21, 2019

Bolqarıstanda Xocalı soyqırımına həsr olunmuş tamaşa

Xəbər
Fevral 20, 2019

Musiqili Teatrda “Balaca Şahzadə”nin premyerası olacaq

Mozaika
Fevral 20, 2019

Yarat “İnsan: özünü tanı” proqramını təşkil edir (R)

Kino
Fevral 20, 2019

Əlisəfdər Hüseynov – Fazil Salayevin gözləri…

Xəbər
Fevral 20, 2019

Dərbənddə “Dağılan tifaq”ın premyerası

Mövqe
Fevral 18, 2019

Məleykə Məmmədova – Ağıllı adamlar və axmaq ümidlər

Kino
Fevral 18, 2019

Bir şəklin tarixçəsi – “Yeddi oğul”dan kimlər getdi, kimlər qaldı…

Xəbər
Fevral 16, 2019

Lənkəran teatrında yeni tamaşanın premyerası olub

Xəbər
Fevral 15, 2019

Milli Teatr gününə Musiqili Teatrın hədiyyəsi

Xəbər
Fevral 15, 2019

Ağdam Dövlət Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq

Xəbər
Fevral 15, 2019

ADMİU-nun tələbəsinə Vaqif Əhmədov adına təqaüd təqdim edilib

Mövqe
Fevral 14, 2019

Nigar Pirimova – 6 yaşınız mübarək, “Oyuq”çular…

Afişa
Fevral 14, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (14 fevral– 20 fevral)

Mövqe
Fevral 14, 2019

Oldos Haksli – Teatrın sirri (Esse)

Xəbər
Fevral 14, 2019

“Boş məkanın dolğunluğu-2” Teatr festivalı yaxınlaşır

Xəbər
Fevral 14, 2019

ADMİU “Nəsimi ili” ilə bağlı tədbirlər planı hazırlayıb

Mövqe
Fevral 14, 2019

Xəyalə Rəis – TEATRŞÜNAS HARADA İŞLƏYƏ BİLƏR?

Mövqe
Fevral 14, 2019

Nigar Pirimova – “Buratino” ilə görüş

Xəbər
Fevral 14, 2019

Beynəlxalq Muğam Mərkəzində “Kərgədan buynuzu” tamaşası nümayiş olunacaq

Persona
Fevral 13, 2019

Fuad Poladovun şəxsi arxivi Teatr Muzeyində – Saatı, eynəyi, şərfi… – FOTO

Xəbər
Fevral 13, 2019

Azərbaycan Tehranda keçirilən teatr festivalında iştirak edir

Xəbər
Fevral 13, 2019

Teatr Muzeyinin 85 yaşı qeyd olunacaq

Müsahibə
Fevral 13, 2019

Hanı bu kinoların musiqisi?

Müsahibə
Fevral 13, 2019

Anar Heybətov – “Ən böyük tənqidçim qızımdır”

Müsahibə
Fevral 12, 2019

Rasim Cəfər: “Yavaş-yavaş “yox” deməyi öyrənirəm”

“Bermud üçbucağı”nda – Nurəddin Mehdixanlı

TeatrO.az sənət portalının layihəsi: Könül Əliyeva-Cəfərova və Dağlar Yusifin təqdimatında “Bermud üçbucağı”nın qonağı Xalq artisti Nurəddin Mehdixanlıdır.

Könül Əliyeva-Cəfərova: Nə zaman anladınız ki, yaxşı oynayırsız?..

Nurəddin Mehdixanlı: Yox, hələ mən onu anlamamışam və o iddiada deyiləm.

 K.Ə-C.: İnanmıram!

N.M.: Səmimi deyirəm…

K.Ə-C.: Məncə, Nurəddin Mehdixanlı özünün, kimliyinin, Azərbaycan teatrındakı çəkisinin fərqindədir.

N.M.: Təbii, nələrə qadir olduğumu və kim olduğumu bilirəm. Amma, edə biləcəklərimin, qadir olduğumun on faizini edə bilməmişəm.

K.Ə-C.: Mən də onu deyirəm, böyük şeylərə qadir olduğunuzu nə zaman anladınız?

N.M.: Mən 60 yaşımda dərk elədim ki, əslində, çox şeylər edə bilərəm, çünki öyrəndiklərim var. Bu gün o rejissoru arzulayıram ki, gəlsin, mənə tapşırıqlar versin, edə bilməyim. O rejissoru gözləyirəm, amma hələ ki, o rejissor gəlməyib.

K.Ə-C.: Meydan oxuyursunuz?

N.M.: Meydan oxuyuram!

Dağlar Yusif.: Yəqin ki, aktyor yaxşı oynadığını düşündüyü gün ölür…

N.M.: Əslində, aktyoru ən yaxşı elə özü bilir. Nə rejissor, nə teatrşünas, nə də tamaşaçı… Aktyor nəyi yaxşı, nəyi pis elədiyini bilir, amma di gəl, etiraf etməyi bacarırmı – məsələ budur. Ən azı, özünə etiraf etməyi bacarırsa, ondan aktyor olacaq, yox, əgər etiraf eləmirsə və hər şeyi düz elədiyini düşünürsə, deməli, artıq bitib.

K.Ə-C.: R.Dekart deyir ki, düşünürəmsə, deməli, varam. Bunu aktyor sənətinə şamil etməli olsaq, aktyorun varolmasını təsdiqləyən əsas indikator nədir?

N.M.: Səhnənin hara və nə olduğunu anlayıramsa, deməli, varam!

D.Y.: Yəni…

N.M.: Yəni, səhnə tamaşaçı zalından 1.2 m hündürdür, bu, təkcə fiziki ölçü göstəricisi deyil, həm də məqamdır: sənin səni dinləyənlərdən, izləyənlərdən nəqədər çox bilməli olduğunu, nə qədər fərqli olduğunu eyhamlaşdırır. Nə qədər fərqlivə maraqlısan, sənə baxacaqlar. Yox, onlardan birisənsə, artıq maraqlı deyilsən.

D.Y.: Mənə görə, aktyor min surətdə təcəlla eləyən Budda kimidir. Bu qədər surət içində öz simasını qoruyub saxlamaq Nurəddin Mehdixanlı üçün çətin deyil ki?

N.M.: Simasını itirəndən aktyor olmur. Hər bir rol mənim üçün bir səfərdir. Mən səfərə çıxıram və bu rollar dünyasında nələrisə öyrənirəm. Başqa bir həyatın içinə düşürsən və əgər o həyatın içində özünü, simanı qoruya bilirsənsə, deməli, ustasan, aktyorsan. Yox, əgər onlardan birinə çevrilirsənsə, onda ağıllı tərpənib, vaxtında getməlisən. Bütün rollar məndən götürməli, məndən yaranmalıdır və məndə rola özümdən nələrisə verməyi bacarıram. Amma pərdə bağlanandan sonra oqaldı orada, mənsə yoluma davam. Kim bunun əksini deyirsə, yalan deyir, deməkki, aktyor sənətinin nə olduğunu anlamır.

K.Ə-C.: Amma mənə elə gəlir, Nurəddin Mehdixanlı başqalarının həyatını oynaya-oynaya, başqalarının duyğularını yaşaya-yaşaya özüylə yaşamağı unutmuş adamdır. Məncə, özünüz də bunun fərqindəsiniz. O ikisi arasında incə bir sərhəd var, o sərhədi keçəndən sonra geri qayıtmaq mümkündürmü?

N.M.: Deyim ki, özüm üçün yaşadım bu həyatda, yox. Mən istədiyim kimi yaşaya bilmədim. Bir yolu gedirsənsə, onu sona qədər gedəcəksən, geriyə dönüş yoxdur. Mən daha o tələbə Nurəddinin yanına qayıda bilmərəm, daha bu yol gedilib. Hə, məndən soruşsanız ki, yenidən seçim qarşısında qalsaydım, bu peşəni seçərdimmi? Seçməzdim. Məsələ ondan ibarətdir ki, bu gün bu sahədə çalışanların əksəriyyəti nə ilə məşğul olduğunun, kim olduğunun fərqində deyil. Fərqində deyil ki, yaradan sözü Allahdan sonra aktyora aiddir. İndi siz təsəvvür edin, insan mənəvi-psixoloji və intellektual baxımdan nə qədər hazır olmalıdır buna. Bir az dərinə getdikcə dəyişirsən və təbii ki, tənhalığa çəkilirsən. Ətrafdakı söz-söhbətlər səni yorur. O adamlar xoşbəxtdilər ki, onların maraqlı müsahibləri, öyrənəcəyi adamlar var. O aktyor xoşbəxtdir ki, səhnədə İblis rolunu İblis kimi oynamaq üçün tərəf müqabilləri var. Valeybol oyununu sevirsiniz də, onun gözəlliyinədir? Top yerə düşməsin. Sən atırsan, o qaytarır, o atır, sən qaytarırsan. İndi təsəvvür edin, sən atırsan, o götürə bilmir.

D.Y.: Mən Nurəddin Mehdixanlını səhnədə pas verən aktyor kimi deyil, topu əlində bərk-bərk saxlayan oyunçu kimi tanıyıram…

N.M.: Qətiyyən, elə deyil! Tamaşaçılarım da, tərəf-müqabillərim də yaxşı bililər ki, mən səhnədə özümdən çox tərəf müqabilin görünməsini istəyirəm. Çünki o görünəcəksə, mən də görünəcəm.

K.Ə-C.: Mənsə görürəm ki, N.Mehdixanlı insanlarla, bura sənət dostları, tərəf-müqabilləri də aiddir, özü arasına bir hasar çəkib və hasarın o üzündə çox tənhadır bu adam. Nədir sizi insanlardan belə uzaq salan?

N.M.:  Yox, hasar çəkməmişəm. İnsanlar mənim üçün çox maraqlıdır, onlar istifadə edəcəyim “material”dır. Mən insanları müşahidə edir, öyrənirəm. Sənətçi kimi də, insan kimi də onlar mənim üçün çox maraqlıdırlar. Amma bəlli bir yaşdan sonra insanlardan yorulursan, onun boşluğunu, ya mənasızlığını hiss edirsən. İndi hiss edirəm ki, ömrümün qurtaracağına gedirəm və daha çox uzaqlaşıb özümlə qalmaq, zamanı dəyərləndirmək istəyirəm. Nələrisə çatdırmamaq qorxum var. Budur, əslində, məni insanlardan bir az uzaq salan.

D.Y.: Bəziləri aktyora icraçı, bəziləri ifaçı, bəziləri “yaradıcı adam” deyirlər. N.Mehdixanlı bunlardan hansıdır?

N.M.: Aktyor diplomu almaq aktyor olmaq deyil, aktyor yaradıcı adamdır.

D.Y.: Nədir Nurəddin Mehdixanlının yaradıcılığı?

N.M.: Yaradıcı aktyor improvizatordur. Dramaturqun qulu, yaxud rejissorun çubuğu ilə hərəkət edən adam deyil. Bizə verilən ömür kontur-xəritə kimidir.Orada sadəcə cizgilər var, sərhədlər var, konturlar var. Cizgilərin içini hansı rəngdə rəngləyəcəyinə isə aktyor özü qərar verir. Yaradıcı aktyor öz obrazları ilə rəngləyir o kontur-xəritəni.

K.Ə.-C.: Nurəddin Mehdixanlının kontur-xəritəsində Şekspir rəngi yoxdur. Rejissorlar sizi Şekspir obrazlarında görmür, ya özünüz?

N.M.: Çox böyük şövqüm var, sevgim var. Qarsia Lorka oynamışam, fransız dramaturqlarını, Brexti oynamışam. Şekspiri oynamaq isə ən böyük arzum olub.

D.Y.: Şekspir özü də bundan çox məmnun olardı…

N.M.: Düz üç ildir, Azər müəllimə deyirəm ki, Kral Liri oynamaq arzumdur.Bir yerə gəlib çıxmışam və bu işi görmək, həm də özümü yoxlamaq istəyirəm. Aktyor üçün məhək daşıdır Şekspir. Azərbaycan dramaturgiyasında da aktyor üçün məhək daşı olacaq dramaturqlar var. C.Cabbarlı, C.Məmmədquluzadə…

K.Ə-C.: Hamısını oynamısınız, heç nə qalmayıb…

N.M.: Adil müəllimin ifamda görmək istədiyi rollar bu rollar idi, Otello idi.

K.Ə-C.: Otellonun vaxtı keçib…

N.M.: Bilmək olmaz… Məsələn, Dezdemona, təxminən, belə bir söz deyir ki,mən onu taleyinə, çəkdiyi əzablara görə sevdim. Burada yaşın önəmi yoxdur. Məsələn, Fuad müəllim Hamleti neçə yaşında oynayıb? Romeo deyil ki, mütləq gənc olsun.Kral Liri oynamaq ən böyük arzumdur. Hətta saçlarımı da uzatmışam (gülür).

D.Y.: Bayaq dediniz ki, oynadığım rolları özümdən yaradıram, özümdən qidalandırıram. N.Mehdixanlı Kral Lirə özündən nə verə bilər?

N.M.: Bilirsiz, hər şey prosesdə bəlli olacaq. Bu gün gözümüzün qarşısında parçalanan, bölünən bir dünya var və bütün bu parçalanmalara, bölünmələrə səbəb nədir? İnsanın öz nəfsinə sahib çıxa bilməməsi. Ən böyük faciə budur.

D.Y.: Siz məsələni qloballaşdırırsız və bizi azdırmağa çalışırsız. Bizə isə sizin ekzistensiyanızdakı problem maraqlıdır. Məncə, N.Mehdixanlı hər zaman hökm etmək iddiası ilə yaşayır və Kral Lirlə onu bu iddia yaxınlaşdırır.

N.M.:Qətiyyən elə deyil. Hökmdar olmaq məndə iddia deyil, bəlkə də bu şey naturamda var. Yadınızdadırsa, mən əfşaram. Bunlar savaş adamları, dava adamları olublar, imperiya qurublar. Yəqin ki, məndə də o dalğadan nəsə var.

D.Y.: Yeri gəlsə, Kral Lir kimi əlinizdəki hər şeyi ətrafdakılara, özünüzdən sonrakılara paylayıb gedə bilərsizmi?

N.M.: Əslində, mən ömrümü elə paylaya-paylaya yaşamışam və özüm üçün heç nə eləməmişəm. Bəzənsə sevgi göstərdiklərin o sevgini sənin zəifliyin kimi qəbul edirlər və üstünə gəlməyə başlayırlar. Bəzən sən buna imkan yaradırsan ki, gəl, gəl görək hara qədər gələcəksən? Biz heç bir millətdən istedadsız deyilik.Keçmiş SSRİ-nin ən güclü teatrlarından biri bizimki olub, Orta Asiyada teatrı biz gedib qurmuşuq. Biz sadəcə, bir-birimizi sevməyi, dəyər verməyi unutmuşuq. 90-cı illərdə Türkiyəyə gedəndə tamaşalarımıza baxıb “azərilər bizi kahr etdilər” deyirdilər. Yadınızdadır, filmlərinə baxıb gülürdük. İndi görün, kino onlarda necə inkişaf elədi, ildə 4-5 teatr açırlar. Bu peşənin həm də cəmiyyəti toparlayan, yığıb-yığışdıran bir gücü var. Sovet rejimi, bilirsiz, niyə at oynadırdı, çünki onun əlində ideoloji silah kimi teatr, kino, ədəbiyyat var idi. Onda ki, bu ideoloji silah rejimə qarşı çevrildi, rejim çökdü. Bu günsə biz, sadəcə, paylaşmağı bacarmırıq, sənəti, səhnəni, rolları paylaşmağı bacarmırıq.

K.Ə-C.: Arzusunda olduğunuz Şekspir deyir ki, dünya teatrdır, insanlar da aktyor. Səhnədə çox oynayırsınız, yoxsa həyatda?

N.M.: Məsələ burasındadır ki, biz aktyorlar oynadığımızı boynumuza alırıq. Sizlər bunu inkar edirsiniz (gülür). O ki qaldı mənə, bilirsiz, həyatda oynamağa ehtiyacım yoxdur, çünki nəfsimi idarə etməyi bacarıram. Heç kimdən heç bir umacağım yoxdur və müəllimlərimdən başqa boynumda kimsənin də minnəti yoxdur. Mən yolun əvvəlindən bu yana yalquzaq kimi gəlmişəm.

K.Ə-C.: Onda belə deyək, N.Mehdixanlı yaratdığı obrazlardan yuxarıdadır, ya aşağıda, hansı daha böyükdür?

N.M.: Böyükdür, ya bərabərdir, deməzdim, bunlar ayrı-ayrı adamlardır.

K.Ə-C.: Hamlet Şekspiri əsrlərdir yaşadır. Varmı N.Mehdixanlını yaşadacaq bir obrazı?

N.M.: Bəs, Hamletin ədəbi atası kimdir?! Şekspir. Vəhdətül-vücuddurlar, ayrılıqda mövcud ola bilməzlər. Yaratdığım Aydınmı böyükdür, yoxsa mən? Mənə elə gəlir, böyük yaradandır!

K.Ə-C.: Deyirsiz ki, teatr məscid, məbəd, kilsə kimi müqəddəs bir yerdir, çünki insanın özü ilə baş-başa qaldığı yerdir, katarsis yeridir. Bu fikrin səmimiliyinə inanmıram. Axı, bilirik, teatr dəhşətli konfliktlərin baş verdiyi məkandır həm də. Siz də o qaynar məkanın mərkəzindəsiniz. Necə düşünürsünüz, teatrda niyə eqolar savaşı baş verir? Aktyorlar nəyi bölüşə bilmir?

N.M.: Siz teatra niyə “arxa qapı”dan girməyə çalışırsız ki? Təsəvvür edin, gəlirsiz bir restorana, xidmət əla, hər şey səliqəli. Amma mətbəxə keçəndə görürsən ki, ora o qədər səliqəli deyil. Teatra “arxa qapı”dan girmək qadağan edilməlidir. Ona görə, 50 il bundan qabaq teatr daha cəlbedici idi.

D.Y.: Bir neçə il bundan qabaq teatrın “arxa qapısı”nı,  cəmiyyətə açıb mətbəxdəki iyrənclikləri mətbuata sızdıran Azdramanın aktyorları oldular və siz də bu “hərəkat”ın ən fəallarından idiniz.

N.M.: Yox, “arxa qapı” o gün açılmayıb, ondan qabaq açmışdılar, bu, bir. İkincisi, gəmi batanda onu xilas etmək lazımdır. Və bəzən səni istəmədiyin şeyləri etməyə zorlayırlar. Kimin üçünsə teatr, sadəcə, vəzifə yeri ola bilər, amma mənim üçün teatr həyatımın mənasıdır. Belə deyək, insan o zaman üsyan eləyir ki, onun ürəyinin içinə tüpürürlər və onda artıq sən “arxa qapı”, “ön qapı” düşünmürsən. Mən 40 il ömrümü verdiyim bir yerin haqqını qorumağa çalışdım.

D.Y.: Qoruya bildizmi?

N.M.: Hesab edirəm ki, müəyyən dərəcədə və müəyyən müddətə, hə. Sizə bir şey deyim, bilirsiz nə var, böyüklərin günahları da böyük olur, amma bəzən böyüklərin günah etməsi üçün də ətrafdakılar şərait yaradırlar. Adil müəllim deyirdi ki, böyük sənəti böyük kişilər yaradırlar. Bu gün sənətdə həm də şəxsiyyət problemi var və bu, müxtəlif əxlaqların toqquşmasına gətirib çıxarır. Bu teatrın problemləri, bilirsiz, hardan başladı? Bir zamanlar “açıq qapı” siyasəti elan olundu və aktyor diplomu olduğuna görə, adamlar axışdılar bura və sənət ab-havasını korladılar. Dolayısıyla soruşursuz, mən də dolayısıyla cavab verirəm. Əslində, sizin bilmədiyiniz çox şey var ki, mən onlara qayıtmaq istəmirəm. Mən sadəcə sənətlə məşğul olmaq istəyirəm və başqa iddiam yoxdur. Səmimi deyirəm, mən bilsəydim ki, biz sənəti o aliliyindən düşürüb orta səviyyəli bir şeyə çevirəcəyik, çoxdan çıxıb getmişdim. Amma bayaq dediyimiz kimi, geriyə yol yoxdur artıq, bu günədək necə yaşamışam, qalan ömrümü də elə yaşayacağam. Bu günə kimi heç kimin qapısını gedib döymədim. Məni kimsə hansısa idarə qapısında görməyib. Özüm özümü yetişdirməklə məşğul olmuşam, maaşımı verib kitab almışam, oturub iki kəlmə öyrənmişəm. Ən böyük missiyam isə içimin çirklənməyinə imkan verməmək olub. 

D.Y.: Mənim gördüyüm N.Mehdixanlını sanki heç bir rol, heç bir rejissor, heç bir rəhbərlik qane eləmir. Teatr sənətindən, rejissorlardan, rəhbərlərdən nə umursuz, nə istəyirsiz?

N.M.: Deyirsiz, heç bir rəhbərlik qane etməyib, bu, düzgün deyil. Bizim çox gözəl bir direktorumuz var idi – Əli İsmayılov. Məşqə baxırdı, qeydlərini edirdi, səhər işini düzgün görməyən aktyoru çağırırdı yanına və tədbir görürdü. Mənim çox böyük tərəf-müqabillərim olub. Mən Vaqifi oynamışam, Məlik Dadaşov Qacarı. Sonradan Həsənağa müəllim gəlib, baxın, nələr oynamışam o zamanda. Mənim davam o olub ki, niyə gürcü teatrı bütün dünyanı gəzir, biz gəzmirik? Niyə, türkmən teatrı “Dəli Domrul” tamaşasıyla bütün dünyanı gəzdi, biz heç yerə çıxmadıq. Tələblərim həmişə bunlar olub. Özüm üçün heç nə tələb eləməmişəm. İşimlə məşğul olmuşam və gec də olsa, haqqımı almışam. Mənim rəhbərdən istəyəcəyim nədir ki? İstəyirəm, teatrda nizam-intizam olsun. Hər gün saat 9-dan teatrda oluram. İndiyə qədər bir dəfə məşqə, tədbirə, tamaşaya gecikməmişəm. Azərbaycandao rejissor yoxdur ki, işləməyim. Vaqif İbrahimoğlunun çoxlu tələbələri olub, amma hamı unudur ki, onun ilk tələbələrindən biri mən olmuşam. Mənim üçün heç vaxt çətin olmayıb onun tamaşalarında olmaq, işləmək. Mənimçün rejissorla işləmək problemi olmayıb heç vaxt.

K.Ə-C.: Bayaq dediniz ki, haqqımı verdilər, gec də olsa. Xalq artisti adını alandan sonra nə dəyişdi həyatınızda?

N.M.: Heç nə dəyişmədi. O bir mərhələ idi, gəldi, keçdi.

K.Ə-C.: Ola bilməz, heç nə dəyişməsin.

N.M.: Heç nə dəyişmir, inanın mənə. Nə dəyişəcək, adamın istedadımı artacaq, savadımı?

D.Y.: İddiası artacaq!

N.M.: İddiası artan adam axmaq adamdır. O bir mənəvi dəstəkdir, Sovet vaxtında bunun çox böyük imtiyazları vardı, amma indi heç bir imtiyazı yoxdur.

K.Ə-C.: Sartr Nobeldən imtina etmişdi və səbəb gətirmişdiki, istənilən mükafat yazıçının azadlığını əlindən alır. Hər hansı ad, mükafat və s. sənətçinin yaradıcı azadlığını məhdudlaşdırırmı?

N.M.: Əsl sənətkarın azadlığını heç nə əlindən ala bilməz. Əgər alırsa, demək, o sənətçinin mənəviyyatında problem var. Mən Xalq artisti, prezident təqaüdçüsüyəm.Öhdəsindən gələ bilməyəcəyim işin arxasınca getmədim. Arxasında dura bilməyəcəyim sözü də demədim. Dediyim sözün arxasında durdum, cəzasını da çəkdim.

D.Y.: Cəsarətli çıxışlarınızdan danışdınız. Bir dəfədə cəsarətli çıxış edib demisiniz ki, Azərbaycanda teatrşünaslıq məktəbi çöküb…

N.M.: O cümləni konteksdən çıxartmaq lazım deyil. İndi kinoda da, teatrda da kim nə oynayır, deyir dahiyəm. İki sözündən biri “mən yaratdım”dır. Ona görəki, nə iş gördüyünə dəyər verəcək o peşəkar adamlar susurlar. Sovet dövründən nümunə gətirim. Tamaşa “Hamlet”, quruluşçu rejissor Tofiq Kazımov, rəssam Tahir Salahov, bəstəkar Qara Qarayev, baş rolda Həsənağa Turabov. Şükufə Mirzəyeva o tamaşanı darmadağın eləmişdi: “Ehtiyyatlı olun, bu Şekspirdir”. Rejissor köməkçisi Nəcəf Həsənzadə var idi, tamaşa başlanmamışdan qabaq gedirdi zala, gəlirdi ki, Ədilə xanım gəlib, yaxud Alp Ağamirov gəlib, yaxud başqa teatrşünaslar… Hamı özünü yığışdırırdı ki, zalda teatrşünas oturub. Sonra İlham (Rəhimli – red.) müəllim qoşuldu. Ən xırda detaldan tutmuş, ən böyüyünə qədər tamaşanın hər bir epizodu təhlil olunurdu. Və sonra düzəliş məşqləri başlayırdı. Uzun illərdir ki, teatr tənqidi teatra münasibətdə fəaliyyətdə deyil. Mən bunu nəzərdə tutmuşam.

K.Ə-C.: Mən də məsələni belə qoya bilərəm: “kor atın kor da nalbəndi olar”.

N.M.: Yox, yox, elə deyil. Məsələn, əsərin müəllifi vəzifə sahibidir. Teatrşünaslar gəlib otururlar, tamaşaya baxırlar, tamaşanı qoyub əsəri müzakirə edirlər. İlham Rəhimli, Məryəm Əlizadə, Aydın Talıbzadə bu sahənin professorlarıdır. Onlar yazmalıdırlar ki, aktyor bilsin nə doğrudur, nə yanlış. O ki qaldı aktyor məktəbinə, bəli, dünənkilər fədai idilər. Bizdən fərqli olaraq, onlar daha çox vurğun idilər bu sənətə, daha çox teatral həyat yaşıyırdılar. Amma axı, biz o tamaşaları da görmüşük, ölməmişik, şahidik. Bu günü inkar etməkdən ötrü dünəni həddən artıq şişirtmək də yanlışdır, axı. Bir var, zamanına görə yaşayan sənətkar, bir də var zamanından böyük sənətkar. Mən 1978-ci ildə təyinatla bu teatra gəlmişəm. Mən gələndə məndən böyüklər mənə “ey, ay bala, sən nə vaxtına gəlmisən, bilirsən, biz nələr görmüşük?” deyirdilər.

K.Ə-C.: Bəs, siz o sözü gənclərə demisiniz?

N.M.: Yox, deməmişəm. Bilirsiniz niyə? İndi biz suflyor dövrünün teatrını böyük sənət nümunəsi hesab edə bilərik?! O zaman başqa dövr idi. İndi zamanın sürəti də o deyil. Bu gün teatrın əyləncə növü kimi saysız-hesabsız rəqibləri olduğu bir vaxtda tamaşaçı zalı ağzına qədər dolu olursa, deməli, var. Ramiz Novruzu necə inkar etmək olar? Yüksək səviyyəli aktyordur. Bəsti Cəfərovanı –çox gözəl yaradıcılıq işləri olub, inkar edə bilməzsən, axı. Aktyoru yaşadan nədir? Repertuardır, roldur, əzizim.

D.Y.: Bu gün çalışdığınız teatrın peşəkarlıq səviyyəsini necə qiymətləndirirsiniz? Sizcə, Azdrama müasir teatr düşüncəsinə, dalğasına köklənə bilirmi?

N.M.: Köklənə bilir, özü də necə lazımdır, köklənə bilir. Mən sizə bir şey deyim. Dünyanı da gedib görmüşük, xəbərsiz deyilik. 12 ildir, “Xəcalət” tamaşasını (dramaturq-H.Mirələmov, rejissor-B.Osmanov-red.) oynayırıq. 2011-ci ildə bu tamaşa və “Lənkəran xanın vəziri” ilə Gürcüstana qastrol səfərinə getmişdik. Marcanişvili teatrında oynadıq. Tamaşadan sonra 2 saat qrim otağına gedə bilmədik. Zalda da Gürcüstanın mədəniyyət naziri, müavinləri, millət vəkilləri, teatr rəhbərləri, baş rejissorlar, aktyorlar, sənət adamları… Bir az yemək yedik, səhər saat 5-ə qədər tamaşanın müzakirəsi getdi. Ondan sonra Yaltaya festivala dəvət olunduq. İspanlar, portuqallar, ingilislər, ukraynalılar, fransızlar – 27 xarici ölkə…“Ən yaxşı aktyor” nominasiyası üzrə baş mükafatı biz aldıq. Sonra həmin tamaşa ilə “Serbiya 2012” festivalında iştirak elədik. Yeganə tamaşa bizim tamaşamız oldu ki, böyük müzakirəyə səbəb oldu, onun haqqında yüksək fikir söylənildi. Mən onu kamil dramaturgiya hesab etmirəm. Sadəcə, rejissor pyesi yaxşı işləmişdi. Yəni, demək istədiyim odur ki, biz getmişik, onları da görmüşük. Sadəcə, onların imkanı bizdə yoxdu. O teatrlar ildə 10-12 xarici ölkə gəzirlər. Demirəm ki, biz dünyanın ən yaxşısıyıq, amma dünyanın ən pisi də deyilik. Bu gün Azərbaycanda kifayət qədər yaxşı rejissorlar var, onlar çox keyfiyyətli iş qoya bilərlər ortaya, amma hər şey maddiyyata bağlıdır.

D.Y.: Azərbaycan teatrının ən böyük problemlərindən biri də nəsillər arasındakı rabitəsizlik, ünsiyyətsizlikdir. Teatr sənətinin nəzəriyyəsinə bələd biri kimi bildiklərinizi, təcrübənizi bölüşdüyünüz tələbəniz, yetirməniz olubmu?

N.M.: O gənc aktyor yoxdur ki, onunla bir tamaşada olmayım və  oynadığı rol haqqında, məşqlər haqqında söhbət etməyim. Mən bütün tamaşalara baxıram, düşündüyümü deyirəm. Bu yaxşıdır, bu ortababdır, bu yaxşı deyil… Amma incitmədən, çünki bunu deməliyəm. Mən daima öz məsləhətimi verirəm. Bu yaxınlarda K.Serebrennikovun teatrı gəlmişdi, onların 2 milyon avro büdcəsi var. Bu nə deməkdir?! Biz çox arzu edərdik ki, teatrlar kommunal xərclərdən, əlavə dəyər vergisindən azad olunsun. Teatrdan nə vergi tutacaqsan?! Herodot deyir ki, əsil şəhər o şəhərdir ki, orada teatr var. Atatürk də deyir ki, teatr bir millətin kültür səviyyəsinin aynasıdır. Teatra oyun yeri kimi baxmaq olmaz. Teatra dəstək olmalıdır ki, o da öz missiyasını yerinə yetirsin.

K.Ə-C.: Bəs niyə səsələndirmirsiniz bu problemləri?

N.M.: Niyə səsləndirmirəm ki?! Hər yerdə səsləndirirəm. Müraciətlər eləmişik.Nə zaman eşidiləcəyik, bu ayrı məsələdir. Biz dövlət sifarişi ilə yaxşı tamaşalar hazırlamışıq, amma daxili imkanlar hesabına böyük tamaşalar hazırlamaq mümükün deyil. Bəli, Azərbaycanda kifayət qədər istedadlı aktyorlar var,  yüksək səviyyəli tamaşalar hazırlamaq olar. Qastrola gedib, avropalı tamaşaçını ayaq üstə alqışlamağa məcbur edən gücümüz var.

K.Ə-C.: Ən böyük müəllimim sovetskinin küçələri olub demisiniz. O küçələr sizə nəyi öyrədib?

N.M.: Qorxmamağı və sınmamağı.

D.Y.: 40 illik sənət həyatınızda elə bir səhviniz olubmu ki, bu gün də yadınıza düşəndə sizə əzab versin?

N.M.: İnsan səhvləriylə, günahları ilə kamilləşir. Bütün səhvlərimlə, bütün günahlarımla bu mənim həyatımdır. Təəssüf elədiyim, ağrıdığım, acıdığım kifayyət qədər nəsnələr var. Və mən onun bir saniyəsindən belə imtina etmirəm.

K.Ə.-C.: Səhnədən qorxduğunuz olub?

N.M: Mən sizə desəm ki, indi də qorxuram, inanmazsınız.

K.Ə.-C.: Bu dəfə inanıram…

N.M.: Tamaşa başlamamış heç vaxt səhnə arxasına getmirəm. Tamaşanın başlamasına üç dəqiqə qalmış elan olunur, o zaman gəlirəm səhnə arxasına. İnanın ki, sanki birinci dəfədir, səhnəyə çıxıram və üç dəfə Allahı çağırıram. Bu, mənim sehirli sözümdür “ya Allah, ya Allah, ya Allah” – getdim. Səhnəyə çıxdımsa, qurtardı…

D.Y.: Sənətkar başqalarından fərqli olaraq özündən sonra da yaşayan adamdır. N.Mehdixanlı özündən sonra özünü necə görmək istəyərdi?

N.M.: Elə Nurəddin kimi – dəli-dolu, sözü üzə deyən, heç kimdən qorxmayan, ailəsini, millətini və istedadlı adamları çox sevən…

K.Ə-C: Dünyaya gəldi Nurəddin dəli sevdalar üçün
Düşdü bir eşq oduna, yandı özü, mən səsiyəm –Bayaqdan bizimlə danışan N.Mehdixanlının səsi idi, yoxsa özü?

N.M.:  Gənclik illərində səsli-küylü olursan, sonra həyat səni rəndələyir, yonur, yontalayır, səs olmaqdan çıxırsan, söz olursan… Sonrada, ey gidi dünya, haradan başladın, haraya gəlib çıxdın… Dağ çayları var, dəli kimi dağı, dərəni eşə-eşə, uçurda-uçurda, gurultuyla, səs-küylə gəlir, gəlir…Arana çatanda sakitləşir, başlayır aram-aram axmağa. Mən də axıram, aram-aram…

Foto: Razimə İsmayılova

Oxşar yazılar

1 Comment

  1. Əlif dedi ki:

    “Azərbaycan teatrının ən böyük problemlərindən biri də nəsillər arasındakı rabitəsizlik, ünsiyyətsizlikdir. ” D.Y. Respect! ✌️

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir