Ana səhifə » Persona » Aydın Talıbzadə – SFİNKS VƏ KONTRABAS

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Resenziya
İyul 4, 2019

Şarpantye, musiqini ver! Buyurun teatra                     

Xəbər
İyul 3, 2019

Lənkəran teatrı İrana festivala gedir

Xəbər
İyul 3, 2019

Əməkdar artist ürəyindən əməliyyat olunub

Xəbər
İyul 3, 2019

Akademik Musiqili Teatrda Faiq Zöhrabovun 80 illik yubileyi qeyd olunacaq

Müsahibə
İyul 2, 2019

BİR GƏNCİN MANİFESTİ, YAXUD İKİ GƏNCİN DİALOQU

Müsahibə
İyul 2, 2019

Asiman Ağa Rövşən – “Məşhurluq mənə çox lazım olacaq”

Xəbər
İyul 2, 2019

21 illik “Kontrabas” bu dəfə ABŞ-a səfərə gedir

Xəbər
İyul 2, 2019

“Dovşanın ad günü”nə hazırlaşanlar

Xəbər
İyun 24, 2019

Şukinçi tələbələrimizin Bakı qastrolu başlayır

Mövqe
İyun 24, 2019

Fəridə Cəlilova – İKİ DÜNYANIN GÖRÜŞDÜYÜ YER ― QAZAN: TÜRK EPOSUNU XATIRLADAN FESTİVAL

Aydın Talıbzadə – SFİNKS VƏ KONTRABAS

 (karnaval şeytanı üçün caz)

Ruhun özü şıltaq, dəcəl, qurnaz və oyunbaz olanda sənət bəhanədir və hətta Sfinksin də uzandığı Misir torpağından dikəlib kontrabas çalması mümkündür.
Kontrabası daşımaq çətindir: illah da boyun balaca ola. Tramvayın da, trolleybusun da dar qapılarından güclə keçir. Amma Məlik lay bir divardı, quş kimi gəzdirərdi kontrabası. Bir vaxtlar, çoxu bunu bilməz, Bakı cazının bir nömrəli kontrabasçısı olmuşdu Məlik Dadaşov.
KONTRABAS CAZ MUSİQİSİNİN ZORBA PƏLTƏYİDİR.
Hər gecə Sfinks ulduzlarla kontrabas səsi ilə danışır.
Mən Məlik Dadaşovu Azərbaycan milli teatrosu tarixinin ən ekstravaqant aktyoru, səhnənin ən plastik rəqs eləyən kontrabası sayıram. Yəqin ki onun ruhu göylərdə də öz aktyorluğundan əl çəkməyib. Bu fikri başqa cür də demək caiz: Məlik Dadaşovun bədəni dünyaya gəlməmişdən önca bu adamın ruhu səma aktyoru idi.
Sfinks. Kontrabas. Məlik. Karnavalın şeytan mollası, bəlkə də şeyxi. Azərbaycan vizual mədəniyyətində mollalığın batinini zahirdə görükdürən, mollalığı təftiş edib karnavallaşdıran sənətçi. Onun səhnədə və ekranda oynadığı kontrabas vücudlu mollalar dildə Allahı zikr eləyirdilər, daxildə isə ifrit diringəsinə köklənib çiyin atırdılar. Şeyx Nəsrullah bu tip obrazların “sərkərdəsi” olub Məlik yaradıcılığında. Onun Şeyxi (1966-cı ilin “Ölülər” tamaşasında) din içrə kələkbazların mürşidi, şəriətin solo caz improvizatoru və müsəlman aləminin ən şorgöz kişisi idi. Əgər kinorejissor Orson Uels səhnədə Məliyin ifasında Nəsrullahı görmüş olsaydı, Hollivudda hər şeydən imtina edib Bakıya tələsərdi ki, “Karnavalın dindar şeytanı” adlı yeni bir film çəksin. Çünki tamaşada Məlik infernal dünya enerjisiylə səhnədən keçib seyrçiləri “titrətməyi” bacarırdı.


Lenin… Nərimanov… Nəqdi bu. Xahiş eləsəydilər lap Marksı da oynayardı. Onlar da sovet dönəminin öxünəməxsus mollaları. Hərçənd tarixi şəxsiyyətlər cərgəsində onun boyuna biçilmiş obraz tünd göy şlyapalı Duço idi, yəni diktator Mussolini, yəni faşizmin mollası. Bu ideya yalnız və yalnız dahi Federiko Fellininin kino məkanında gerçəkləşə bilərdi. Çünki məhz burada Sfinksin ayağa qalxıb qırmızı şalvarda tvist oynaması mümkün. Mussolini, həqqən ki, Məliyə yaraşardı, Məlik də – Mussoliniyə. Bica demirəm bunu. Kənar müşahidəçidə Məlik Dadaşov cod, sərt, kobud, daxilən güclü, sonsuz dərəcədə özünə qürrəli, aqressiv və “boz” adam təəssüratı oyadırdı. Düyünlü kötük kimi idi içi Məliyin. Hətta hərdən mənə elə gəlirdi ki, o, atlant bədənli Dəli Domruldur, qurnazlaşıb Əzrailin özünü də döyüşə çağıra bilər.
Azərbaycan mədəniyyətinin konseptual paradiqması çərçivəsində Duço məhz Qəmlo (“Axırıncı aşırım” filmi) kimi zühur etməliydi, Dəli Domrulun bədheybət variantı olmalıydı. Qəmlo tərəddüdün sonudur, həyasızlıq tanrısıdır, təcavüzdə bulunan qorxunun cəsarət paradoksudur, uçurum qarşısında qızışmış buğanın çılğın divanəliyidir, hikkənin qara enerjisidir. Təbii ki, Məlik Dadaşov belə yaratmışdı Qəmlonu, gözlərindən cin çıxan üsyankar xortdan kimi. “26-lar” filminin qəhrəmanı məsciddə buğda axtaran Məşədi Əzizbəyov yadınıza gəlirmi? Bax, elə o vaxtdan Qəmlo Məlik Dadaşovun aktyor dünyasında özünə yer eləmişdi; bir küncə qısılıb qalmışdı və ona yetişəcək, fürsəti, məqamı gözləmişdi.
Çöl yalquzağı Qəmlo ilə inqilab intelligenti müsəlman Məşədi Əzizbəyov aktyor Məlik Dadaşovun “mehmanxanası”nda qapıbir qonşu idilər.
Mən əgərçi rejissor olsaydım… xahiş eləyərdim ki, “Qətl günü” (müəllif Y.Səmədoğlu) tamaşasında ölümsüz mişovul KİRLİKİRİ oynasın Məlik Dadaşov. Bu zaman bir kontrabas da gətirərdim səhnəyə. Danışmağı bacarırsa, neçin də kontrabas çalmasın Kirlikir? Amma dəqiq bilirəm ki, imtina edəcəkdi. Teatrın Nərimanovu, Şeyx Nəsrullahı dönüb teatrın Kirlikiri olmayacaqdı ki? Yaraşdırmazdı özünə. Bir də axı Sədi əfəndini, yəni Cavidi Kirlikirə dəyişmək nə demək? Ancaq… bəzən… şedevrlərə doğru yol qəribə və gözlənilməz metamorfozlardan keçir. Azərbaycanda isə istəkləri gerçəkləşdirmək çox müşkül məsələ, cəhənnəm əzabı.
Kontrabas cazın rəqqas dividir. Cüssəli adamların gözəl rəqsləri daha ekspressiv və daha baxımlı olur. Məlik də rəqsin xiridarı və padşahı idi.


Dərviş Məstəlişahın (1978-cı ilin “Müsyö Jordan və Dərviş Məstəlişah” tamaşası) Parisi “dağıtdığı” səhnə… Məlik Dadaşovun milli diringələr üstündə son dərəcə “işvəli” mütrib rəqsi, əlbəttə ki, Səlixa, Məlixa, Bəlixa adlı cinlər üçün… Mən bu rəqsə baxanda maskasını kənara tullamış Şeyx Nəsrullahı, hikkəsini “itirib” havalanmış Qəmlonu, peşəkar inqilabçı olmaqdan bezmiş Əzizbəyovu gördüm. Məlik Məstəlişahı Azərbaycan mədəniyyəti üçün yenidən kəşf eləmişdi; baməzə, şorgöz, vələdüzna bir rejissor və aktyor kimi, dünyanın ən zarafatcıl və şən cadugər “kontrabası” kimi kəşf eləmişdi.
Sfinks niyə yatmır? Əbədi uzandığı yer onun cənnətidir, yoxsa cəhənnəmi? Səhnə Məliki Sfinks eləmişdi, di gəl ki, axırı ölümlü oldu. Cənnətlə cəhənnəmin həmsərhəd düşdüyü məkan – 15 səhnə öldürdü onu. Sfinks yıxıldı, bədənini aparıb basdırdılar, ruhu isə qaçıb çıxıb getdi, yəqin ki… yəqin ki, digər şeytanməcaz ruhlarla birgə bulunub tamaşa oynamağa, əylənməyə, rəqs eləməyə.
Kim deyə bilər ki, tanrı öz şeytan balalarını sevmir?

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir