Asiman Ağa Rövşən – “Məşhurluq mənə çox lazım olacaq”

Asiman Ağa Rövşən: “TƏK” Yaradıcılıq Platforması alternativ məkan, yeni düşüncə üçün zəmin təqdim edir”
Bu günün gəncləri dünyaya inteqrasiya edir, onlar gözüaçıq, əzmkar və yaradıcılıq ruhu ilə yetişirlər. Zəmanəmizdə belə gənclərin yetişməsi, fəaliyyət göstərdikləri sahədə uğura gedən yolun işartılarından xəbər verir. “TƏK” Yaradıcılıq Platforması da bunlardandır. Bu platformaya teatr, ədəbiyyat və kino daxildir. İyunun 19-da platformanın ilk tamaşası – “İt ürəyi” nümayiş olundu. Mixail Bulqakovun eyniadlı povesti əsasında qurulmuş tamaşanın müəllifi, rejissor Asiman Ağa Rövşən redaksiyamızın qonağı oldu. Gənc aktyor, rejissor bizimlə söhbətində “TƏK”in debütündən və çıxdıqları yoldan danışdı.

– Niyə “TƏK”dəsiniz?
– Çünki “TƏK” bir platforma olaraq alternativ məkan, zəmin təqdim edir. Dağlar Yusiflə mənim təsisçisi olduğumuz platformanın istər teatr, istər kino, istərsə də ədəbiyyatla məşğul olan hər bir şəxsə qapıları açıqdır. “TƏK” alternativ məkan olaraq yaradıldı. Yeni düşüncə üçün birinci növbədə zəmin olmalıdır. Zəmin olmalıdır ki, düşüncə meydana gəlsin. Əgər zəmin yoxdursa, düşüncə də ortaya çıxa bilməz. Hazırkı Azərbaycan teatr mühiti isə həmin o yeni düşüncə üçün lazım olan zəmini təşkil etmir.
– Hesab edirsiniz ki, “TƏK” yaradıcılıq platforması Azərbaycan incəsənətinə yeni baxış, gənclik ruhu qatacaq?
– Bəli.
– Bu inam hardan qaynaqlanır?
– Bu inam mövcud mühitdə olan bəzi anormallıqlara baxıb, ona qarşı çıxış etməkdən qaynaqlanır. Buna özgüvən demək bir az tezdir. Bu, sadəcə bir etirazdır.
– Və siz bu platforma altında etiraz edirsiniz.
– Etiraz deyəndə, biz zatən alternativi yaradırıqsa, bunun özü bir etiraz deməkdir. Dialektik bir məsələdir. Tezis olur, sonra ona qarşı antitezis qoyulur, sonra bu toqquşmadan yeni fikir doğur. Biz hazırda antitezisi qoymuşuq. Ortaya nə çıxacaq, onu zaman göstərəcək.
– “İt ürəyi” tamaşası “TƏK”in debütü idi?
– Bəli, indi növbəti işlərdə ədəbiyyat və kinonu əhatə etməyə çalışacağıq. Ola bilər ki, gələcəkdə bura rəssamlıq və digər sənət sahələri də əlavə olunsun. Bir neçə, hətta bir-birinə zidd düşünən beyinlərin bir yerdə oturub müzakirələr edəcəyi, fəlsəfi debatların olacağı bir platformaya çevrilməlidir ki, ortaya yeni düşüncələr, yanaşmalar çıxa bilsin.
– Rejissoru olduğunuz tamaşada həm də aktyor olmaq necə bir hissdir?
– Yaxşı hiss deyil. Platformanın nümayəndələrindən olan Hacıbaba Məmmədov tamaşadan sonra fikir bildirərkən dedi ki, “tamaşada özünü toy yiyəsi kimi hiss edirdin”. Həqiqətən elə idi. Səhnədə olsam da, diqqətim tamaşanın gedişatında idi. Narahat idim ki, görəsən hər şey yolundadırmı?
– Yolunda getməyən nələrsə var idi?
– Aktyorlar baxımdan rahat idim. Hər şey necə nəzərdə tutmuşduqsa, elə də getdi. Çünki mən aktyorlara güvənirəm. Biz onları seçəndə peşəkarlıqlarını nəzərə aldıq. Nəticədə ortaya narazı qalacağımız bir şey çıxmadı.
– Sizcə, yaradıcı gənclərə özlərini realizə etmələri üçün yetərincə meydan verilibmi? Və “TƏK”in yaranma zəmini buradan qaynaqlana bilərmi?
– Əslində zəmin verilmədiyi üçün “TƏK” ortaya çıxıb. Heç nədən belə bir layihə ərsəyə gələ bilməzdi. Hər şey tələbatdan, ehtiyacdan yaranır. Mühitin yaratdığı ehtiyac, tələbat buna zəmin yaratdı. Bu mühit müəyyən gənclər üçün deyil. O gənclər bura düşüb məhv ola bilərlər. Təbii ki, teatrlarımızda sağlam düşünən istər aktyor, istər rejissorlarımız var. Ancaq onlar da təkdirlər.
– “TƏK”ə hansı gənclər gələ bilər? 
– Düşüncəsindən, yanaşmasından asılı olmayaraq, hər bir gənc bizə qoşula bilər. Bu nəinki gənclərə, yaşlı və orta nəsil nümayəndələrinə də aiddir. “İt ürəyi” tamaşasında bütün nəslin nümayəndələri var idi.
– Asiman yaxşı rejissordur, aktyordur, yoxsa rəssamdır?
– Məncə, Asiman daha çox yaxşı rejissordur. Rejissor özü bir ideoloqdur. Mən uşaqlıdan hekayələr yazır, rəssamlıq və musiqi ilə məşğul olurdum. Ancaq zaman keçdikcə gördüm ki, burdan böyük kütləyə nəyisə çatdırmaq daha çətindir. Odur ki, istər rəssamlığı, istərsə də musiqi duyumunu və yazmağı özündə birləşdirən rejissorluğu seçdim.
– Və siz hekayə yazan rejissor olmağa qərar verdiniz.
– Əslində 15 yaşımdan pyeslər, hekayələr yazmağa başlamışam. Və zaman keçdikcə düşündüm ki, sözümü daha böyük kütləyə demək üçün rejissor olmalıyam. Uşaqlıqdan nəyisə qurub-quraşdırmağa meylli idim. Elə uşaq yaşlarımdan özümdən oyunlar uydurur, həmin oyunların qaydalarını iştirakçılara tətbiq edirdim. Bu da uşaqlara maraqlı gəlirdi və hamımız onu həvəslə oynayırdıq. Həmin oyun köhnəldikdə, yenisini düşünürdüm. Bu gün hər hansı tamaşa üzərində çalışanda, o illəri və uşaq yaşlarımda qurduğum oyunları xatırlayıram. Düşünürəm ki, elə hər şey də o illərdən başlayır. Uşaq yaşlarımdan qurduğum oyunlar indi Asimanın topluma fikir çatdırma üsuludur. Teatr mənim üçün bir tribuna əhəmiyyəti daşıyır. Mən o tribunadan yavaş-yavaş çıxış etməyə başlayıram. Bu, artıq uşaq oyunu deyil.
– Bildiyim qədəri ilə, sizin məqsədiniz pafosu kökündən qoparıb atmaqdır. Yəni hesab edirsiniz ki, pafos teatra artıqlıq edir?
– Pafosu kökündən qoparıb atmaq deməzdim. Müəyyən bir tamaşa ola bilər ki, rejissorun yanaşması bu stilizasiyanı tələb edər. Pafos teatrda qadağan olunan bir şey deyil. Bəzən pafosun neqativ tərəflərindən danışırlar, əslində pafos estetik olaraq aktyoru səhnədə şəklə salan bir vasitədir. Odur ki, rejissor aktyordan pafos da tələb edə bilər. Aktyor buna hazır olmalıdır, bacarmalıdır. Teatrda hər bir üsluba, formaya yer var.
– Sizin əqidənizə görə, nəzəriyyəsiz sənət cəfəngiyatdan başqa bir şey deyil.
– Burada aktyor sənəti və rejissuraya dair nəzəri materiallardan söhbət gedir, hansı ki, aktyor da, rejissor da bunları bilməlidir. Necə olur ki, başqa peşələrin nümayəndələri birinci öz nəzəriyyələrini A-dan Z-yə qədər öyrənir, sonra o peşəyə yiyələnirlər. Məsələn, həkim öz işində nədən çıxış edir? Təhsil aldığı ali təhsil ocağında illər ərzində öyrəndiyi mənbələrdən. Bütün peşələrdə bunu qeyd edə bilərik. Və necə olur ki, növbə aktyor və  rejissora çatanda, bunu unuduruq? Bəyəm biz həkimdən artığıq, ya müəllimdən üstünük? Bir çox sənətçilərimizin öz peşəsinin elmini öyrənməməsinin alt qatında özünü digərlərindən artıq bilməsi dayanır. Yəni mənim ehtiyacım yoxdur oxumağa, öyrənməyə, çünki seçilmiş adamam. İstedadı, yaradıcı düşüncəni öz axarına buraxmaq olmaz. Onu texnika müşayiət etməlidir. Dünya çapında bir nəfər belə olsun istedadlı, amma sənətinin texnikasına yiyələnməmiş nümunəvi sənətçi tapa bilmərik. Peşəkarlıq nədir? Peşə vasitələrinə, yəni texnikaya yiyələnmək. Amma bizdə yanaşma fərqlidir. Məsələn, aktyorun emosiyaya qapılmasına yüksək sənət nümunəsi kimi baxılır. Halbuki aktyor emosiyaya qapılmamalı, əksinə, onu idarə etməlidir. Sözsüz ki, peşə texnikasına yiyələnmiş aktyorlarımız var. Amma bambılılıq, şüvənlik tamaşaçı tərəfindən əksər hallarda o qədər rəğbət qazanır ki, sənətə gələn cavanlar bu üsulun uğurunu görüb ora meyllənir. Sənətdə olan bu cür hallar sənəti banallaşdırır. Halbuki aktyor, rejissor xalq, bəşər qarşısında məsuliyyət daşıyır, çünki bizim məşğul olduğumuz sənət estetik tərbiyəyə xidmət edir. Lakin bu məsuliyyət banal sənətçilərin vecinə deyil. Onların yanında nəzəriyyədən danışanda, qayıdırlar ki, bu, kimlərinsə fikirlərdi, öz fikrin olsun. Bu, ona bənzəyir ki, təsəvvür edin, bir fizik Nyuton qanunlarından danışarkən ona deyilir ki, öz fikrin olsun, bu, Nyutonun fikirləridir. İnanın, fiziklər bu absurd iradı bildirən cahilin tikəsini bozon hissəcikləri boyda edər. Di gəl, teatrda bu sayaq iradlar aktualdır. Çünki elmi yanaşma yoxdur. Əksər sənətçilər məşğul olduqları sənətin elmini bilmir, öyrənmək istəmir, ümumiyyətlə elmi yanaşmaya güvənmir, gedib abstraksiyaya qapılırlar. Hamısı “əsas istedaddı, qalan hər şey boş şeydi” inancından irəli gəlir. Evimizi yıxıb bu düşüncə. Məşhur “Disney”, “Dreamworks” kimi nəhəng studiyalar öz cizgi filmlərində personajları yaradarkən Stanislavski sistemindən istifadə edir. Onların hətta cizgi film personajları belə düz yoldadı. Bizdə isə aktyor sənətinə dair elmi-nəzəri mənbələrdən istifadənin doğru olub-olmaması hələ də müzakirə mövzusudur. Biabırçılıqdır!
– Rejissor ilk növbədə nələri bilməlidir?
– Rejissorun dünyagörüşü geniş olmalıdır. Çünki bu, rejissorun birbaşa köməkçisidir, onun quracağı tamaşalar üçün baza əhəmiyyəti daşıyır. Rejissorun malik olmalı olduğu 3 elementdən biri dünyagörüşüdür. Digər ikisi onun aktyor bacarığı və nəzəriyyəni bilməsidir. Bu üç elementdən biri əskikdirsə, o adam böyük mənada rejissor olan deyil.
– Buna görəmi aktyor ixtisasına yiyələndikdən sonra yenidən rejissorluq ixtisasında təhsil alırsınız?
– Aktyorluğu səhvən oxumuşam.
– Səhvən oxumaq necə olur?
– Həyatda ən çox qorxduğum şeylərdən biri imtahandır. İmtahan hər zaman mənə kabus kimi görünüb. Hərbi xidmətdən geri döndükdən sonra sənədlərimi hazırlayıb universitetə yollandım. Orda iki qəbul otağı vardı – aktyorluq və rejissorluq ixtisası üzrə imtahan otaqları. Bizim dövrdə isə ilk olaraq qabiliyyət imtahanı verilirdi, daha sonra test imtahanından keçmək lazım idi. Mənə dedilər, iki qabiliyyət imtahanından keç, birindən kəsilsən, o birinə qəbul olarsan. Mən də birinci aktyorluğa, sonra rejissorluğa imtahan verməyi qərara aldım. İmtahan zamanı keçirdiyim o həyəcanı görəndən sonra bir də rejissorluq ixtisasının qabiliyyət imtahanına girmək istəmədim. Açığı, heç qabiliyyət imtahanına xüsusi cəhdlə hazırlaşmamışdım da.
– Sonra peşman oldunuz?
– Həm hə, həm yox. Yox, ona görə ki, əməkdar artist Sona Mikayılovanın kursuna daxil oldum. Peşman oldum ona görə ki, bu vaxt ərzində rejissorluğu oxuyub qurtara bilərdim.
– Siz də ancaq öz dostlarına rol verən rejissorlardan olacaqsınız?
– Xeyr. Elə sonuncu tamaşanı götürək. Biz orada iştirak edən bir çox aktyorlarla iş əsnasında dostlaşdıq.
– Atanız Rövşən Ağayev dramaturq, ananız əməkdar artist Güşfər Şərifova sayılıb-seçilən sənət adamlarındandır. Yaradıcı bir ailədə doğulmaq necə hissdir?
– Başqa alternativi yaşamamışam. Öz üzərimdən müqayisə apara bilmirəm. O qədər yaradıcı ailədə doğulmayan istedadlı uşaqlar var ki. Əgər insanın içində istedad və öyrənmək həvəsi yoxdursa, heç bir şey köməkçi vasitə kimi çıxış edə bilməz.
– Valideynlərinizin məşhur olması sizin yolunuza işıq salırmı? Hansısa işlərinizin asanlaşması üçün yardımçınız olubmu?
– Bu günə qədər onların adından istifadə etməmişəm. Çətinliklərlə üzləşdiyim anlarım olub ki, orda atamın və anamın adının hesabına rahat şəkildə keçə bilərdim. Ancaq etməmişəm. Çünki bu, bir sınaq müddətidir və işlərimin öhdəsindən özüm gəlməliyəm.
– Nə üçün valideynlərinizin yolunu axıra qədər davam etdirmədiniz. Özünüzə ayrı bir cığır açmağa çalışdınız. Ancaq onların yolu ilə getsəniz, uğura daha tez çatardınız. 
– Potensialımın hansı tərəfə olduğunu gördüm. Atamdan və anamdan götürdüyüm bəzi nüanslar var. Misal üçün, ssenarilər, pyeslər yazıram. Müəyyən bir vaxtdan sonra onları da üzə çıxaracam. Aktyor kimi də tamaşalarda, filmlərdə oynayıram. Aktyor həvəsim də var, onu dana bilmərəm.
– Daxilinizdə məşhurluq sevdası varmı?
– Məşhur olmağı heç zaman istəməmişəm. Təxmin edirəm ki, o çox çətin bir şeydir. Ancaq o məşhurluq mənə çox lazım olacaq. Çünki mən daha geniş kütlələrə çıxıb, nəyisə bəyan etmək istəyirəm. Bunun üçün məşhurluq mənim üçün vasitədir. Təəssüf ki, məşhur olmasan, kütlə qarşında dediyin sözün kəsəri olmur. Kütlə ideallaşdırmağa, kultlaşdırmağa meyllidir. Toplumun tələbatı, düşüncə strukturu belədir.
- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

İrəvan Teatrının qastrol səfəri

1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi münasibətilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyəyə qastrol səfərinə gedib. Teatr İftixar Piriyevin “Soyqırımı tarixinin dastanı”...

Nigar Pirimova – “Müəmmalı bir qətlin üç versiyası”

Qəribədir, qadınsansa, demək, bütün günahlar səndə olacaq. Xəyanət edən də sənsən, cinayət törədən də, öldürən də, elə lap ölən də. Qısacası, qadın olmaq çətindir... Dövlət...

Moris Meterlink Lənkəranda səhnəyə çıxacaq

Lənkəran Dövlət Dram Teatrında Nobel mükafatı laureatı Moris Meterlinkin “Korlar” pyesi (1890) əsasında “Marionet korlar” tamaşasının premyerası olacaq. Əsərə teatrın gənc rejissoru Emil Əsgərov...

Recent

Dərviş Məstəli Şah ƏSA Teatrında

Azərbaycanın ilk və tək inklüziv teatrı olan ƏSA Teatrı tezliklə yeni premyerasını təqdim edəcək. Teatrdan verilən məlumata görə, hazırda yeni tamaşanın məşqləri davam edir. Azərbaycan...

Bakı Uşaq Teatrında “Çay dəstgahı”

Bakı Uşaq Teatrı Cəlil Məmmədquluzadənin “Çay dəstgahı” əsəri əsasında hazırladığı eyniadlı tamaşanın premyerasına hazırlaşır. Könül Şahbazova-Qasımovanın quruluş verdiyi tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı...

“Dünyanın teatr xəritəsinə Azərbaycanın adını yazdıran aktyor” – Qasım Nağı

Soldakı şəkildə gördüyünüz məşhur Amerika teatrşünası və rejissoru, Nyu York Universitetinin professoru Riçard Şexnerdir. Bu gün dünya səviyyəsində teatr sənətinin ən mahir bilicisi kimi...