Ana səhifə » Kinoteatr+ » Əli Hacılı – “Köklənmiş piano”

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Əli Hacılı – “Köklənmiş piano”

“Kökdən düşmüş piano” (teletamaşa) haqqında düşüncələr

 

“Məni oxuyanlara bildirmək istərdim ki, bu yazıda canlı-cansız hər nə varsa, hamısı mən özüməm” .
Mövlud Süleymanlı

Bəzən yazının ilk cümləsini qurmaq dövlət yaratmaqla müqayisə olunur. Amma etiraf edim ki, mən bu çətinliyi hiss etmədim. Birincisi, ona görə ki, bu, sıradan bir resenziya yox, daxili istəyim, tələbatımdı. İkincisi isə əsər, eyni zamanda bu əsər əsasında hazırlanmış televiziya tamaşasının uğuru haqqında söz demək imkanı yaradır və bəlkə də, səni söz deməyə vadar edir. Mərhum xalq artisti Yaşar Nurinin yaratdığı obrazdan, rejissorun maraqlı üslubundan, əsərin musiqili ahəngindən necə danışmayasan… Amma hər şeydən əvvəl Mövlud Süleymanlıdan, onun bir qələm sahibi kimi Azərbaycan ədəbiyyatındakı yerindən, mövqeyindən bəhs edim.

Mövlud Süleymanlı ədəbiyyata keçən əsrin 70-ci illərində gəlib. Yazıçının çox tezliklə məşhurlaşmasının, sevilməsinin sirri, məncə, onun xalqın dilində danışmasında, gözəl, orijinal nəqletmə (“təhkiyə” sözünü bilərəkdən işlətmirəm) tərzindədir. Bu yazıçının çox gözəl bədii dili, təsirli yazı manerası var. O, adi həyat hadisələrini elə bədii cümlələrlə, ifadə vasitələri ilə çatdırır ki, əsərin mütaliəsindən ayrıla bilmirsən. Elə bil müəllif səninlə üz-üzə oturub söhbət edir. Ona görə ki, o, yazdıqlarını xüsusi bir yanğı ilə, yaşayaraq qələmə alır.

Yaradıcılığa şeirlə başlayan yazıçının “Bir ünvan” adlı şeir kitabının olması da təsadüfi deyil. Çünki onun nəsr əsərlərində də bir şeir ruhu görünür. Əslində, hər bir nəsr əsərində müəyyən qədər poeziya olmalıdı. Yoxsa bədii əsərin gündəlik gördüyümüz, oxuduğumuz yazılardan nə fərqi? Hələ XIX əsrdə böyük rus tənqidçisi V.Q.Belinski yazırdı ki, əsl sənətkar üçün həyat olan yerdə poeziya da var.

Yazıçının “Köç”, “Ceviz qurdu”, “Günah duası”, “Səs” romanları, “Dəyirman”, “Duzsuzluq”, “Şanapipik”, “Şeytan”, “Yel Əhmədin bəyliyi” povestləri, çoxsaylı hekayələri həmişə oxucuların, ədəbi tənqid nümayəndələrinin xüsusi marağına səbəb olub.

“Dəyirman” povestində son dərəcə ağır bir nisgil var. Mövlud Süleymanlı dəyirmanda kəsiləcək qoyun-quzunun ölüm qabağı təşvişini, həyəcanını elə ifadə edir ki, sanki onlar dil açıb dərdlərini danışır. Telli arvad, balaca, amma həm də böyük Ayat, Temir müəllim, kababçı Göyçək, Gülü – hamısı kədər içindədir. Kənd dəyirmanının yeməkxanaya çevrilməsi, halalın harama qatılması isə kəndin faciəsidir – təmizliyin, saflığın itməsidir.
1988-ci ildə Sumqayıt Dövlət Teatrında M.Süleymanlının “Dəyirman” əsəri tamaşaya qoyuldu, quruluşçu rejissoru isə Rövşən Almuradlı idi.

Yuxarıda qeyd etdiyim kimi, Mövlud Süleymanlı 70-ci illərdə nəsrə gələn yazıçılardandır. Tədqiqatçıların fikrincə, bu illər Azərbaycan ədəbiyyatında insan probleminə, insanın daxili aləminin, psixoloji durumunun öyrənilməsinə geniş yer verilməsiylə yadda qalıb. Bu mənada insanın duyğu və düşüncələrini əks etdirmək meylinə Mövlud Süleymanlının bütün əsərlərində rast gəlmək olar.

Bir də xalq ruhu, folklora sevgi bu yazıçının əsərlərini maraqlı edir, oxucuya doğmalaşdırır. Elə atalar sözləri, unudulmuş deyimlər, adət-ənənələr, yazılmamış qanunlar var ki, məhz belə nəsr nümunələrindən öyrənirik. Bu incəliklər yazıçının kənd mövzulu əsərlərinin, demək olar, əsasını təşkil edir. Haqqında danışacağım “Kökdən düşmüş piano” isə şəhərdəki minlərlə mənzildən birində “kökdən düşüb”.

Təxminən 20 il qabaq televiziya tamaşalarının bir növ dəbdə olduğu, tez-tez hazırlandığı, geniş auditoriya qazandığı dövrlər olub. Bu gün, təəssüflər olsun, televiziya tamaşaları, demək olar, hazırlanmır. Ancaq hamıya məlumdur ki, televiziya tamaşalarının teatr mədəniyyətinin, ədəbi əsərlərin təbliğində rolu nə dərəcədə böyükdür.
Bu arada Azərbaycan televiziya tamaşalarının yaranma tarixinə kiçik bir ekskursiya edək.

Tədqiqatçılar qeyd edir ki, ilk televiziya tamaşası 1956-cı ilin iyulunda N.Nərimanovun “Şamdan bəy” əsərindən Rauf Kazımovskinin ekran quruluşu verdiyi bir neçə epizod əsasında göstərilib. Bir sıra ekspertlərin televiziya incəsənətinin “Paqanini”si adlandırğı Arif Babayev isə tamaşanı televiziya üslubunda hazırlayan ilk rejissor sayılır. O, bu üslubun əsasını Konstantin Paustovskinin povesti üzrə hazırladığı “Qar” teletamaşası ilə qoyur. Keçən əsrin 70-80-ci idllərində Azərbaycan Televiziyasında Bünyad Məmmədov, Ramiz Həsənoğlu, Tariyel Vəliyev və başqa rejissorlar bu sahədə uğurlu işləriylə yadda qalır. İlk dəfə olaraq Ramiz Həsənoğlu televiziya tamaşalarında natura çəkilişləri aparıb. Tamaşaçılar bunu məşhur “Evləri köndələn yar” televiziya tamaşasında müşahidə edir. Yazıçı-dramaturq Anarın əsəri əsasında çəkilən teletamaşanı tamaşaçılar indi də maraqla izləyir.

Qeyd edək ki, 1993-cü ildə televiziya teatrının inkişaf etdirilməsi məqsədilə “Sabah” yaradıcılıq birliyi yaradılır. “Sabah” ilkin olaraq Mirzə Cəlilin “Kamança” pyesinin motivləri əsasında teletamaşa hazırlayır.
Bildiyimizə görə, 1956-cı ildən 1978-ci ilə qədər hazırlanan tamaşaların bəzisi televiziyanın arxivində ya ümumiyyətlə qalmayıb, ya da fraqmentlər şəklində saxlanılıb. Məncə, internetin hər şeyi kölgədə qoyduğu bugünkü dövrdə televiziya tamaşalarına təzədən qayıtmaq yerinə düşərdi.

L.Tolstoy yazırdı: “Nə vaxtsa keçirilmiş hissi sözlə ifadə olunmuş hərəkət, xətt, rənglər, səslər, obrazlar vasitəsilə yenidən yaşamaq və bu yaşantını elə təqdim etmək ki, başqaları da bu hissi duya bilsin – bax, incəsənətin fəaliyyəti bundan ibarətdir. İnsan fəaliyyəti olan incəsənətdə bir nəfər şüurlu sürətdə keçirdiyi hissləri məlum zahiri işarələrlə başqasına ötürür, başqaları isə həmin hissə yoluxaraq onunla birgə həyəcan keçirirlər”.

XX əsrin sonlarında sırf televiziya üçün, onun dramaturji qanunlarına uyğun olan pyeslər yazılıb. Mövlud Süleymanlının “Kökdən düşmüş piano” əsəri də bu sıradandır.

Rejissoru Lətafət Cabbarova, bədii rəhbəri Ramiz Mirzəyev, musiqi tərtibatçısı Sabir Əliyev, quruluşçu operatoru Eldar Məmmədov. 1982.

Bu televiziya tamaşası haqqında yazmamışdan əvvəl müəllifin özü ilə söhbət etdim. Tamaşanın yaranma tarixi ilə bağlı sualıma yazıçı belə cavab verdi: “O əsər yaradıcılığımın ilkin dövrlərinə təsadüf edir. Əvvəlcə televiziya tamaşası üçün ssenari yazdım. Rejissor Ramiz Həsənoğlu məni tanımadan 100 ssenari içindən məhz “Kökdən düşmüş piano”nu seçdi. Tamaşanın uğurlu olduğunu görüb, kiçik ssenarini roman halında işlədim, “Səs” romanı da beləcə yarandı”.

Tənqidçi Tehran Əlişanoğlu isə belə deyir: “Əvvəllər mən Mövlud Süleymanlının magik realizminin sirrini yazıçının formal üslubunda, təsvir predmetini – yaşam, situasiya, peyzaj, dialoq, detalları bütün əyaniliyi, rəng və səsləri ilə, dürüst psixoloji əhatədə verə bilməsində görürdüm… Sonralar bunu bu və ya digər tərzdə başqa yazıçıların da bacardığına şahid oldum (məsələn, Kamal Abdullanın son “Unutmağa kimsə yox” romanında kameramanlığı heyrətamizdir). Əslində necədir: M.Süleymanlının modernizmində daimi bir Səs axtarışı, təbii-bioloji ilkinliyəcən ibtidailik axtarışı var; o istər təbiət, istər cəmiyyət, istərsə də İnsan-mənəviyyat hadisələrində – hər bir şeyin öz səsini və təbii ki, harmoniyasını axtarır”.

Mən də öz növbəmdə daha geniş təəssürat üçün yazıçının “Dəyirman” povestini, bir neçə hekayəsini oxudum. Yenidən televiziya tamaşasına qayıtdım.

Əvvəlcə süjet xəttindən danışım. İlk baxışda sadə, hər gün rastlaşdığımız süjetdir. Piano kökləmək üçün evə çağırılan təmirçi söhbət əsnasında taleyindən gileylənir, ev sahiblərinə doğmalaşdıqdan sonra ailə həyatındakı uğursuzluqdan danışır. Əvvəllər opera müğənnisi olan təmirçi evə çox pul gətirə bilmirmiş. Var-dövlət hərisi olan qayınanası (tamaşada Zərnigar Atakişiyeva) isə elə hey qızının başını doldurur, belə dolanışığa layiq olmadığını vurğulayır. Nəhayət, onları ayırır. İndi piano ustasının uşağı da dünyaya gəlib. Ancaq atası körpənin üzünü belə görməyib. Az sonra qonşu mənzildən tanış səs eşidən piano təmirçisi heyrət içində donur, bu səs onun həyat yoldaşının səsi idi. Qapıdan çıxanda isə o, doğrudan da, həyat yoldaşını görüb özünü itirir. Onlar elə kandardaca qucaqlaşır. Qadın həsrətlə “səni gözləyirdim” deyir və tamaşa xoşbəxt sonluqla bitir…

Bəli, ilk baxışda bu, adi bir həyat hekayəsidir. Maddi çətinlik, sosial bərabərsizlik ucbatından o qədər ailələr dağılır ki…

Ancaq bu, ilk baxışda belədir. Yazıçının biz oxuculara və tamaşaçılara çatdırmaq istədiyi isə daha incə bir mətləbdir: Adamlar o vaxt bir-birindən uzaqlaşır ki, münasibətlərdə harmoniya pozulmuş olsun. Bu da təbiətdəki, musiqidəki səslərin ahəngdarlığı kimidir. Məsələn, hansısa bir melodiyanı çalarkən, yaxud oxuyarkən yanlış not, xaric səs anındaca hiss olunur və musiqinin yaratdığı bütün təəssüratı korlayır.

Piano təmirçisi nəinki pianodakı dillərin ahəngini, hətta evdə düzgün işləməyən saatın çıqqıltısını, zəngin səsini də yüksək, incə bir duyumla hiss edir. “Saatın səsində nəsə qəribəlik var” deyə ev sahiblərinə üz tutur. Elə buradaca qeyd edim ki, piano təmirçisi rolunu mərhum aktyorumuz xalq artisti Yaşar Nuri canlandırıb. Özü də çox ustalıqla, bütün başqa rollarında olduğu kimi. Onun baxışlarından tutmuş, səsinin ahənginə qədər hər şey təbii və son dərəcə təsirlidir. Aktyor, həyatı alt-üst olan adi, həm də yüksək həssaslığına, incə duyumuna görə qeyri-adi bir musiqiçinin məyusluğunu elə gözəl ifadə edir ki… Tamaşada ev sahibləri – Gülər (Səidə Quliyeva), Nəriman (Şahin Cəbrayılov), evdə, ekran qarşısında isə tamaşaçı kövrəlir.

“Kökdən düşmüş piano”nu psixoloji dram hesab edirəm. Burda bir gərginlik, eyni zamanda sakit ruh var. Ustalıqla seçilmiş “Ave Maria” da (Frans Şubert) olduğu kimi. Bildiyimiz kimi, Ave – italyancadan tərcümədə müqəddəs deməkdir. Müqəddəs Məryəmə oxunan duaların gətirdiyi sakitlik, tarazlıq hissi, təbii bir harmoniya musiqi ilə ürəklərə axır. İnsanlığı saflığa, xeyirxahlığa çağırır. Bu möhtəşəm musiqi əsərin ideyasının açılmasına çox kömək edir.

Məncə, televiziya tamaşasının adında da bir məcazilik, müəllifin bizə çatdırmaq istədiyi mesaj var. Onun açmasını belə düşünürəm: qoymayın həyatınızdakı piano kökdən düşsün, onu daim saz saxlayın, bunun üçün ətrafınızdakı səsləri – burada səslər də rəmzi məna daşıyır – dərindən dinləyib araşdırın. Görün hansı səs yerində deyil, hansı ahəngdə hansı səslər bir-birinə uyğundur, yaxud uyğun deyil. Yer, göy, bütün planetlər harmoniya qanunlarına tabedir. Siz də tabe olun, uyğunsuzluqlardan qaçın, daxilinizdəki balansı, sonra isə bir-birinizi qoruyun.

P.S. Artıq “piano kökləndi”, bəlkə də, bu yazı hardasa uzaqlarda ən azı bir “piano”nun köklənməsinə səbəb oldu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir