Ana səhifə » Pəncərə » MDB » Rəcəb Məmmədov – Çağdaş Azərbaycan sirk sənəti və …

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Rəcəb Məmmədov – Çağdaş Azərbaycan sirk sənəti və …

Azərbaycanın milli sirk sənəti qədim bir tarixə söykənir. Pəhləvanlıq ənənələri, kəndirbazlıq sənəti, at üzərində icra olunan mürəkkəb hərəkətlər, məzhəkəli oyunlar bu günümüzə qədər gəlib çatmaqla bərabər, son illərdə xalqın mədəni istirahətinin, kütləvi tədbirlərin, milli bayram şənlikləriminin əsas atributlarından birinə çevrilib.

Respublikamızda peşəkar sirk sənətinin tarixi Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Azərbaycan Milli sirk kollektivinin yarandığı vaxtdan başlanır. “Azərbaycan toyu” adlanan bu rəngarəng, zəngin sirk proqramı 1946-cı il iyunun 12-də Bakı sirkində baş tutmuş premyeradan sonra, əvvəlcə Moskva sirkində, daha sonra isə SSRİ-nin müxtəlif şəhərlərində uğurla göstərilir (1.75). O zamandan etibarən, Azərbaycan sirkində bir neçə nəsil istedadlı sirk artistləri yetişib, biri birindən maraqlı milli sirk proqramları hazırlanıb.

Son dəfə Azərbaycan Milli Sirk kollektivi 1987-ci ildə yaradılıb. Bu möhtəşəm proqramda Sabir Səmədovun rəhbərliyi ilə “Alov” cigit qrupu, Erik İsrafilovun ifasında “Dəvə təlimi”, İqor Çijovun rəhbərliyi ilə “Qobustan lövhələri” kəndirbaz qrupu, Fuad Əliyevin rəhbərliyi ilə akrobatik ansambl, Alik Qurbanovun rəhbərliyi ilə “İkari oyunları”, İlyaNisanovun kloun qrupu, pəhləvan Yusif Mustafayev və başqa artistlərin parlaq sirk nömrələri nümayiş edilirdi. Həmin proqramın bir çox iştirakçıları, eləcə də onların övladları bu gün də dünyanın bir çox ölkələrində uğurla çıxış edir, xalğımıza böyük şöhrət gətirirlər.

Azəbaycan xalqının öz dövlət müstəqilliyini bərpa etməsi, daha sonra Müstəqil Dövlətlər Birliyinə üzv olması, bu tarixi hadisələr nəticəsində ölkəmizdə baş verən siyasi, ictimai, sosial proseslər bütövlükdə Azərbaycan incəsənətinə, o cümlədən sirk sənətinə də təsirsiz ötüşmədi. 1992-ci ilədək Bakı Dövlət Sirki stasionar sirk müəssisəsi kimi SSRİ Mədəniyyət nazirliyi “Dövlət sirk birliyinin” tabeliyində fəaliyyət göstərirdi. Digər müttəfiq respublikaların artistləri kimi, azərbaycanlı sirk artistləri də, həmin birliyin işçiləri hesab olunur, təyin olunmuş marşrut üzrə çalışmaq üçün ölkənin müxtəlif sirklərinə, o cümlədən xarici qastrollara göndərilirdilər. Olduqca effektiv və əlverişli olan bu idarəetmə sistemi nəhəng “konveyeri” xatırladırdı. Stasionar sirklər proqramları qarşılayır, bilet satışının təşkili ilə bərabər, artistlərin üzləşdiyi bütün bədii, təşkilati və texniki problemləri həll edirdilər.

SSRİ-nin dağılması ilə sirk artistləri bir çox problemlərlə üz-üzə qaldılar. Müstəqillik qazanmış ölkələr arasında sərhədlərin çəkilməsi, artistlərin işləmək üçün növbəti sirkə yollandıqları vaxt gömrük, baytarlıq, nəqliyyat, valyuta və sair problemlərlə qarşılaşması bəzən çox böyük çətinliklər meydana gətirdi. Vaxtı ilə dəqiq bir mexanizm kimi işləyən “sirk konveyerinin” dağılması sirk rəhbərliyi, artistlər arasında çaşqınlıq yaratdı.

MDB-nin təşkili ilə bir çox məsələlərlə bağlı dövlətlərarası razılaşmalar imzalansa da, bəzi problemlər bu günə kimi öz həllini tapmayıb. Bu səbəbdən də, azərbaycanlı artistlərin əksəriyyəti Rusiyanın və digər xarici ölkələrin sirk kompaniyalarına işə düzələrək, həmin ölkələrin vətəndaşlığını qəbul etməyə üstünlük verirlər.

Tofiq Axundov.

Müasir Azərbaycan sirkinin hazırda fəaliyyət göstərən ən görkəmli nümayəndələrindən biri təlimçi Tofiq Axundovdur (1941). Peşəkar fəaliyyətə 1958-ci ildə Anatoli Aleksinlə birlikdə ifa etdiyi akrobatik güc nömrəsi ilə başlayan Tofiq, 1965-ci ildə Moskvadakı Dövlət Sirk və Estrada məktəbini bitirdikdən sonra Nina Şubina ilə akrobatik ekvilibr janrında çıxış etməyə başladı. 1970-ci ildə o, üç nəfərdən ibarət, olduqca maraqlı “ekvilibr” nömrəsi yaratdı. Həmin nömrə ilə dünyanın bir çox ölkələrində uğurla çıxış edən sənətçi, 1974-cü ildən bu nömrənin daha mürəkkəb və təkmilləşdirilmiş variantını hazırladı. Lakin, əsl şöhrəti Tofiq Axundov 1979-cu ildə hazırladığı əhliləşdirilmiş begemot attraksionu ilə qazandı (2.102). Uzun illər əhliləşdirilmiş begemotlarla çıxış edən Tofiq Axundov Azərbaycanın və Rusiyanın xalq artisti adına layiq görülüb, onun adı Dünya sirk sənəti tarixinə yazılıb.

Sirk artistlərimizin yaşlı nəslini təmsil edən daha bir istedadlı sənətçi Erik İsrafilovdur (1948). Sirk sənətinə 1966-cı ildə idmandan gəlmiş Erik İsrafilov, sirk gümbəzinin altında, başgicəlləndirici yüksəklikdə tərəfmüqabili ilə bərabər ifa etdiyi mürəkkəb hava nömrəsi ilə çıxış edirdi. 1980-ci ildən Erik dressuraya həvəs göstərərək, dəvələrlə olduqca maraqlı bir sirk nömrəsi yaratmağa nail oldu. 1987-ci ildə Azərbaycan Milli sirk kollektivinə dəvət alan Erik dəvələrin sayını 8 başa çatdıraraq, milli koloritli, mürəkkəb tryuklarla zəngin olan bir nömrə ilə çıxış etməyə başladı. Onun ifa etdiyi nömrə bu gün də həmin janrda ən yaxşı nömrələrdən biri sayılır. Erikin oğlu, Aydın İsrafilov (1980) da yeniyetmə yaşlarından olduqca mürəkkəb sirk nömrəsi ifa edir. Manejə monosiklla çıxan Aydın, eyni zamanda əhliləşdirilmış meymunla maraqlı nömrələr göstərir. Bu nömrə ilə o, dünyanın bir çox ölkələrində qastrol səfərində olmuş, müxtəlif mötəbər festival və müsabiqələrdə uğur qazanmışdır. Erikin qardaşı oğlu Allahverdi İsrafilov da bu sirk sülaləsinin ənənələrini davam etdirir. Onun tərəf müqabili Qalina Qolovaçova ilə birgə ifa etdiyi hava gimnastikası nömrəsi həm tryukların mürəkkəbliyi, həm də romantik ifa tərzi ilə digərlərindən seçilir. Təsadüfi deyil ki, bu nömrə dəfələrlə nüfuzlu beynəlxalq festivallarda mükafata layiq görülüb.

Erik Israfilov.

Azərbaycan sirki tarixində bir neçə sənətçi nəsli ilə təmsil olunan ailələrdən biri də Nəzirovlar sülaləsidir. Cəbhədə ağır yaralandığına baxmayaraq, fəaliyyətini ilk milli sirk kollektivinin heyətində başlayan Fuad Nəzirov (1923-1983) akrobatika janrında çıxış edən ən məşhur sənətçilərimizdəndir. Onun 1958-ci ildə yaratdığı qrup şəkilli plastik akrobatika nömrəsi uzun illər milli kollektivimizin repertuarında əsas yerlərdən birini tuturdu. Onun həyat yoldaşı Qalina Nəzirova (1929-2006) həm akrobatik janrda, həm də sim üzərində milli rəqslərimizi ifa edən “Gülşad bacıları” nömrəsində çıxış edirdi. Onların övladları Rüfət (1949) və Tamilla (1955) 1974-cü ildən olduqca mürəkkəb və baxımlı hava gimnastikası nömrəsi ilə uğurla çıxış edirdilər. Nömrəni maraqlı edən həm də bu idi ki, onlar ifa zamanı o dövrün qaydalarına ziddinə gedərək, sığorta kəmərindən istifadə etmirdilər. Dəfələrlə müxtəlif xarici ölkələrdə çıxış edən sənətçilər, 1998-ci il avqustun 29-da sensasiyaya səbəb olmuş bir nailiyyətə imza atmışdılar. Həmin gün onlar öz nömrələrini Ostankino televiziya qülləsinin üzərində 348 metr yüksəklikdə icra etmişdilər (3). Rüfətin qızı Qalina Nəzirova (1980) da hava gimnastıdır, özü də atası kimi, mürəkkəb tryukların ifası zamanı sığorta kəmərindən istifadə etmir. Eyni zamanda, Tamerlan Nuqzarovun rəhbərlik etdiyi, dünyanın ən məşhur cigit qrupunda at üzərində də çıxış edir. Tamillanın oğlu YuriYerofeev (1982) də “çarxlar üzərində jonqlyor”, “əhliləşdirilmiş itlər”, “klounada” və digər janrlarda məharətlə çıxış edən istedadlı sirk artistidir.

Azərbaycanı beynəlxalq arenada təmsil edən daha bir sirk ailəsi Rəsulovlardır. Ağasala Rəsulov (1934) 1945-ci ildə, hələ 11 yaşında ikən, Bakı sirkində yaradılmış sirk studiyasının ilk müdavimlərindən olmuş, studiyanı bitirdikdən sonra isə, uzun illər Azərbaycan milli sirk kollektivində çalışmışdır (4.61). Onun oğlu, Rusiyanın əməkdar artisti Rauf Rəsulov (1965) da atasının yolunu davam etdirir. Hərtərəfli istedada malik olan bu sənətçi, mürəkkəb ekvilibrist qrupuna, iplə nümayiş edilən akrobatik nömrəyə rəhbərlik etməklə yanaşı, əhliləşdirilmiş kenquru və dəvəquşu ilə də çıxış edir.

Rüfət və Tamilla Nəzirovlar.

Əlixanovlar Azərbaycanin ən məşhur sirk ailələrindən hesab edilir. Rzaxan Əlixanov (1905-1981) ilk Azərbaycan milli sirk kollektivinin ən sevilən sənətçilərindən olub. Onun ifası olduqca mürəkkəb, təhlükəli tryuklarla zəngin idi. Tamaşaçılar bir qayda olaraq, onun çıxışlarını həyəcanla izləyirdilər. Daha sonra Rzaxanın övladları da ataları ilə bərabər çıxış etməyə başladı.  Qəribə səslənsə də Rzaxanın hər iki oğlunun adı Əlixan idi. Böyük Əlixan (1941-1988) və kiçik Əlixandan (1942-2012) başqa, nömrədə bacıları İnna (1943) və Tatyana (1945) da çıxış edirdi. Rzaxan bütün varlığı ilə milli ənənələrə bağlı olduğu üçün, 76 illik ömrünün sonunadək yalnız milli paltar geyinmiş, hətta ona, istisna olaraq, geyindiyi çuxanın üzərindən xəncər qurşanmaq üçün, xüsusi icazə də vermişdilər. Atasını əvəz edən kiçik Əlixan uzun müddət olduqca maraqlı kəndirbaz nömrəsinə rəhbərlik etmiş, 1998-ci ildə Azərbaycan sirk kollektivinin tərkibində İranda qastrol səfərində olmuşdu. Onun oğlu, Əlixan Əlixanov hazırda Moskvadakı Nikulin adına sirkin aparıcı artistlərindən bir kimi, iki möhtəşəm sirk nömrəsinin rəhbəridir.

At üzərində icra edilən müxtəlif akrobatik oyunların Azərbaycan tarixi ilə sıx bağlı olmasına baxmayaraq, obyektiv səbəblərdən, peşəkar sirkimizdə milli cigit qrupları nadir hallarda yaranıb, fəaliyyət göstərmişdir. Belə ki, 1945-ci ildə yaranan kollektivin heyətində atla icra edilən nömrə olmadığından, sonrakı illərdə proqramın bədii səviyyəsinin artırılması məqsədi ilə acariyalı sənətçi Kərim Verziyevin cigit qrupu milli proqramımıza daxil edilmişdi. 1966-cı ildə mahir cigitovka ustası, osetiyalı Yuri Merdenov azərbaycanlılardan ibarət güclü bir kollektiv yaratdı. Lakin bu kollektivə respublikamızda lazımi qayğı göstərilmədiyindən, qrup fəaliyyətini dayandırdı və artistlərimizin bəziləri Merdenovun 1974-cü ildə Rusiyada yaratdığı “Kubanskiye kazaki” nömrəsində çıxış etməyə başladılar. Bundan sonra, bir də 1987-ci ildə yaradılmış son Azərbaycan sirk kollektivində Sabir Səmədovun rəhbərliyi ilə “Alov” cigit qrupu təşkil edildi. Sovetlər birliyinin süqutu ilə, “sirk konveyerindən” kənarda qalan “Alov” qrupu da fəaliyyətinə son qoydu. Qrupun üzvləri digər sənətçilərimiz kimi ya dünyanın müxtəlif sirk kompaniyalarına getdilər, ya da Azərbaycanda qalaraq, özlərinə başqa sənət seçdilər.

Bu qrupun aparıcı artistlərindən olan Azər Həmzəyev (1960) əvvəlcə “Kubanskiye kazaki” qrupunda, sonra isə İtaliyanın müxtəlif sirklərində çalışdı. O, paralel olaraq, azyaşlı oğlu Arazı olduqca nadir və çətin “Klişnik” (xalq arasında “Sümüksüz adam”, “İlan adam” da adlanır) janrında çıxış etmək üçün hazırladı. 9 yaşından Avropanın bir çox ölkələrində uğurla çıxış edən Araz Həmzəyev (1987) də, həmin nömrənin ən yaxşı ifaçılarından biri kimi, “CirqueduSoleil” sirkinin Las Veqas proqramına dəvət aldı. Arazı digər sənətçilərdən fərqləndirən başlıca cəhət odur ki, o, uşaq yaşlarından bu günə kimi, bütün beynəlxalq proqramlarda manejə Azərbaycan bayrağı ilə çıxır və bütün televiziya çəkilişlərində onun xahişi ilə Azərbaycanı təmsil etdiyi elan edilir.

Araz Həmzəyev.

Azər Həmzəyev isə İtaliya sirkindəki fəaliyyətini bitirdikdən sonra, öz zəngin təcrübəsini gənc nəslə ötürmək, Azərbaycanda yeni cigit qrupu yaratmaq məqsədi ilə müxtəlif təşkilatlara müraciət etdi. Bu ideyanın reallaşmasında ona Azərbaycan Atçılıq Federasiyası və Sərhəd qoşunlarının atçılıq mərkəzi yaxından köməklik göstərərək, lazım olan tam şəraiti yaratdı. Yeni təşkil edilmiş qrup milli at cinsi olan Qarabağ atları ilə də təmin edildi. 2016-cı ilin 11-15 may tarixlərində Azər Həmzəyevin rəhbərlik etdiyi “Süvari” qrupu London yaxınlığındakıVindzor qəsrinin ərazisində Kraliça II Yelizavetanın 90 illik yubileyinə həsr olunmuş Kral Vindzor At Şousunda böyük uğurla çıxış etdi (5). Bu qrupun, yeni uğurları ilə respublikamıza daha böyük şöhrət gətirəcəyinə heç bir şübhə yoxdur, ancaq süvarilərə sirk manejində də çalışmaq imkanı yaradılarsa bu, həm qrupun bədii-sənətkarlıq səviyyəsinin artmasına, həm də milli sirk sənətinin daha geniş təbliğinə səbəb olardı.

Həyatını peşəkar sirk sənətinə həsr etmiş həmyerlilərimizdən biri də çoxşaxəli istedada malik olan akrobat, hava gimnastı, ekvilibr ustası İradə Stolyarovadır (İsgəndərova). Moskvadakı Dövlət Sirk Məktəbini 1981-ci ildə bitirən İradə, həyat yoldaşı, məşhur məzhəkəçi Vladimir Stolyarovla bərabər, dünyanın müxtəlif ölkələrində qastrol səfərində olub, bir sıra beynəlxalq sirk festivallarında, o cümlədən Monte-Karloda keçirilən Beynəlxalq Sirk Sənəti Festivalında uğurla çıxış edib. Hazırda ailəsi ilə Hollandiyada yaşayan sənətçi, sirkdə çıxış etməklə bərabər, gənc sirk ustalarının hazırlanmasında da yaxından iştirak edir.

Azər Həmzəyev və Kamal Cəbrayılov.

Sirk artistlərinin həyat tərzi və iş şəraiti digər peşə sahiblərinkindən fərqli olduğu üçün, onlar sosial məsələlərdə daim müxtəlif problemlərlə qarşılaşırlar. Azərbaycanda sirk artistlərinin fəaliyyətini tənzimləyən, onları işlə təmin edən, sosial və peşə problemlərini həll edən bir qurum olmadığından, onlar xarici şirkətlərdə işləyirlər. Lakin, həmin ölkələrin bir çoxu ilə, xüsusən də Rusiya Federasyası ilə sosial müdafiə sahəsində əməkdaşlıq barədə dövlətlərarası müqavilələr yalnız 1992-ci ilədək olan dövrə şamil edildiyindən, artistlərimizin sonrakı dövrdə həmin ölkələrdə çalışdığları illər üçün pensiya hesablanmır. Sirk artistərinin böyük əksəriyyətinin, öz peşələrinin xarakterinə görə, güzəştli pensiya almalı olduqlarını nəzərə alsaq, bu problemin nə dərəcədə aktual olduğu ortaya çıxar. Artistlərimiz bu vəziyyətdən çıxış yolunu yalnız Rusiya vətəndaşlığını qəbul etməkdə görür. Bu halda, onlar heç bir problemlə qarşılaşmadan güzəştli pensiyaya çıxıra bilirlər. Vətəninə, ölkəsinə bağlı olan, özünü Azərbaycandan kənarda təsəvvür etməyən sənətçilər isə, cüzi pensiya ilə kifayətlənməli olurlar. Belə artistlərdən, 83 yaşlı veteran, ilk Milli sirk kollektivinin iştirakçısı Ağasala Rəsulovu, dünyanın ən məşhur attraksionlarının birində çıxış etmiş, nüfuzlu müsabiqələrdə ad qazanmış Maksim Müslümovu və onlarla başqalarını misal gətirmək olar. Sirk sənətinin ailə sənəti olduğunu nəzərə alsaq, Rusiyada məskən salmış azərbaycanlı artistlərimizin, öz sənətlərinin incəliklərini öyrədərək yetişdirdiyi gənc nəslin, artıq Azərbaycanı təmsil etməyəcəkləri də təəssüf doğurur.

Aydın İsrafilov.

Son zamanlar qloballaşma prosesləri sirk sahəsində də özünü göstərməkdədir. Ölkələr arasında sərhədlərin şəffaflığı, informasiya azadlığı, siyasi-iqtisadi proseslərin mədəniyyətə təsiri sirk sahəsinə təsirsiz ötüşmür. Mükəmməlliyə, birinciliyə can atmaq sirk sənətinin təbiətindədir. Təsadüfi deyil ki, mürəkkəb tryukların ifasından əvvəl, sənətçinin bu tryukun dünyada yeganə ifaçısı olduğu xüsusi qeyd edilir. Bu da ki, şübhəsiz, yalnız həmin sənətçiyə deyil, onun mənsub olduğu xalqa, təmsil etdiyi dövlətə də şöhrət qazandırır.

Qeyd etdiyimiz kimi, məcburiyyət üzündən bir çox artistlərimiz xarici kompaniyaların tərkibində, həmin ölkələrin bayrağı altında çalışırlar. Qonşu dövlətlərin vətəndaşlarının daşıdığı familiyalar spesifik olduğundan, adları elan edilən zaman, onların hansı millətə mənsubluğu aşkar görünür. Lakin afişalarda azərbaycanlı artistlərin adını oxuyan əcnəbi tamaşaçılar, onun Dağıstandan, Tatarıstandan, və yaxud Orta Asiya ölkələrindən olduğunu ayırd edə bilmirlər. Onu da qeyd etmək yerinə düşər ki, bir sıra sirk artistlərimiz, öz bənzərsiz sənətkarlıq fəaliyyətinə görə artıq Rusiyanın fəxri adlarına, müxtəlif mükafatlara layiq görülüb, orden və medallarla təltif ediliblər. Belə ki, təlimçi Tofiq Axundov Rusiyanın xalq artisti, Murad Abdullayev, Rauf Rəsulov, Rafiq Əliyev və başqaları Rusiyanın əməkdar artisti fəxri adlarını daşıyırlar. Aparıcı sirk artistlərimizə respublikamızın fəxri adlarının verilməsi, onların ağır zəhmətini qiymətləndirməklə bərabər, milli sirkimizn adını və şöhrətini özünə qaytarmış olardı.

Dünyada hər il yüzlərlə müxtəlif sirk müsabiqəsi, beynəlxalq festivallar keçirilir. Bu festivallarda azərbaycanlı artistlər də uğurla çıxış edirlər. Təəssüf doğuran haldır ki, onlar bu festivallarda başqa ölkələri təmsil edir, onların şərəfinə həmin ölkələrin bayrağı qaldırılır, və çox zaman da artistlərimizin qazandığı bu nailiyyətlərdən ölkəmizdə heç kəsin xəbəri belə olmur. Təsəvvür edin ki, Azərbaycan kinematoqrafçıları yaratdıqları hər hansı filmə görə Oskara layiq görülsəydilər və yaxud musiqiçılərimizdən kimsə Qremmi mükafatı alsaydı, bu, ölkəmizdə necə böyük əks-səda tapar, sevincimizə səbəb olardı. Dünyanın ən nüfuzli sirk festivallarından olan, Monte-Karloda keçirilən Beynəlxalq Sirk Sənəti Festivalının qaliblərinə təqdim edilən Qızıl, Gümüş və Bürünc kloun mükafatları haqlı olaraq sirk sənətinin Oskarı hesab edilir. Zaman-zaman həmyerlilərimiz də həmin festivallarda uğurlu çıxışları ilə yadda qalıblar. 1998-ci ildə həmyerlimiz Maksim Müslümov, V.Voljanskinin rəhbərliyi etdiyi “Prometey” attraksionunun heyətində həmin festivalın “Gümüş kloun” mükafatına, Aydın İsrafilov Monte-Karloda gənc artistlərin konkursunda “Gümüş kloun” mükafatına, Parisdə keçirilən “Sabahın sirki” festivalında xüsusi mükafata layiq görülüb. İki il əvvəl isə, hava gimnastı, Allahverdi İsrafilov öz tərəfmüqabili Qalina Qolovaçova ilə Monte-Karlo festivalında “Bürünc kiolun” mükafatı qazanıb. Bundan başqa, həmyerlilərimizin dünyanın aparıcı sirklərinə dəvət alması da onların yüksək peşəkarlıq səviyyəsinə dəlalət edir.

Maksim Müslümov.

Yaşadığımız dövrün gerçəkliyi, dünyada gedən globallaşma prosesləri, milli dəyərlərimizi daha böyük əzmlə qorumağın vacibliyi bu gün ölkəmizdə sirk sənətinin inkişaf perspektivlərini şərtləndirirərək, qarşıya yeni vəzifələr qoyur. Belə ki, ölkəmizdə milli sirk sənətinin inkişafı, yeni sənətçi nəslinin yetişdirilməsi və dünya arenasında təbliğini hədəfləyən konsepsiyaya xüsusi ehtiyac var. Sirk artistlərinin digər sənət sahiblərinə nisbətən, beynəlxalq məkanda daha çox çıxış etməsini, onların milli dəyərlərimizi daha qabarıq şəkildə ifadə etmək imkanını, sirk sənətinin, yaşından asılı olmayaraq, cəmiyyətin bütün təbəqələri üçün maraqlı olmasını, onların ifası zamanı dil səddinin olmamasını nəzərə alsaq, bu sahənin kompleks şəkildə inkişafının zəruri olduğu daha aydın görünər. Bunun üçün, özfəaliyyət sirk kollektivlərinin yaradılması, peşəkar sirk ustalarının respublikada bir mərkəz ətrafında birləşməsi, sirk nömrələri hazırlanarkən, bu işə respublikanın görkəmli bəstəkar və rəssamlarının, rejissor və xoreoqraflarının cəlb edilməsi, incəsənətimizin milli mahiyyətini qabarıq əks etdirən sirk nömrələrinin, süjetli sirk proqramlarının hazırlanması, milli proqramlarımızın xarici ölkələrdə qastrolunun təşkil edilməsi və bir çox bu kimi məsələlər həllini tapmalıdır. Əslində belə bir mərkəz funksiyasını Bakı Dövlət Sirki də yerinə yetirə bilər. Bunun üçün, şəhərimizdəki stasionar sirkin yaradıcılıq imkanları genişləndirilməli, istedadlı gənclərlə işləmək üçün, əlavə yaradıcı qüvvələr cəlb olunalıdır. Dünya mədəniyyətinə yüzlərlə istedadlı insan bəxş etmiş Azərbaycanda, sirk sənətinin zəngin keçmişi olduğu kimi, parlaq gələcəyinin də olacağına heç bir şübhə yoxdur. Sadəcə, bu sahənin inkişafı üçün, sirkə istedadlı, bacarıqlı, peşəkar şəxslər cəlb edilməli və onlara qayğı göstərilməlidir.

 

Ədəbiyyat siyahısı:

  1. Məmmədov R.K. Azərbaycan peşəkar sirk sənətinin 70 illiyi ərəfəsində. “Mədəniyyət.az” jurnalı №6, iyun 2016-ci il
  2. Голованова Е. Укрощение строптивых. Журнал «Баку» №31 сентябрь-октябрь 2012г.
  3. İnternet resursu: circus.spb.ru/ru/artisty-cirka/nazirovy-dinastija/
  4. Абдулина Л. Искусство величайшей точности. Журнал «Город» №4 (18) апрель 2010г.
  5. İnternet resursu: http://www.intellinews.com/caucasus-blog-all-the-queen-s-horses-98360/
  6. http://www.e-qanun.az/framework/3519

 

 

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir