Mövqe Əlisəftər Hüseynov - Ağ zanbaq kimi...

Əlisəftər Hüseynov – Ağ zanbaq kimi…

-

Xalq artisti Səfurə İbrahimovanın ad gününə gecikmiş yazı.

Səfurə İbrahimova yeniyetmə vaxtlarımdan mənim ən çox sevdiyim qadın aktrisalarından olub. Təkcə ona görə yox ki, ötən əsrin 60-70-ci illərində çənəsində o dövrün hind filmlərindən tanıdığımız gözəllər kimi qara xalı, çöhrəsi nurlu, gözləri duru olan bu gənc qadın zahirən çox yaraşıqlı idi, yaxud mənim – uşaqlığına təzə-təzə əlvida deyən 12-13 yaşlarında yeniyetmə oğlan uşağının ən çox baxdığı “Arşın mal alan” filmində sadəliyindən, təbiiliyindən, şuxluğundan və əlbəttə, gözəlliyindən xoşallandığım Telli obrazını yaratmışdı. Bəlkə, daha çox ona görə ki, mən Tellini – Səfurə İbrahimovanı yaxından tanıdığım, mənə əziz və doğma olan bütün qadınların lütfkarlıq, səmimiyyət, munislik mücəssəməsi kimi tanıyır və sevirdim. Baxışlarındakı mehribanlıq, çöhrəsinə çox yaraşan təbəssümü onu mənə ən yaxın, ən munis adamlardan biri kimi doğmalaşdırmışdı. İllər keçdikcə bu sevgi azalmadı, əksinə, Səfurə xanımın yaratdığı obrazlar Azərbaycan qadınının təkcə zahiri cazibəsini yox, ruhunu, daxili dünyasını da güzgü kimi əks etdirdikcə daha da artdı və bir də baxıb gördük ki, o, bu qadınların ailəyə bağlılığını, ərinə sədaqətini, əsrlərin o üzündən gələn həyasını, daxili mədəniyyətini, sadəliyini və nə qədər paradoksal səslənsə də bu sadəliyə bərabər mürəkkəb xarakterini ekranda mükəmməl tərzdə canlandıra-canlandıra öz təkrarsız imicini yaratmış aktrisadır.

O, Tellidən başlayaraq kinoda son işi olan Suğra (“Hökm”) obrazına qədər öz yaradıcılıq məramına sadiq qaldı, gözəlliyini, çöhrəsinin nurunu, gözlərinin duruluğunu böyüklüyündən, kiçikliyindən asılı olmayaraq yaratdığı qadın obrazlarının – “Əlavə iz” filmindəki ananın, “Tütək səsi”ndəki İsmətin, “İmtahan”dakı Dilarənin, “Alma almaya bənzər”dəki Mədinənin, “Qətl günü” filmindəki Sədi əfəndinin arvadının yaşaması, yaddaşlarda qalması, insanların həmsöhbətinə çevrilməsi naminə “uf” demədən zərrə-zərrə xərclədi, analarımızın, bacılarımızın dolğun ekran obrazlarını yaratdı.

Amma bu o qədər də asan başa gəlməmişdi. Məsələ burasındadır ki, 1970-ci ildə moskvalı kinorejissor V.Qorikker Fikrət Əmirovun “Sevil” operasını ekranlaşdıranda abır-həyasını kübar məclislərində sağa-sola xərcləyən hiyləgər Dilbər obrazının ekran taleyini başqa birisinə yox, məhz Səfurə xanıma həvalə etmişdi. Rejissorun bu seçimi bir az riskli və gözlənilməz idi. Axı Səfurə xanım müsbət auralı, işıqlı insan idi və bu keyfiyyətlər Dilbərin ekran təcəssümü üçün tələb olunan şərtlərə qətiyyən uyğun gəlmirdi. Amma görünür, rejissor Səfurə xanımın zahiri gözəlliyi, yaraşığı ilə yanaşı, onun plastikasını, başqalaşma, dəyişmə məharətinə ümid etmişdi və nəticə də göstərdi ki, o yanılmayıbmış. Səfurə xanım bu obrazı ruhu ilə yox, plastikası, sirlərinə dərindən yiyələndiyi ifa texnikası hesabına yaratdı. Lakin ən başlıcası bu oldu ki, aktrisa bu filmdə nail olduğu uğur sindromunun əsirinə çevrilmədi, bu roldakı yaradıcılıq qələbəsinə yenilmədi, əksinə, onu mümkün qədər tez unutmağı bacardı, çünki Dilbər onun yaradıcılıq missiyasının sərhədlərindən kənarda idi.

“Bizim Cəbiş müəllim” filmində yaratdığı Nəcəfovun arvadı Səfurə xanımın “gözəl sima – gözəl ruh” prinsipi ilə ömür verdiyi ilk uğurlu obrazdır desəm, məncə, yanılmaram. Əri, sevimli oğlu ilə sakit həyat sürən bu cavan gəlinin filmin sonuna qədər heç adı da məlum olmur, amma aktrisa onun öz ərinə qadın, oğluna ana, qonşulara insan məhəbbətini xarakterik cizgilərlə rəsm edir, bu qadını ağır günlərdə  insan təskinliyinin, güvəncinin simvolu səviyyəsinə qaldırır. Filmin ən təsirli səhnələrindən biri onun öz ərini cəbhəyə yola saldığı epizoddur. Ayrılıq məqamında Nəcəfov arvadını qucaqlayıb vidalaşmaq istəyir. Xanımı – Səfurə İbrahimova isə ərini yox, oğlunu qucaqlayır, başını onun sinəsinə qoyub ağlayır. Mən bilmirəm bu mizanı kim tapıb, təklif edib – rejissor Həsən Seyidbəyli, yoxsa aktrisanın özü? Amma çox yerinə düşür – Azərbaycan xanımları o vaxtlar öz mübhəm, intim hisslərini indiki kimi ictimailəşdirib müzakirə predmetinə çevirmirdilər axı.

Sonra Səfurə xanım daha 4 filmdə (“Əlavə iz”, “İmtahan”, “Tütək səsi”, “Qətl günü”) həyat yoldaşı – ana obrazları yaratdı. Onların hamısı təxminən eyni yaşda olan xanımlardır. Birinin qızı qətlə yetirilir, digərinin oğlu adam öldürür, üçüncünün əri cəbhədə həlak olur, sonuncunun ərini göz görəsi gedər-gəlməzə aparırlar. Dörd qadın – dörd faciəvi tale və Səfurə xanım vurğunu onların xarakterlərinin kəsişdiyi nöqtələrə yox, əksinə, bir-birindən ayıran məqamlara yönəldərək dörd fərqli həyat dramı, həyat tarixçəsi yaradır. Xüsusilə də “İmtahan”dakı Dilarə və “Tütək səsi”ndəki İsmət Səfurə xanımın aktyor məharəti sayəsində həm də düşündürücü dəyər qazanır.

Dilarə təmizlik və ədalət prinsiplərinə fanatik dərəcədə sadiq olan əri Qiyasdan fərqli olaraq praqmatik adamdır, həyatın diktə etdiyi tələblərə uyğunlaşıb hamı kimi yaşamağın tərəfdarıdır. Hətta elə fikirləşir ki, qızı ölmüş ananın qəlbini pulla ovundurmaq da olar. Qardaşının verdiyi xeyli məbləğdə pulu götürüb vağzala – qızının öldüyünü hələ bilməyən ananı qarşılamağa gedən Dilarə uzaqdan onun bu dəhşətli xəbəri necə qarşıladığını görüb sarsılır, səhv etdiyini anlayir, başa düşür ki, öz oğlunu xilas etmək üçün başqa bir ananın övladının qanını batırmaq istəyi çox qəddar istəkdir.

Kiçik, ikinci dərəcəli obraz olmasına baxmayaraq, “Tütək səsi” filmində yaratdığı İsmət, məncə, aktrisanın kino yaradıcılığının ən böyük uğurudur. Süjet boyu cəmi bir-iki dəfə səsini eşitdiyimiz bu obrazla Səfurə xanım bir daha sübut etdi ki, filmdə bədii mətləb danışıq nitqindən daha çox, səssiz baxışların, ifadəli jestlərin, mənalı mimikanın, bir sözlə, vizual ifadə vasitələrinin dili ilə çatdırılanda daha təsirli olur. Cəbrayılla motivi tamaşaçılar üçün naməlum qalan izdivaca girib yetkin oğlanlarını çölə atan Sayalıdan fərqli laraq İsmətin bütün həyatı Sayalıya dediyi “Ərim məndən ötrü ölməyib” cümləsinin havasına köklənib. İsmət adicə baxışı, ağır davranışı ilə Azərbaycan qadınının nəsillərə nümunə olan abır, həya, ismət kimi əxlaqi dəyərlərinin, sanki ekran abidəsini yaradır.

…Kinorejissorlarımız, nədənsə, Səfurə xanımdan az istifadə etdilər. Bundan hamı uduzdu – Səfurə xanım da, rejissorlar da, Azərbaycan kinosu da.

Onun teatr fəaliyyəti isə ayrıca bir tədqiqatın mövzusudur.

Sonralar Səfurə xanım bir müddət AzTV-də gedən “Səadət” verilişində aparıcılıq etdi, gənc qızlara, gəlinlərə ədəb-ərkan, ailədə, cəmiyyətdə davranış etiketlərini öyrətdi və qeyd-şərtsiz demək olar ki, buna onun qədər haqqı çatan ikincı bir aktrisa tapmaq çətin idi. Səfurə xanım o verilişə çox yaraşırdı.

Sonra…

Sonra Səfurə xanım tale yolundakı sonuncu döngəni burulub yox oldu, lap nağıllardakı kimi, qeybə çəkildi və bundan sonra Səfurə həqiqətlərinin davamı olaraq Səfurə nağılı başladı.

Artıq neçə illərdir ki, öz hücrəsinə çəkilib qapını bərk-bərk bağlayan Səfurə xanım nə media ilə əlaqə saxlayır, nə də onu sevən pərəstişkarları ilə. Nə fikirləşir, hansı duyğularla yaşayır – bilən yoxdur. Bizim gücümüz isə yalnız güman etməyə çatır.

Bizə ondan neçə-neçə maraqlı obraz, bir də az qala mistikləşən bir ömür dastanının epiloqu – bu nağıl qaldı – Səfurə nağılı.

Amma o, həm də xalqımızın yaddaşında Novruz bayramının rəmzi – Bahar qızı kimi qalacaq. 1965-ci ildə ilk dəfə dövlət səviyyəsində qeyd olunan Novruz bayramının qənirsiz, bənzərsiz gözəli kimi.

Nə yaxşı ki, o anlar lentin yaddaşına köçüb. O lentdə 27 yaşlı Səfurə xanım gülümsəyir, rəqs edir, ağ paltarda laləzarın ortasında bitmiş ağ zanbaq kimi bərq vurur və indi bu cümlələri yaza-yaza mənim içimdə dəli bir istək baş qaldırır. İstəyirəm qışın bu soyuq günlərində bir dəstə təzə-tər ağ zanbaq götürüb Səfurə xanımgilə gedim, qapı üzümə açılsa, bu gül dəstəsini ona verim, əlini öpüm və deyim: “Niyə belə edirsiniz, Səfurə xanım? Axı xalqımız sizi çox sevir”.

Amma bilmirəm, bu görüş baş tutacaqmı?

 

Ədəbiyyat qəzeti

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Son yazılar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də onda ayıldıq ki, yeni mövsüm qapımızın kandarındadır. “Mən gəldim” –...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq. Tamaşa 5 sentyabr...

ADMİU-da “Boksçu” adlı tamaşa hazırlanıb

Sentyabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Əməkdar artist Nofəl Vəliyevin quruluşunda yapon müəllif Kobo Abenin "Zamanın uçurumu"...

Emin Əliyev – “Sözün rəqs etdiyi yer, yaxud Rəqs teatrı”

Rəqs teatrı deyəndə gözümüzün önünə kimlər gəlir? Pina Bauşun “Tanztheater”i, Hicikata Tatsumi və Ohno Kazuonun “Buto” rəqsi, “Sasha Valtz...

YUĞ Teatrı yeni mövsümə hazırdır

Sentyabr ayının 3-də YUĞ Teatrında yeni teatr mövsümünün başlanması ilə bağlı yığıncaq keçirilib. Tədbirdə Teatrın direktoru Əməkdar mədəniyyət işçisi...

Gənc Tamaşaçılar Teatrında yeni mövsümün açılışı oldu

Sentyabrın 3-də Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib. Açılış münasibətiylə bir yerə toplaşan teatr kollektivi ötən mövsümün...

Çox oxunanlar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü...
- Advertisement -

Oxumaq məsləhət görülürOxşar yazılar
Sizin üçün seçdik